Azərbaycanın Milli Qəhrəmanları

 

"Sizin qəhrəmanlığınız bu gün həyata atılan, orduda xidmətə gedən hərbi xidmətə hazırlaşan gənclər üçün örnəkdir, nümunədir. Vətən yolunda canlarını qurban vermiş, şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanlarının həyatı, onların qəhrəmanlığı bütün xalqımız üçün, o cümlədən, xüsusən gənclərimiz üçün örnəkdir, dərsdir".

 

 

Heydər ƏLİYEV

 

Hörmətli oxucular, bu nömrəmizdən başlayaraq Azərbaycanın Milli Qəhrəmanları haqqında məlumatları sizə təqdim edirik. Bu gün Milli Qəhrəmanlarımızın gənc nəslə örnək olaraq geniş təbliğ olunması aktual bir mövzudur. Elə bunları nəzərə alaraq hərbi-vətənpərvərlik işinin təbliğini əsas götürərək qəzetimizdə 210 Milli Qəhrəman haqqında, Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya Mərkəzi ilə birgə layihə əsasında yazılar dərc edirik.

 

Abbasov Mehdi Yusif oğlu

 

1960-cı il yanvarın 1-də Qərbi Azərbaycanın Amasiya rayonunun Yeniyol kəndində anadan olmuşdu. 1976-cı ildə Yeniyol kənd orta məktəbini bitirmişdi. 1977-ci ildə Mehdinin ailəsi erməni təzyiqinə məruz qalaraq, Qazaxıstan Respublikasının Tülkübas rayonunun  Kulan kəndinə köçmüşdü. Mehdi 1980-ci ildə Çimkənd Pedaqoji İnstitutunun hazırlıq şöbəsinə, daha sonra Karaqanda Pedaqoji İnstitutuna daxil olur. O, 1989-cu ildə Qazaxıstan KP Tülkübas Rayon Komitəsinin qərarı ilə daxili işlər orqanlarında işləməyə göndərilir. Bir müddət burada müxtəlif vəzifələrdə işlədikdən sonra Mehdi Abbasov 1991-ci il iyunun 28-də Azərbaycan Respublikasının DİN-in sərəncamına göndərilir. O, burada baş leytenant rütbəsində rota komandiri kimi DİN-in XTMD-də xidmətə başlayır. O, dəfələrlə DİN-in mükafatlarına layiq görülmüşdü. Mehdinin son döyüşü 1992-ci il yanvarın 13-də oldu. Məlikcan postu ətrafında gedən döyüşdə Mehdi snayper gülləsi ilə başından ağır yaralandı. Həmin gün o, qəhrəmancasına həlak oldu.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə baş leytenant Abbasov Mehdi Yusif oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 

Bakıda Şəhidlər xiyabanında dəfn olunub. 

 

Abdullayev Şövqiyar Cəmil oğlu

 

1969-cu il aprelin 5-də Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdu. 1986-cı ildə Nərimanlı kənd orta məktəbini "əla" qiymətlərlə bitirmiş, Azərbaycan Dövlət Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) daxil olmuşdu. O, birinci kursu bitirdikdən sonra ordu sıralarına çağırılır. 1989-cu ildə Monqolustanda hərbi xidmətini başa vurub Bakıya qayıdır. O zaman artıq Ermənistan-Azərbaycan münaqişəsi başlamışdı. Yüz minlərlə soydaşımız öz doğma ata-baba yurdlarından - Qarabağdan, Qərbi Azərbaycandan didərgin salınmışdı. Ş.Abdullayev Vətənimizin belə bir dar günündə 1992-ci ildə könüllü olaraq Milli orduya yazılır. Ağdamda təşkil edilmiş tank briqadasında ekipaj komandiri təyin edilir. 1992-ci il avqustun 27-də çox ağır bir döyüşdə yoldaşlarını əsir düşməkdən xilas edir, özü isə Vətən uğrunda qəhrəmanlıq göstərərək həlak olur.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı Fərmanı ilə  Abdullayev Şövqiyar Cəmil oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakıda Şəhidlər xiyabanında dəfn olunub.  

