Optimal idarəetmə elmi məktəbinin banisi
Tanınmış riyaziyyatçı alim Qoşqar Əhmədli
xatirələrdə
Xatirələrdə əksini
tapmış hadisə, fakt və təəssüratlar (mətbu
və ya qeyri-mətbu olsun) tanıdığın, yaxud
tanımadığın şəxs, soydaş haqqında bədiilikdən
uzaq, boyadan kənar, doğruluq mənəvi-əxlaqi
yükü olan həyati-tarixi həqiqətləri
çatdırır.
Bu qələm məhsulu
xeyirxah, sadə təbiətli, fədakar və səbrli, səmimi,
alicənab, genişürəkli insan, müəllim, alim, təhsil
təşkilatçısı, elmi rəhbər, dost, vətən
oğlu, bir dünya vətəndaşı (M.Arazın
fikridir: Vətən daşı olmayandan olmaz dünya vətəndaşı)
haqqında eşitdiklərim, oxuyub öyrəndiklərim fakt
və hadisələr - xatirələr əsasında araya-ərsəyə
gətirilib.
***
Görkəmli
riyaziyyatçı alim Qoşqar Əhmədli 25 oktyabr 1917-ci
ildə Gədəbəyin Söyüdlü kəndində
tanınmış ziyalı Teymur Əhmədlinin ailəsində
dünyaya gəlib.
Pedaqoji texnikumu bitirmiş
Q.Əhmədli 1936-cı ildə ADU-nun fizika-riyaziyyat fakültəsinə
daxil olmuş, ali məktəbi Stalin təqaüdü ilə başa
vurmuşdur.
O, 1946-cı ildə
aspiranturaya daxil olmuş, 1950-ci ildə akademik Əşrəf
Hüseynovun elmi rəhbərliyi ilə "Bəzi xətti
olmayan inteqral tənliklərin tədqiqi" mövzusunda namizədlik
dissertasiyası müdafiə etmişdir. 1956-cı ildə
M.V.Lomonosov adına MDU-nun doktoranturasına daxil olmuş,
L.A.Lüsternik və V.V.Nemıtskinin rəhbərliyi
altında yazdığı doktorluq dissertasiyasını
1960-cı ildə müdafiə etmiş, 1969-cu ildə Azərbaycan
Elmlər Akademiyasının müxbir üzvü
seçilmişdir.
1975-ci il fevral
ayının 10-da dünyasını dəyişmiş alimin
elmi irsi beş istiqaməti əhatə edir.
Birinci istiqamət qeyri-xətti
inteqral tənliklərin və operator
tənliklərin analitik nəzəriyyəsinə aid tədqiqatlardır.
İkinci tədqiqat
istiqaməti adi diferensial tənliklər üçün
çoxnöqtəli sərhəd məsələlərinin
və inteqral bərabərsizliklərin araşdırılmasına
aiddir.
Üçüncü
istiqamət meyl edən arqumentli
diferensial tənliklər nəzəriyyəsinə aiddir. Belə
tənliklərin həllinin dayanıqlığı və
inteqral göstəriciləri məsələlərində
Qoşqar Əhmədlinin yetirmələri ilə aldığı nəticələr
indi də optimal idarə nəzəriyyəsində
mühüm rol oynayır.
Dördüncü
istiqaməti professor Q.Əhmədli ekstremal-diferensial və
ekstremal-inteqral tənliklərin tədqiqi
adlandırmışdır. Bilavasitə praktikadan gələn
belə tənliklər araşdırılaraq həllinin tətbiqi
üçün alqoritmlər verilmişdir.
Beşinci istiqamət
optimal idarə nəzəriyyəsi ilə bilavasitə əlaqədardır.
Bu istiqamət Azərbaycanda Qoşqar müəllimin adı ilə
bağlıdır, ilk nəticələr professorun özü
və yetirmələri tərəfindən
alınmışdır.
