Uşaqlara hədiyyə
Hələ ötən zamanlardan
bəri ömrümüzün
bir parçası olan uşaqlıq dünyasını duyub, dərk etmək, həmin dünyanın arzu və istəyini
poetik dillə qələmə almaq hər yazara qismət olmayıb.
Fidan balalarımızın
ağ kətan
kimi təmiz dünyasını, baldan şirin dilini, onların sadə göründüyü qədər
qeyri-adi, ecazkar və mürəkkəb fəlsəfi düşüncələrini
poetik sözlə ifadə etmək müəllifindən başqalarına
nəsib olmayan xüsusi istedad tələb edir.
Belə yazarlardan
biri, öz dəst-xətti ilə poeziyamızda yaxşı
tanınan, şair Ələmdar Quluzadənin
bu günlərdə işıq üzü görmüş "Ətirşah
ətri" (Bakı,
"Ozan" nəşriyyatı,
2010. 80 səh., sayı 2000 nüsxə)
şeirlər kitabı balaca oxucuların
ixtiyarına verilmişdir.
"Öyrədirlər, öyrənirik",
"Kim hazırcavab, kim
dəymədüşərdir" və "Qulağımla
eşidib, gözlərimlə
görmüşəm" bölmələrindən ibarət
olan kitabda uşaq dünyasından bəhs edən müxtəlif məzmunlu şeirlər toplanmışdır. Nəfis şəkildə
çap edilmiş bu topluda yazılanlara
uyğun verilmiş rəngli şəkillər
şeirlərdəki fikri
tamamlamaqla əyani vəsait kimi oxucunun daha aydın
dərk etməsinə
yardımçı olur.
Kitabı vərəqlədikcə, şeirləri
oxuduqca hiss edirsən ki, Ələmdar Quluzadə uşaq dünyasına yaxşı
bələddir və fidan balalarımızın
arzu və istəklərini, onların
qeyri-adi duyğularını,
təmiz daxili aləmlərini ürək
çırpıntılarıyla elə "öz dillərində" qələmə
almağa müyəssər
olub. Belə şeirlərdən
bir-iki misal gətirmək yerinə düşər:
Fərrux yolçu
deyil ki,
Yolla gedən yolçudur.
Yolla gedən
nə bilsin,
Fərrux fırıldaqçıdır.
Bundan başqa,
şair "Dünyaya
uşaq gəlir" şeirində:
Uşaq gəlmir
bu qoca
Dünyaya daş atmağa,
Uşaq gəlir
bu qoca
Dünyanı yaşatmağa
- deməsi ilə bir tərəfdən bu dünyanın ən ali, bəşəri
varlığı olan
uşaqların həyatımızın
ayrılmaz bir hissəsi olduğunu səmimi bir şəkildə, şirin,
poetik dillə oxuculara çatdırırsa,
digər tərəfdən
onları sevərək
qorumağımızı tövsiyə
edir.
Ümumiyyətlə, şair
Ələmdar Quluzadənin özünəməxsus
duyum tərzi, poetik dünyası vardır. Əminəm ki, şairin
balaca fidanlara həsr etdiyi bu kitabı geniş oxucu auditoriyası tərəfindən
maraq və məhəbbətlə qarşılanacaqdır.
Nizami MİRZƏ
Azərbaycan müəllimi.- 2010.- 5 noyabr.- S.7.