Böyük alim və mütəfəkkir
Mirzə Məhəmmədəli
Hacı Qasım oğlu Kazımbəy
Vətəndən uzaqlarda yaşamaq, başqa dillərdə
yazıb-yaratmaq, dünya xalqlarının ədəbiyyat, mədəniyyət
xəzinəsini zənginləşdirmək bir çox Azərbaycan
sənətkarlarının, alimlərinin alın yazısı
olub. Səkkizinci yüzillikdə Azərbaycan mütəfəkkirlərinin
sorağı Dəclə - Fərat çaylarının sahillərindən
gəlmiş, Pireney yarımadasından tutmuş Hindistana qədər
gedib çatmışdır. XIX yüzillikdə isə bir
sıra Azərbaycan alim, mütəfəkkir,
yazıçı və şairləri nəzərlərini
şimala - Rusiyaya çevirmişlər. Onlardan
A.A.Bakıxanov, İ.Qutqaşınlı, M.F.Axundov, Həsən
bəy Zərdabi, S.Ə.Şirvani, N.B.Vəzirov,
M.Şahtaxtlı, E.Süleymanov, M.C.Topçubaşov və b. göstərmək
olar. Azərbaycan - rus ədəbi-mədəni
və elmi əlaqələrinin təməl
daşlarını qoyan, Kazan və Peterburq universitetlərində
Şərq fakültəsinin yaradıcısı və ilk
dekanı, Şərq filologiya elmləri üzrə fəxri
doktor, əməkdar professor, Azərbaycan dilinin ilk elmi
qrammatikasının müəllifi, bir çox xarici ölkə
akademiyalarının və elmi cəmiyyətlərinin
üzvü, 33 yaşında Rusiya Elmlər
Akademiyasının müxbir üzvü, ömrünün 45
ilindən çoxunu Azərbaycan, türk, ərəb, fars
dillərinin, zəngin Şərq ədəbiyyatı və mədəniyyətinin,
Azərbaycan, Qafqaz tarixinin, İslam dini, ideoloji, etnik,siyasi əsaslarının,
müsəlman hüququnun və
s. Rusiyada, Avropada öyrənilməsinə həsr edən
Mirzə Məhəmmədəli Hacı Qasım oğlu
Kazımbəyin böyük fəaliyyəti olmuşdur.
O, "Şərqin
qapısı", dəmir qapı adları ilə
nağıllarımızdan, dastanlarımızdan, "Kitabi -
Dədə Qorqud" boylarından hamımıza
tanış olan, mühüm hərbi strateji məntəqə olduğuna görə on beş əsrdən
artıq bir dövr ərzində xəzərlərin, ərəblərin,
farsların, monqolların, türklərin və rusların ona
yiyələnmək uğrunda mübarizə apardıqları
qədim Azərbaycan şəhəri Dərbənddə
böyüyüb boya-başa çatmış, ilk təhsilini
burada almışdir.
