Elm və təhsilə həsr edilmiş ömür

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) professoru, Nəzəri mexanika kafedrasının müdiri, texnika elmləri doktoru Knyaz Ələsgər oğlu Əliyevin bu günlərdə, işlədiyi təhsil ocağında anadan olmasının 70 illik, elmi-pedaqoji fəaliyyətinin 50 illik yubileyi keçirilmişdir. Yubileydə iştirak edən, respublikamızın görkəmli elm xadimləri, akademiklər, K.Əliyevin müəllim və tələbələri, onun 50 illik elmi-pedaqoji fəaliyyətini çox yüksək qiymətləndirdilər, həmkarları, dostları və tələbələr arasında dərin hörmətə malik olduğunu qeyd etdilər. Deyildi ki, bu cür hörməti, sevgini o, dərin elmi zəkası, səmərəli elmi axtarışları, yüksək insani keyfiyyətləri və ən vacibi halal əməyi ilə qazanmışdır.

Kliyev 1940-cı il martın 21-də Qərbi Azərbaycanın (indiki Ermənistanın) Amasiya rayonunda anadan olmuşdur. O, 1957-ci ildə Amasiyanın Güllübulaq kənd orta məktəbini qızıl medalla bitirmişdir. O dövr azərbaycanlılara qarşı erməni xislətinin dirçəliş dövrü idi. Onun bilik və bacarığı azərbaycanlılara, onların inkişafına qarşı aparılan erməni siyasətinə yeniyetmə azərbaycanlının layiqli cavabı idi. Bununla da o, rayonun orta məktəb şagirdləri, özündən sonra gələn nəsillər üçün örnək oldu.

Elə həmin il o, əla qiymətlərlə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti - AzTU) mexanika fakültəsinə daxil olmuşdur. 1962-ci ildə AzPİ-ni Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər ixtisası üzrə fərqlənmə diplomu ilə bitirərək, mühəndis-mexanik sənətinə yiyələnmişdir. Lakin müəllimləri, görkəmli alimlər - professorlar H.Məmmədov, N.Qədirov və İ.Bəxtiyarov onda olan dərin biliyi, istedadı və öz biliklərini çatdırma qabiliyyətini görmüş, K.Əliyevin bir ali məktəb müəllimi kimi Vətənə, xalqımıza daha çox fayda verəcəyini qiymətləndirmiş,  onu Nəzəri mexanika kafedrasında müəllim-assistent vəzifəsində saxlamışlar. Sonrakı təcrübə alimlərimizin uzaqgörənliyini təsdiq etmişdir.

Knyaz müəllim öz həyat və fəaliyyətində babası, rəhmətlik Hacı Əlinin "Elmsiz adam kor kimidir. Əlindən tutub uçuruma salmaq olar. Oxumağın qədrini bilin ki, axirətdə də rahat olasınız", nəsihətini əsas götürərək ömrünü elmə, təhsilə həsr etmişdir. O, Azərbaycan vətəndaşlarının bu istiqamətdə inkişaf etmələri üçün əlindən gələni əsirgəmir. Kimliyindən asılı olmayaraq, istər elmdə və təhsildə, istərsə də insan fəaliyyətinin digər sahələrində, əsl ziyalı kimi təmənnasız kömək onun həyat amalıdır.

Kliyev 1969-cu ildə professor İ.Bəxtiyarovun rəhbərliyi altında namizədlik dissertasiyasını, 1986-cı ildə isə Leninqrad (indiki Sankt-Peterburq) Politexnik İnstitutundaoxrabitəli bircins və qarışıq mühitlər üçün elastiklik" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Keçmiş SSRİ-nin görkəmli alimləri, professorlar D.İ.Şerman, G.R.Çerepanov, V.A.Palmov və b. onun elmi işini yüksək qiymətləndiriblər. XX əsrin 70-80-ci illərində Azərbaycanda (və eləcə də SSRİ-də) iqtisadiyyatın inkişafı elmi-texniki tərəqqidən əsaslı şəkildə asılı olmuşdur. Məhz bu dövrlərdə Knyaz müəllim mexanika elminə özünün əsaslı töhfələrini vermiş və bu sahədə elmin qabaqcıl nümayəndələri siyahısına daxil olmuşdur.

