Təhsilin əsasları: Təhsi fəlsəfəsi
və təlim prosesi
Ölkəmizdə geniş vüsət almış təhsil islahatları müəllim hazırlığını, pedaqoji kadrların yetişdirilməsi səviyyəsini, onların peşəkarlığını və bacarıqlarını önə çəkir.
İlkin müəllim hazırlığı mərhələsində pedaqoji peşə üzrə keyfiyyətlərin qazanılması diqqət mərkəzində saxlanılır. O cümlədən:
· Ünsiyyət bacarıqlarının formalaşdırılması, bütün şagirdlərə açıq və dözümlü münasibətin nümayiş etdirilməsi;
· Fənlərin və müvafiq tədris proqramlarının mənimsənilməsi;
· Sinfin idarə olunması və qiymətləndirmə bacarıqlarının formalaşdırılması;
· Peşə və onun
tarixinə dair biliklərə malik olmaq;
· Yeniliklərə həvəs
göstərmək, innovasiyaları tətbiq etmək;
· Müstəqil,
yaradıcı, şüurlu fəaliyyət göstərmək.
Qeyd olunan keyfiyyətlərin
formalaşması işində ali və orta pedaqoji təhsil
müəssisələrində tələbələrə (gələcək
müəllimlərə) pedaqoji - psixoloji elmlər üzrə
nəzəri biliklər verilməklə yanaşı, praktik
bacarıq və vərdişlərin yaradılması həyati
zərurət kəsb edir. "Azərbaycan müəllimi"
qəzetinin əvvəlki nömrələrində dərc
olunmuş yazıların davamı olaraq qeyd edə bilərik
ki, bu məsələdə cari dərs ilindən respublikanın
üç ali məktəbinin ibtidai sinif müəllimləri
hazırlayan fakültələrində tədrisinə
başlanmış "Təhsilin əsasları" fənni
böyük əhəmiyyətə malikdir.
"Təhsilin əsasları"
fənninin kurikulumu müəllim hazırlığında təlimin
məzmununu, səciyyəvi cəhətlərini, məqsəd
və vəzifələrini təyin etməklə fənn üzrə təlim nəticələrinə
nail olmaq istiqamətində bütün fəaliyyətləri
əks etdirməyə və hər bir öyrənənin
maraq və ehtiyaclarının ödənilməsinə
yönəlmişdir. Fənnin kurikulumu tələbələrin
(gələcək müəllimlərin) ehtiyac və
maraqları, cəmiyyətin, fərdin və dövlətin tələbatı,
təhsil sahəsində direktiv, normativ-hüquqi , təlimati
sənədlərin müddəaları və tələbləri
əsasında hazırlanmışdır.
Fənnin
qarşısında duran ən mühüm məqsədlərdən
biri və birincisi budur ki, ali təhsili bitirib müəllim
kimi işə başlayanlar yalnız nəzəriyyə ilə
silahlanıb məktəbə gəlməsinlər.
"İşləyə-işləyə öyrənəcək"
yanaşması təhsilimiz üçün böyük təhlükədir.
Belə ki, "işləyə-işləyə öyrənənlər"
öz arxasında yüzlərlə lazımi bilik və
bacarıqlara malik ola bilməyən uşaqlar qoyurlar. Odur ki,
müəllimin sinfə daxil olduğu ilk gündən pedaqoji
fəaliyyətini uğurla qura bilməsi üçün
mühüm bacarıqlara və müəyyən təcrübəyə
malik olması vacibdir.
Məlum olduğu kimi, təhsil
cəmiyyətin həyatında prioritet sahə olmaqla, insanın
inkişafında və formalaşmasında mühüm rol
oynayır. O yalnız bilik və bacarıqlar əldə etmək
üçün deyil, təhsil alanın və
bütövlükdə insanın inkişafını təmin
etmək üçün lazımdır. Təhsil prosesinin əsas
subyekti öyrənəndir (şagird, tələbə və
s.). Öyrənən bilik və bacarıqların
daşıyıcısı kimi nəzəri biliklər
qazanıb inkişaf etməklə yanaşı, bacarıq və
vərdişlərə yiyələnməli,
aldığı bilikləri təcrübədə, həyatda
tətbiq etməyi bacarmalı, bununla da müstəqil fəaliyyətə,
peşəseçməyə hazır, bazar iqtisadiyyatı şəraitində
rəqabətqabiliyyətli olmalıdır. Öz həyatını
müstəqil qurmağı bacarmalıdır.