Dərbənd şəhəri 1776-cı ildə Rusiyanın himayəsinə keçəndən sonra İranın Rəşt şəhərində yaşayan Məhəmmədəlinin babası Hacı Kazımbəy vətənə qayıdaraq Fətəli xanın sarayında vəzir vəzifəsində işləyir. O, sarayda nazir kimi maliyyə, yaxud xalq təminatı işlərinə başçılıq edirdi. Hacı Kazımbəyin dörd oğlu olub. Dərbənddə və ətraf regionlarda gedən çəkişmələr, özbaşınalıq zamanı oğlanlarından İsmayıl bəy öz əcəli ilə vəfat etmiş, Məhəmməd Cəfər müharibədə həlak olmuş, İbrahim bəy dağlara çəkilərək oralarda ölmüşdür. Ailənin dördüncü oğlu, gələcək alimin atası Hacı Qasım Kazımbəy qardaşlarından fərqli olaraq hərbi işlərə o qədər də maraq göstərməmişdir. Onu elm və mədəniyyət aləmi daha çox maraqlandırırdı. Zaqafqaziyanın müharibələr meydanına çevrildiyi bir zamanda o, biliyini, dünyagörüşünü artırmaq, müqəddəs yerləri görmək üçün Ərəbistana yollanır. Hacı Qasım Kazımbəy müqəddəs yerləri ziyarət etdikdən, Şərqin bir sıra şəhərlərində olduqdan sonra Mədinədə məskən salır, 6 il bu şəhərdə yaşayıb, oxuyaraq ilahiyyatçı alim kimi yetişmiş və müctəhid adı qazanmışdır. O, 1800-cü ildə təhsilini başa vurduqdan sonra vətənə qayıdır. Yolüstü bir müddət İranın Rəşt şəhərində qalır. Gənc müctəhid Rəşt şəhərində yaşayarkən Gilan tacirlərindən Mir Bağır xanın Şərəfnisə adlı qızı ilə ailə qurur. Həmin nikahdan gələcək görkəmli şərqşünas alim Mirzə Məhəmmədəli Kazımbəy doğulur. 1808-ci ildə Məhəmmədəli ata, anası ilə birlikdə Dərbəndə gəlib burada yaşamağa başlayır. 1808-ci ildə anası Şərəfnisə qəflətən vəfat edir. Oğlunun təhsil, tərbiyəsi ilə atası məşğul olur. Hələ ilk təhsil illərində müxtəlif dilləri öyrənməyə böyük maraq göstərən Məhəmmədəli on iki-on üç yaşlarında ərəb, fars və türk dillərini mükəmməl bilirdi.
Təbiətin Mirzə Məhəmmədəliyə bəxş etdiyi parlaq istedad və qabiliyyət ona müsəlman təliminin tam kursunu vaxtindan xeyli əvvəl başa vurmağa imkan vermişdir. Gecələr səhərədək
şam işığında oxuduğu kitablar, əfsanələr,
nağıllar yeniyetmə Məhəmmədəlinin
yaddaşında ömürlük həkk olunurdu. Onun
yaddaşı da müəllimlər üçün bir sirr
idi. Bir dəfə gördüyünü heç vaxt gözlərindən
qaçırmır, bir dəfə eşitdiyini qulaqlarında
ömürlük sırğaya çevirirdi.
Xaqaninin "Mədain xərabələri",
Nizaminin "Sirlər xəzinəsi", Füzulinin "Leyli
və Məcnun"u, Firdovsinin "Şahnamə"si, Sədinin
"Gülustan"ı dilindən düşmürdü.
Bu dahilər dünyası
və gündə 14-16 saat oxumaq onu elə yüksəklərə
qaldırmışdı ki, o, ətrafındakı mühit
üçün bir sirr, bir müəmma olmuşdur.
Məhəmmədəli
doğma şəhərinin tarixini yaxşı bilirdi. O, bu tarixə bağlı
idi. Bu biliklə sonralar "Dərbəndnamə"
yazıb çap etdirir. O, tədqiqatlara əsasən
deyirdi: "Xəzər nə qədər qədimdirsə, Dərbəndin
də bir o qədər tarixi var və ikisi də bir
yaranıb, əkiz doğulublar".
Gələcəyin
böyük alimi Məhəmmədəli özünün
"Ərəb dilinin müxtəsər qrammatikası"
ilk elmi əsərini 1819-cu ildə 17 yaşı olarkən
yazmışdır.
O, gənc yaşlarında Dərbənd
mühiti yaradıcılığı üçün
geniş üfüqlər açmasa da, yazmağı, öz
fikirlərini başqaları ilə bölüşməyi,
ünsiyyətdə olmağı bacarır, oxumaq və yazmaq
həvəsilə yaşayırdı.
Atası Dərbənddə
nüfuzlu adamlardan biri idi.
