Siqaretin zərəri barədə nə bilirik.
Səhiyyə Nazirliyi "Sağlam həyat tərzi"
proqramının milli koordinatoru, tibb elmləri doktoru Azad
Hacıyevlə söhbət
Müasir dövrümüzdə bəşəriyyətin
qarşısında duran ən
ciddi problemlərdən
biri də tütündür. Tütünün insan
orqanizminə ziyanları haqqında nə qədər təbliğat
aparılsa da təəssüflər olsun ki, ondan istifadə
edənlərin sayı getdikcə artmaqdadır. Hələ 1970-ci ildə Ümumdünya Səhiyyə
Assambleyası ağ ciyər və ürək-damar xəstəliklərinin
inkişafına,həmçinin bronxial xərçəng,
xroniki bronxit, emfizema və bir çox xəstəliklərə
səbəb olan siqaret çəkmənin ciddiliyini dərk edərək
dünyanın bütün səhiyyə orqanlarına
müraciət etmiş, problemə qarşı lazımi tədbirlərin
görülməsinin vacibliyini bildirmişdir. Həmin
dövrdən başlayaraq dünyanın bir çox ölkəsində
siqaretə qarşı təbliğat kampaniyaları başlamış və bu
kampaniyalar bu gün də davam etdirilməkdədir.
Məlumat üçün bildirək ki, Ümumdünya
Səhiyyə Təşkilatının hesablamalarına
görə,dünyada hər il təxminən 5 milyona yaxın
insan siqaretin zəhərli təsiri nəticəsində
dünyasını dəyişir.
2020-ci ildə isə bu rəqəmin 2 dəfə
artacağı gözlənilir.
Siqaret bədəndə 20 növ xərçəng xəstəliyi
yaradır
Alimlər siqaret çəkməyin
sağlamlığa nə qədər
ağır zərbələr vurduğunu bildirsələr də,
lakin insanlar sağlamlıqlarını təhlükə
qarşısında qoyduqlarını düşünmək
belə istəmirlər. Əgər onlar siqaretin törətdiyi
xəstəlikləri dərindən anlasalar, bəlkə də
bu vərdişdən bir çox insanlar imtina edər,
tüstüsüz sağlam həyat tərzinə
üstünlük verərlər.
Bütün bunları nəzərə
alaraq siqaretin zərərləri haqqında ətraflı məlumat
almaq üçün Səhiyyə
Nazirliyi "Sağlam həyat tərzi" proqramının
milli koordinatoru, tibb elmləri doktoru Azad Hacıyevlə
görüşdük və ona siqaretin sağlam, xəstə
orqanizmlərə, qadınlara,uşaqlara necə təsir etməsi,
ən çox hansı xəstəliklərə səbəb
olması haqqında suallar ünvanladıq.
A.Hacıyev bildirdi ki, siqaret
yaşından asılı olmayaraq hər bir şəxsə
mənfi təsir göstərir və orqanizmdə bir çox
xəstəliklər yaradır. Siqaretin yaratdığı ən
ağır xəstəlikdən biri də xərçəngdir.
Siqaret bədəndə 20 növdə xərçəng xəstəliyinin
yaranmasında əsas rol oynayır. Ağ ciyər xərçəngi,qida
borusu xərçəngi, tənəffüs üzvləri xərçəngi
və s. Siqaret nikotin və menoksidkorben kimi
öldürücü tərkib hissəsi ilə bədən
üzvlərində, ağciyər və bağırsaqlarda
ölümlə nəticələnən xərçəngyaradıcı
virusların törənməsinə zəmin yaradır.
Adamlar siqareti çəkməyə başlayan kimi, onun mənfi
təsirlərinə məruz qalır. İnsanlar siqaretin tərkibində
olan nikotinə alışırlar. Nikotin alkoqol və kokain qədər
güclü təsirə malikdir. Bunun nəticəsi olaraq
tütün ağ ciyərlərdə xərçəng xəstəliyinin
yaranmasına zəmin yaradır.
