Beynəlxalq qiymətləndirmə
təcrübəsi
Bu bir həqiqətdir ki, keyfiyyətli
təhsil cəmiyyətin inkişafına təkan verən
aparıcı qüvvədir. Sürətlə
dəyişən dünyada uğur əldə etmək
üçün cəmiyyət üzvləri öz bilik və
bacarıqlarını davamlı olaraq inkişaf etdirməlidirlər.
İnkişafa nəzarət isə həmin sahə üzrə
məlumatların toplanmasını, xüsusi informasiyanı tələb
edir. Keçən əsrin 50-ci illərindən beynəlxalq
qiymətləndirmə tədqiqatlarının
aparılmasının məqsədlərindən biri də
ölkələri belə informasiyalarla təmin etmək idi. Beynəlxalq qiymətləndirmə ölkələrin
təhsil sistemlərində ümumi olan və ümumi
olduğuna görə də müqayisə edilə biləcək
göstəriciləri araşdırmaqla, son nəticədə onların beynəlxalq
bazarın tələblərinə uyğun
olub-olmamasını öyrənirdi. İlk beynəlxalq qiymətləndirmə
tədqiqatlarında ölkələrin təhsil səviyyəsi
oxu, yazı, ədəbiyyat, xarici dillər, İKT sahəsi
üzrə biliklər əsasında öyrənildi. Bir
neçə layihədən sonra ilk tədqiqatlarda iştirak
etməyən ölkələr
də bu cür qiymətləndirmə
və təhlillərin təhsilin inkişafı
üçün strategiyanın müəyyənləşdirilməsində
rol oynadığını anlayaraq beynəlxalq proqramlara
qoşuldular.
Beynəlxalq qiymətləndirmə
ölkələr üçün nisbi (ona görə ki,
proqrama qoşulan ölkələrin hamısı iqtisadi cəhətdən
eyni səviyyədə olmur) müqayisə etmək imkanı
yaratmaqla yanaşı, qənaətbəxş və
çatışmayan cəhətlər nəzərə
alınmaqla inkişafa, keyfiyyətə nəzarət
üçün informasiya mənbəyi rolunu da oynayır. Hazırda
60-a qədər ölkənin
iştirak etdiyi beynəlxalq proqramlar müxtəlif ölkələrin
ibtidai təhsilin son sinifləri və orta məktəb
iştirakçılarının təhsil nailiyyətlərini
müqayisəli şəkildə qiymətləndirməklə
əsas fənlərin tədrisində keyfiyyət dəyişmələrinin
tendensiyasını müəyyənləşdirir, fənlərin
tədrisinin keyfiyyətinə təsir edən faktorları
üzə çıxarır, kurikulumlar, eyni zamanda müxtəlif
ölkələrin təhsil prosesinin təşkilinin əsasları
haqqında məlumatlar toplayır. Qeyd edək
ki, proqram iştirakçıları beynəlxalq qiymətləndirmənin
nəticələrindən ölkənin təhsil səviyyəsini
qiymətləndirmək, attestasiya etmək üçün
deyil, dünya təcrübəsini öyrənmək məqsədilə
istifadə edirlər.
Məlumdur ki, təhsilin səviyyəsini dünya kontekstində öyrənən beynəlxalq tədqiqatda tətbiq edilən qiymətləndirmə vasitələrinin məzmunu və forması da ümumi olmaqla həmin məqsədə xidmət etməlidir. Lakin nəticələrin təhlili bəzən bu ümumilikdə xüsusiliyə yol verildiyini göstərir. Qeyd edək ki, beynəlxalq qiymətləndirmə tapşırıqları əksər iştirakçı ölkələr üçün ümumilikdə oxu (qavrama), riyaziyyat və təbiətşünaslıq fənlərinin tədrisinin keyfiyyət qiymətləndirilməsi baxımından müasir dövrün standartlarına cavab verən suallardır. Bununla yanaşı, araşdırmalarda bir çox hallarda ölkələrin təhsil proqramlarının çərçivəsindən kənara çıxan, şagirdlərin alışmadığı, lakin mütəxəssislərin fikrincə, çağdaş zamanda həyat üçün önəmli sayılan suallara da rast gəlinir (Bax. Riyaziyyat və təbiət elmlərinin beynəlxalq tədqiqatının əsas nəticələri. I hissə, Moskva, 2008).
