"Bakı" mövzusunda Vətən dərsi

 

Bakıdakı 189 nömrəli orta məktəbdə Vətən dərslərinin keçilməsi artıq ənənə halını  alıb. Burada 10 ildir ki, "İstedad" studiyası  fəaliyyət göstərir və keçilən dərslər  müxtəlif mövzuları əhatə edir. Növbəti 12-ci Vətən dərsi "Bakı" mövzusuna həsr olunmuşdu. Öncə Dövlət himni səsləndirildi. Qonaqları, pedaqoji kollektivi və valideynləri salamlayan məktəbin dil-ədəbiyyat müəllimi Şəhla  Gündüz  Bakının yaranma tarixi, İçərişəhər, Qız  qalası və  tarixi şəxsiyyətlər  barədə iştirakçıları ətraflı məlumatlandırdı.

Bakının  Çəmbərəkənd kəndində baş verən maraqlı əhvalatlardan söz açıldı, Nuru  Paşa haqqında videogörüntülər nümayiş olundu. "İstedad" studiyasının üzvləri - Fuad Əhmədov, Ayşən Quliyeva, Fidan Məmmədova, Aytac Qurbanzadə vətənpərvərlik mövzusunda   şeirlər söyləyib, rəngarəng proqramla çıxış etdilər.

164 nömrəli orta  məktəbin  8-ci sinif şagirdi "Kimlik" studiyasının  fəal üzvü  Nərmin  Sayadzadə öz məharətini  nümayiş etdirərək "İçərişəhər" şeirini söylədi, "Nəlbəki" rəqsi ifa olundu. Sonda  "İstedad" studiyasının nəzdində fəaliyyət göstərən "Qanad" şagird  teatrının üzvləri  Firdus Kərimzadə Nuray Cəfərova görkəmli satira ustası M.Ə.Sabirin şeirləri əsasında hazırlanan "Şikayət" səhnəciyini nümayiş etdirdilər.

 

 

Azərbaycan müəllimi.- 2010.- 5 noyabr.- S.5.