"Vazeh və Bodenştedt: Yozmalar və faktlar"
Azərbaycan tarixə bir - birindən dəyərli,
xalqına, dilinə bağlı şəxsiyyətlər bəxş
etmişdir. Onlardan biri də XIX əsrdə yaşayıb -
yaratmış, bütün dünyada adı,
yaradıcılığı hörmətlə
xatırlanan Mirzə Şəfi
Vazehdir. Buna baxmayaraq, XIX əsr Azərbaycan ədəbiyyatı
tarixində şəxsiyyəti və
yaradıcılığı dumana bürünmüş Vazeh
kimi ikinci bir ədib bəlkə də yoxdur. İki yüz ilə
yaxındır ki, Mirzə Şəfi Vazehin dünya
şöhrəti qazanmış nəğmələrinin
atribusiya məsələsi öz qəti həllini tapa bilməmişdir.
Bunun əsas səbəbi,
hər şeydən əvvəl, vaxtilə Mirzə Şəfi
Vazehin tələbəsi, dostu, alman şairi, tərcüməçisi
Fridrix Martin fon Bodenştedt
olmuşdur. Onun müəllimi barəsində ziddiyyətli
fikirləri mirzəşəfişünaslıqda
anlaşılmazlıqlar yaratmış, tədqiqatçılarımızın,
ədəbiyyatşünaslarımızın işini çətinliklərə
salmışdır. Yalnız Mirzə Şəfinin deyil,
başqa Şərq klassiklərindən, xüsusən də
Hafiz Şirazinin, Füzulinin şeirlərinin tərcümələrində
də qəribə bir yol tutan F.Bodenştedt çox vaxt
öz yaradıcılığını tərcümələri
ilə qarışdırmış, bəzən tərcümə
etdiyi materialdan onun yalnız adını və mövzusunu
saxlamışdır. Mirzə Şəfi şeirlərinin,
özü demişkən, "gözləri önündə"
yarandığı üçün onların orijinalına xələl
gətirmədən alman donunda verməsi oxucular tərəfindən
dərin rəğbətlə qarşılanmasına səbəb oldu və sürətlə
yayıldı, müəllifinə böyük şöhrət
qazandırdı. Bundan sonra
F.Bodenştedt ömrü boyu şöhrət dalınca
qaçdı, lakin öz əsərləri ilə bu
şöhrəti əldə edə bilmədi. Mirzə Şəfi
şeirlərinin Almaniyada sonrakı nəşrlərində
özünü nəğmələrin mütərcimi deyil,
bu şeirlərin müəllifi kimi qələmə verdi və
ölənədək həqiqətə uyğun olmayan bir
iddianı sübuta yetirməyə çalışdı. O,
hətta Mirzə Şəfinin şairliyini də inkar etdi. Həmin
vaxtdan başlayaraq Almaniyanın özündə
F.Bodenştedtin bu iddiasının tərəfdarları və
əleyhdarları oldu. Onlar alman mətbuatında, ədəbiyyatında
çıxışlar etdilər və müxtəlif fikirlər
söyləyərək öz müddəalarını irəli sürdülər. Lakin
bir həqiqət onların bir çoxuna aydın idi ki, nəğmələr
alman dilində olsa da, mənən və ruhən Şərq
poeziyasıdır, bunlar Qərb donunu geymiş Şərq
gözəlləridir.
Azərbaycan ədəbiyyatşünasları
da Mirzə Şəfi barəsində öz tədqiqatlarını,
axtarışlarını davam etdirdilər. Bu
axtarışlar səmərəli nəticələr verdi.
Mirzə Şəfi Vazehin dumana bürünmüş şəxsiyyəti,
yaradıclığı müəyyən edildi. F.Bodenştedtin
M.Ş.Vazeh barədə söylədiyi fikirlərə
aydınlıq gətirildi, onun alman şeir
yaradıcılığı saf - çürük edilib, həqiqət
ortaya çıxarıldı.
Azərbaycan alimlərinin
tədqiqatları əsasında F.Bodenştedtin
plagiatlığı elmi faktlar
əsasında sübuta yetirildi. Alman şairinin Azərbaycan
poeziyasının Qərbdə, eləcə də
bütün dünyada " Mirzə Şəfi nəğmələri
" adı altında
şöhrət tapmasında xidmətləri də qiymətləndirildi.
Bununla yanaşı, Mirzə Şəfi
yaradıcılığı barəsində geniş fikir
söyləmək üçün onun əldə olan əsərləri
kifayət etmir. Mirzə Şəfi şeirlərinin əksər
hissəsinin F.Bodenştedt tərəfindən Almaniyaya
aparılması və bu orijinal şeirlərin yoxa
çıxması məsələsi alimləri, tədqiqatçılarımızı
düşündürməkdədir. Nə qədər ki,
Mirzə Şəfi şeirlərinin tam külliyyatı əldə
edilməyib, bir o qədər də müxtəlif fikirlər,
yozmalar söyləniləcəkdir.
Buna görə də
M.Ş.Vazeh və F. Bodenştedt münasibətləri tədqiqatçılarımızın
diqqətindən yayınmır. M.Ş.Vazeh irsinin təbliği
yeni nəslin bu sahədə maariflənməsində
xüsusi əhəmiyyət kəsb edir.
