Nyu-York Universiteti
Yerləşir: ABŞ, Nyu-York
ştatı, Nyu-York şəhəri
Yaranma tarixi: 1831-ci il
Tipi:
Özəl
İşçi heyətinin ümumi sayı: 22041 nəfər
Tələbələrin ümumi sayı: 50917 nəfər
İanə fondunun gəlirləri: 2,43 milyard ABŞ dolları
İllik gəlirləri: 2,64 milyard ABŞ dolları
İllik xərcləri:
2,64 milyard ABŞ dolları
Rəsmi saytı: www.nyu.edu
Nyu-York Universiteti (New York University) ABŞ-ın Nyu-York ştatının
Nyu-York şəhərində yerləşən özəl
ali təhsil ocağıdır. Böyük Britaniyanın
"Times Higher Education Supplement - QS World Universities Rankings"
jurnalının 2009-cu ildə apardığı dünya
universitetlərinin reytinqinə əsasən Nyu-York Universiteti
100 ən yaxşı ali məktəb arasında 52-ci yerdə
qərarlaşıb. 2010-cu ildə "Times Higher Education World
University Rankings"-in açıqlamasına əsasən
dünyanın ən nüfuzlu universitetləri arasında
Nyu-York Universiteti 60-cı, "QS World University Rankings"-in
açıqlamasına əsasən isə 41-ci yerdədir.
"Forbes" jurnalının araşdırmalarına görə
Nyu-York Universiteti milyarder məzunlarının sayına
görə ilk yerlərdən birini tutur. Universitet Şimali
Amerikanın elmi-tədqiqat universitetlərini birləşdirən
Amerika Universitetləri Assosiasiyasının üzvüdür.
Tarixi
1830-cu ildə Nyu-York şəhər
meriyasında üç gün davam edən "Ədəbi
və elmi konvensiya" çərçivəsində 100-dən
çox nümayəndə London Universitetinə oxşar bir
ali təhsil müəssisəsi yaratmaq qərarına gəlir.
Yeni universitet yaradıcıları məqsədlərini həyata
keçirmək üçün ştat və şəhər
rəhbərliyindən maddi dəstək istəyir, lakin
onların müraciəti etirazla qarşılanır. Öz vəsaitləri
hesabına 100000 ABŞ dolları toplayan təsisçilər
özəl kollec yaradır və ABŞ-ın
üçüncü prezidenti Tomas Ceffersonun vaxtında xəzinə
katibi olmuş Albert Qallin kollecin prezidenti təyin edilir. Lakin
bir il sonra kollecin proqramı ilə bağlı ziddiyyətli vəziyyət
yarandığı üçün o, istefaya göndərilir.
1831-ci il aprelin 21-də yeni
yaradılan ali məktəb Nyu-York ştatı qanunvericilik
orqanı tərəfindən universitet statusu qazanır. Bir il
sonra dünyəvi Nyu-York Universiteti icarəyə
götürdüyü dördmərtəbəli Klinton
binasında ilk dərslərinə başlayır. 1835-ci ildə
universitetin hüquq fakültəsi, eləcə də peşə
məktəbləri açılır. Bir müddət sonra
universitetin Vaşinqton-Skverdə yerləşən əsas
kampusunda tələbə sıxlığı
yarandığı üçün Nyu-York şəhərinin
Bronks rayonunda yeni Hayts kampusu istifadəyə verilir. Bu kampusa
universitet 1894-cü ildə kansler Henri Mitçell MakKrakenin rəhbərliyi
altında köçür. Tədricən universitet bu kampusda
yerləşdirilir. 1914-cü ildə yalnız universitetin
Hüquq Məktəbi Vaşinqton-Skverdə qalır.
1960-cı illərin sonu,
1970-ci illərin əvvəlində Nyu-York ştatını
maliyyə böhranı bürüyür. Böhran Nyu-York
Universitetindən təsirsiz ötüşmür. 1973-cü
ildə universitetin prezidenti Ceyms Maknoton Hester ali məktəbin
iflasının qarşısını almaq üçün
Hayts kampusunu satır. Universitet bütünlüklə
Vaşinqton-Skverə köçür.
