"Mən Azərbaycan
haqqında nə bilirəm?" inşa
müsabiqəsi keçirilir
Oktyabrın 31-də Azərbaycanın
Misirdəki səfirliyi, Gənclər və İdman Nazirliyi və
Misirin Qahirə Universitetinin birgə layihəsi olan "Mən
Azərbaycan haqqında nə bilirəm?" inşa müsabiqəsinə
start verilmişdir.
Azərbaycan Respublikası
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, layihə çərçivəsində
Misirin ali təhsil müəssisələrinin tələbələrinin
Heydər Əliyevin həyat və yaradıcılığı,
Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı,
incəsənəti, iqtisadiyyatı, beynəlxalq münasibətlərdə
rolu və digər mövzularda inşa yazıları nəzərdə
tutulmuşdur.
Layihənin məqsədi
misirli gənclərin, tələbələrin və gənc
elm xadimlərinin Azərbaycan haqqında biliklərini artırmaq,
onları ölkəmizlə bağlı elmi tədqiqat işlərinə
həvəsləndirməkdir.
Gənclər və
İdman Nazirliyinin dəvəti ilə Azərbaycanla daha yaxından
tanış olmaq üçün münsiflər heyəti tərəfindən
seçiləcək ən yaxşı on inşa müəllifinin
ölkəmizə səfəri təşkil olunacaqdır.
İnşa müsabiqəsi
Misirin Qahirə, Ayn-Şəms, Əl-Əzhar, İsgəndəriyyə,
Qahirə Amerika Universiteti və digər nüfuzlu ali təhsil
müəssisələrini əhatə edəcəkdir.
Qalibləri
mükafatlandırma mərasimi 2011-ci il yanvarın 25-də
olacaqdır.
Qahirə Universitetinin
rektoru Hüsəm Kamil və prorektor Adel Zayed ilk gündən
bu təşəbbüsü alqışlamış, onun körpü
rolunu oynayaraq, Azərbaycan və Misir gənclərinin
birliyinin möhkəmlənməsinə, ölkələrimizin
elm dairələri və təlim-tədris müəssisələri
arasında əlaqələrin daha da genişləndirilməsinə
töhfə verəcəyinə əmin olduqlarını bildirmişlər.
"Mən Azərbaycan
haqqında nə bilirəm?" inşa müsabiqəsinin əlaqələndiricisi,
"Sivilizasiyaların tədqiqi və mədəniyyətlərin
dialoqu" proqramının direktoru Pakinam əl Şərqavi
müsabiqənin Misir tələbələri tərəfindən
maraqla qarşılandığını vurğulamış,
bu kimi layihələrin dərin tarixi köklərə əsaslanan
Azərbaycan-Misir xalqları arasında dostluğun güclənməsinə
xidmət etdiyini demişdir.
Layihə çərçivəsində
Azərbaycanın Misirdəki səfirliyi tələbələrlə
görüşlər keçirəcək, onlara
yazdıqları inşa mövzusu ilə bağlı elmi və
tədqiqat materialları verəcəkdir.
Azərbaycan müəllimi.- 2010.- 5 noyabr.- S.1.