Tələbə klublarının təqdimatı keçirildi

 

Oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən tələbə klublarının təqdimat mərasimi keçirildi. Tədbirin keçirilməsində əsas məqsəd ali təhsil ocağına bu il qəbul olunan tələbələrin akademiyanın  elmiictimai həyatına daha tez inteqrasiya olunmasını təmin, həmçinin burada fəaliyyət göstərən müxtəlif tələbə klubları ilə tanış etmək idi. Qeyd edək ki, əvvəlki görüşlərdə tələbələr DİA-nın professor-müəllim heyəti və kafedralarla tanış olmuşlar.

Mərasimi  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tədris işləri üzrə I prorektoru, professor Əlikram Abdullayev giriş sözü ilə açaraq yeni qəbul olunan tələbələri təbrik etdi, onlara təhsildə və elmi fəaliyyətlərində uğurlar arzuladı. Prorektor təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan bu ali  təhsil ocağının daim inkişaf etdiyini qeyd edərək I kurs  tələbələrinə ölkə başçısı cənab İlham Əliyevin gənclərimizə göstərdiyi diqqət və qayğıya təhsildə yüksək göstəricilərə nail olmaqla cavab verməyi, daim öz üzərlərində işləməyi, biliklərə əzmlə yiyələnməyi, akademiyanın elmi və ictimai həyatında yaxından iştirak etməyi tövsiyə etdi.

Çıxış üçün söz alan  Səbail Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov, İctimai Televiziyanın əməkdaşı Cəsarət Valehov birinci kurs tələbələrinə təhsil illərində müvəffəqiyyətlər arzulayaraq onlara ən xoş istəklərini çatdırdılar.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Həmkarlar İttifaqı Komitəsinin sədri Yusif Ağayev ölkəmizdə ali təhsil müəssisələrinin maddi-texniki bazasının ildən-ilə  gücləndiyini, yeniləşdiyini, tələbələrin elmi potensialının artdığını qeyd etdi. O, akademiyada fəaliyyət göstərən gənclər təşkilatı, tələbə klubları barədə ətraflı məlumat verərək onların hər zaman dəstəkləndiyini söylədi.

Sonra  DİA-nın Tələbə Gənclər Təşkilatının sədri Taleh Quliyev, Debat klubunun rəhbəri Kənan Məmmədov, SİFE (Tələbələr Azad Sahibkarlıq Fəaliyyətində) klubunun rəhbərləri Sənan Əhmədov və Heydər Quliyev, İdman klubunun rəhbəri Rəşad Sadiqov, "Kim, nə vaxt, nə zaman?" intellektual oyunlar klubunun rəhbəri Tural Hüseynzadə, Diplomatiya və araşdırmalar klubunun rəhbəri Nigar Əliyeva, Diskussiya klubunun rəhbəri Tamerlan Dəmirbəyli və digərləri tərəfindən təqdimatlar edildi. Çıxış edənlər hazırladıqları slaydlar vasitəsilə tələbələrə adıçəkilən klubların fəaliyyət istiqamətləri, gördükləri işlər barədə geniş məlumat verdilər.

Görüş başa çatdıqdan sonra I kurs tələbələri həmin tələbə klublarının əldə etdikləri nailiyyətləri özündə əks etdirən sərgi ilə tanış oldular.

 

 

Samirə HÜSEYNQIZI

 

Azərbaycan müəllimi.- 2010.- 5 noyabr.- S.2.