Ötən əsrin 80-ci illərində
Nyu-York Universiteti keçmiş şöhrətini bərpa
etmək məqsədi ilə 1 milyard dollarlıq layihə həyata
keçirir. Layihə işləri 15 il üçün nəzərdə
tutulsa da, 10 ilə tamamlanır. Bununla da təhsil
ocağının yeni inkişaf dövrünün əsası
qoyulur. 2003-cü ildə isə universitetin prezidenti Con Sikston
ali məktəbin kafedraları və maliyyə
resurslarının inkişafı üçün 2,5 milyard
dollarlıq layihə proqramı qəbul edir. Hazırda Nyu-York
Universiteti sürətli inkişaf yolunda uğurla irəliləməkdədir.
Büdcə və təhsil haqqı
2009-2010-cu tədris ilində
Nyu-York Universitetinin illik gəlirləri və xərcləri
2,64 milyard ABŞ dolları təşkil edib. Ötən dərs
ilində universitetin İanə fondunun gəlirləri isə
2,43 milyard ABŞ dolları olub.
Nyu-York Universitetində təhsil
haqqı tələbənin oxuduğu məktəb, kollec və
ixtisasdan asılı olaraq dəyişir. Bu ali məktəbdə
təhsil alan tələbəyə təhsil haqqını
çıxmaq şərti ilə ildə yaşayış
yeri ilə təmin olunması və qidalanması
üçün (kampusdan kənarda) 21840, tibbi
sığortası üçün 1360, kitab və dərs ləvazimatları
üçün 950, nəqliyyat üçün 800, şəxsi
xərcləri üçün isə 4316 ABŞ dolları
lazımdır.
Nyu-York Universitetində tələbələrə
müxtəlif təqaüdlər təklif olunur. Təqaüd
tələbəyə təhsildə, idman və digər sahələrdə
göstərdiyi nəticələrə görə, eləcə
də maddi vəziyyəti çətin olanlara verilir. Federal
Pell Qrantının məbləği payız və yaz semestrlərində
2000-8000, əcnəbi tələbələrə verilən təqaüdün
məbləği 1000 ABŞ dollarından başlayır.
Universitet bu gün
Nyu-York Universitetinin
binaları 229 akr ərazini əhatə edir. Universitetin əsas
binası Nyu-York şəhərinin Vaşinqton
(Vaşinqton-Skver) meydanında, qədim Qrinviç-Villic məhəlləsində
yerləşir. Vaşinqton-Skver Nyu-York Universitetinin qeyri-rəsmi
simvolu hesab olunur. Bu kampusda universitetin Silver (əsas bina), Braun,
Blok Yudson Holl, Vanderbilt Holl, Taunhauz Rou korpusları, Kaufman
Menecment Mərkəzi, Torç Klubu, Elmer Horms Bobst
kitabxanası, eləcə də yeni tikilmiş Kimmel tələbə
mərkəzi, Nyu-Yorkun ən böyük teatrının yerləşdiyi
Skyorboll Mərkəzi və Fyorman Holl mövcuddur.
Universitetin Vaşinqton-Skver
kampusundan əlavə Politexnik İnstitutunun yerləşdiyi
Bruklin kampusu, Tibb korpusu, Nelson Ekologiya Tibb İnstitutunun yerləşdiyi
Sterlinq-Forest, Fasiləsiz Təhsil mərkəzinin yerləşdiyi
Vulvort binası, ABŞ-dan kənarda isə Florensiya, Abu-Dabi,
London, Paris, Praqa, Şanxay, Təl-Əviv, Buenos-Ayres və digər
şəhərlərdə korpus və mərkəzləri
mövcuddur.
Nyu-York Universitetinin yataqxana
sistemi böyüklüyünə görə ABŞ-da
yeddinci yerdə dayanır. Xüsusi ilə burada bakalavrlar
üçün otaq tapmaq çox asandır. Onların istifadəsinə
ayrılmış 21 binanın çoxu Vaşinqton-Skverdə
yerləşir. Yuxarı kurs tələbələri
üçün nəzərdə tutulmuş yataqxanalar
Yunion-Skver rayonunda cəmlənib. Yataqxanaların əksəriyyəti
qədim binalardan ibarət olmasına baxmayaraq, buradakı
otaqlar genişliyi və rahatlığı ilə fərqlənir.
Nyu-York Universiteti yataqxana sistemi mövcud imkanlarına görə
2007-ci ildə Milli Kollec və Universitet Yataqxanaları
Assosiasiyası tərəfindən yüksək qiymətləndirilib.
