Bakıdakı 236 nömrəli orta məktəb əsaslı təmir olunur

 

Dərs ili hələ başa çatmasa da təhsil müəssisələrinin növbəti tədris ilinə hazırlanması hər yerdə olduğu kimi Səbail rayonunda da diqqət mərkəzindədir.

Bu məqsədlə rayon icra hakimiyyəti tərəfindən rayonun orta ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinə baxış keçirilmiş, yay mövsümü ərzində aparılacaq təmir işlərinə hazırlığa başlanmışdır. Əsaslı təmir işləri nəzərdə tutulan orta məktəblərdən biri də rayonun günbəgün böyüyən və inkişaf edən Badamdar qəsəbəsindəki 236 nömrəli orta məktəbin əsas tədris korpusudur.

1966-cı ildə inşa olunmuş bu məktəbin 74 sinfində hazırda 1900 şagird təhsil alır.

Məktəbin tədris korpusunun, idman və akt zalının əsaslı təmirə və yenidənqurmaya böyük ehtiyacı olduğundan məktəbin pedaqoji kollektivi Heydər Əliyev Fonduna müraciət etmişdir. Fondun təşəbbüsü ilə kollektivin təhsildə qazandığı uğurlar, burada oxuyan şagirdlərin sayının ilbəil artması nəzərə alınaraq 236 nömrəli məktəbin binasının əsaslı surətdə təmir olunması qərara alınmışdır.

Bir neçə gün əvvəl burada təmir işlərinə başlanılmışdır. İlk növbədə, məktəbin 2600 kvadratmetrlik dam örtüyünün,  bütün siniflərin və yardımçı otaqların və fənn kabinetlərinin, idman və akt zallarının əsaslı təmiri, qapı və pəncərələrin, döşəmənin yenisi ilə əvəzlənməsi işləri görüləcəkdir. Məktəbin həyətində də təmir-abadlıq işləri aparılacaq, yeni ağac və kollar əkiləcək, əraziyə asfalt döşənəcək. Təmirdən sonra sinif otaqları və fənn kabinetləri hər cür avadanlıqla təmin olunacaqlar.

Əsaslı təmir işlərinin yeni dərs ili ərəfəsində başa çatdırılması nəzərdə tutulmuşdur.

Əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar məktəbin kollektivi və valideynlər Heydər Əliyev Fonduna öz minnətdarlıqlarını bildirmişlər.

 

 

 Rəşad ZİADOV

 

 Azərbaycan müəllimi.- 2010.- 28 may.- S.7.