Professor Kliyevin elmi fəaliyyəti çoxşaxəlidir: Mexanika üzrə onun işlədiyi nəzəri metodlar maşınqayırmada, inşaatda, neft və qaz istehsalında istifadə olunan bəzi hissələrin müxtəlif variantlı yüklənmələrindən asılı olaraq gərginlik hallarının tədqiqində xüsusi yer tutur. Mötəbər elmi-texniki konfranslarda (Moskva, Sankt-Peterburq, Daşkənd və s.) onun məruzələri diqqətlə izlənilir.

Knyaz müəllim 1994-95-ci illərdə Türkiyənin Batman, İzmir universitetlərində mühazirələr oxumuş, məşğələlər aparmışdır. Bu təvazökar alim öz bilik və müəllimlik bacarığı ilə türkiyəli tələbələrinin də dərin rəğbət və məhəbbətini qazanmışdır. Onların bir qismi hələ də Knyaz müəllimlə əlaqə saxlayır, ondan məsləhətlər alır.

Professor Kliyev 1993-cü ildən Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının "Mexanika" bölməsinin sədri, namizədlik (fəlsəfə doktoru) və doktorluq (elmlər doktoru) dissertasiyalarının müdafiəsi üzrə Elmi Şuranın üzvü, Elmi Şuranın nəzdindəki elmi seminarın sədridir.

Knyaz müəllimin elmi-pedaqoji fəaliyyəti nəinki Azərbaycanda, keçmiş Sovet İttifaqında, hətta okeandan o tərəflərdə də pozitiv əks-sədasını vermişdir. Amerika Bioqrafiya İnstitutu tərəfindən 1997-ci ildə dərc olunmuş dünyanın 2000 ən görkəmli elm və ictimai xadimini əhatə edən beynəlxalq sorğu kitabında-ensiklopediyada ona xüsusi yer ayrılmış, elmi-pedaqoji fəaliyyətinə yüksək qiymət verilmişdir. O, 2009-cu ildə yenə də Amerika Bioqrafiya İnstitutu tərəfindən "İlin adamı" diplomu ilə təltif edilmişdir.

Professor Kliyevin elmi və pedaqoji fəaliyyəti ölkə başçısı tərəfindən də layiqincə qiymətləndirilmişdir. 2006-cı ildə möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə professor K.Əliyev "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür. O, dəfələrlə Təhsil Nazirliyinin fəxri fərmanları ilə təltif edilmişdir.

Elmi-pedaqoji fəaliyyəti müddətində respublikamızda elmi-pedaqoji kadrların hazırlanmasında Knyaz müəllimin müstəsna rolu olmuşdur. O, 35 ilə yaxındır ki, AMİU-nun Nəzəri mexanika kafedrasına rəhbərlik edir. 100-dən artıq elmi məqalənin, dərs vəsaitinin müəllifidir. Onun rəhbərliyi altında 10-dək alim yetişmişdir.

Knyaz müəllim həm də gözəl ata, nümunəvi ailə başçısı və sədaqətli həyat yoldaşıdır.

Professor K.Əliyev öz həyatını elmi-pedaqoji fəaliyyətə həsr etməyini, azərbaycanlı gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə töhfələr verməsini həyatının ən mənalı anları hesab edir və bununla fəxr edir. Onun tələbələri, rəhbərliyi altında elmi dərəcələr almış alimlər respublikamızın təhsil sistemində, idarəetmənin müxtəlif sahələrində, istehsalatda çalışır və ölkəmizin tərəqqisində öz bilik və bacarıqlarını əsirgəmirlər.

Sizə möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları diləyirik, Knyaz müəllim!

 

 

N.RƏSULOV

 

Azərbaycan müəllimi.- 2010.- 28 may.- S.16.