"Durna" musiqili komediyası şagirdlərin ifasında

 

Bakıdakı 87 nömrəli orta məktəbin rəhbərliyinin ötən il tədris ocağında şagird dram dərnəyinin  yaradılması ilə bağlı irəli sürdüyü təşəbbüs müəllimlər, şagirdlər, onların valideynləri tərəfindən müsbət qarşılanmışdır.

Məktəbdə yaradılmış dram dərnəyinə tezliklə istedadlı şagirdlər cəlb olundu və onların ifasında bir-birindən maraqlı tamaşalar nümayiş olunmağa başlandı.

Ötən müddət ərzində şagird dram dərnəyi böyük ədibimiz Cəlil Məmmədquluzadənin 100 illik yubileyinə həsr etdiyi "Sizi deyib gəlmişəm", 20 yanvar faciəsinə həsr olunmuş "O gecə", "Xocalım, ay Xocalım" adlı musiqilidəbi kompozisiyaları nəinki məktəbin müəllim və şagirdlərinin, həm də valideynlərin rəğbətini qazanmışdır.

Bu günlərdə şagird dram dərnəyinin üzvləri məktəb kollektivi və Suraxanı rayonu ictimaiyyətinin qarşısında yeni tamaşa ilə çıxış etmişlər. İstedadlı şagirdlər bu dəfə müəllifləri Süleyman Rüstəm və  Səid Rüstəmov olan "Durna" musiqili komediyasını tamaşaya qoymuşlar. İştirakçılar  tərəfindən alqışlarla qarşılanan tamaşada şagirdlər Durna (İlahə İlyasova), Dursun (Elnur Məmmədov), Lalə (Aysel Şirinova), Murad (Ənnur Axundlu), Qəmər (Nigar İbrahimova) və b. rolları məharətlə oynamışlar. Tamaşaya Firuz Kərimoğlu (rejissor) və Cavid Məlikov (rejissor assistenti) maraqlı quruluş vermişdilər.

Tədbirdə iştirak edən Suraxanı Rayon İcra Hakimiyyətinin, rayon gənclər və idman idarəsinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri şagirdlərin çıxışlarını yüksək qiymətləndirmiş, dərnəyin işinə uğurlar arzulamışlar.

 

 

Sevinc ƏLİYEVA

 

Azərbaycan müəllimi.- 2010.- 28 may.- S.23.