Universitetin
ixtisaslaşmış və güclü akademik mühitə malik məktəb,
kollec, institut və mərkəzləri tədris
ocağında aparılan mühüm elmi təcrübə və
tədqiqatlarının, tədris prosesinin həyata
keçirildiyi əsas məkandır. Universitetə bakalavrlar
üçün İncəsənət və Elm Kolleci,
Qallatin İndividual Tədris, Tiş İncəsənət,
Steynhardt Mədəniyyət, Təhsil və İnsan
Potensialının İnkişafı, Silver İctimai Fəaliyyət,
Leonard Stern Biznes məktəbləri, Nyu-York Universiteti
Politexnik İnstitutu (bu məktəblərin əksəriyyətində
diplomdansonrakı təhsil də mümkündür), magistr,
doktorant və təhsilini davam etdirmək istəyənlər
üçün isə Kurant Riyaziyyat Elmləri-Riyaziyyat,
Kurant Riyaziyyat Elmləri-İnformatika, Kurant Riyaziyyat Elmləri-Atmosfer,
Okean Tədqiqatları, Təsviri İncəsənət, Qədim
Dünya Tədqiqatları institutları, Robert Vaqner Dövlət
Siyasəti Ali, Robert Preston Tiş Fasiləsiz Təhsil və
Peşə Təhsili, Hüquq, Tibb, Sinay Dağı Təbabəti
məktəbləri, Stomatologiya kolleci, 100-dən çox
elmi-tədqiqat mərkəzləri daxildir.
Nyu-York Universiteti çox zəngin
və maraqlı kitabxana sisteminə malikdir. 9 kitabxanadan ibarət
olan bu sistemə 5,1 milyondan çox material daxildir. Onların
arasında ən böyüyü 1967-1972-ci illərdə
tikilmiş Elmer Holms Bobst kitabxanasıdır. 12 mərtəbəli
binada yerləşən kitabxana 4,5 milyon cild kitaba, 58000
dövri nəşr, 5,4 milyon mikroform, minlərlə elektron
resursa malikdir. Kitabxananın İnternet saytına gündə
7400-dən çox istifadəçi daxil olur. Bobst
kitabxanasında iki xüsusi kolleksiya və arxivdən ibarət
- ədəbiyyat, kulinariya və qida üzrə
ixtisaslaşmış Fales, avanqard mədəniyyət üzrə
ixtisaslaşmış Tomiment, eləcə də Everi Fişer
Musiqi və Media, Barbara Holdsmit Audio və Vizual materiallar
bölmələri mövcuddur. Kitabxananın kompüterlə
təchiz edilmiş 2500 yerlik oxu zalı var.
Universitetin digər
kitabxanalarından Hüquq, Frederik Erman Tibb, Uoldmann Memorial, SCPS
Cek Braus, Qədim Dünya Tədqiqatları İnstitutu, Kurant
Riyaziyyat Elmləri İnstitutu, Təsviri İncəsənət
İnstitutu kitabxanalarını qeyd etmək olar.
Nyu-York Universiteti gündəlik
"Vashington Square News" qəzeti, yumoristik "The
Plague" jurnalı,
"Vashington Square Review" və "The Minetta Review"
ədəbi jurnalları, eləcə də hər il 100-dən
çox kitab nəşr etdirir. Universitetdə 350-dən
çox tələbə klubu və təşkilatı, idman
komandası, elmi və yaradıcı birliklər fəaliyyət
göstərir.
Tələbələr təhsil
ocağında mövcud olan bir sıra ənənələri
bu gün də qoruyub saxlayırlar. Tələbələr
"Açıq qapı həftəsi" tədbirində
iştirak edir, Alma, Çiyələk (tədbirin kulminasiya
hissəsində Nyu-Yorkda ən uzun çiyələk piroqu gətirilir)
bayramları, Bənövşəyi bal (Bobst
kitabxanasının atriumunda rəqslər), ildə iki dəfə
sessiyalar başlamazdan əvvəl "Gecə yarı səhər
yeməyi" (universitet tərəfindən tələbələr
üçün qonaqlıq) və digər mərasimlər təşkil
olunur. Bütün bunlar tələbələrin həyatının
daha maraqlı olmasına xidmət edir, universitetdəki birlik və
həmrəylik mühitini möhkəmləndirir. Ali məktəbin
idman komandaları "Bənövşəyi" adlanır və
bu rəngdə idman forması geyinir. Ümumiyyətlə,
Nyu-York Universitetinin rəngi ağ və bənövşəyi,
talismanı isə Amerika vaşağıdır.
