"Mən dərs deyəndə şagirdlər qarşısında imtahan verirəm"

 

Talıb Əhməd oğlu Mahmudov 1 iyun 1946-cı ildə Tovuz rayonunun Nəmxoş kəndində fəhlə ailəsində anadan olub.  1963-1968-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsində ali təhsil alıb.

 

Ötənlərə baxış

 

Hələ tələbə ikən haqqında eşitdiyi qabaqcıl kimya müəllimi Məhər Quliyevi avqust konfransında gördü, onun apardığı bölmə iclasının təəssüratı ilə Sarıtala kənd orta məktəbində işə başladı.

Adicə kənd məktəbi idi və kimya laboratoriyası, fənn kabineti istənilən səviyyədə zəngin deyildi. Az bir vaxt içində səliqə-sahman yaratdı, olub-qalan avadanlıqları istifadəyə yararlı hala saldı. Elə ilk dərslərdən kənd uşaqlarının duyum və münasibətində cansıxıcı kimya təbiətin, cəmiyyətin sirlərinin əsasında duran bir fənn kimi maraq dairəsinə daxil oldu. Dərsdən sonra kimya gecələri, kimya viktorinaları keçirildi. Könüllü və marağı olan şagirdlərdən ibarət fənn dərnəyi yaradıldı. Elə ilk dərs ilinin nəticələri o vaxtlar Tovuz Rayon Maarif Şöbəsinin müdiri Qara Sultanovun diqqətini cəlb etdi. Talıb Mahmudovun şagirdləri kimya olimpiadalarında rayon və respublika turlarında uğurla iştirak etdilər. Bir neçə il beləcə qonşu kənddə çalışan Talıb Əhməd oğlu orta məktəbə çevrilən Çobansıxnaq tədris ocağına keçdi.

 

***

 

Günlərin birində tale onu Məhər müəllimlə görüşdürdü. Özünəməxsus tarixi ənənələri olan Tovuz Rayon Maarif Şöbəsinin təşəbbüsü ilə ikigünlük seminar keçirilirdi. Birinci gün tədbirə gecikmiş T.Mahmudov fasiləni gözləməyi qərara aldı. Elə bu vaxt qapı açıldı. Pərt halda dəhlizə çıxan müəllimdən içəridə nə iş görüldüyünü soruşdu. Müəllim suallar və məsələlər yazılmış vərəqi Talıba verib: - Müəllimlərə kimyadan məsələlər həll etdirirlər, - dedi. Pərt halda etiraf etdi: - Mən həll edə bilmədim, bax, bacarırsan, həll elə.

Vərəqə diqqətlə baxan Talıb Mahmudov: - Bunlar çətin məsələlər deyil, - dedi.

Həmin müəllim Talıbın qoluna girib Məhər Quliyevin yanına gətirdi:

- Məhər müəllim, bu cavan oğlan deyir ki, bu məsələləri həll edə bilərəm.

Ciddi və ağayana Məhər müəllim onu ayrıca stola əyləşdirdi.

Seminarın ikinci günü nəticələr ümumiləşdirilərək təhlil olundu. Məhər müəllim üzünü zala tutaraq: - Talıb müəllim kimdir? - deyə soruşdu.

Həyəcan və nigarançılıqla ayağa durdu.

- Yoldaşlar, təklif olunmuş məsələləri düzgün, geniş həll edən yeganə müəllim bu cavan oğlandır, - deyə Məhər Quliyev ehtiram və hörmətlə dilləndi.

Tədbirdən sonra tanınmış kimya müəllimi onu kimya kabinetinə dəvət etdi. Söhbət xeyli çəkdi və gənc pedaqoq çoxillik pedaqoji təcrübə, orijinal tədris sistemi olan əməkdar müəllim Məhər Quliyevlə (sonralar Sosialist Əməyi Qəhrəmanı oldu) əməkdaşlığa başladı.

 

***

 

Ümumtəhsil fənləri içərisində tədrisi əyaniliksiz ötüşən, demək olar ki, yoxdur. Görünür, elə buna görədir ki, dünya klassik pedaqogikasında əyanilikdən istifadə təlimdə "Qızıl qayda" kimi mənalandırılıb, dəyərləndirilməkdədir.

Kimyanın tədrisində təcrübələrdən istifadə etmədən əsaslı bilik vermək olmur, - prinsipini dərk edən Talıb Mahmudov kimya laboratoriyası yaratmağa başladı.

