Azərbaycanın Milli
Qəhrəmanları
Makeyev İqor Vladimiroviç
1971-ci il oktyabrın 27-də Gəncə şəhərində anadan olmuşdu. 1987-ci ildə Kəpəz rayonundakı 39 nömrəli orta məktəbin səkkizinci sinfini bitirmiş, 1987-1990-cı illərdə 8 nömrəli texniki peşə məktəbində avtomobil çilingəri peşəsinə yiyələnmişdi. Sonra Rusiyanın Rostov vilayətinə göndərilmiş, orada 6 ay hərbi məktəbdə təhsil almışdı. O, yenidən Bakıya qayıdaraq DİN-in qoşun hissələrinin birində qulluq etməyə başlamışdı. Həyatını cəbhəyə bağlayan cəsur döyüşçü tez bir zamanda bütün silahlardan istifadə etməyi öyrənmişdi. 1992-ci il iyunun 5-də erməni quldurları Naxçıvanik kəndinə qəflətən hücuma keçərkən İqor da öz postunda sayıq dayanaraq yağı düşmənlə ölüm-dirim savaşında böyük şücaət göstərmişdi.
İ.Makeyev Ağdam, Tərtər, Ağdərə uğrunda gedən döyüşlərdə də böyük igidliklər göstərmişdi. O, 1992-ci il avqustun 2-də "Vışka" yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 nömrəli Fərmanı ilə Makeyev İqor Vladimiroviç ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Mahmudov Ərəstun İspəndi oğlu
1957-ci il fevralın 23-də İsmayıllı rayonunun Pirəbilqasım kəndində anadan olmuşdu. Bakı şəhərindəki 220 nömrəli orta məktəbi bitirmişdi. 1975-ci ildə Leninqrad vilayətinin Vıborq şəhərində yerləşən Mülki Aviasiya Məktəbinə daxil olmuşdu. 1978-ci ildə təhsilini başa çatdırdıqdan sonra Azərbaycan Hava Yollarının Zabrat Aviasiya şirkətində texnik-mexanik kimi AN-2 təyyarəsində çalışmağa başlamışdı. Ərəstun 1990-cı ildən Mİ-8 vertolyotunun bort mexaniki təyin edilmiş, mütəmadi olaraq ekipajın tərkibində cəbhə bölgələrində olmuş, Dağlıq Qarabağda və Ermənistanla həmsərhəd olan rayonlarda döyüş əməliyyatlarında iştirak etmişdi.
Ə.Mahmudov 1992-ci il yanvarın 28-də Ağdam-Şuşa marşrutu üzrə əhalini təhlükəsiz yerlərə daşıyarkən vertolyotu düşmənin atdığı raketlə vurulub və o, qəhrəmancasına həlak olub.
Ailəli idi. Üç övladı var.
Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 nömrəli Fərmanı ilə Mahmudov Ərəstun İspəndi oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Təhsil aldığı 220 nömrəli orta məktəb onun adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.
Mehdiyev Fazil Umud oğlu
1966-cı il avqustun 20-də Laçın rayonunun Ələkçi kəndində anadan olmuşdu. Valideynləri Ağdamın Abdal-Gülablı kəndinə köçdüyündən 1983-cü ildə orta təhsilini həmin kənddə başa çatdırmışdı. 1984-1986-cı illərdə Sverdlovsk şəhərində hərbi xidmətdə olmuşdu. 1990-cı ildə Ağdam rayon DİŞ-də yaradılmış polis batalyonuna yazılmışdı. 1991-ci ildə Ağdərənin Canyataq, Mehmanə, Qazançı, Sırxavənd kəndlərində gedən döyüşlərdə erməniləri ağır itkiyə məruz qoymuşdu. Fazil elə həmin ilin avqustunda ermənilərin "Niva" markalı bir maşınını ələ keçirib, Ağdam RPŞ-nə təhvil vermişdi. 1991-ci il sentyabrın 23-dən 24-nə keçən gecə ermənilər böyük qüvvə ilə Abdal-Gülablı kəndinə hücuma keçmişdilər. Düşmən hücumunun qarşısını almaq üçün tələsən Fazil yolda erməni pusqusuna düşür və o, bu gərgin döyüşdə fədakarlıqla vuruşur.
F.Mehdiyev elə həmin döyüşdə də qəhrəmancasına həlak olub.
Subay idi.