Amerika Xərçəng Cəmiyyətinin bildirdiyinə
görə, Birləşmiş Ştatlarda ağ ciyərdə
xərçəng xəstəliyinin yaranmasına 87 faiz
siqaret çəkmək səbəb olur. Ağız
boşluğu, qida borusu, böyrək, dalaq və mədəaltı
vəzidə xərçəng xəstəliyi çox
hallarda siqaret çəkmək nəticəsində əmələ gəlir. Alimlərin
araşdırmaları sübut etmişdir ki, siqaretin tərkibi
müxtəlif zəhərli və xərçəngtörədici
maddələrlə doludur. Belə ki, siqaretdə 4560 zəhərli,
60-dan çox xərçəngə səbəb olan maddə
aşkar edilib. Alman mütəxəssislərinin gəldikləri
qənaətə görə, siqaret çəkmək insan
sağlamlığına ziyan yetirməklə yanaşı,
beyinin iş fəaliyyətinin ölçüsünü
azaldır. Tədqiqatçılar 11-64 yaş arası şəxslərin
qavrama dərəcəsini ölçərkən bu nəticəyə
gəliblər ki, uzun illər boyu siqaret çəkən
şəxs qocaldıqda sağlam və geniş fikrə, dərin
düşüncəyə malik olmur. Eyni zamanda siqaret
iştahanı azaldaraq qidanın həzmini ağırlaşdırır,
sümük boşluğu və digər ciddi problemlərə
səbəb olur. Onu da əlavə edək ki, siqaret yuxu
sistemini qarışdırır və oyanmanı çətinləşdirir,
ümumi iş qabiliyyətini və fəalliyyəti
azaldır, görmə qabiliyyətini çətinləşdirir,
ağız boşluğunda pis qoxu yaradır.
İnfarktı yaradan əsas amillərdən biri də
nikotindir
Siqaretin törətdiyi
qorxulu xəstəliklərdən biri də infarktdır.
Tütün məhsullarından istifadə edən şəxslərin ürəyində qan dövranı
azalır və ürəyin fəaliyyəti zəifləməyə
başlayır. Damarların kilidləşməsinə və
qan dövranının fəaliyyətini əngəlləyən
nikotin qan təzyiqini artırır və bu da infarktın
yaranmasına şərait yaradır. Araşdırmalar
göstərir kı, infarkt keçirən xəstələrin
85%-i siqaret çəkən şəxslərdir ki, buna da əsasən
kişilər məruz qalır.
Uşaqları siqaret tüstüsündən qoruyun
Siqaretin böyük bəlalarından
biri də onun passiv şəkildə yayılmasıdır.
Belə ki, siqaret çəkən şəxsin yanında
durmaq və ya onunla təmasda olmaq nəticəsində
tütünün zəhərli maddələri insan orqanizminə
daxil olur kı, bu da passiv
tütün çəkmə adlanır. Bundan ən çox əziyyət
çəkənlər isə uşaqlardır. Siqaretin fəsadlarının
nə demək olduğunu bilməyən uşaqlar onun
tüstüsünü qəbul edirlər. Bu onların hələ
tam formalaşmayan orqanizminə dəhşətli dərəcədə
mənfi təsir göstərir. Gələcəkdə bir
çox xəstəliklərin yaranmasını sürətləndirir.
Əgər hər hansı valideyn siqaret çəkirsə,
öz övladı ilə təmasda
olarkən nəfəs alanda belə uşağa mənfi təsir
göstərir, onu infeksiyalara yoluxdurur. Təhqiqatlar müəyyən
edib ki, uşaqlarda infeksiyanın 13 %-i ətrafdakıların
siqaret çəkməsi nəticəsində yaranır.
Siqaretdən aktiv şəkildə istifadə edən
uşaqlar və ya yeniyetmələrdə isə vəziyyət
daha acınacaqlıdır. Onlarda sonsuzluq, kütbeyinlik, əsəb
kimi xəstəliklərin yaranması
qaçılmazdır.
Qadınların tütünə aludəçiliyi daha
təhlükəlidir
Dünya Sağlamlıq Təşkilatlarının
məlumatına görə siqaret qadınlara kişilərə
nisbətən ikiqat mənfi təsir göstərir. Gündəlik
həyatda çətinliklərlə qarşılaşan
xanımlar kişilərdən fərqli olaraq daha çox
stres keçirirlər və bu stresi aradan qaldırmaq
üçün siqaret çəkməyi üstün
tuturlar. Bu stres qadınları siqaretdən asılı edir və
onu tərgitməkdə çətinlik törədir.
Hamilə qadınlarda isə
siqaret daha acınacaqlı fəsadlar törədir. Əgər
hamilə qadın siqaret çəkirsə və yaxud siqaret çəkən
şəxsin yanında tüstünü passiv şəkildə
qəbul edirsə, hormonlara güclü təsir edən zəhərli
maddələr onun gələcəkdə dünyaya gətirəcəyi
körpənin orqanizminə birbaşa daxil olur və
formalaşmaqda olan orqanizmdə bir çox xəstəliklərin
yaranmasının başlanğıcı olur. Hamilə
qadınların hələ doğulmamış
uşaqları ana bətnində zərər çəkir.