Bu istiqamətlər
üzrə Azərbaycan EA-nın müxbir üzvü Q.Əhmədlinin
rəhbərliyi altında 50-dən çox namizədlik, təkcə
ADU-da (indiki BDU) üç doktorluq dissertasiyası müdafiə
olunmuşdur.
Hazırladığı
kadrların coğrafiyası çox genişdir: Daşkənd,
Səmərqənd, Nalçik, Qroznı, Xabarovsk, Düşənbə,
Bişkek və s. Onun rəhbərliyi altında Misir Ərəb
Respublikasından bir nəfər namizədlik dissertasiyası
müdafiə etmişdir.
***
1997-ci ildə onun 80
illik yubileyi münasibətilə çoxlu sayda xatirə və
şeirlərdən ibarət "Bu dağların
Qoşqarı" adlı 14 çap vərəqi həcmində
kitab nəşr olunub.
Bu kitabda (redaktoru N.Hacızadədir) toplanmış xatirələrdə "təbiət vurğunu", "çox nikbin adam", "milli musiqimizin, xüsusilə də aşıq musiqisinin vurğunu", "çox iti yaddaşı" olan insan, "nəinki Azərbaycanda, hətta keçmiş Sovet İttifaqında da görkəmli bir alim kimi tanınan" vətəndaş, "böyük istedad sahibi olmaqla bərabər, həm də böyük hafizə" sahibi, "Azərbaycan Elmlər Akademiyasında böyük hörməti" olan, "tələbələrə əlindən gələn köməyi edən dekan", "yetim tələbələrin atası", "özünəməxsus gözəl müəllimlik istedadı" olan, "unudulmaz, nadir yaranan böyük bir şəxsiyyət", "genişqəlbli, alicənab bir insan", "başqa respublikalar və ölkələr üçün elmi kadrların hazırlanmasında böyük xidmətləri olmuş", "orta məktəb müəllimlərindən və şagirdlərindən də öz köməyini əsirgəməmiş" elm fədaisi, "hadisəni dərindən təhlil edən, haqlı, ədalətli qərar çıxaran", adamların elmə, mədəniyyətə, insanlığa çatmasını istəyən", "müqəddəs amallı", "təvazökar, mərd yoldaş", "idealı insanpərvərlik" olan, "kin-küdurət bilməyən", "heç kəsə paxıllıq və xəyanət etməyən" insan kimi yad olunur, anılır professor Qoşqar Teymur oğlu Əhmədli...
Aşağıdakı lent yazıları-müsahibələrdə də Qoşqar Əhmədli dünyasına nəzər salınır, onun mənəvi saflığı, elmi zəkası dəyərləndirilir.
Böyük ürək sahibi olan el adamı İzzət
Rüstəmov, fəlsəfə elmləri doktoru, professor:
- Azərbaycanın
görkəmli ziyalıları, alimləri, bəziləri adi
alim səviyyəsindən yuxarı çıxaraq, daha
öndə gedən xüsusiyyətlərə sahib olan
insanlar haqqında yazmaq, onları xatırlamaq, barələrində
söz demək çox nəcib işdir.
Professor Qoşqar Əhmədlini
ilk dəfə 1949-cu ildə görüb tanımışam.
Sonralar biz, Qoşqar müəllim dünyasını dəyişənə
qədər, bir ali məktəbdə - Azərbaycan Dövlət
Universitetində çalışdıq.
Qoşqar müəllim
çoxlarından müsbət mənada fərqlənən
bir insan idi. Onun insani münasibətlərində darçərçivəlilik,
təkcə öz mənafeyi dairəsində qalmaq, təkcə
öz ailəsini sevmək, təkcə öz əsərləri
ilə fəxr etmək yox idi.
