Azərbaycanın Milli
Qəhrəmanı Mübariz İbrahimov adına lisey-məktəbdə istedadlı şagirdlər
təhsil alır
Xəbər verdiyimiz kimi, ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı
müvafiq sərəncama
uyğun olaraq Azərbaycanın Milli Qəhrəmanı Mübariz
İbrahimovun adının
əbədiləşdirilməsi ilə bağlı bir sıra tədbirlər
həyata keçirilib.
Bu yaxınlarda
Biləsuvar şəhərində
xüsusi istedada malik uşaqlar üçün inşa olunmuş lisey-məktəb
kompleksinə M.İbrahimovun
adı verilib.
İndi rayon mərkəzinə yaraşıq verən, müasir arxitektura üslubunda yeni inşa olunmuş bu kompleksdə xüsusi istedada malik 107 şagird təhsil alır ki, onların da bir hissəsi ətraf rayonlardan olan uşaqlardır. Liseydə yeddinci sinifdən yuxarı test üsulu ilə seçilərək qəbul olunmuş şagirdlərə 33 müəllim dərs deyir. Həmin müəllimlərdən 20 nəfəri Biləsuvar rayonunun ümumtəhsil məktəblərindən seçilərək bu liseydə dərs demək üçün cəlb olunmuşdur. Onlardan biri də Milli Qəhrəman Mübariz İbrahimovun vaxtı ilə təhsil aldığı Əliabad kənd orta məktəbinin fizika müəllimi S. İsayevdir.
Lisey-məktəbin direktoru Anar Məmmədov bildirmişdir ki, növbəti illərdə burada təhsil alacaq şagirdlərin sayını 300-ə çatdırmaq nəzərdə tutulur.
Bizim isə ən böyük arzumuz budur ki, Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan liseydə təhsil alan şagirdlərin xüsusi istedadlarına Mübarizin Vətən, torpaq sevgisi, döyüş şücaəti də qatılsın və onların hər biri sabahımızın mübarizləri olsunlar.
ƏDALƏT
Azərbaycan müəllimi.- 2010.- 5 noyabr.- S.5.