Hələ 15
yaşı olanda - 1816-cı ildə günlərin birində
Məhəmmədəlinin atası ilə maraqlı bir
söhbəti olub. Hacı Qasım bayaqdan pəncərə
önündə dayanmışdı. Dərin
düşüncələrə dalmışdı... Dərbəndin şeyxulislamı Dərbənd
xalqının gözündə o qədər hörmət və
ehtiram qazanmışdı ki, bu, rus generalını narahat etməyə
bilməzdi.
Hacı
Qasım dünyanın min fitnə-fəsadlı oyununu
görmüşdü və yaxın günlərdə
fırtına qopacağı ona bəlli idi.
Məhəmmədəli
atasının otağına girərək onunla söhbətləşməyə
başlayır. Onların söhbətləri gecəyarıya
kimi çəkir. Qasım qəlbindəki
narahatçılığı büruzə verməmək
üçün yenə də Dərbəndin tarixindən
söhbət açır:
- Deyirlər bu yerlərdə
altun çağlar olub. Hər adamın, hər
ailənin öz yeri, yurdu, öz heyvanı, öz daxması
varmış. Hamısı işlək
olub. İnsanlar bir-birinə sevgi ilə
baxırmış. Qəlblərdə vicdan, damarlarda qəhrəmanlıq
qanı... İndi isə damarlarda çirkab
axır.
Amma çox
sonralar əli qələmli adamlar gəldi. Əkin yerlərini
çərək-çərək böldülər.
Heyvanları hesaba, ağacları, meyvələri qələmə
aldılar, az qala salxımlarda olan
üzüm gilələrini də bir-bir saysınlar.
Daxmaları ölçdülər, quyulardakı suları
hesaba aldılar və s. Hamısını haqq-hesaba vurdular:
daxmaya vergi bu qədər, hər mala, hər qoyuna bu qədər,
su pulu bu qədər... Vergi yazana ver. Bu pullar getsin xəzinəyə,
hökmdar da oğlanlarımızı yığıb
aparsın qırğına, özünü, hərəmlərini
qorumaq üçün qala divarları tikdirsin... Zəkat ver,
fitrə ver... Ramazanda ver, orucluq qurtaranda ver... Nəzir ver, sədəqə
ver, xərac ver... Beləliklə, oğul, eşitdiyin ədalət
belə yaranıb... Mən bunların çoxunu kitabdan
oxumuşam, çoxunu da özüm görmüşəm... Sən də oxu, çox oxu, amma gördüklərinə
inan, kitablardakı hər yazıya inanma. Onlarda həqiqətdən
uzaq şeylər də çoxdur... Oxu, sonra da
çalış mümkün olanı gözünlə
görəsən... Oxu, ancaq öz vicdanının səsinə
qulaq ver... Ehtiyac üzündən sənə
uzanan əlləri boş qaytarma. Çörəksizə
çörək ver, xəstəyə dərman. Ehtiyac ac şeydir. Ehtiyac ən
böyük qəhrəmanlara diz çökdürür və
dahilərə baş əydirir.
Məhəmmədəli
bu sözlərin sehrindən qopa bilmirdi, amma atasının
baxışlarında nə isə vardı ki, oğul yerindən
qalxdı.
Yorğun və kədərli baxışları ilə
atasını oxşayaraq: - Bağışla, amma bəs
yalanlar bəzən niyə çox güclü olur? Yalanlar öz gücünü-qüdrətini hardan
alır?
Hacı harasa, uzaqlara baxaraq
danışırdı:
- Yox, oğlum, yalanlar bir dərya
olsa da, bir damla həqiqətə güc gələ bilməz.
Nə olursa-olsun, həqiqəti daşlama, həyatda
düz həqiqətin gözünün içinə bax.
Çünki həqiqətlə ədalət
bir xəmirdən yoğrulub. Onu da bil ki, ədalətli
söz ağır olur, amma o da dərman kimi şəfavericidir...