Nyu-York Universiteti öz ərazisinin
yaşıllaşdırılması üzrə mühüm
nailiyyətlər əldə edib. Bu ali məktəb son
zamanlar ABŞ-da ən çox külək enerjisi alan təhsil
müəssisəsidir. Burada avtomobillərin hərəkətinə
məhdudiyyətlər qoyulur və nəqliyyat vasitəsi kimi
velosipedə üstünlük verilməsi tövsiyə
olunur. Hər il çoxlu sayda ağac əkilir, tullantılar
təkrar emala göndərilir.
Universitetin prezidenti, professor
Con Edvard Sikston, prorektoru Devid Maklaflin, icraçı direktoru isə
Mixael Alfanodur. Nyu-York Universitetində ümumilikdə 22041 nəfər
işçi çalışır. Onların 6755 nəfərini
akademik, 15286 nəfərini isə inzibati heyət təşkil
edir. 2009-2010-cu tədris ilində universitetdə ölkənin
50 ştatından və dünyanın 136 ölkəsindən
ümumilikdə 50917 nəfər tələbə təhsil
alıb. İndiyə qədər universiteti bitirmiş məzunların
sayı 350000-dən çoxdur. Onlardan 33-ü Nobel, 3-ü
Abel (Norveç kralı tərəfindən
riyaziyyatçılara təqdim edilir), 16-sı Pulitser, 19-u
Oskar və digər mükafatlara layiq görülüb.
"2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" çərçivəsində
Nyu-York Universitetində bir azərbaycanlı gənc - Cəfərov
İsmayıl Cəfər oğlu riyaziyyat ixtisası üzrə
magistratura pilləsində təhsil alır.
Nyu-York Universitetinin əsas
missiyası elmi nəticələrə nail olmaq və onu
başqalarına çatdırmaqdan ibarətdir. Bu məqsədlə
universitetdə yüksək səviyyəli pedaqoji və
praktik təhsil resursları yaradılıb. Nyu-York
Universitetinin şüarı belədir: "Ciddi məşğul
olmağa davam etmək və ötüb keçmək".
Universitetin pezidenti Con Edvard Sikston deyir: "Şəhərimiz
dünyanın paytaxtına çevrildiyi kimi, biz
çalışırıq ki, universitetimiz də
dünyanın bir nömrəli ali məktəbi
olsun".
Universitetin məşhur məzunları
Bellami Karol YUNİSEF-in sabiq
icraçı direktoru
Dimas Stavros Ətraf mühit üzrə Avropa
Komissarı
Aleksandr Lamar ABŞ-ın sabiq təhsil
naziri
Çen Yevqeni Tayvanın xarici işlər
naziri
Məhəmməd Əl
Bəradeyi sülh üzrə Nobel
mükafatı laureatı
Eliu Rut sülh üzrə Nobel mükafatı laureatı
Hayek Fridrix iqtisadiyyat üzrə Nobel
mükafatı laureatı
Culius Akselrod tibb və fiziologiya üzrə Nobel mükafatı
laureatı
Qertruda Elion tibb və fiziologiya üzrə Nobel mükafatı
laureatı
Erik Kandel tibb və fiziologiya üzrə Nobel mükafatı
laureatı
Kornberq Artur tibb və fiziologiya üzrə Nobel mükafatı
laureatı
Corc Palade tibb və fiziologiya üzrə Nobel mükafatı
laureatı
Corc Uold tibb və fiziologiya üzrə Nobel mükafatı
laureatı
Yallou Rozalin tibb və fiziologiya üzrə Nobel mükafatı
laureatı
Frederik Reyns fizika üzrə Nobel mükafatı laureatı
Klifford Şull fizika üzrə Nobel mükafatı laureatı
İrvin Rouz kimya üzrə Nobel
mükafatı laureatı
Çelsi Klinton Bill və Hillari Klintonların qızı
Kiçik Con Kennedi ABŞ-ın 35-ci prezidenti
Con Kennedinin oğlu
Kristina Federika de Burbon İspaniya şahzadəsi
Hazırladı: Lamiyə ƏLİYEVA
Azərbaycan müəllimi.- 2010.- 12 noyabr.- S.6.