Ali məktəb tələbələrinin XV Respublika fənn olimpiadasının yekun turu

 

Mayın 26-da Azərbaycan Texniki Universitetində Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə reallaşdırılan ali məktəb tələbələrinin XV Respublika fənn olimpiadasının yekun turuna həsr olunmuş tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini İradə Hüseynova olimpiadanın yekun turunda tələbələrin 11 fənn üzrə (riyaziyyat, fizika, kimya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis dili, fransız dili, alman dili rus dili)  biliklərini sınayacaqlarını bildirdi. 2009-cu ildə keçirilmiş XIV olimpiadanın yekun turuna 28 ali məktəbdən 544 tələbənin vəsiqə qazandığını söyləyən nazir müavini XV fənn olimpiadasının yekun turunda 34 ali məktəbdən 630 tələbənin iştirak edəcəyini nəzərə çatdırdı. İradə Hüseynova olimpiadanın yekun turuna Bakı şəhərindəki ali təhsil müəssisələri ilə yanaşı, Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt Mingəçevir şəhərlərində yerləşən ali məktəblərin qatıldığını dedi. Təhsil nazirinin müavini olimpiada iştirakçısı olan qeyri-dövlət ali məktəblərinin sayının artdığını da qeyd etdi.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Şaiq Əsgərov Təhsil Nazirliyi ilə birgə keçirilən tədbirlərin xüsusi əhəmiyyət daşıdığını vurğuladı. Ş.Əsgərov ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadası qaliblərinin mükafatlandırılmasının nəzərdə tutulduğunu diqqətə çatdırdı.

Daha sonra ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadasında müxtəlif fənlər üzrə I (11 nəfər), II (22 nəfər), III (33 nəfər) yerlərə layiq görülmüş tələbələrə, qalibləri hazırlaşdıran müəllimlərə və münsiflər heyətinin sədrlərinə Təhsil Nazirliyinin hədiyyələri və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin pul mükafatları təqdim edildi. Həm ötən il bu olimpiadada fərqlənmiş daha 30 nəfər həvəsləndirici mükafatlara layiq görüldü.

 

 

 Şakir CƏFƏROV

 

 Azərbaycan müəllimi.- 2010.- 28 may.- S.7.