Ədalətli sözlə dərmanın bir fərqi var ki, dərman
vücudu müalicə edir, ədalətli söz isə qəlbi,
ruhu, vicdanı... Müalicə uzun sürə bilər, sən
ümidini itirmə, səbirli ol, özünə güvən...
İnsanlara güvən... İnsanlardan
ümidini kəsmə, insan əlləri ilə yüksəlmiş
qalalara da ümid bağlama. İnsan tab gətirməyən
qüvvəyə nə dağlar, nə də qalalar tab gətirə
bilər.
Hacı
Qasım acı həqiqətlə cavan qəlbini alt-üst
etmək istəmirdi. Ona görə də söhbəti elə buradaca bitirmək
istədi:
- Vaxtını çox
aldım, oğul,
- deyə Hacı Qasım oğlunun
başını sığalladı.
- Gecdir, gecə yarıdan
keçib.
- Yox, amma mən səninlə
fəxr edirəm.
- Mən istərdim ki, səninlə
fəxr edəm. Bir adama deyəndə ki, kimsə səndən
ağıllıdır, acığı gələr, amma ataya
desən ki, oğlun səndən ağıllıdır sevinər...
Bu gunlük kifayətdir, vaxt gedir. O,
qızıla bərabərdir... Amma bunların bir fərqi var:
qızılı yığıb saxlamaq olur, vaxtı isə
saxlamağa heç kimin hünəri çatmır.
Məhəmmədəli
yataq otağına keçdi və fikirləşə-fikirləşə
yatdı.
1820-ci ildə
Mirzə Məhəmmədəli Kazımbəyin atası
Hacı Qasım Kazımbəy çar hökumətinə qərəzli
münasibət bəsləyən şəxslərlə gizli
yazışmada şübhəli bilinərək əmlakı
müsadirə olunmaqla Həştərxana sürgün edilir.
Bu haqda Məhəmmədəli
Kazımbəy yazmışdır: "Atam həmişə
Rusiyaya qarşı xeyirxah münasibətdə olmuşdur,
lakin o, rütbəsinə görə xalqın
hüquqlarını müdafiə etdiyindən, əslən dərbəndli
bir bəyin simasında çox güclü düşmənə
malik idi. Dərbənd bəylərindən biri
olan Lütfəli bəy yalan məlumatlarla Qafqazın
canişini general A.P.Yermolova gizli xəbərlər, Hacı
Qasım haqqında məlumatlar verirdi. Beləliklə,
atamı nüfuzdan salmaqla məşğul idilər. Hökumət Dərbəndə hərbi məhkəmə
göndərdi. Məhkəmə atamın
mülkünü müsadirə edərək 14 dostu ilə
birlikdə Həştərxana sürgün etdi ".
Mirzə Məhəmmədəli
bu özbaşınalıq və haqsızlıqlarla heç
cür barışa bilmirdi. O, 1821-ci ilin əvvəllərində
Həştərxana getmək üçün
hazırlaşmağa başladı. Yola
düşməzdən bir gün əvvəl anası,
qohumları və Dərbənd şəhidlərinin qəbrini
ziyarət etmək üçün qəbiristanlığa
yollandı. Sonra tanış
uşaqlardan birini sevdiyi Günlara xəbər vermək
üçün göndərdi. Axşam
Günlarla görüşdü. Onlar xeyli
söhbət edəndən sonra ayrıldılar. Belə hallar çox olur. Həqiqətən
bir-birini sevənlər bir-birinə qovuşmurlar. Cümə günü səhər
açılar-açılmaz Məhəmmədəli
yoldaşları ilə bərabər Xəzərin sahilinə
gəldi. Yükləri atlardan
düşürüb sahildə dayanmış gəmiyə tərəf
aparmağa başladılar. Məhəmmədəli
yoldaşlarından aralandı, üzünü Xəzərə
tutdu: "Xəzərim mənim... Mən həmişə sənin
qiyamət qoparan qasırğalarından söz açan
kitabları oxumuşam, amma sərt qış günündə
sən məni gözəl təbəssümlə yola
salırsan... Mən sənin qəzəbini
çox görmüşəm. O gün də səhər
yuxudan oyanan bir gözəl kimi naz-qəmzə ilə
qaşlarını çatdın, bütün köksün həyəcana
gəldi, suların saçaq-saçaq olub köpüklənirdi...