Şübhə yoxdur ki,
öyrənənin inkişafında öyrədənin
(müəllim, mentor və s.) rolu əvəzsizdir. Müəllim
yalnız hazır bilikləri verməklə kifayətlənməməli,
təlim prosesinin mərkəzində durmamalı, şagirdlərin
şəxsiyyət kimi inkişafına şərait
yaratmalı, onlarla əməkdaşlığa,
qarşılıqlı hörmət və anlaşmaya
üstünlük verməli, şagirdləri fəallaşdırmalı,
təlimi onun maraq və tələbatına uyğun
qurmalı, özü məsləhətçi və istiqamətverən
rolunda olmalı, şagirdlərin şəxsiyyətinə
hörmət etməli, tədris fəaliyyətində humanizm
prinsiplərinə əsaslanmalı, "subyekt-subyekt"
münasibətlərini rəhbər tutmalıdır. Müəllim
yüksək təşkilatçılıq keyfiyyətlərinə,
milli zəminə və ümumbəşəri dəyərlərə
malik olmalı və bunları öyrənənlərə də
aşılamalıdır.
Təhsilin keyfiyyəti səmərəli
təhsil və təlim mühitinin yaradılması işindən
xeyli asılıdır. Təhsil mühiti təlim mühiti
ilə müqayisədə ümumi, mücərrəd,
geniş, əhatəli olmaqla öyrənəni azad inkişaf
etməyə, yaradıcı fərd olmağa həvəsləndirməli,
həyatın özü olmalı, öyrənənlər həyatın
içində olmalıdır. Təlim mühiti elə
olmalıdır ki, şagirdlər məktəbdə həyat
həqiqətlərini tapa bilmək üçün müstəqil
düşünsün, qrup halında, kollektiv şəkildə
əməkdaşlıq edə bilsin, qarşılıqlı
hörmət və ünsiyyət şəraitində irəli
sürülmüş problemləri (qoyulmuş sualları) həll
edə bilsinlər. Düzgün təhsil və təlim
mühiti şəraitində məktəb bütün diqqətini
şagirdlərin hərtərəfli inkişafına,
onların maraq və ehtiyaclarının təmin olunmasına
istiqamətləndirməlidir. Belə olduqda, təhsilin məqsədi
şagirdlərə biliklərin yalnız nəzəri cəhətdən
deyil, praktikaya əsaslanmaqla, inkişafetdirici xarakterdə
verilməsini təmin edə bilər.
Təlimin təşkilində
mənimsəməni təmin edən mühitin yaranması da
mühüm əhəmiyyət kəsb edir. Şagirdlər
alternativ versiyalardan birini seçməyə yönəldilməklə,
problemin həllinə əsaslanan və ona imkan verən layihələrə
cəlb edilməklə praktik məsələlərdən nəzəri
prinsiplərə doğru (konkretdən mücərrədə)
yönəldilir. Bu zaman müəllim şagirdləri problemin
həllinə istiqamətləndirir, onlara məsləhətlər
verir, təlimi dərsliklərin müəyyən etdiyi biliklərə
deyil, öyrənənlərin maraqlarına yönəldir. Nəticə
etibarilə təlim prosesində layihələr üsuluna
üstünlük verilməklə, öyrənənlərin
diqqəti problemlərin müstəqil həllinə yönəldilməlidir.
Məktəbdə
ayrı-ayrı fənlərin məzmunu kurikulumlarla müəyyənləşir.
Fənn kurikulumları nəticəyönümlü, öyrənənyönümlü,
kompetensiyayönümlü (bacarıqyönümlü) olmaqla
ona xidmət etməlidir ki, şagirdlər hər hansı bir
fənnin tədrisi prosesində problemləri həll edərkən
səmərəli yol və vasitələr seçə
bilsinlər. Bu yolda əldə etdikləri bilikləri tətbiq
edə və bacarıqlara çevirə bilsinlər.