Ucqar dağ kəndində o dövrün tələbləri səviyyəsində olan kabinet və laboratoriya yaradıldı. Zəngin əyani vəsait və texniki vasitələr, kimyəvi avadanlıqlar olan kimya mühitində fənn öyrətmənin nəticələri özünü göstərdi. Çobansıxnaq kənd məktəbi gənc kimyaçılar kollektivlərinə Ümumittifaq baxışında birinci dərəcəli diploma layiq görüldü.

O illərin uğurları Talıb Mahmudova el hörməti qazandırdı. Artıq Tovuz bölgəsində Məhər Quliyevin ardıcılları yetişmişdilər. Onlardan biri də Talıb Əhməd oğlu idi. 

Dərslərdə başlanan öyrətmə sinifdənkənar tədbirlərdə daha da dərinləşir

Çağdaş dövrdə və əvvəlki əsrin 70-80-ci illərində də şagirdlərin asudə vaxtının təlimi-tərbiyəvi baxımdan faydalı işə həsr olunması problemi aktual olmuşdur. Çoxillik qabaqcıl, yaradıcı müəllim təcrübəsi təsdiq edir ki, bu baxımdan sinifdənkənar işlər ən optimal, səmərəli və məqsədəmüvafiq forma və vasitədir.

Hələ pedaqoji fəaliyyətinin ilk illərindən sinifdənkənar işlərin müxtəlif formalarını seçib, bu sahədə səmərəli vasitələrdən istifadə Talıb müəllimin tədris sistemində əhəmiyyətli yer tutub. Bunun özünün müəyyən təlimi, pedaqoji əsasları və izahı var.

Bu və ya digər fənnin tədrisini yalnız dərslə məhdudlaşdırdıqda istənilən nəticə əldə etmək olmur. Sinifdənkənar məşğələlərin dərsə nisbətən bir sıra üstünlükləri var: burada vaxt məhdudiyyəti yoxdur; həmin məşğələlərə daha hazırlıqlı şagirdlər cəlb olunurlar; proqramdan kənara çıxmaq mümkündür; şagirdləri eksperiment aparmağa daha çox alışdırmaq olur; problem xarakterli məsələlərlə məşğul olmaq reallaşdırılır; tədris laboratoriyasının hazırlanmasında şagirdlər yaxından iştirak edirlər... Bunları nəzərə alan T.Mahmudov fəaliyyətinin ilk dövrlərindən sinifdənkənar məşğələlərə xüsusi diqqət yetirmişdir. Sinifdənkənar məşğələləri o, əvvəlcə dərnək məşğələsi formasında qurmuş, sonra dərnəyi genişləndirib Gənc kimyaçılar cəmiyyətinə çevirmişdir.

T.Mahmudov sinifdənkənar məşğələlərdə şagirdləri bir neçə qrupda birləşdirmişdir: 1. Elmi-tədqiqatçılar; 2. Elmi-kütləvi işlərlə məşğul olanlar; 3. Gənc laborantlar; 4. Redaksiya qrupu.

Hər qrupun özünün fəaliyyətini müəyyənləşdirən, görüləcək işlərin məzmununu konkretləşdirən planı olur.

Sinifdənkənar məşğələlərdə əyani tədris vəsaitləri hazırlanmışdır. Demək olar ki, kimya dərslərinin hamısı üçün əyanilik var. Məktəbin kimya güşəsində "Kimyanı yaxşı bilirsinizmi?", "Olimpiada məsələləri", "Kimya viktorinası", "Kimya - ətraf mühit" stendləri hazırlanmışdır. Ümumiyyətlə, kimya laboratoriyasında hər bir şagirdin orta məktəb kimya proqramında nəzərdə tutulan bütün təcrübələri aparması üçün şərait yaradılmışdır. Sinifdənkənar məşğələlərdə kimya elminin bu günlə səsləşən məsələlərinə, ümumiyyətlə, bəşəriyyətin qarşısında duran qlobal məsələlərin həllində kimyanın roluna xüsusi diqqət yetirilir. Bunlara misal olaraq ətraf mühitin çirklənməkdən mühafizə edilməsi, enerji problemi, aqrokimyəvi xidmətin təşkili, tullantısız istehsal texnologiyasının yaradılması məsələlərini qeyd etmək olar. 