Məlum məsələdir ki, belə vəziyyətdə çalışmaların tərkibi bu və ya digər dərəcədə iştirakçı ölkələrin proqramlarına uyğun gəlmir, şagirdlər üçün yorucu olur. Belə hal Azərbaycanın orta məktəblərində tədris olunan riyaziyyat və təbiət fənlərinin proqramları üçün də qanunauyğundur. Bu vəziyyətin yaranması 60-a qədər ölkə iştirakçılarının təhsil nailiyyətlərinin qiymətləndirilməsinin ayrı-ayrı ölkələrin proqramları tərəfindən deyil, çox az sayda (əsasən Qərbi Avropa) ölkəni təmsil edən mütəxəssislər tərəfindən aparılması nəticəsindədir. Burada şagirdlərimizin nəticələrinə təsir göstərən iki məqam da nəzərə alınmalıdır: birincisi, qavramanı yoxlayan oxu məktəblərdə ayrıca bir fənn kimi tədris olunmur. Oxu dedikdə, Azərbaycan məktəblərinin ibtidai təhsil pilləsində kurikulum tətbiq olunana qədər tədris edilən və daha çox mütaliə məqsədi daşıyan fənn nəzərdə tutulmur. Beynəlxalq qiymətləndirmədə iştirak edən ölkələrin bir çoxunda qavramanı inkişaf etdirmək məqsədilə eyniadlı və məzmunlu fənn həm ibtidai təhsil pilləsində, həm də yuxarı siniflərdə də tədris olunur. İkincisi, ölkəmizin indiyə qədər iştirak etdiyi PISA beynəlxalq qiymətləndirməsi sırf tətbiqi bacarıqları yoxlayan tədqiqatdır. PISA beynəlxalq tədqiqatını kurikulum deyil, həyati bacarıqlar maraqlandırdığına görə buradakı qiymətləndirmə vasitələrinin şagirdlər üçün irihəcmli (65 səhifə), forma və məzmununa görə tamamilə yeni olması, fənn proqramları ilə uyğun olmaması halları tez-tez müşahidə edilir. Belə bir məqamı da qeyd etmək lazımdır ki, Azərbaycan bu proqrama qoşulanda ölkənin təhsil sistemində dünya təcrübəsindən yararlanan Milli Kurikulum, yeni qiymətləndirmə mexanizmi tətbiq edilmirdi. Hazırda bu sistem beynəlxalq qiymətləndirmə proqramlarına daxil olmayan I-III siniflərdə tətbiq edilir. PISA beynəlxalq proqramında isə 15 yaşlı şagirdlər arasında qiymətləndirmə aşağıdakı bacarıq səviyyələrinə görə aparılır:
Təbiət elmləri üzrə:
1-ci səviyyə. Şagirdlər məhdud elmi biliklərə malikdirlər və biliklərini yalnız bir necə situasiyada tətbiq etməyi bacarırlar, elmi izahı verilmiş fakta əsaslanaraq nümayiş etdirə bilirlər.
2-ci səviyyə. Şagirdlər tanış olan kontekstdə mümkün şərhlərin verilməsində və ya sadə tədqiqata əsaslanan nəticələrin çıxarılmasında kifayət qədər biliklərə malikdirlər, düşünməyi bacarır və problemin həllində müəyyən mülahizələr yürüdürlər.
3-cü səviyyə. Şagirdlər verilmiş elmi suala əsasən hadisələri izah etmək üçün biliklərindən və faktlardan istifadə edə bilir, sadə model və strategiyaları tətbiq edə bilirlər, elmi biliklərə əsaslanan qərarlar verməyi və qısa fikirlər söyləməyi bacarırlar.
4-cü səviyyə. Şagirdlər elmin və texnologiyanın vasitəsilə nəticə çıxarmağı tələb edən suallarla effektli şəkildə işləyə bilir, müxtəlif elmə aid bilikləri tətbiq etməyi, bildiklərini həyatdakı situasiyalarla əlaqələndirməyi, elmi bilik və dəlillərdən istifadə edərək qərar verməyi bacarırlar.