Yuxarıda qeyd olunanlardan
göründüyü kimi, təhsil və təlim prosesinin təşkilində
müxtəlif fəlsəfi yanaşmalar mövcuddur. Əlbəttə,
bu məsələdə standartlıqdan söhbət gedə
bilməz.
Təhsil cəmiyyətin, vətəndaşın,
təhsil alanın (öyrənənin) tələbatına və
ehtiyaclarına uyğun qurulmalı, onun şəxsiyyət
kimi formalaşmasını təmin etməlidir. Hər bir
müəllim (öyrədən) özünün təhsil fəlsəfəsini
yaratmalıdır.
"Təhsilin əsasları"
fənninin "Təhsil fəlsəfəsi və təlim
prosesi" adlanan birinci məzmun xətti məhz bu
mühüm məsələnin açıqlanması və hər
bir tələbədə (gələcək müəllimdə)
təhsil fəlsəfəsinin formalaşmasına xidmət
göstərir. Bu məzmun xəttinin tədrisinə 40 saat nəzərdə
tutulmuşdur. Onun birinci məşğələsi "Təhsil
fəlsəfəsi və təlimin təşkilində onun əhəmiyyəti"
adlanır. Mövzunu (təhsil fəlsəfəsi
anlayışını) açmaq üçün tələbələrə
müraciət olunur. 1) "Təhsil fəlsəfəsi"
deyiləndə nə başa düşürsünüz? 2)
"Təlimin təşkili" ifadəsi sizdə hansı təsəvvürlər
yaradır?
Hər bir sual üzrə tələbələrin
cavab və mülahizələri filipçatda qeyd olunur və
vərəqlər divardan asılır. Bundan sonra "Təhsil
fəlsəfəsi və təlimin təşkili məsələləri
arasında hansı əlaqələr ola bilər"
sualı ətrafında tələbələrin mülahizələri
dinlənilir və onlara müraciət olunur: "Sizcə,
müəllimə təhsil fəlsəfəsi haqqında
biliklər lazımdırmı? Müsbət və ya mənfi
cavablarınızı əsaslandırmağa
çalışın".
Bu məqsədlə aşağıdakı
suallar təqdim edilir:
1. Siz nə üçün
müəllimlik peşəsini seçdiniz?
2. Müəllimin vəzifəsi
nədən ibarətdir?
3. Müasir məktəbi necə
görürsünüz?
Suallara müvafiq mülahizələr
növbə ilə dinlənilir, təhlil olunur və
ümumiləşdirilir. Müəllim: - Suallara bir
çoxlarınızın verdiyi cavablar sizin təhsillə
bağlı inanclarınız, fərdi
yanaşmalarınız və münasibətlərinizdir. Əslində,
bunlar sizin təhsil fəlsəfənizdir. Hər bir təhsil
işçisinin özünəməxsus
formalaşmış təhsil fəlsəfəsi var.
"Təhsil fəlsəfəsi"
anlayışı növbəti mərhələdə
"Öz təhsil fəlsəfənizi müəyyənləşdirin"
proqramlaşdırılmış test
tapşırıqlarının icrası prosesində bir qədər
də açılır. Tələbələr əlavə
oxu qovluğundan müvafiq materialı tapırlar.
Tapşırıqda 11 suala 4 variantda cavab vermək təklif
olunur: 1) Təhsil nə üçün lazımdır? 2)
Sizcə, "öyrənən" kimdir? 3) Təhsil
insanın hansı ehtiyaclarını təmin etməlidir? 4) Təhsil
mühiti necə olmalıdır? 5) Təhsilin əsas məqsədi
nədir? 6) Məktəbin əsas vəzifəsi nədir?
7) Məktəbdə təlim
mühiti necə olmalıdır? 8) Mənimsəməni
təmin edən təlim necə baş verir? 9) Müəllimin
sinifdə rolu nədən ibarət olmalıdır? 10)
Kurikulum hansı məsələləri əhatə etməlidir?
11) Dərsdə hansı təlim üsuluna üstünlük
verilməlidir?
Hər bir test
tapşırığı üzrə 4 cavab verilir. Testin nəticələri
verilmiş cədvəl üzrə özünüqiymətləndirmə
yolu ilə müəyyənləşdirilir. Test
tapşırıqlarının sonunda verilmiş cədvəldə
hər sual 4 fəlsəfi yanaşma baxımından
(proqressivizm, perennializm, essensializm, ekzistensializm)
cavablandırılmışdır.
