Azərbaycanın yaradıcı və elmi ziyalıları V Beynəlxalq Forumda iştirak edib

 

Xəbər verildiyi kimi, 2010-cu il 14-15 oktyabr tarixlərində Moskva şəhərində MDB ölkələri Humanitar Şurası Dövlətlərarası Humanitar  Əməkdaşlıq Fondu(DHƏF) tərəfindən yaradıcı elmi ziyalıların növbəti V Beynəlxalq Forumu keçirilib.

MDB üzvü dövlətlərdən 500 nəfər təhsil, elm, mədəniyyət xadiminin qatıldığı mötəbər Forumda Azərbaycanın da nümayəndə heyəti iştirak edirdi.

Həmin Forumun iştirakçılarından biri Azərbaycan Dillər Universitetinin İngilis dilinin tarixi leksikası kafedrasının müdiri, dosent, filologiya elmləri üzrə fəlsəfə doktoru, ADU-nun YUNESKO üzrə koordinatoru Sevinc Ələkbərzadə olub.

Onunla  görüşüb forumla bağlı ətraflı məlumat verməsini xahiş etdik. Sevinc xanım bunları bildirdi:

- İlk öncə qeyd edim ki, mənim üçün belə bir nüfuzlu tədbirdə iştirak etmək olduqca şərəfli idi.  Moskva şəhərində keçirilmiş yaradıcı elmi ziyalıların V Beynəlxalq Forumu MDB məkanında elmi yaradıcı elitanın görkəmli şəxsiyyətlərini bir araya gətirən humanitar əməkdaşlıq sahəsində əlamətdar bir hadisədir.

Forumun açılışında Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev çıxış edərək bu tədbirin keçirilməsinin əhəmiyyətini xüsusi qeyd etdi, onun davamlı olacağına ümidvar olduğunu söylədi. Rusiya Prezidenti "Bizim təhsil, elm köklərimiz hələ çox yaxın sıxdır. Bunu itirməmək, bunu qorumaq gərəkdir" deyərək öz çıxışını bitirdi. Sonra Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə səlahiyyətli səfiri, MDB ölkələri Humanitar Şurası Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu nəzdində ölkəmizin təmsilçisi Polad Bülbüloğlu çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin forum iştirakçılarına ünvanladığı təbrik məktubunu oxudu. Təbrik məktubunda Azərbaycanın  iqtisadi nailiyyətlərin insan kapitalına çevrilməsinə yönəlmiş bir çox proqram layihələrdə iştirak etməklə ardıcıl olaraq öz humanitar əməkdaşlığını genişləndirdiyi bildirilirdi.

Səfir həmçinin forum iştirakçılarını MDB ölkələri Humanitar Şurası və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun fəaliyyətindən, əldə etdiyi uğurlardan ətraflı söz açdı. Onun sözlərinə görə, adıçəkilən Fondu MDB ölkələri arasında yeni əməkdaşlıq nümunəsi kimi qiymətləndirmək olar. Polad Bülbüloğlu onu da xüsusi vurğuladı ki, Azərbaycan MDB qurumlarında, o cümlədən DHƏF çərçivəsində çox fəal iştirak edir. Fondun strategiyası YUNESKO-nun və digər mötəbər təşkilatların baza prinsipləri əsasında qurulmuşdur.

Qeyd edim ki, Forum MDB məkanı ictimaiyyəti ilə humanitar əməkdaşlıq sahəsində vacib məsələlərin birgə müzakirə edilməsi ənənəsini davam etdirirdi. Forum öz işini "Təhsil, gənclərin akademik və əmək mobilliyi", "Elm, texnologiyainnovasiya", "Birliyin gəncliyə dəstəyi", "Tarixi-mədəni irsmüasir incəsənət" və s. bölmələrdə davam etdirdi. Bildirim ki, "KİV, ədəbiyyat və nəşriyyat fəaliyyəti" bölməsinə respublikanın əməkdar incəsənət xadimi Çingiz Əlioğlu sədrlik edirdi. İştirak etdiyimiz bölmələrdə digər ölkələrdən gəlmiş həmkarlarımızla geniş fikir mübadiləsi apardıq, milli-mədəni irs və dəyərlərimizi qoruyaraq gənclərin elmiakademik inkişafını, yeni elmi yanaşmaları, təhsil istiqamətlərinin realizə olmasını dəstəklədiyimizi qeyd etdik.

Forum çərçivəsində MDB ölkələrinin gənc alimlərinə beynəlxalq "Debütlər Birliyi" mükafatının təqdimolunma mərasimi keçirildi. Bizim üçün sevindirici hal idi ki, AMEA Radiasiya Problemləri İnstitutunun elmi katibi Dinarə Abbasova və AMEA Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru Raida Rzayeva da həmin mərasimdə elmi tezislərinə görə mükafata layiq görüldülər.

Həmçinin Forum iştirakçıları üçün MDB-nin açıq şəbəkə universitetinin təqdimatı, sərgilər digər tədbirlər keçirildi.

Mənim üçün bu forumda ən yaddaqalan hadisələrdən biri Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə səlahiyyətli səfiri Polad Bülbüloğlu ilə, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, akademik Anatoliy Vasilyeviç Torkunovla, məşhur rəssam Tahir Salahovla görüşlər oldu. Tanınmış şəxsiyyətlərlə söhbət etmək, monoqrafiyamı onlara təqdim etmək mənim üçün böyük şərəf idi.

Geniş fikir mübadiləsi, işgüzarlıq şəraitində keçən forumda qəbul edilən vacib qərarlardan biri MDB ölkələri  konservatoriya rektorları şurasının yaradılması oldu. Azərbaycan tərəfinin təşkilatçılığı ilə MDB məkanının jurnalistləri arasında intensiv məlumat mübadiləsini təmin edəcək Press klubun yaradılması da DHƏF tərəfindən dəstəkləndi.

DHƏF-in növbəti forumunun 2011-ci ildə Kiyev şəhərində  keçirilməsi qərara alındı.

Hesab edirəm ki, forum dövlətlərarası əməkdaşlığın inkişafında, elmi axtarışlara səbəb olacaq yeni  ideyaların üzə çıxarılmasında, elm, təhsil, mədəniyyət, idman, rabitə turizm sahələrində peşəkar əlaqələrin qurulmasında önəmli rol oynayacaq. 

Mənim nümayəndə heyətinin digər üzvləri üçün öz aktuallığına vacibliyinə görə  mühüm əhəmiyyət kəsb edən bu forumun yaxın gələcəkdə Azərbaycanda  keçirilməsini arzu edirəm.

Sonda  fürsətdən istifadə edərək qəzetiniz vasitəsilə bizə etimad göstərərək  belə bir nüfuzlu Forumda iştirak etməyimizə şərait imkan yaratdıqlarına görə bu işdə zəhməti olanlara öz dərin minnətdarlığımı bildirirəm.

 

 

Söhbəti qələmə aldı: Samirə KƏRİMOVA

 

Azərbaycan müəllimi.- 2010.- 5 noyabr.- S.2.