 

Abdullayev Rövşən Əbdülhüseyn oğlu

 

1969-cu il yanvarın 16-da Lerik rayonunda doğulmuşdu. Orta məktəbi burada bitirdikdən sonra ailəsi ilə birlikdə Lənkərana köçmüşdü. Rövşən 1987-ci ildə Sankt-Peterburq Ali Hərbi-Siyasi məktəbinə daxil olur. 1991-ci ildə ali məktəbi "əla" qiymətlərlə leytenant rütbəsi ilə bitirir onu təyinatla Rostov şəhər DİŞ-ə göndərirlər. Lakin Rövşən təyinatını çox çətinliklə Azərbaycana dəyişdirir. O, Azərbaycana qayıdan kimi DİN-in əməkdaşı olaraq daxili qoşunların tərkibinə qatılır. Gənc zabit bir müddət sonra Zəngilana göndərilir. R.Abdullayev 70 nəfərdən ibarət tağımın komandiri təyin edilir. Rövşənin son döyüşü 1993-cü il sentyabrın 13-də oldu. Zəngilan rayonunun Qazançı kəndi uğrunda gedən döyüşdə igidlik göstərərək əbədiyyətə qovuşdu.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı Fərmanı ilə  leytenant Abdullayev Rövşən  Əbdülhüseyn oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Lənkəran şəhər qəbiristanlığında dəfn olunub. Lənkəran şəhərində abidəsi ucaldılıb.  Lerikdə adına mədəniyyət evi küçə var.

 

Abdullayev Maşallah Babakişi oğlu

 

1950-ci il mayın 27-də Goranboy rayonunun Kəpənəkçi kəndində anadan olmuşdu. Səkkizillik təhsilini doğma kəndlərində almış, sonra təhsilini fəhlə-gənclər məktəbində davam etdirmişdi. Maşallah 1969-cu ildə hərbi xidmətə çağırılır. 1971-ci ildə Kerç şəhərindən ordudan tərxis olunaraq Bakıya gəlir Neft Daşlarında işləməyə başlayır. 1973-cü ildə Bakı Bədən Tərbiyəsi Texnikumuna qəbul olur, 1975-ci ildə oranı bitirdikdən sonra təyinatla təhsil aldığı Kəpənəkçi kənd orta məktəbinə müəllim göndərilir. Məlum hadisələr zamanı erməni quldurlarına qarşı mübarizəyə qoşulan M.Abdullayev ilk könüllülərdən olur. Ağcakənd kəndinin ermənilərdən təmizlənməsində xüsusi xidmətlər göstərir. 1992-ci ildə Respublika Müdafiə Nazirliyi nəzdində briqada komandirinin müavini vəzifəsinə təyin edilərək Tərtər, Goranboy, Yevlax ərazilərinə nəzarət edir. Mayor rütbəsinə qədər yüksələn Maşallah Abdullayev 1992-ci ildən 1993-cü ilə qədər Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. İgidliyə görə general M. Əsədov adına mükafata layiq görülüb.

Ailəlidir. 

Azərbaycan Respublikası Prezidentinin  23 iyun 1992-ci il tarixli 6 saylı Fərmanı ilə Abdullayev Maşallah Babakişi oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.    

 

Abdullayev Namiq Vahid oğlu

 

1974-cü il mayın 10-da Ağcabədi rayonunun Avşar kəndində anadan olmuşdu. 1991-ci ildə Avşar kənd orta məktəbini bitirmişdir. Namiq 1992-ci ilin dekabrında cəbhəyə yola düşür. 1993-cü il fevralın 9-da erməni silahlı dəstələri Xocavənd rayonunda mövqe tutmuş döyüşçülərimizin üzərinə böyük qüvvə ilə hücuma keçirlər, düşmənin güclü hərbi texnikası qarşısında bu kiçik dəstəmiz tab gətirə bilməzdi. Amma aslan ürəkli, Vətən qeyrətli övladlarımız ölümün gözünə dik baxdılar hücumu dəf etməyə çalışaraq onlarla erməni quldurunu məhv etdilər. Namiq isə son anda əlindəki qumbaranı sinəsinə sıxaraq özünü tankın altına atdı, düşmənin zirehli texnika heyətini məhv etdi. Beləliklə Vətənimizin bu cəsur oğlu şəhidlik zirvəsinə yüksəldı. 

Subay idi. 

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı Fərmanı ilə  Abdullayev Namiq Vahid oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Avşar kənd qəbiristanlığında dəfn edilib. Avşar kənd orta məktəbi onun adını daşıyır. 

 

 

Azərbaycan müəllimi.- 2010.- 28 may.- S.10.