Ümumiləşmə zamanı
tələbələrə təklif olunur ki, əgər siz
cavablarınızı qiymətləndirmək istəyirsinizsə,
sual üzrə iki versiyanı doğru hesab etməyinizə
baxmayaraq, daha çox üstünlük verdiyiniz versiyanı
seçin. Etdiyiniz seçimlər üzərində hansı
təhsil fəlsəfəsinə aid cavablar
üstünlük təşkil edirsə, demək, siz həmin
fəlsəfi baxışa aidsiniz. Fəlsəfi
baxışların nə demək olduğunu (mahiyyətini)
başa düşmək üçün özünüqiymətləndirmə
cədvəlindən sonra "Təhsilə dair fəlsəfi
baxışlar"a həsr olunmuş materialla
Araşdırma nəticəsində
cavablardan belə rəyə gəlmək olur ki, tələbələr
təhsilə fəlsəfi baxışların bəzisinin
mütərəqqi, digərlərinin mürtəce xarakterdə
olduğunu, müasir və ya ənənəvi üsullara
uyğun gəldiyini müəyyən edirlər. Onların əksəriyyəti
müasir tələblərə uyğun olan proqressivizm fəlsəfi
yanaşmasına üstünlük verirlər.
Müəllim mülahizələri
dinləyib növbəti sual tapşırıqlarını
verir:
- Təhsil fəlsəfəsi
nədir? O, təhsillə bağlı hansı məsələləri
əhatə edir?
- Təhsil fəlsəfəsinə
necə tərif vermək olar?
Tələbələr test
tapşırıqlarının nəticələri üzrə
qruplara (proqressivizm, perennializm, essensializm, ekzistensializm)
bölünür, sonra təqdimatlar dinlənilir. Vərəqlər
sıra ilə divardan asılır və növbəti slayd
açılır.
Təhsilin
fəlsəfəsi
Təhsilin xüsusiyyəti,
əhəmiyyəti, məqsədi, vəzifələri,
şagirdin iştirakı baxımından təlimin təşkili,
müəllimin məqsədi (bilikləri çatdırmaq,
müstəqil öyrənənlər yetişdirmək, mənəvi
və siyasi dəyərlər aşılamaq), təhsil
konsepsiyalarının xüsusiyyəti, təhsilin idarə
edilməsinin qanunauyğunluqları və s. amillər təhsilin
fəlsəfəsini təşkil edir.
Slaydda yazılanlar oxunur, tələbələrin
mülahizələri ilə müqayisə olunur, korrektələr
edilir və ümumiləşmə aparılır.
Müəllim:
- Müəllimə təhsil
fəlsəfəsi haqqında biliklər lazımdırmı?
Nə üçün lazımdır?
Mülahizələr dinlənilir
və müzakirə edilir. Bundan sonra növbəti ismarıc
- slayd açılır.
Öz təhsil fəlsəfənizi
qurun!
Qoy sizin təhsillə
bağlı fəlsəfi baxışlarınız fəaliyyətinizi
kompas kimi istiqamətləndirsin. "Peşəkar mən"inizin
formalaşmasında sizə yardımçı olsun.
Unutmayın ki, gələcək
fəaliyyətinizdə təhsillə bağlı qəbul
ediləcək bütün mühüm qərarların mərkəzində
sizin təhsil fəlsəfəniz duracaq və sizə bələdçilik
edəcək.
Müxtəlif təhsil
yanaşmaları baxımından təhsilin əhəmiyyəti,
məqsədi, məktəbin vəzifəsi, öyrənənin
təlim prosesində iştirakı, insanın təhsil
ehtiyaclarının ödənilməsi, mənimsəməni
təmin edən təlim mühiti, dərs prosesində müəllimin
rolu, kurikulumun əhatə etdiyi məsələlər, müəllimin
təlim üsulu kimi mövzuların tədrisi prosesində tələbələrdə
tədricən təhsil fəlsəfəsi anlayışı
formalaşır.