Qoşqar müəllim əslən
Gədəbəydən idi, Azərbaycanın köksü sərvətlərlə
dolu olan, təbiəti zəngin olan bir bölgəsinin
oğlu idi. Qoşqar müəllim əslində bütün
qəlbi ilə, varlığı ilə xalqına
bağlı, Vətəninə sadiq bir Azərbaycan oğlu
idi. O, Azərbaycan miqyasında böyük vətəndaş
idi. Qoşqar müəllim öz dövründə, görkəmli
riyaziyyatçı, Azərbaycan Elmlər Akademiyasının
müxbir üzvü olanda artıq Azərbaycanın
hüdudlarından kənarda belə tanınmışdı.
Bu mənada ki, Orta Asiya - Qazaxıstan, Özbəkistan,
Türkmənistan respublikalarının mütəxəssisləri
ADU-nun başqa kafedraları kimi, Qoşqar Əhmədlinin
kafedrasına da inamla, ümidlə gəlirdilər.
Qoşqar müəllim Orta
Asiyanın türkdilli xalqlarının kadrlarının
yetişməsində öz bilik və qüvvəsini əsirgəmirdi.
İllər keçsə də, həmin insanlar - alimlər
Qoşqar müəllimi unutmurlar. Neçə il əvvəl
ADU-nun prorektoru kimi Özbəkistan Universitetinin 75 illik
yubileyində olarkən bunun bir daha şahidinə
çevrildim.
Qoşqar müəllim sadə
bir insan idi. Şən, nikbin ruhlu bir insan idi. Üstəlik
humanist təbiətli, böyük ürəkli bir pedaqoq idi.
Biz dəfələrlə birlikdə dövlət
imtahanlarında olmuşuq. O, həmişə bir ağsaqqal,
bir xeyirxah müəllim kimi tövsiyə edərdi ki, tələbələri
çox incitməyək.
- Ay İzzət müəllim,
onlar fəlsəfəni sizin kimi bilməzlər, qiymətlərini
kəsməyin, - deyərdi.
O, bir müddət ADU-nun
partiya təşkilatının katibi oldu. Dara düşənlər,
işində problemləri olanlar, çətinliklərlə
qarşılaşanlar Qoşqar Əhmədlinin yanına
inamla, böyük ümidlə gedərdilər.
O, bir azərbaycanlı kimi,
bir alim kimi unudulmazdı. İnsani münasibətlərin
yaradıcısı kimi Qoşqar Əhmədli həmişə
xoş xatirələrlə yada düşür.
Qoşqar Əhmədli el
adamı idi, xalq sənətinin vurğunu idi. Heç vaxt
unutmayacağam: Aşıq Əkbər Cəfərov,
Aşıq İmran Həsənov və başqa
aşıqları universitetə dəvət etmişdi.
Böyük akt zalında möhtəşəm bir konsert təşkil
olundu. O, belə bir böyük ürək sahibi idi.
Böyük riyaziyyatçı alim kimi tanınmış
Qoşqar Əhmədli həm də ədəbiyyatımızı
bilirdi, poeziya vurğunu idi. Bilirsiniz, poeziya fikrin bir
qanadıdır. Qoşqar müəllim aşıq musiqisinin,
muğamların vurğunu idi, özü sazda
çalırdı, böyük şövq və məhəbbətlə.
Ümumxalq işini hər şeydən uca tutan vətəndaş
alim Qəmbər Namazov, fizika-riyaziyyat elmləri doktoru,
professor:
- Q.Əhmədli ilə ilk dəfə
ADU-ya sənəd verəndə, 1952-ci ildə
Ucadan
danışırdım. Bir nəfər yaxınlaşıb:
- Bu ayrım hansı məktəbi
qurtarıb, - deyə soruşdu.
- Güllübulaq kənd məktəbini,
- cavabını verdim.
O, ərizəmi alıb: -
Niyə işini fizika şöbəsinə verirsən, - dedi.
- Elə riyaziyyat şöbəsinə ver.
...İşimi riyaziyyat
şöbəsinə verdim. Hələ adını bilmədiyim,
tanımadığım dağ vüqarlı, ucaboylu müəllim:
- Get, sən imtahan vermədən oldun tələbə, - dedi.