 

"Mən dərs deyəndə şagirdlər qarşısında imtahan verirəm"

 

Təbiətən sadə və ünsiyyətçil olan Talıb Əhməd oğlu səmimiyyəti ilə müsahiblərinin diqqətini dərhal cəlb edir. O, bütün varlığı ilə məktəbə, təhsilə, pedaqoji prosesə, nur və zəkaya meyilli uşaq dünyasına bağlıdır.

Kənd həyatının gündəlik və intensiv əmək tələb edən bütün dönüm və mərhələlərində özünü bir ziyalı, əməkdar müəllim titullu pedaqoq kimi el, oba qarşısında borclu sayan Talıb Mahmudov çoxillik təcrübəsinə arxalanmır. Ucqar kənd mühitində oxuyub öyrənir, hər dərsə birinci dəfə keçəcək səviyyədə ciddi və məsuliyyətlə hazırlaşır:

- Mən dərs deyəndə şagirdlər qarşısında imtahan verirəm.

Bu imtahandan müvəffəqiyyətlə çıxmaq üçün yalnız tədris etdiyim fənni dərindən bilmək kifayət etmir, müəllim şagirdlərin psixologiyasını bilməli, onların qarşılaşacaqları çətinlikləri qabaqcadan görməlidir. Bu o demək deyil ki, şagirdlər çətinə düşməsinlər. Əksinə, çətinliyi artırılmış təlimə üstünlük verirəm. Şagirdləri problem qarşısında qoyur və problemin həlli tapıldıqda onların sevincinə şərik oluram. Dərsdə müəllimin aparıcı rolunu mümkün qədər nəzərə çarpdırmağa çalışıram. Elə edirəm ki, şagirdlərin böyük əksəriyyəti kimyəvi prosesi izləyir, lazım gəldikdə onun istiqamətini dəyişir. Nəticədə yalnız elmi bilik verilmir, eyni zamanda şagirdlərin zehni fəaliyyətləri də inkişaf etdirilir. Kimyadan alınan biliklərin keyfiyyəti onların məsələ və çalışmalar həllində tətbiqidir. Bunu nəzərə alaraq, demək olar ki, hər dərsdə məsələlər, çalışma və testlər həllinə xüsusi diqqət yetirirəm. Əvvəlcə bütün siniflə birlikdə öyrədici məsələnin 2-3 nümunəsini həll edirik. Sonra şagirdləri qruplara bölür, onların hazırlıq vəziyyətlərindən asılı olaraq yaradıcı məsələlərə daha çox üstünlük verirəm. Həmin məsələləri həll etmək üçün yalnız kimya deyil, fizika, biologiya, riyaziyyat və s. elmlərə aid biliklər də tələb olunur. Məsələn, suya aid biliklərin təkrarında bütün sinfə mümkün olan su molekullarının formullarının yazılmasını tapşırıram. Burada şagirdlərdən valentliyə və izotoplara aid biliklərdən əlavə qeyri-standart fikirləşmə tələb olunur. Odur ki, hər bir şagirdin cavabını yazılı surətdə ayrıca alır və onları özüm dərsdən sonra təhlil edirəm. 

 

Faktlar, təltiflər, nailiyyətlər

 

Dünya miqyaslı şəxsiyyətlərin fikirlərində söz sənəti, musiqi ilə bağlı dərin hikmətlər ifadə olunub. Höte, ümumiyyətlə, sənəti təbiətdə bir nemət saymışdır. Poeziya, bədii nəsr təxəyyülün məhsulu hesab olunur. Əslində elm də, sənət də təfəkkürlə təxəyyülün nəticəsidir. Hər ikisi, öyrənən üçün, ziya və bilik qaynağıdır. Talıb müəllim kimya dərslərində ədəbiyyata aid nümunələrdən istifadə edir. Keçilən materialların mahiyyətini əks etdirən epiqrafdan istifadə edir. Məsələn, "Su həlledicidir" dərsində epiqraf kimi "Damla daş dələr" atalar sözündən istifadə edir. Praktik işlərin birində İ.Hötenin "Təcrübə əbədi həyat məktəbidir" kəlamını xatırladır. Maddənin tətbiqinə aid bilikləri verdikdə dahi alim D.İ.Mendeleyevin elmin iki məqsədi olması fikrini xatırladır. Bunlardan biri qabaqcadan xəbər vermək, ikincisi fayda verməkdir.