Bu yaxınlarda hörmətli
alimimiz professor Fəxrəddin Veysəllinin "Vazeh və Bodenştedt:
"Yozmalar və faktlar"
kitabı işıq üzü görmüşdür. Uzun
illərin, böyük zəhmətin nəticəsi olan bu
kitab Mirzə Şəfi Vazeh irsinin təbliği, tədqiqi sahəsində əhəmiyyətli
bir işdir. Professor F.Veysəlli kitabında Vazeh və
Bodenştedt əlaqələrinə toxunmuş,
F.Bodenştedt tərəfindən vaxtilə alman dilinə tərcümə
olunmuş Vazeh şeirlərinin yeni hərfi və bədii tərcüməsini
vermiş, M.Şəfi və F.Bodenştedt münasibətlərinə
işıq salan yeni mənbələrdən söz
açmışdır. Quruluşuna görə bu əsər "Mirzə Şəfi Vazeh
haqqında bildiklərimiz", "F. fon Bodenştedtin Mirzə Şəfi haqqında xatirələri",
"F. fon Bodenştedt haqqında", "Mirzə Şəfi
və F. fon Bodenştedt əlaqələri yenidən gündəmə
gəlir" adlı fəsillərdən ibarətdir. Müəllif
bir çox məlum olan və olmayan mənbələri tədqiqata
cəlb etmiş, Azərbaycan və alman alimlərinin fikirlərini
saf-çürük edib,
aşağıdakı qənaətlərə gəlmişdir.
Birincisi, müəllif
belə hesab edir ki, F.Bodenştedtin Mirzə Şəfiyə
münasibətinin dəyişməsində əsas səbəb
alman şərqşünaslarından A.Berje, V.Vamberi və
K.Bruqşi olmuşlar. Onlar Mirzə Şəfi əleyhinə
məqalələr yazmaqla M.Şəfinin şairliyini inkar
etmiş, belə bir şairin Tiflisdə tanınmaması, qəbiristanlıqda
qəbrinin olmaması barəsində fikirlər söyləyərək,
məqalələr çap etdirmişlər. Müəllif
apardığı araşdırmasında postsovet məkanında
F.Bodenştedtin M.Şəfi şeirlərinin tərcümələrindəki
və M.Şəfinin dünya söhrəti
qazanmasındakı xidmətlərinin unudulduğunu,
F.Bodenştedtin plagiator kimi qələmə verilməsi qənaətinə
gəlib, onun arxivində işləməklə M.Şəfi
külliyyatının tapılacağını güman edir.
Hörmətli professor
F.Veysəlli alman şərqşünas alimlərinin M.Şəfi
barəsində söylədikləri fikirlərə öz
iradını düzgün bildirmişdir. F.Bodenştedtin Mirzə
Şəfi barəsində fikrinin dəyişməsində
onların rolu da əsaslandırılmışdır. Lakin
F.Bodenştedtin postsovet məkanında və indi də
plagiator kimi qələmə verilməsi, onun Azərbaycan
şairinin dünya şöhrəti qazanmasındakı
rolunun qiymətləndirilməsi düzgün deyildir. Əksinə,
postsovet məkanında F.Bodenştedtin xeyirxah əməlləri yüksək qiymətləndirilmiş,
plagiatlığı isə elmi faktlarla sübuta
yetirilmişdir. Mirzə Şəfinin əlyazmalarının
elə onun arxivində işləməklə
tapılmasını mirzəşəfişünaslığımız
da arzulayır. Almaniya kitabxanalarında, arxivlərində
aparılan axtarışlar bir nəticə verməmişdir.
Aldığımız cavablardan məlum olur ki, Böyük Vətən
müharibəsi illərində Almaniyada bir çox arxivlər
yandırılmış, F.Bodenştedtin arxivi də
dağıdılmışdır.
Söhbət gedən
kitabda F.Veysəlli bir çox alman mənbələrinə
müraciət edib. Alman alimlərindən Y.Mündhenkin və
K.Zündermayerin Mirzə Şəfi və F.Bodenştedt
münasibətinə həsr olunmuş məlum tədqiqatlarına
da toxunmuş, bu tədqiqatların birtərəfli
aparıldığını vurğulamış, fikirlərinə
də öz iradını bildirmişdir. A.Berje, V.Vamberi və
b. M.Şəfi əleyhinə sövq edilməsində erməni
əsilli Tumanovun rolunun olması və Mirzə Şəfi
Züleyxanı götürüb qaçan ərəfədə
avar xanı Əhmədin adamları tərəfindən ələ
keçirilməsində Akim adlı erməninin əli
olduğuna gəldikdə isə, bu fikir hər halda indiki vaxtda
özünü doğruldur. Çünki ermənilər
tarix boyu hiylələri, satqınlıqları ilə məşhurdurlar.
F.Veysəllinin Mirzə
Şəfi və F.Bodenştedt münasibətlərinə həsr
etdiyi əsər Mirzə Şəfi irsinin tapılmasında,
tədqiqi və təbliği sahəsində atılan
müsbət addımlardan biri kimi diqqəti cəlb edir.
Akif BAYRAMOV
Azərbaycan müəllimi.- 2010.- 28 may.- S.21.