Payızda universitetə gələndə
heyran qaldım: qəbul komissiyasının məsul katibi olan
şəxs həm də riyaziyyat fakültəsinin dekanı
imiş. Qoşqar müəllimin köməyi ilə
yataqxanada yer aldım.
Sonralar onunla Moskva Dövlət
Universitetində yenidən rastlaşdım. Qoşqar müəllim
doktoranturada oxuyurdu, mən isə aspiranturada təhsil
alırdım.
Sadə həyat sürən,
dəbdəbəni sevməyən Q.Əhmədli özü
çay dəmləyirdi, öz otağında çörəyini,
xörəyini hazırlayıb yeyirdi. Qəribə adəti
vardı; tək çörək yeməzdi.
Moskvada olarkən
müşahidə etmişdim ki, məşhur alimlər onu
açıqqəlbliliyinə, fitri istedadına və zəhmətsevərliyinə
görə sevir, hörmət bəsləyirlər.
Professor Q.Əhmədli,
sözün həqiqi mənasında, elm fədaisi, elm təəssübkeşi
idi.
Ümummilli lider Heydər Əliyevin
Azərbaycan KP MK-nın birinci katibi kimi fəaliyyətə
başladığı ilk dövrlər idi. Vaxtilə ali təhsil
aldığı universitetə gələn Heydər Əliyev
professor-müəllim heyəti qarşısında
çıxış edib, nöqsan və əyintilərdən
danışdı, bunların aradan qaldırılmasını
bir tələb kimi qarşıya qoydu.
Əməli təkliflər
söylənilərkən Qoşqar müəllim də
söz alıb dedi ki, müasir dövr riyaziyyat elminin tətbiqini
mühüm problem kimi dünya elminin qarşısına qoyub.
Bizim respublikada bu sahə inkişaf etməyib, təklif edirəm
ki, mexanika-riyaziyyat fakültəsinin bazasında tətbiqi
riyaziyyat fakültəsi açılsın...
Bu gün ölkə ali məktəblərinin
flaqmanı olan BDU-dakı tətbiqi riyaziyyat fakültəsinin
açılması Heydər Əliyevin bilavasitə köməyi
və Qoşqar Əhmədlinin təklifi ilə
bağlıdır.
Fizika fakültəsində
Ali riyaziyyat kafedrası onun rəhbərlik etdiyi kafedra
bazasında, onun təklifi, təkidi ilə
açıldı.
Ali riyaziyyat
kafedrasının bazasında, onun arzusuna uyğun olaraq,
İdarəetmə nəzəriyyəsinin riyazi
üsulları, Riyaziyyat və onun tədrisi metodikası
kafedraları yarandı.
İndiki Diferensial və
inteqral tənliklər, İdarəetmə nəzəriyyəsinin
riyazi üsulları kafedraları onun gərgin əməyinin,
axtarışlarının nəticəsidir.
Qoşqar müəllim bir
alim, bir müəllim, bir elmi rəhbər kimi, bir insan kimi
istedadlı, əvəzsiz və qayğıkeş idi. Onu səciyyələndirən
cəhət el adamı olması idi. O, üstünə gələn,
kömək istəyən hər kəsə əl tutmağa,
qayğı göstərməyə çalışardı.
Bu böyük ürəkli insan bir vətəndaş kimi
ümumxalq, dövlət əhəmiyyətli işləri
öz şəxsi işindən həmişə üstün
tuturdu.
Elm tarixində böyük xidmətləri olan şəxsiyyət
Məmməd Yaqubov, fizika-riyaziyyat elmləri doktoru, professor,
respublikanın əməkdar müəllimi:
- Qoşqar müəllimi
1957-ci ildən, ali məktəbə qəbul imtahanı verməyə
gəldiyim dövrdən tanıyıram. Birinci kursda bizə
riyazi analiz fənnindən mühazirələr oxudu.
İkiillik bir müddətdə bu fənnin incəliklərini
bir ustad pedaqoq kimi bizə öyrətdi. O, çox sadə,
xalqa yaxın bir insan idi, güclü yumor hissi vardı.