Təqdim edilmiş CD və
DVD dərs nümunələrinin müxtəlif məqsədlərlə
müşahidəsi, təhlili və təhsil
yanaşmaları baxımından qiymətləndirilməsi
üzrə nəticələr (bu qayda ilə 6 dərs
nümunəsi müşahidə olunur) xüsusi əhəmiyyət
kəsb edir. Tələbələr xüsusi müşahidə
planı əsasında (dərsdə problemin həlli,
alternativ variantın seçilməsi, qərarların qəbulu,
praktik məsələlərin nəzəriyyə ilə əlaqələndirilməsi,
materialların oxunuşu, fənn üzrə biliklərin
genişləndirilməsi və s.) dərs nümunələrini
müşahidə edərək müəllimin təlim
üsuluna, dərslərin ümumi təhsilin
Konsepsiyasının (Milli
Kurikulum) tələblərinə uyğun qurulmasına, təlim
prosesinə, bütövlükdə müəllimin təhsil
fəlsəfəsinə münasibətlərini bildirirlər.
Təlim prosesində
müasir təlim texnologiyalarından və İKT-dən
istifadə, fəal və interaktiv təlim metodlarının tətbiqi
(qruplarla, cütlərlə fərdi iş, debat, diskussiya, təqdimatların
müzakirəsi, müxtəlif informasiya vasitələri
üzrə axtarışların aparılması, PP təqdimatların
hazırlanması və s.) də təhsil fəlsəfəsi
anlayışının dərk olunmasına imkan verir.
Müxtəlif məzmunlu nəzəri
və praktik xarakterli nəticələrin təhlili prosesində
tələbələr belə bir qənaətə gəlirlər
ki, bu gün şagirdlərin yaddaşını məlumatlarla
yükləyən bir təhsil sistemindən onların
idrakını inkişaf etdirən digər təhsil sisteminə
keçid zamanı bütün məsələlərə
yeni rakursla baxılır.
Yanaşmalar Ənənəvi (essensializm fəlsəfəsi)
Müasir (proqressivizm fəlsəfəsi)
Təhsilin məqsədi nədir?
Şagirdlərə biliklərin əsaslarını öyrətmək
şagirdin daimi inkişafını təmin etmək
Şagird kimdir? şagird
bilik və bacarıqların
daşıyıcısıdır, onlardan yeri gələndə
istifadə edə bilər şagird təcrübə
aparandır
Müəllimin rolu nədən
ibarətdir? Müəllim böyüklər dünyası ilə
uşaqlar aləmi arasında əlaqələndirici rolu
oynayır Müəllim, istiqamətləndirici, dəstəkləyicidir
Kurikulum necə
olmalıdır? Kurikulum ədəbiyyat, tarix, riyaziyyat və təbiət
fənlərinin zamanın sınağından
çıxmış əsas ideyalarını əhatə
etməlidir Kurikulumda əsas diqqət ona yönəlməlidir
ki, şagirdlər ictimai fənlər, tətbiqi elmlər və
peşə texnologiyaları üzrə problemləri həll
edərək uğurlu üsul və vasitələr seçə
bilsinlər
Təlim necə
olmalıdır? Fənn üzrə biliklər daha da genişləndirilir
Şagirdlər problemin həllinə əsaslanan layihələrə
cəlb olunur
"Təhsil fəlsəfəsi
və təlim prosesi" bölməsi ümumiləşdirici
dərslə başa çatır. Tələbələrə
"Mənim təhsil fəlsəfəm" mövzusunda esse
yazmaq tapşırığı verilir. Onlara bölmənin əvvəlində
11 test tapşırığı ilə bağlı öz
mövqelərini ifadə etmək və pedaqoji
yanaşmalarını əsaslandırmaq tövsiyə olunur. Qeyd
etmək lazımdır ki, tələbələrin həmin
mövzuda sərbəst iş hazırlamaları və semestr ərzində
nəticələr essenin uğurla yazılmasına imkan verir.
Nəticə etibarilə
söyləmək olar ki, "Təhsil fəlsəfəsi və
təlim prosesi" məzmun xəttinin məqsədəuyğun
və səmərəli tədrisi "Təhsilin əsasları"
fənninin digər məzmun xətlərinin dərindən mənimsənilməsinə
təminat verir.
Atəş ABDULLAYEV
Azərbaycan müəllimi.- 2010.- 28
may.- S.20.