Ən yaşlı müəllimlərimiz

 

Minillərin süzgəcindən keçərək yaddaşlarda yaşamaqda olan bir məlum həqiqət var ki, insanları səadətə, xoşbəxtliyə aparan bütün yollar məktəbdən başlanır. Hər bir xalqın varlığı onun məktəbinin necəliyi, müəlliminin kimliyi ilə müəyyən edilir. O xalq xoşbəxtdir ki, onun yaxşı, müdrik müəllimləri var.  Elə bu yazımızda da respublikamızın ən uzunömürlü, qocaman müəllimlərindən ikisi haqqında söhbət açmaq istəyirik.

 

Sabirabaddakı Cavad kənd orta məktəbinin 91 yaşlı riyaziyyat müəllimi

 

Düz 91 il bundan əvvəl Sabirabad rayonunda Kür və Araz çaylarının qovuşduğu yerin lap yaxınlığında yerləşən qədim tarixə malik Cavad kəndində Abasovlar ailəsində bir oğlan uşağı dünyaya gəlib. Valideynləri onun adını Yusif qoydular. O, bu torpaqda ayaq açıb yeriyib, tay-tuşları ilə oynayaraq qayğısız uşaqlıq illəri yaşayıb. Nəhayət, 1927-ci ildə kəndlərindəki yeddiillik məktəbin 1-ci sinfinə daxil olub. Yusif bu məktəbi "5" qiymətlə bitirib.

1934-cü ildə atası Umudəli kişi dünyasını dəyişib. Bax, elə bundan sonra onun qayğılı günləri başlandı. Ailə vəziyyəti nə qədər çətin olsa da o, ruhdan düşməyib. Təhsilini davam etdirmək arzusu, istəyi onu 1936-cı ildə Sabirabad şəhərində açılmış pedaqoji məktəbə aparıb. Amma Sabirabad Pedaqoji Məktəbi tezliklə  bağlandı. Bu vəziyyət də Yusifi təhsilini davam etdirmək arzusundan çəkindirə bilməyib. Az sonra o, Kirovabad (indiki Gəncə) şəhər pedaqoji texnikumuna daxil olub. Məktəbi "5" qiymətlərlə bitirib.

1940-41-ci dərs ilində Yusifi Kürdəmir rayonundakı Ərəb-Qubalı kənd yeddiillik məktəbə fizika-riyaziyyat müəllimi təyin ediblər.

1941-ci il mayın 11-də ordu sıralarına çağırılıb. Bu odlu-alovlu müharibə illəri Yusif müəllimin yaddaşına əbədi həkk olunub. O, 1942-ci ilə kimi alman faşistlərinə qarşı ölüm-dirim savaşında əzmlə vuruşub. Lakin gərgin döyüşlərin birində ağır yaralanaraq düşmənə əsir düşür. Müharibə qurtarana kimi əsirlikdə qalan Yusif Abasov qələbəmizdən sonra Vətənə, doğma Cavad kəndinə qayıdaraq yenidən pedaqoji kollektivə qovuşur. Məktəblərində dərs deməyə davam edir. Amma o, təhsilini artırmaq, ali təhsil almaq iddiasından əl çəkmir.

1946-cı ildə Yusif müəllim keçmiş V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun qiyabi şöbəsinə daxil olur və riyaziyyat ixtisası üzrə tam kursu bitirir.

1946-cı ildən bu günə kimi Cavad kənd 1 nömrəli orta məktəbdə riyaziyyat müəllimi kimi işləyən Yusif Abasov balalarımıza bu fənni sevə-sevə öyrədir.

74 illik pedaqoji staja malik Y.Abasov işlədiyi bu illər ərzində yüzlərlə savadlı, bilikli şagirdlər yetişdirib. Onlara bu çətin riyaziyyat fənninin sirli-sehrli yollarını öyrədib.

Bu gün 91 yaşlı Yusif müəllim fəxrlə deyir ki, mənim adım-sanım, şanım-şöhrətim, varım, dövlətim, mükafatım şagirdlərimdir. Onlarla fəxr edirəm. Dərs dediyim şagirdlərdən bir çoxu alimdir, riyaziyyat müəllimidir, mühəndisdir, hətta onlardan dövlət vəzifəsində çalışanlar da var.

Bəli, Yusif Abasov yaşının bu müdrik çağında da doğma məktəbdən, müəllim yoldaşlarından, ən əsası sevimli şagirdlərindən ayrılmaq istəmir. Əvvəlki şövqlə Cavad kəndinin uşaqlarına riyaziyyatdan dərs deyir. Hazırda onun 12 saat dərs yükü var.