Cılız, zəif uşaqların doğumu, hətta
ölü doğuşların ehtimalı artır. Siqaret çəkən qadın
uşağı əmizdirən zaman nikotin ana südü vasitəsilə
körpəyə keçir.
Tütünün qocalara təsiri
Siqaret hamıya olduğu kimi, yaşlı
insanlara da mənfi təsir göstərir. Onların bədənlərində
olan hüceyrələrin zəifləməsini sürətləndirir,
yuxusuzluq, taqətsizlik və digər problemlərin
yaranmasına şərait
yaradır. Siqaret çəkən yaşlı adamlar adətən
əsəbi olur, hər şeyə emosional yanaşırlar. Dəridəki
qırışların çoxalması, dişlərin tez
tökülməsi kimi hallar daha tez baş verir.
Siqareti tərgidə bilməmək bir bəhanədir
Tütündən istifadə
edənlər gərgin və əsəbi olduqları zaman
siqaret çəkməklə stresdən çıxdıqlarını
güman edirlər. Lakin bu, heç də belə deyil. Sadəcə
olaraq bu, insanlara psixoloji təsir edir və insanlarda belə təsəvvür
yaradır. Həmin şəxslər düşünmürlər
ki, bu yolla bədənlərini zəhərləyirlər.
Siqareti hər bir şəxs
tərgidə bilər. Bunun üçün heç bir vasitədən
istifadə etmək lazım deyil. İnsan iradəsi bu pis vərdişi
davam etməmək üçün ən yaxşı vasitədir.
Əgər siqaret çəkən şəxs özündə
iradə, özünəinam hiss edərsə, bunun öhdəsindən
asanlıqla gələ bilər və siqaretdən birdəfəlik
yaxa qurtarar.
Siqaretə yox deyək
Hazırda dünyanın bir
çox ölkələrində olduğu kimi, Azərbaycanda
da tütünlə mübarizə ciddi şəkildə
aparılır.Belə ki, KİV-də, radio və
televiziyalarda tütün əleyhinə müxtəlif təbliğat
kampaniyaları aparılır. Dünya təcrübəsinin
göstərdiyi kimi, tütün məmulatlarının qiymətlərinin
və vergilərinin artırılması siqaret çəkməyə
qarşı kompleks mübarizə siyasətinin ən effektiv
komponentlərindən biridir. "Siqaret çəkmənin məhdudlaşdırılması
haqqında" qanun layihəsi Milli Məclisin gündəliyində
duran məsələlər arasındadır. Dövlət səviyyəsində
bu problemin aradan qaldırılması yolunda müəyyən
addımlar atılmaqdadır. Əslində bu haqda müəyyən
qaydalar olsa da əfsuslar olsun ki, bu qaydalara siqaret çəkən
vətəndaşlarımız riayət etmir. Belə ki,
hazırkı qanunvericiliyimizə əsasən siqaretin təhsil,
idman, səhiyyə və mədəniyyət müəssisələrində
çəkilməsi və satışı qadağandır.
Lakin bütün tədbirlərlə yanaşı, ictimaiyyət
də bu ciddi problemə biganə qalmamalı, hər bir şəxs
bu yöndə təbliğat aparmalı, ictimai yerlərdə
siqaret çəkənlərin qarşısını
almağa çalışmalıdır. Unutmayaq ki, ictimai yerlərdə
özümüz də bilmədən qəbul etdiyimiz zəhərli
tüstülər gələcək həyatımızda bizə
problemlər yaradır. Hazırda dünyanın bir çox
ölkələrində olduğu kimi Türkiyədə də
bu yöndə ciddi addımlar atılır və az müddət
keçməsinə baxmayaraq, müsbətə doğru nəticələr
əldə olunur. Biz də inanırıq ki, respublikamızda
aparılan təbliğatlar və tətbiq olunan qadağalar
sayəsində siqaretə aludə olanlar bu pis vərdişdən
yaxa qurtaracaqlar.
Bəli, hamılıqla
çalışmalıyıq ki, həyatda ən
böyük var-dövlət olan
cansağlığımızı tütünə qurban verməyək.
Allahın bizə bəxş etdiyi əmanəti göz bəbəyi
kimi qoruyaq. Qoruyaq ki, bizdən sonra gələn nəsillərimiz
sağlam olsunlar.
Söhbəti qələmə aldı: Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.- 2010.- 28 may.- S.12.