5-ci səviyyə. Şagirdlər həyatda rastlaşdıqları situasiyaların əksəriyyətinin elmi komponentlərini müəyyənləşdirməyi, müqayisə etməyi, seçməyi və həyatdakı situasiyalara uyğun olaraq elmi faktları dəyərləndirməyi, təbiət elmləri üzrə biliklərini bu situasiyalara uyğun tətbiq etməyi bacarır, dəlil və təhlillərə əsaslanan fikirlərinin izahını verə bilirlər.
6-cı səviyyə.
Şagirdlər təbiət
elmləri üzrə biliklərini dərk etməyi, izah etməyi
və tətbiq etməyi bacarırlar. Onlar
müxtəlif informasiya mənbələrini və onların
şərhlərini əlaqələndirməyi və əldə etdikləri qərarlarını
əsaslandırmaq üçün dəlillərdən
istifadə etməyi bacarırlar, öz elmi fikir və
düşüncələrini aydın şəkildə və
qətiyyətlə nümayiş etdirirlər, onlara
tanış olmayan situasiyalarda problemin həllini tapmaqdan ötrü elmi
bacarıqlarından istifadə edirlər.
Riyaziyyat
üzrə:
1-ci səviyyə. Şagirdlər aydın və lazımi informasiyanın verildiyi tanış məzmunlu, sadə və köməyi verilmiş sualları cavablandırırlar, informasiyanı başa düşür, sual kitabçasındakı təlimata əsaslanaraq adi prosedurları yerinə yetirə bilirlər.
2-ci səviyyə. Şagirdlər birbaşa nəticə çıxarmağı tələb edən misal və məsələləri yerinə yetirir, mənbədən uyğun gələn məlumatı çətinliklə də olsa, əldə edir, məsələnin həlli üçün bir üsuldan, əsas alqoritmlərdən, formul və üsullardan istifadə etməyi, adi nəticənin əldə olunmasını bacarırlar.
3-cü səviyyə. Şagirdlər həlli ardıcıllığı tələb edilməklə aydın təsvir olunmuş prosedurları yerinə yetirməyi, sadə problemin həlli strategiyalarını seçərək tətbiqetməni, müxtəlif məlumat mənbələrinə əsaslanmış nümunələrdən istifadə etməyi və onların üzərində işləməyi bacarır, şərh, düşüncə və nəticələrini ifadə edən fikir yürüdə bilirlər.
4-cü səviyyə. Şagirdlər mürəkkəb situasiyalarda müəyyən nümunələrlə səmərəli şəkildə işləyə bilir, əlaqələndirməni, çox fikirləşmədən belə biliklərindən yaxşı istifadə etməyi və cəld mühakimə yürütməyi, dəlillərə, şərhlərə əsaslanaraq öz izahlarını və fikirlərini söyləməyi bacarırlar.
5-ci səviyyə. Şagirdlər mürəkkəb situasiyalarda müəyyən modellərlə işləməyi, müqayisə etməyi və dəyərləndirməyi, öz geniş bilik dairələrindən, qabiliyyətlərindən istifadə etməyi, düşünməyi, fikir yürütməyi, fikirlərini əsaslı şəkildə izah etməyi, mürəkkəb problemin həlli strategiyalarını seçməyi bacarırlar.
6-cı səviyyə.
Şagirdlər mürəkkəb riyazi məsələlərin
həllində öz biliklərinə və tədqiqatlarına
əsaslanaraq məlumatı dərk edir, nəticə
çıxarmağı, müxtəlif məlumat mənbələrini
və nümunələri əlaqələndirməyi və
asanlıqla izahını verməyi bacarırlar. Bu səviyyənin
tələblərinə cavab verən şagirdlər
yaxşı riyazi biliklərə, çox dərin
düşüncəyə və qabiliyyətə malik olurlar.
Bu şagirdlər öz düşüncə və qabiliyyətərini
riyazi məsələlərin həllində tətbiq
edir, biliklərini daha yeni
yanaşma və strategiyalarla nümayiş etdirir, əldə
etdikləri nəticələri əsaslandırmağı,dəlillərlə
izahını verməyi bacarırlar.