 

Yevlaxdakı "Aran" qəsəbə 1 nömrəli orta məktəbinin 90 yaşlı kimya müəllimi

 

Bəhram Bəhramov qismətinə yazılmış ömrünün dolanbac yolları ilə irəliləyə-irəliləyə illəri, ayları adlayaraq 90 illik uzun bir məsafə qət edib. Keçdiyi yollar, qət etdiyi bu məsafə heç də hamar və rahat olmayıb. O, həyatda çox böyük çətinliklər, məhrumiyyətlərlə üz-üzə qalıb. Amma bu maneələri əzmlə dəf edib. Haqqında söhbət açdığımız Bəhram Bəhramov Ağdaş rayonunun Yuxarı Qarxun kəndində dünyaya göz açıb. 1927-ci ildə kəndlərindəki 7 illik məktəbin 1-ci sinfinə daxil olub. Burada bütün fənlərdən  yüksək qiymətlər alıb. 1935-ci ildə Ağdaş Pedaqoji Texnikumuna qəbul olur. 1938-ci ildə pedaqoji məktəbi müvəffəqiyyətlə bitirir. Onu Bakı şəhərinə 1 illik rus dili kursuna göndərirlər. Həmin kursu bitirdikdən sonra Yevlax rayonunun Qaramanlı kənd məktəbində 2 il rus dili müəllimi işləyir. 1939-cu ildə Bəhram müəllim ordu sıralarına çağırılır. Doğma Vətənindən uzaqlarda Jitomir vilayətinin Juqanskaya qəsəbəsində, 146-cı topçu alayında qulluq etməyə başlayır. Sonra döyüşən ordu ilə birlikdə Qərbi Ukrayna, Bessarabiya, Polşa və Rumıniyanın faşist işğalından azad edilməsində iştirak edir. Lakin bu ölkələrin soyuq hava şəraitinə tab gətirməyərək ağır xəstələnir. Hərbi xəstəxanada 3 ay müalicə olunduqdan sonra 1940-cı ildə onu ordudan tərxis edirlər. Doğma Yuxarı Qarxun kəndində bir neçə ay rus dili müəllimi işlədikdən sonra onu Yevlax RXMŞ-də baş inspektor təyin edirlər. 1941-ci ilin noyabrında isə Bəhram müəllimə maarif şöbəsinin müdiri vəzifəsi həvalə olunur.

1943-cü ilin yanvarında isə o yenidən odlu-alovlu cəbhəyə, sovet ordusu sıralarında döyüşə yola düşür.

Bir neçə aydan sonra onu 4-cü Ukrayna cəbhəsi 328-ci piyada diviziyası, 1105 atıcı polkunun I alayında minomyot vzvoduna komandir təyin edirlər. 1943-cü ilin mayında Krasnodar ölkəsinin Jabinskaya şəhərində gedən ağır döyüşlər zamanı 7 yerdən yaralanır. Bir müddət müalicə olduqdan sonra 1944-cü ilin avqustunda onu ordudan tərxis edirlər. Elə həmin il Yuxarı Qarxun kənd orta məktəbinə direktor təyin edilir. 1948-ci ildə isə o Qaramanlı 7 illik məktəbinə direktor vəzifəsinə göndərilir.

1951-1952-ci illərdə Bəhram müəllim yenidən Yevlax RXMŞ-nə baş inspektor təyin olunur. Elə həmin il Yevlax rayon Sovetinin deputatı seçilir.

1952-1953-cü dərs ilində "28 Aprel" sovxoz 7 illik məktəbində direktor, bir il sonra isə direktor müavini işləyir.

1996-cı ildə "Aran" qəsəbə orta məktəbinə direktor təyin edilir.

B.Bəhramov 2001-ci ildə öz ərizəsi ilə direktor vəzifəsindən azad edilir. Elə o ildən bu günə kimi "Aran" qəsəbə 1 nömrəli orta məktəbdə kimya müəllimi kimi fəaliyyət göstərir.

İndi onun dərs dediyi, yetişdirdiyi şagirdlərinin sorağı ölkəmizin müxtəlif guşələrindən gəlir.

Onu da deyək ki, Bəhram müəllim  Azərbaycan müəllimlərinin III qurultayının nümayəndəsi olub. Dövlətimiz onun əməyini zaman-zaman yüksək qiymətləndirib. Hazırda onun sinəsini 17 orden və medal bəzəyir. Onların arasında "1941-1945-ci illər" qələbə medalları, "Qabaqcıl maarif xadimi" və s.  döş nişanları da var.

Hər zaman müəllim adını  şərəf və ləyaqətlə qoruyan B.Bəhramov əlinə jurnal götürüb sinfə girdiyi vaxtdan 70 ildən çox bir dövr keçir. O, bu gün də övladlarımıza kimya elminin sirlərini öyrədir. Hazırda onun 14 saat dərs yükü var.

 

 

 Ədalət DAŞDƏMİRLİ

 

 Azərbaycan müəllimi.- 2010.- 28 may.- S.11.