Qafqaz Universitetində "Əmək sərgisi"

 

Mayın 21-də Qafqaz Universitetində  bu ali təhsil müəssisəsinin Daimi İnkişaf və Karyera Planlama Mərkəzi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Baş Məşğulluq İdarəsinin birgə  təşkilatçılığı ilə "Əmək sərgisi" keçirildi. Artıq ənənə şəklini almış sərginin təşkilində məqsəd  tələbə və məzunların ölkə iqtisadiyyatının müxtəlif sektorlarında uğurla fəaliyyət göstərən şirkətlər haqqında ətraflı məlumat almalarına şərait yaratmaq, iş dünyasındakı yeniliklərlə onları tanış etmək və ixtisaslarına uyğun işlə təmin etmək idi. Sərgi həm də onun iştirakçısı olan şirkətlərə Qafqaz Universiteti, buradakı tədris sistemi, tələbə və məzunlar haqqında məlumat vermək məqsədi güdürdü.  "Əmək sərgisi"ndə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda fəaliyyət göstərən 70 müəssisə və təşkilat 921 ixtisaslaşmış vakant yerlə iştirak edirdi. Universitetin tədris korpusunun birinci mərtəbəsindəki foye və auditoriyalarda açılmış sərginin iştirakçıları arasında FAB boyaları, "Qaradağ sement",  "Azerelektronik", Unibank, Parabank, "Nurgün motors", "İmproteks motors" və s. kimi tanınmış şirkət və müəssisələr var idi.

Sərgidə universitetin gələcək karyerasını uğurlu qurmaq üçün münasib iş axtaran 2500-dən çox tələbə və məzunu iştirak edirdi.

Baş Məşğulluq İdarəsinin rayon məşğulluq mərkəzləri üzrə təşkil olunmuş sərgidə tələbə və məzunlara həmin rayonların ərazisindəki müəssisə və təşkilatlar haqqında zəngin informasiya təqdim olunmuşdu. Hər müəssisə və təşkilat üçün ayrılmış guşədə rəngarəng buklet və kitabçalar, elektron məlumat vasitələri sərgilənirdi.

mək sərgisi"nin açılış mərasimində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov, Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç çıxış edərək tədbirin əhəmiyyətini yüksək qiymətləndirdilər, təşkilatçılara təşəkkür edib tələbə və məzunlara iş seçimində uğurlar arzuladılar.

Qeyd olundu ki, son illər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq xidməti orqanları tərəfindən gənclərin sosial müdafiəsini gücləndirmək,  tələbə gənclərin və məzunların əmək bazarına inteqrasiyasını təmin etmək məqsədi ilə Bakı, Gəncə, Lənkəran və Mingəçevir şəhərlərindəki ali məktəblərdə "Karyerada ilk addım" devizi altında tədbirlər təşkil olunur. 2009-cu ildə keçirilmiş həmin tədbirlərdə 470 müəssisə 2351 boş iş yeri ilə iştirak etmiş, nəticədə 431 nəfər məzun və tələbə işlə təmin olunmuşdur.

Eyni zamanda 256 nəfər peşə hazırlığı kurslarına cəlb olunmaqla qeydiyyata alınmış, 5755 nəfər məzun və tələbə tərəfindən müəssisələrə şəxsi məlumatlar təqdim olunmuş, müvəqqəti xarakterli işlərlə təmin olunmaq məqsədi ilə 201 məzun və tələbə əmək birjalarında qeydiyyata alınmışdır. Sonra nazir müavini, rektor və onları müşayiət edən qonaqlar sərgi ilə tanış oldular.

 

 

 Yusif ƏLİYEV

 

 Azərbaycan müəllimi.- 2010.- 28 may.- S.16.