Böyük türkmən
şairi Məxdumqulu Fəraqi yad edilib
Mayın 21-də Bakı Dövlət
Universitetində görkəmli türkmən şairi Məxdumqulu
Fəraqinin həyat və yaradıcılığına həsr
olunmuş konfrans keçirilib. Konfransı giriş
sözü ilə rektor, akademik Abel Məhərrəmov
açaraq M.Fəraqinin həyat və
yaradıcılığından bəhs edib. Məxdumqulunun
şeirlərinin dərinliyindən, zənginliyindən,
türkmən xalqının böyük şairə olan sevgi
və ehtiramından bəhs edən rektor əlavə edib ki,
böyük şair həm də xalq dilini poeziyaya gətirdiyinə
görə millətinin yaddaşına əbədi həkk
olunub.
Akademik Abel Məhərrəmov filologiya elmləri doktoru Ramiz Əsgərin Məxdumqulunun və davamçısı Molla Nəfəsin kitablarını Azərbaycan dilinə tərcümə etməsindən danışıb, bu işləri səmərəli sayıb və ona təşəkkür edərək işlərin davamlı olmasını arzu edib. Eyni zamanda Azərbaycan-Türkmənistan münasibətlərindən, Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhəmmədovun BDU-nun fəxri doktoru olmasından, ortaq türk dilinin yaradılması ideyasından da bəhs edib. O, Türk dünyasını bir-birindən ayıran halların olmadığını, əksinə birləşdirən cəhətlərin çoxluğunu diqqətə çatdırıb.
Tədbirin keçirilməsi üçün yaradılmış şəraitə görə rektor, akademik Abel Məhərrəmova təşəkkür edən Türkmənistanın ölkəmizdəki səfiri Annamamed Mamedov ölkələrarası əlaqələrdən, bu münasibətlərin dostluq və qardaşlıq səviyyəsində olmasından danışıb.
“Böyük türkmən şairi Məxdumqulu Fəraqi” məruzəsi ilə çıxış edən filologiya fakültəsinin Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə elmi-tədqiqat laboratoriyasının müdiri, filologiya elmləri doktoru Ramiz Əsgər bildirib ki, Məxdumqulu Fəraqinin 400-ə yaxın şeirinin toplandığı ilk kitab çapdan çıxıb və hazırda 800-ə yaxın şeirin cəmləşdiyi növbəti kitabın hazırlıq işləri gedir. Natiq böyük
şairin 800 şeirində 101 min sözdən istifadə
etdiyini bildirib. Qeyd edildi ki, şairin "ayrılıq",
"həsrət" mənasını verən "Fəraqi"
təxəllüsünu seçməsi ailəsi və şəxsi
həyatındakı faciələrlə bağlı olub.
Türk xalqları ədəbiyyatı
kafedrasının müəllimi, filologiya elmləri namizədi
Firuzə Ağayeva Azərbaycan və Türkmənistanın
tarixi təşəkkülünə, taleyinə, soy və
kökünə, coğrafiyasına, adət-ənənələrinə
görə bir-birinə çox oxşadığını
deyib və Məxdumqulunun şeirlərindən nümunələr
gətirməklə çıxışını
yekunlaşdırıb.
Türkmənistan Elmlər
Akademiyasının Məxdumqulu adına Dil və Ədəbiyyat
İnstitutunun şöbə müdiri Çarı Quliyev və
Bayrammurad Taqanov, Əlyazmalar İnstitutunun əməkdaşı
Atamurad Səfərmuradov da görkəmli şairlə
bağlı maraqlı faktlara toxunub, Azərbaycanı vəsf
edən “Yaylaqları var” şeiri ilə tədbirə əlavə
rəng qatıblar.
Azərbaycan müəllimi.- 2010.- 28 may.- S.17.