Kimyaçı alim liseyin qonağı oldu
Mayın 21-də Sumqayıtdakı "İdrak" məktəb-liseydə Milli Elmlər Akademiyasının müxbir üzvü, kimya elmləri doktoru, professor Vaqif Abbasovla müəllım-şagird kollektivinin görüşü keçirildi. Tədbirdə Sumqayıtın bir sıra ziyalıları, təhsil ictimaiyyətinin nümayəndələri və digər qonaqlar iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru, pedaqoji elmlər namizədi, dosent Möhsün Alışov mərasim iştirakçılarını salamladı və dəvətlərini qəbul etdiyi üçün professor Vaqif Abbasova dərin minnətdarlığını bildirdi. O, "İdrak" məktəb-liseyi haqqında ümumi məlumat verərək bildirdi ki, hələ iki yaşı tamam olmayan müəssisənin hədəfi hərtərəfli, yaradıcı, yüksək intellektə sahib olan şagirdlər yetişdirməkdir. Müstəqil dövlətimizin tərəqqisi naminə sağlam düşüncəli vətəndaşlar yetişdirmək, onları tərbiyə etmək müəllimlərin qarşısında duran başlıca vəzifələrdən biridir. Məhz müəllimlərin səyi nəticəsində liseyimizin şagirdləri ölkəmizdə keçirilən müxtəlif olimpiada və müsabiqələrdə uğurlu çıxış edərək, yüksək nailiyyətlər əldə etmişlər. O, professor Vaqif Abbasovla görüşdən şagirdlərin çox şeylər əldə edəcəklərini vurğuladı. M.Alışov kimya dərsliklərinin müəllifi V.Abbasovun müasir elmimizin görkəmli simalarından olduğunu və Azərbaycan təhsilinə xüsusi töhfələr verdiyini şagirdlərin nəzərinə çatdıraraq, onun hazırladığı tələbələrin dünya olimpiadalarındakı uğurlarından danışdı. V.Abbasovun 300-ə yaxın elmi əsərin, bir çox monoqrafiyaların, dərsliklərin müəllifi olduğunu, onlarca elmlər doktoru və elmlər namizədi hazırladığını xüsusilə vurğuladı. O, V.Abbasovun həm də onlarla şeir yazdığını qeyd etdi.
Sonra şagirdlərin ifasında V.Abbasovun yazdığı şeirlər səsləndi. Onun "Yaşa, Azərbaycanım" şeirinə Maya Heydərqızının bəstələdiyi mahnı şagirdlər tərəfindən ifa olundu.
Çıxış
üçün söz professor
V.Abbasova verildi. O, tədbir
iştirakçılarını salamladı və ona göstərilən
diqqətə görə məktəbin kollektivinə təşəkkürünü
bildirdi, işlərində
uğurlar arzuladı. V.Abbasov şagirdlərə milli mənəvi dəyərlərimizi
qoruyub saxlamağı, dövlət və dövlətçiliyimizi
hər şeydən uca tutmağı tövsiyə etdi. Elm əldə
etmək üçün
çalışmağı və mövcud imkanlardan
maksimum istifadə etməyi məsləhət bilən natiq,
kimya elminin bəşəriyyət üçün nə qədər vacib olduğunu
söylədi.
Çıxış edənlər
professor V.Abbasovun elmi kəşflərindən
söhbət açdılar.
Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.- 2010.- 28 may.- S.7.