Təhsil Şurası
musiqi təhsilinə dair konfrans keçirdi
Mayın 25-də Bakıdakı
20 nömrəli orta məktəbdə ümummilli lider Heydər
Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə
Azərbaycan Təhsil Şurası və Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin "Məktəbli gənclərin
şəxsiyyət kimi formalaşmasında musiqi təhsilinin
rolu" mövzusunda birgə konfransı keçirildi.
Təhsil Şurası
İdarə Heyətinin üzvlərinin, musiqi təhsili ilə
bağlı alim-mütəxəssislərin, paytaxt məktəblərinin
musiqi müəllimlərinin iştirak etdiyi konfransı Təhsil
Şurasının sədri, professor Əjdər Ağayev açaraq
rəhbərlik etdiyi qurumun vaxtaşırı olaraq təhsilin
müxtəlif problemlərinə həsr edilmiş elmi-nəzəri
və təcrübi konfranslar keçirdiyini, müzakirə olunan
problemlərlə bağlı irəli sürülən təkliflərin
ümumiləşdirilərək təhsili idarəetmə orqanlarına
çatdırıldığını bildirdi və həmin
silsilədən keçirilən növbəti konfransın mövzusunun
aktuallığını qeyd etdi.
Bakı Şəhəri
üzrə Təhsil İdarəsi müdirinin müavini Məhəbbət
Qarabağlı konfransda çıxış edərək təhsil
idarəsinin fəaliyyətindən, paytaxt məktəblərində
təhsilin keyfiyyətini yüksəltmək istiqamətində
həyata keçirilən tədbirlərdən, şagirdlərin
şəxsiyyət kimi yetişməsi üçün görülən
işlərdən bəhs etdi.
Konfransda Azərbaycan Təhsil
Şurasının sədri, professor Əjdər Ağayev
"Ümumtəhsil məktəblərində musiqi fənninin
tədrisi vəziyyəti və onun təkmilləşdirilməsi
yolları" mövzusunda məruzə etdi.
Sonra konfransda məruzə
ətrafında çıxışlar oldu. Söz alan pedaqoji
elmlər doktoru, professor Vidadi Xəlilov, bəstəkar,
professor Oqtay Rəcəbov, Azərbaycan Milli Konservatoriyası
tərkibində Musiqi Kollecinin direktoru, professor Nazim Kazımov,
Bakıdakı 177 nömrəli məktəbin direktoru Həqiqə
Məmmədova, ayrı-ayrı təhsil ocaqlarının
musiqi müəllimləri musiqi tədrisi sahəsindəki
mövcud vəziyyətdən, problemlər və onların
aradan qaldırılması yollarından danışdılar,
təkliflər irəli sürdülər.
Konfransın sonunda bəstəkar
Oqtay Rəcəbovun "Tıq-tıq xanım"
operasının incəsənət gimnaziyası şagirdlərinin
ifasında təqdimatı oldu.
Y.ƏLİYEV
Azərbaycan müəllimi.- 2010.- 28 may.- S.6.