Yadımdadı, dərsdə
bir faktı bizə bir neçə dəfə izah elədi,
çətin məsələ idi. Biz durub baxırdıq.
Axırda gülə-gülə dedi: - Ayə, mən
özüm başa düşdüm, nə təhər oldu
siz başa düşmədiniz?
Üçüncü kursda
ixtisas seçəndə onun kafedrasını seçdim.
Namizədlik dissertasiyamın elmi rəhbərlərindən
biri o idi.
Biz onun hər dərsində
nəyisə öyrənər, hər bir hərəkət və
münasibətindən tərbiyəvi keyfiyyət əxz edərdik.
Biz ondan dərs alırdıq: adamda hövsələ olar, səbr
olar, böyüyün qarşısında
çıxış edəndə birinci növbədə
özünə hesabat verər ki, nə danışıram,
danışdığım səhv olmasın. Qoşqar müəllim
heç vaxt danışanı pərt vəziyyətə
salmazdı ki, sən səhv edirsən. Sakitcə həmin məsələ
ətrafında söhbət edər, mövzuya aydınlıq
gətirər və həmin adam başa düşər,
növbəti dəfə belə səhvlər buraxmamağa
çalışardı.
Sözün həqiqi mənasında,
aşıq sənətinin vurğunu idi. Bir dəfə
Moskvadan qayıdanda onu vağzalda qarşıladım. Taksi
"Nizami" kinoteatrının yanından keçəndə
birdən sürücüyə: - Saxla, - dedi. - Məmməd,
o iki aşığı görürsən? Onlara de, Qoşqar
müəllim sizi gözləyir.
Maşından
düşüb geri qayıtdım, Aşıq Əkbərlə
Aşıq İmrana yaxınlaşıb salamlaşdım: -
Qoşqar müəllimi tanıyırsınız, - deyə
soruşdum.
- Qoşqar müəllimi kim
tanımır, - deyib maşına yaxınlaşdılar.
O, mənim həm müəllimim,
həm də elmi rəhbərim olubdu. Biz onunla həm müəllim-tələbə,
həm ata-oğul, həm də dost, qardaş olmuşuq.
O, sözün əsl mənasında,
elm fədaisi idi. Öyrənməkdən, öyrətməkdən
doymurdu.
1965-ci il idi, optimal idarəetmə
nəzəriyyəsinə aid ilk əsərlər işıq
üzü görmüşdü. Bu yeni sahəyə
az-çox maraq göstərirdilər. Sən demə,
Qoşqar müəllim müvafiq ədəbiyyatı diqqətlə
izləyirmiş. Həmin ilin mayı idi, Q.Əhmədli elan
etdi ki, optimal idarəetmə məsələləri ilə
bağlı elmi seminar təşkil edir.
Qoşqar müəllimdə
səbr və təmkini onda da gördük; heç ruhdan
düşmədi, daha inam və qətiyyətlə işinə
davam etdi. Payızdan seminarlar daha intensiv keçirildi, 1965-ci
ildən 1966-cı ilin mayına qədər hər həftə
içi dörd gün məşğələ olurdu. Qoşqar
müəllimin elmə olan sonsuz həvəsi və
yorulmazlığı hamımıza sirayət etdi. Elm tarixi
baxımından bu birillik dövrü ölkəmizdə
optimal idarəetmə məktəbinin yaranması
dövrü, Qoşqar Əhmədlini isə onun banisi
adlandırmaq olar. Qoşqar müəllim bizi fədakarlıqla
öz ardınca apardı, respublikada optimal idarəetmə elmi
məktəbini yaratdı. Bu gün həmin məktəbin
nümayəndələrinin səsi indi müxtəlif ölkələrdən
gəlir. Bu, Qoşqar Əhmədlinin elm tarixində
böyük xidmətlərindən biri idi...
Qələmə aldı: Ş.MƏMMƏDOV
Azərbaycan
müəllimi.- 2010.- 28 may.- S.9.