Oxu üzrə: (nailiyyətlər 5 səviyyə
üzrə qiymətləndirilir)
1-ci səviyyə. Şagirdlər mətndə səciyyəvi olaraq bir meyarı müəyyən edir, ona tanış olan mövzuda lazımi məlumat aydın şəkildə verildikdə mətnin əsas mövzusunu və müəllifin məqsədini başa düşür, mətndəki məlumatla biliyini əlaqələndirə bilirlər. Böyükhəcmli mətnlərdə əsas ideyanın verilməsi məqsədilə təkrar fikirlərdən, paraqraf başlıqlarından və ya elə mətnin özündən istifadə edirlər. Kiçikhəcmli mətnlərdə isə fikirlərini bir neçə söz və ya fraza ilə ifadə etməklə kifayətlənirlər.
2-ci səviyyə. Mətnin əsas ideyasını müəyyən edir, əlaqələri başa düşür, öz təcrübə və mövqeyindən istifadə edərək mətnin xarakterik xüsusiyyətini izah edirlər. Böyükhəcmli mətnlərdə məlumatı aydınlaşdırmaq üçün verilmiş paraqraflarda məntiqi əlaqələri müəyyənləşdirir və müəllifin məqsədini müəyyən etmək üçün mətnin müəyyən hissələri üzrə məlumatı sintezləşdirirlər. Kiçikhəcmli mətnlərdə fikirlərini daha aydın verilən məlumata istinad etməklə nümayiş etdirirlər.
3-cü səviyyə. Mətnin əsas ideyasını müəyyən etmək üçün verilmiş məlumatın bir neçə hissəsini müəyyən edir, əlaqələndirir, bu əlaqələri dərk edir, söz və ya frazaların mənalarını təhlil edirlər. Böyükhəcmli mətnlərdə verilmiş məlumatı müqayisə edir, izahını verir və mətnin xarakterik xüsusiyyətini dəyərləndirirlər. Kiçikhəcmli mətnlərdə verilmiş məlumatı başa düşür, gündəlik bilik və bacarıqlarından istifadə edərək lazımi məlumatı müəyyən edir və nəticə çıxarırlar.
4-cü səviyyə. Mətnin tapşırıqlarını verilmiş məlumata uyğun olaraq asanlıqla müəyyən edirlər. Böyükhəcmli mətnlərdəki məlumatı təhlil edir, əlaqələndirir və nəticə çıxarırlar. Kiçikhəcmli mətnlərdə lazım olan məlumatı asanlıqla müəyyənləşdirir, müqayisə edir, əlaqələndirir və nəticə çıxarırlar.
5-ci səviyyə. Şagirdlər bilik və bacarıqlarından məharətlə istifadə edir, genişhəcmli və mürəkkəb mətnləri dərindən başa düşür, mətnin ayrı-ayrı hissələrini bir-biri ilə əlaqələndirirlər. Böyükhəcmli mətnlərdə verilmiş məlumatı asanlıqla təhlil və müqayisə edir, tələb olunduğundan da artıq fəallıq göstərir, aydın və gözlənilən məlumatın verilmədiyi halda da bilik və bacarıqlarından, düşüncə və məntiqi təfəkkürlərindən istifadə edərək nəticə çıxarırlar. Kiçikhəcmli mətnlərdə verilmiş məlumatı dərk edir, əlaqələndirməni bacarır, müqayisə edir və asanlıqla nəticə çıxara bilirlər.
Qiymətləndirmə mexanizmində və standartların məzmunundakı fərqlərin eyni bir hədəfin milli və beynəlxalq nailiyyətlərində də özünü göstərməsi qanunauyğun haldır. Müqayisə üçün İqtisadi Əməkdaşlıq və İnkişaf Proqramına üzv olan ölkələrin - Avstraliya, Avstriya, Belçika, Kanada, Çexiya, Danimarka, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İtaliya, Yaponiya, Koreya, Lüksemburq, Meksika, Hollandiya, Yeni Zelandiya, Norveç, Polşa, Portuqaliya, Slovakiya, İspaniya, İsveç, İsveçrə, Türkiyə, İngiltərə və Amerika şagirdlərinin beynəlxalq qiymətləndirmədə təbiət elmləri və riyaziyyat üzrə müvəffəqiyyət faizlərinə baxaq: təbiət elmləri üzrə I səviyyəyə cavab verən 94,8% şagirdin 1,3%-i eyni zamanda VI səviyyəyə, riyaziyyat üzrə I səviyyəyə cavab verən 13,6% şagirdin 3,3%-i eyni zamanda VI səviyyəyə, oxu üzrə I səviyyəyə cavab verən 12,7% şagirdin 8,6%-i V səviyyəyə də cavab verib.