 

***

 

Respublikanın əməkdar müəllimidir. "Şərəf Nişanı" və "Qırmızı Əmək Bayrağı" ordenləri ilə təltif olunub.

Onun ən böyük nailiyyəti şagirdləridir, onların kimyanı öyrənmələri və sonra bu fənni özlərinə ixtisas seçmələridir. Kimyanı özlərinə ixtisas seçənlərin sayı 200-dən çoxdur. Onların böyük bir hissəsi keçmiş SSRİ-nin Moskva, Leninqrad, Kiyev, Kazan, Minsk, Dnepropetrovski şəhərlərində kimya təmayüllü ali məktəbləri bitirib. Şagirdlərindən elmlər namizədləri və doktorları var.

Elmi tədqiqata maraq T.Mahmudovda hələ institutda oxuduğu illərdə baş qaldırmışdı. Nəhayət, 1986-cı ildə Moskva Dövlət Universitetində orta məktəb müəllimlərinin elmi hazırlığını artıran kursa göndərildi. O, bu kursda dünya şöhrətli kimyaçıların mühazirələrini dinlədi və seminarlarda iştirak etdi. Həmin kursda və o dövrdə İttifaq miqyasında keçirilən seminar və konfranslarda iştirak etdikdə Talıb müəllimin çıxışları və diskussiyalarda fəal iştirakı Moskva alimlərinin diqqətini cəlb etdi və onu Moskva Dövlət Pedaqoji Universitetinin qiyabi aspiranturasına qəbul etdilər. Elmi rəhbərləri Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor E.Y.Nifantyev və Moskva Dövlət Universitetinin professoru, "Rossiyskiy ximiçeskiy jurnal" jurnalının baş redaktoru Q.V.Lisiçkin oldu. Kimya olimpiadalarının təkmilləşdirilməsi üçün Moskva məktəblərində eksperimentlər apardı. Kimya məsələlərinin tərtibinin elmi əsasları və şagirdlərin kimyəvi qabiliyyətlərinin inkişaf etdirilməsi üçün dəyərli elmi nəticələr əldə etdi. Ümumiyyətlə, T.Mahmudovun 40-dan çox metodiki məqaləsi dərc olunmuşdur. Bunların yarıya qədəri Moskva və Ukraynada işıq üzü görmüşdür. Bunlardan başqa, T.Mahmudovun xeyli kitabı çıxmışdır. Bu kitablardan biri Moskva Dövlət Universitetinin alimləri Y.N.Sıçev və A.P.Qotkla birlikdə hazırlanıb, Stavropolda çıxıb. "Podumal, reşil i proveril" adlı kitab 7 çap vərəqi həcmindədir. 15 çap vərəqi həcmində olan "Kimyadan olimpiada məsələləri" "Maarif" nəşriyyatı tərəfindən 1990-cı ildə buraxılıb. "Kimyadan olimpiada məsələləri" (2002) BDU nəşriyyatında buraxılıb.

 

Son illər bir neçə müəlliflə birgə hazırladıqları "Kimyadan 500 məsələ", "Kimyadan olimpiada məsələləri", "Kimya" dərs vəsaiti işıq üzü görüb.

T.Mahmudov 1988-ci ildə Moskva Dövlət Pedaqoji Universitetində namizədlik dissertasiyasını müdafiə etdi. Dissertasiyanın nəzəri və praktik əhəmiyyətini nəzərə alaraq universitetin müdafiə şurası onun kitab şəklində nəşr olunması haqqında qərar çıxarmışdı.

Kimya olimpiadaları sahəsində dünya şöhrətli alim S.S.Çuranov da onun opponenti olmuşdur.

Kimyaçı alimlər və kimya tədrisi sahəsində məşhur mütəxəssislər T.Mahmudov haqqında yüksək fikirlər söyləmişlər.

 

***

 

Talıb müəllim üç oğul atasıdır.

Oğlu Kamran onun peşəsinin davamçısıdır. Bakı Dövlət Universitetinin aspiranturasını bitirib və kimya elmləri namizədidir. Nazırda İsraniyada çalışır. O biri övladları da həyatda öz yerlərini tutublar.

Azərbaycan müəllimlərinin bir neçə qurultayında nümayəndə kimi iştirak etmiş Talıb Əhməd oğlu 2008-ci ildə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olub.

 

 

Ş.MƏMMƏDOV

 

Azərbaycan müəllimi.- 2010.- 28 may.- S.13.