Sabahısı... Sabahısı sən bir qədər də
gözəlləşdin, büllurlaşdın, şəffaflaşdın,
pak oldun... Səni çox şairlər görməyib, səni
nə Homer gördü, nə Bayron, nə Şekspir sənə
vuruldu, nə Dante... Görsəydilər sən onlar
üçün bir alova, bir məşələ çevrilərdin,
mənim Xəzərim... Mən sənin həsrətini
çəkəcəyəm... Yox, sənin Həştərxan
sahillərini yuyan dalğaların Dərbəndi qucaqlayan
sularından deyil. Mən sənin intizarında
olacağam... Bir dilə gəl, Xəzərim.
Sənə dediyim xatirində qalacaqmı?!..".
Gəmi bir necə dəfə
fit verib ağır-ağır sahildən aralandı. Məhəmmədəli
ürəyini Dərbənddə qoydu getdi.
Həştərxan
Məhəmmədəlini qaş-qabaqla qarşıladı. Hava çox
soyuq idi. Buna baxmayaraq o, Həştərxana
düşdüyü ilk gündən şəhərin mədəni
həyatı ilə yaxından maraqlandı, bəzi həmvətənlərlə
tanış oldu. O, işləmək istədi,
şəhər bələdiyyə idarəsi ona bir neçə
yerdə işləməyi təklif etdi, lakin heç biri
ürəyinə yatmadı.
Nəhayət,
Məhəmmədəli 1821-ci ilin əvvəllərində
ingilislərə şərq dillərini təlim etməyə
başladı.
Məhəmmədəli Volqa çayını
ilk dəfə görürdü. Həştərxanda
çay bir neçə qola ayrılırdı və bu
möhtəşəm çayın əzəməti gözlə
görünmürdü.
Böyüklər
xırdalandığı, əzəmət parçalandığı
zaman gözdən düşür və insanlar onların
böyüklüyünü dərk edə bilmir.
Böyük zəka sahibi və
gələcəkdə şöhrət zirvəsini fəth edəcək
bu müsəlman oğlu az zamanda bir
neçə xarici dil öyrəndi.
1825-ci ildə
Hacı Qasımın sürgün illəri bitdi. O, Dərbəndə, Məhəmmədəli
isə şimala doğru getmək fikrinə düşdü.
O, Qafqaz canişini Yermolova Peterburqa getmək üçün
məktubla müraciət etmişdi. Məhəmmədəli
Peterburqa getməkdə kübar cəmiyyətin
gözqamaşdıran saraylarına can atmırdı. Onun xəyalında
elmin və mədəniyyətin zirvələri şəfəq
saçırdı və bu zirvələrə qovuşmaq
üçün Həştərxanın üfunətli
çirkablarından qurtarmağa can atırdı.
Nəhayət, 1828-ci il avqustun 29-da Məhəmmədəlinin məktubuna
Peterburqdan cavab gəldi. Ona xaricə getməyə
icazə verilmir.
Məhəmmədəlinin
taleyi artıq həll olunmuşdu. Onun yolu Qərbi Sibirə
idi. Gələcək alim ildə 800 manat
maaşla Omsk Asiya Məktəbində şərq dilləri
müəllimi vəzifəsinə təyin edilmişdi.
O, Sibirə həvəssiz yollandı. Nə
üçün məhz Sibirə göndərildiyinin səbəbini
də başa düşmürdü. Məhəmmədəli
sonra başa düşdü ki, bu təyinat onu Sibirə
sürgün etmək məqsədi daşıyır. Sibirə gedən yol Kazandan keçirdi.