Azərbaycan
Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli Fərmanı
ilə Mehdiyev Fazil Umud oğlu
ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görülüb.
Ağdam rayonunun Qarağacı qəbiristanlığında dəfn olunub. Bakının Xətai prospektində qəhrəmanın büstü qoyulub. Səbail rayonunda adına küçə var.
Mədətov Fariz
Əlövsət oğlu
1972-ci il aprelin 18-də Yevlax rayonunun Varvara kəndində anadan olmuşdur. 1989-cu ildə kəndlərindəki
orta məktəbi bitirdikdən sonra Mingəçevir şəhərində
sürücülük peşəsinə
yiyələnmişdir. 1990-cı ildə hərbi xidmətə çağırılmış,
iki il
Almaniyanın Ordruf şəhərində xidmət
etmişdir. Fariz 1992-ci ilin mayında
hərbi xidmətini başa çatdırmışdır.
Elə həmin il torpaqlarımızı
erməni işğalından
azad etmək məqsədi ilə Milli Ordu sıralarına
qoşulmuşdur. 1994-cü
ildə Tərtər rayonunun Tonaşen kəndi uğrunda gedən döyüşlərin
birində yaralanmışdır.
Müalicə olunduqdan sonra
yenidən cəbhə
bölgəsinə qayıtmışdır.
Onun mərdliyi, cəsurluğu,
vətən torpağının
bütövlüyünü qorumaq əzmi başqa döyüşçüləri
də haqq işimiz uğrunda qələbəyə ruhlandırırdı.
Fariz gərgin keçən döyüşlərdə artıq
mətinləşmiş, hərbiçi
təcrübəsinə, zəngin
döyüş taktiki
hazırlıq vərdişlərinə
dərindən yiyələnmişdir.
O, daim komandanlığın
döyüş tapşırıqlarını
məsuliyyətlə yerinə
yetirdiyinə görə
təşəkkürlərə layiq görülmüşdür.
F.Mədətov 1996-cı ildə ordudan tərxis olunaraq Yevlax Rayon Polis Şöbəsində çalışmağa başlamışdır.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Mədətov Fariz Əlövsət oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Ailəlidir.
Məmmədov Aqil
Səməd oğlu
1969-cu il iyulun 30-da Qubadlı rayonunda anadan olmuşdu. 1984-cü ildə rayonlarındakı 2 nömrəli
səkkizillik məktəbi
bitirdikdən sonra təhsilini 126 nömrəli
Xınalıq texniki peşə məktəbində
davam etdirmişdi.
Əmək fəaliyyətinə Qubadlı rayon Avtomobil Nəqliyyatı İdarəsində
başlamışdı. 1987-ci ildə Orenburq
vilayətinə hərbi
xidmətə göndərilmişdi.
Bir müddət sonra respublikamızda yaranmış vəziyyətlə
əlaqədar xidmətini
yarımçıq qoyaraq vətənə
qayıtmışdı. Qubadlı rayonunda
yaradılan özünümüdafiə
taboruna qoşulmuşdu.
"Qaranquş" kəşfiyyat dəstəsinin
məğlubedilməz döyüşçüsü
kimi tanınmışdı.
O, 1992-ci ilin iyununda girov götürdüyü
erməni zabiti ilə əsir düşmüş əsgərimizi
dəyişmişdi.
A.Məmmədov 1992-ci il avqustun 7-də Laçın rayonunun Susuzdağ yüksəkliyi uğrunda gedən döyüşdə ağır yaralanıb çoxlu qan itirdiyindən qəhrəmancasına həlak olub.
Ailəli idi. Bir övladı var.
Azərbaycan Respublikası
Prezidentinin 5 fevral
1993-cü il tarixli 457 nömrəli Fərmanı ilə Məmmədov Aqil Səməd oğlu ölümündən sonra
Azərbaycanın Milli
Qəhrəmanı adına
layiq görülüb.
Qubadlı rayonunda Şəhidlər
xiyabanında dəfn olunub. Təhsil aldığı 2 nömrəli orta məktəb onun adını daşıyır.
Hazırda həmin məktəb
Sumqayıt şəhərində
fəaliyyət göstərir.
Qubadlıda və Gəncədə adına küçə
var.
Milli Qəhrəmanlar
Beynəlxalq İnformasiya
Mərkəzinin materialları
əsasında hazırladı:
Ədalət DAŞDƏMİRLİ
Azərbaycan müəllimi.- 2010.- 12 noyabr.- S.7.