Oxucuda belə
bir haqlı sual yarana bilər ki, ölkəmiz nə
üçün ümumilikdə xüsusiliyə yol verən,
fərqli məzmun və mexanizmə malik olan qiymətləndirmə
tədqiqatında iştirak etməyə üstünlük
verir? Qeyd edək ki, daha çox həyati
bacarıqları yoxlayan qiymətləndirmə tədqiqatlarında
iştirak etməklə ölkəmiz qazandığı təcrübə
sayəsində sivil təhsil strategiyalarını müəyyənləşdirməyə
nail olur, fənn kurikulumlarında hansı zəruri dəyişikliklərin
edilməsini proqnozlaşdırır, şagirdlərimizə
dünya təhsil standartlarına cavab verən qiymətləndirmə
vasitələri ilə işləməyi öyrədir.
Qeyd edək ki, Azərbaycan keçən ildən
başqa bir istiqamətdə də təcrübə qazanmaq məqsədilə
TIMSS və PIRLS beynəlxalq qiymətləndirmə proqramlarına
qoşulub.
Əgər PISA əsas sənaye ölkələrində
məktəb sisteminin nəticələrinə dair müqayisəli
faktları verməklə şagirdlərin real həyatda oxu,
riyaziyyat və təbiət elmləri sahəsində bilik və
bacarıqlarının tətbiqini qiymətləndirirsə,
PIRLS və TIMSS müxtəlif ölkələrdə
şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri sahəsində
rəsmi məktəb kurikulumunun məzmununa nə dərəcədə
yiyələndiklərini təhlil edir. İbtidai təhsil pilləsində
keçiriləcək bu qiymətləndirmə başqa
ölkələrin təhsil proqramları nəzərə
alınmaqla, Azərbaycan məktəblilərinin nəticələrinin
digər ölkələrin nəticələri ilə
müqayisəli təhlili sayəsində oxu
bacarığı sahəsində, riyaziyyat və təbiətşünaslıq
fənlərinin tədrisinin mükəmməlləşdirilməsində
istiqamətləri təyin etməyə, eyni zamanda milli
mütəxəssislərin araşdırmasını tələb
edən problemlərin üzə çıxmasına imkan verəcək.
Həyati bacarıqlara görə qiymətləndirmə sahəsində
müəyyən təcrübə qazandıqdan sonra milli kurikulumun, yeni qiymətləndirmə
sisteminin tətbiq edildiyi ibtidai
təhsil pilləsində şagirdlərimizin beynəlxalq standartlara nə dərəcədə
cavab verməsini öyrənmək
gələcək fəaliyyətimiz üçün
mühüm əhəmiyyət daşıyır. Qeyd edək
ki, TIMSS və PIRLS beynəlxalq qiymətləndirməsinə
qoşulmağımız ibtidai təhsil pilləsində qiymətləndirmə
və təhlillər aparmaq təcrübəmizi də
artıracaq.
Oxu (qavrama), riyaziyyat və təbiət fənləri üzrə şagird nailiyyətləri qiymətləndirilməsinin TIMSS və PIRLS beynəlxalq proqramları dünya təcrübəsində orta məktəblərdə təhsilin səviyyəsini öyrənmək üçün aparılan ən populyar tədqiqatlardandır.
3-4 ildən bir keçirilən TIMSS və PIRLS beynəlxalq qiymətləndirmə tədqiqatının hər mərhələsində 60-a qədər ölkənin təxminən 450.000 şagirdi iştirak edir. Şagirdləri kurikuluma görə qiymətləndirən TIMSS və PIRLS beynəlxalq qiymətləndirmə tədqiqatının nəzəri və praktik əsasları 50 ildən çox fəaliyyət göstərən Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsinin Beynəlxalq Assosiasiyası (İEA) tərəfindən hazırlanıb.