1826-cı ilin
sərt qış günləri idi. Ucsuz-bucaqsız Rusiya qarın
altında qalmışdı... Yalnız
bacalardan qalxan burum-burum tüstü Kazımbəyin
keçdiyi yerlərdə həyat nişanəsi olduğunu
göstərirdi.
Kazımbəy
xahiş etmişdi ki, Həştərxandan Omsk şəhərinə
getməyini yaza saxlasınlar. General Yermolov razı
olmamışdı. Nəhayət,
Kazımbəy dilicansda soyuq havada Həştərxandan yola
düşdü. Yolboyu soyuq onun iliyinə
işləmişdi. Dilicansda bir neçə
nəfər var idi. Küncdə oturmuş
gənc qadın qucağında çığıran
uşağı sakit etməyə
çalışırdı. Kazımbəy
fikirləşir və dilicansda olan adamlarla ucsuz-bucaqsız
çöllərə baxırdı. O, fikirləşirdi
ki, bu adamların hər birinin öz həyatı var... Kimin alnına nə yazılıbsa onu da görəcək.
Onun nəzəri yenə də qadına
sataşdı. Ana bütün isti nəfəsini
uşağa verməyə çalışırdı. Lakin soyuq öz işini görürdü. Kazımbəy bir istədi içərisi qoyun dərisindən
sırınmış canlığını qadına təklif
etsin. Sonra fikirləşdi ki, birdən
qadının acığı gələr. Buna baxmayaraq o, canlığını
çıxarıb qadına verir. Qadın
onu özünə və uşağına bükür.
Bir az keçəndən sonra Kazımbəy
özü soyuqdan huşunu itirir. Sərnişinlərdən
bir qadın Kazımbəyi bu vəziyyətdə görüb
ona kömək etməyə çalışırdı və
Kazımbəydən soruşdu: "Siz Kazana gedirsiz?". Kazımbəy cavabında: "Yox, mən
Omska getməliyəm", - dedi.
Nəhayət,
onlar Kazana çatdılar. Qadının köməkliyi
ilə yüksək qızdırma içərisində olan
Kazımbəy Kazanda xəstəxanaya yerləşdirildi.
Həmin qadın Aleksandra Andreyevna Fuks idi. Bu qadın Kazan Universitetinin rektoru olan K.F.Fuksun həyat
yoldaşı idi. K.F.Fuks Almaniyadan
universitetə dəvət olunmuşdu. O, ixtisasca həkim
idi. Rektor həm də Volqaboyu ərazinin tarix,
iqtisadiyyat, arxeologiya və etnologiyasının istedadlı tədqiqatçılarından
biri kimi tanınmışdı. Kazana
düşdüyü ilk gündən təkcə rus dilini
deyil, həm də tatar dilini öyrənməyə
başlamışdı. Fuks ailəsi ilə
birlikdə tez-tez Kazımbəyin yanına xəstəxanaya gəlirdi.
Beləliklə, Kazımbəy özünün
dərrakə, savad və ehtiramına görə Fuksun
xoşuna gəldi. Fuks Kazan Universitetinin
alimləri ilə birlikdə Maarif Nazirliyindən Kazımbəyin
Kazan Universitetində Şərq dilləri üzrə
mühazirə oxumasını xahiş edir. Beləliklə
o, 1826-cı il oktyabrın 31-dən
universitetdə işləməyə başlayır. Kazımbəy
universitetdə 20 il fəaliyyət göstərmişdir.
Mirzə Kazımbəyin əqli və mənəvi
inkişafında K.F.Fuksun böyuk rolu olmuşdur.
(Ardı var)
Məmmədağa RZAYEV
Azərbaycan müəllimi.- 2010.- 5 noyabr.- S.5.