Ziyəddin Sultanovun
"Göylərdən gələn
gəlin" sənədli
povestinin təqdimatı
Mayın 18-də
AMİ-nin Ağcabədi
filialında yazıçı-publisist,
respublikanın əməkdar
jurnalisti Ziyəddin Sultanovun "Göylərdən
gələn gəlin"
sənədli povestinin
təqdimat mərasimi
keçirildi.
Tədbiri giriş
sözü ilə açan filialın direktoru, professor X.Məmmədov
bildirdi ki, "Xalq qəzeti"nin xüsusi müxbiri Ziyəddin Sultanov respublikamızda qüdrətli qələm
sahibi kimi tanınmaqdadır. Onun indiyə kimi bir-birindən sanballı
"Məni də sevən var", "Ömür keçdi, gün keçdi",
"Qarabağ gündəliyi",
"Qarabağın qara
günləri", "Xocalı
faciəsi", "Ağdərədən
gələn var",
"Burdan bir atlı keçdi",
"Kəklik", "Bir
qonağam bu dünyada", "Əsirlər,
girovlar, itkinlər",
"Qarabağ müharibəsi:
faktlar...hadisələr...düşüncələr" və "Göylərdən
gələn gəlin"
kimi əsərləri
geniş oxucu kütləsinin ixtiyarına
verilmişdir.
Qeyd edildi ki, "Göylərdən gələn
gəlin" sənədli
povestinin təqdimat mərasimini məhz bu gün qeyd
etməyimiz təsadüfi
deyildir. 18 may tarixi Laçın rayonunun erməni qəsbkarları
tərəfindən işğal
edildiyi gündür. Müharibənin dəhşətli
gündəliyini vərəqləyən,
bu gün təqdimatına toplaşdığımız
"Göylərdən gələn
gəlin" əsəri
Laçında doğulub,
boya-başa çatan,
xalqımızın qeyrətli
qızı Səma Kərimovanın həyat salnaməsidir.
Şəhidlərin ruhu bir dəqiqəlik
sükutla yad edildi.
"Xalqın
fəryad səsi"
adlı məqalə ilə məruzə edən dosent S.Məmmədov "Göylərdən
gələn gəlin"
sənədli povestinin
tərkib hissələrini
bir-bir xarakterizə edərək əsər haqqında müfəssəl
məlumat verdi.
"Gənclərin
hərbi vətənpərvərlik
tərbiyəsində əsərin
rolu və əhəmiyyəti" mövzusunda
məruzə edən M.Səlimov öncə əsər müəllifinin
şəxsi keyfiyyətlərindən
bəhs edərək bildirdi ki, bu
gün bizim tələbələrimizin böyük
bir qismi Ziyəddin Sultanovdan çox şey öyrənməyə səy
edir. Gəncliyin onun yaradıcılığına
olan böyük marağı bizə bunları söyləməyə
imkan verir.
"Göylərdən
gələn gəlin"
povestinin dil xüsusiyyətlərindən bəhs
edən F.Mikayılova
əsərin sadə,
bəzək-düzəksiz, canlı xalq dilində yazılmasını,
az sözlə
dərin məna ifadə etmək xüsusiyyətini əsər
müəllifinin böyük
uğuru kimi qiymətləndirdi.
Gənc oxucular adından çıxış edən
filialın pedaqoji fakültəsinin ibtidai sinif müəllimliyi ixtisası üzrə əyani şöbənin
I kurs tələbəsi
Məryəm Mürsəlova
əsərin tələbələr
arasında sevilməsindən,
əsər qəhrəmanının
gənc nəslə böyük örnək olmasından ürəkdolusu
danışdı.
Milli Məclisin
deputatı, şair T.Rzayev Z.Sultanovun təbiətən
duyğulu və narahat adam olmasını
belə xarakterizə etdi: Ziyəddin Sultanovun duyğulu olması ona Tanrı bəxşişi,
narahatlığı isə
peşəsinin ona aşıladığı hissdir.
Onu da qeyd etdi
ki, məhz bu iki hissin
birləşməsi "Göylərdən
gələn gəlin"i
araya-ərsəyə gətirdi.
O, çıxışına davam edərək bildirdi ki, hər
bir xalq öz qəhrəman övladları ilə fəxr edir. Bu gün Səma kimi övladının yenilməzliyini,
müqəddəs azəri qanına haram qatmaması kimi fədakarlığı
görən xalq, millət nə üçün qürur
duymamalıdır. Bəli, əsər
xalqımızın milli vətənpərvərlik ruhuna yeni
ruh qataraq, böyük tərbiyəvi təsir gücünə
malik olmaq əzmilə gündəmdə durur. Çıxış əsnasında ölkə
Prezidentinin uğurlu siyasi addımlarından bəhs edən
millət vəkili yaxın gələcəkdə
işğal altında olan torpaqlarımızın azad ediləcəyindən
inamla danışdı.
Laçın RİH başçısının I müavini
İlham Quliyev, Ağcabədi RİH başçısının
humanitar məsələlər
üzrə müavini
Əbülfət Tapdıqov
"Göylərdən gələn
gəlin"in məziyyətlərindən
danışaraq əsər
müəllifinə dərin
təşəkkürlərini ifadə etdilər.
Şəhid Səma
xanımın anası
Sevda Kərimova əsər müəllifinə,
ümumilikdə bugünkü
anım mərasimində
əməyi olan hər bir kəsə
dərin təşəkkürünü
bildirərək, övladının
az qala dastanlaşan
həyat tarixçəsinin
bədii simvoluna çevrilən "Göylərdən
gələn gəlin"in
ona təsəlli olmasını, nəhayətsiz
ana kədərinə
son verməsini dilə
gətirdi.
Mərasimin
sonunda "Göylərdən gələn gəlin" sənədli
povestinin müəllifi Ziyəddin Sultanov ilk öncə qeyrətindən
vəcdə gəlib haqqında əsər yazdığı
Səmanı dünyaya gətirən qadının
qarşısında baş əydiyini ifadə etdi. Sonra tədbir
iştirakçılarına, qonaqlara, əsərinin təqdimatının
təşkili və yüksək səviyyədə idarə
olunması üçün filial rəhbərliyinə dərin
təşəkkürünü bildirdi.
Bir müəllif
kimi əsərin ədəbi ictimaiyyətdə
belə bir əks-səda doğurmasından
sevindiyini bildirən yazıçı bunun səbəbini içimizdəki
vətənpərvərlik hissinin nə qədər doğma və ali
hiss olması, bitib-tükənməzliyi
ilə əlaqələndirdi.
O qətiyyətlə bildirdi ki, Qarabağ mövzusu,
param-parça edilmiş vətən torpaqlarının nigaran
taleyi kiçikdən-böyüyə hər birimizi hər
zaman düşündürməlidir.
Sonra müəllif
əsərlə bağlı
oxucularının suallarına
cavab verdi.
Rəşad
ZİYADOV
Azərbaycan müəllimi.-
2010 .- 28 may.- S.21.