Sonuncu, 2007-ci il TIMSS tədqiqatında 59 ölkə iştirak etmişdir. Onlardan 28-i eyni zamanda tədqiqatda iki istiqamətdə iştirak edib: 4 və 8-ci siniflərdə riyaziyyat və təbiətşünaslıq fənlərinin tədrisinin keyfiyyətinin qiymətləndirilməsi (Əlcəzair, Avstraliya, Tayvan, Kolumbiya, Çex Respublikası, Salvador, İngiltərə, Gürcüstan, Honkonq, Macarıstan, İran, İtaliya, Yaponiya, Küveyt, Litva, Monqolustan, Mərakeş, Norveç, Qətər, Rusiya, Şotlandiya, Sinqapur, Sloveniya, İsveç, Ermənistan, Tunis, Ukrayna, ABŞ). 22 ölkə isə təkcə 8-ci siniflərin təhsil nailiyyətlərinin qiymətləndirilməsi tədqiqatında iştirak edib (Bəhreyn, Bosniya və Hersoqovina, Botsvana, Bolqarıstan, Kipr, Misir, Qana, İndoneziya, İsrail, İordaniya, Koreya Respublikası, Livan, Malayziya, Türkiyə). Yalnız 4-cü siniflərin təhsil nailiyyətlərinin qiymətləndirilməsi tədqiqatında isə 9 ölkə iştirak edib (Avstriya, Danimarka, Almaniya, Qazaxıstan, Latviya, Hollandiya, Yeni Zelandiya, Slovakiya Respublikası, Yəmən).
2007-ci ildə TIMSS tədqiqatının aparılma mexanizminin hazırlanmasında xüsusi "TIMSS Assesment Frameworks and Specifications" sənədindən istifadə olunmuşdur. Bu sənəddə riyaziyyat və təbiətşünaslıq fənlərinin tədrisindəki nailiyyətlərin qiymətləndirilməsində ümumi yanaşmalar müəyyən olunmuş, test tapşırıqları hazırlanmış, anketləşdirmə zamanı təhlil üçün informasiya toplanmış, iştirakçıları, müəllimləri və təhsil müəssisələrini xarakterizə edən əsas faktorlar təsvir edilmişdir.
TIMSS və PIRLS beynəlxalq tədqiqatının mexanizmi özündə qiymətləndirmə vasitələrini, iştirakçılar, müəllimlər, təhsil müəssisəsinin rəhbərləri, valideynlər üçün sorğular, metodiki təminat və proqram təminatını (verilən məlumatlara əsasən sinif və iştirakçıların seçimi) ehtiva edir.
TIMSS və PIRLS beynəlxalq qiymətləndirmə proqramlarının populyarlıq qazanması tədqiqatda istifadə olunan qiymətləndirmə vasitələrinin təhsilalanların həm bilik, həm də bacarıqlarının üzə çıxarılmasında və gələcək nailiyyətlər üçün ölkələrin bu vasitələrdən bəhrələnməsində müstəsna əhəmiyyət kəsb etməsindədir. Lakin beynəlxalq qiymətləndirmə vasitələrinin özünəməxsusluğu hər zaman bu proqrama qoşulan ölkələrin şagirdləri üçün cəlbedici və oxunaqlı olmur, başqa sözlə desək, şagirdlərin belə qiymətləndirmə vasitələri ilə tanış olmaması nəticələrə təsir göstərir. Həmin təsirləri aradan qaldırmaq məqsədilə Təhsil Nazirliyində TIMSS və PIRLS beynəlxalq tədqiqatlarında istifadə edilən vasitələrdən ibarət kitabça hazırlanır. Azərbaycan məktəblilərinin, o cümlədən beynəlxalq qiymətləndirmədə iştirak edəcək şagirdlərin belə qiymətləndirmə vasitələri ilə tanış olmasının həm nailiyyətlərimizə, həm də şagirdlərimizin dünyagörüşünə müsbət təsir edəcəyinə inanırıq.
Təranə HACIYEVA
Azərbaycan müəllimi.-
2010.- 5 noyabr.- S.3.