Böyük alim və mütəfəkkir
Mirzə Məhəmmədəli
Hacı Qasım oğlu Kazımbəy
(Əvvəli ötən sayımızda)
Fuksun həyat yoldaşı
Aleksandra Andreyevna Fuks tanınmış şair T.P.Kamenevin
bacısı qızı idi. O, şairə idi. Rus dilini
öyrənməkdə Kazımbəyə Aleksandra Andreyevna
kömək edirdi. Qaynar Kazan həyatı Kazımbəyi
qucağına almışdı. Kazımbəyin universitetdə oxuduğu mühazirələr
bir-birindən maraqlı olduğundan tələbələr
onu acgözlüklə dinləyirdilər. Mirzə Kazımbəy
gündə 16 saatdan çox mütaliə edir və yazı-pozu
ilə məşğul olurdu. Onun Kazan Universitetində işlədiyi
dövrdə universitetin elm, siyasət, tərbiyə və digər
sahələr üzrə ab-havası bir o qədər də qənaətbəxş
deyildi. K.F.Fuks vəfat etdikdən sonra bu vəziyyəti
çarizmin sadiq nökərlərindən olan L.M.Maqnitski
yaratmışdı. O, 1819-1826-cı illərdə Kazan təhsil
dairəsinin Rus çarı I Aleksandr tərəfindən popeçiteli vəzifəsinə
təyin olunmuşdu. Nəhayət, təxminən, 20 ilə
yaxın (1827-1846-cı illər) görkəmli rus
riyaziyyatçısı və materialist alimi
N.İ.Lobaçevski iyul ayının 30-da səsvermə nəticəsində
universitetin rektoru seçilir. O,
ümumiyyətlə mütərəqqi fikirli, xeyirxah,
materialist, vətənpərvər və həqiqətə
uyğun olmayanlarla barışmayan bir insan idi. N.İ.Lobaçevski
1828-ci il iyulun 5-də universitetin təntənəli
yığıncağında söylədiyi nitqdə
üzünü tələbələrə və professorlara
tutaraq bildirdi ki, "Bu binaya ayaq basan gənclik burada hər
hansı fikirdən məhrum olan bir cümlə də
eşitməyərək müəyyən əhəmiyyəti
olmayan bir söz də onun qulağına çatmayacaq. Burada bekarçılıq
nəticəsində uydurulan şeylər deyil, həqiqi mənada
mövcud fənlər öyrəniləcəkdir. Burada dillərin
və tarixi biliklərin köməyi ilə dəqiq elmlər
və təbiət elmləri tədris olunacaqdır".
Mirzə Kazımbəyin 2 il ərzində bir alim kimi keçdiyi inkişaf yolunu müşahidə edən rektor Mirzə Kazımla yaxşı münasibətdə olmaqla tezliklə onunla dostlaşdı. O, bir dəfə Kazımbəyə demişdi: "İnsan səhv edər, yalnız dəlilər dediklərindən dönmürlər".
Tezliklə Kazımbəy Lobaçevskilər ailəsinin ən sevimli qonağı oldu. Belə bir vəziyyəti görən bəzi alimlər paxıllıq edirdilər. Belə hallarda Kazımbəy rektora deyirdi: "Qulaq asın, Nikolay İvanoviç, paxıllıq haqqında Nəsirəddin Tusinin "Əxlaqi-Nasirindən" sizə bir parça oxuyum:
- "Paxıl ən şər adama deyirlər və o, həmişə qəmli olar, çünki xalqın xeyrini görəndə kədərlənər... Paxıllığın ən murdar təhlükəli növü alimlər arasındadır... Elmdə paxıllıq ehtiyacdan deyil, adamın zatından doğulur". Lobaçevski isə cavabında: "Gözəl deyilib, çox gözəl deyilib!" söyləmişdir.
Mirzə Kazımbəy Kazan Universitetində işlədiyi dövrdə elmi iş və tədris işləri ilə bərabər mütərrəqi adamlarla, şairlərlə, Kazana gələn qonaqlarla, A.S.Puşkinlə görüşmüş və əlaqə saxlamışdır. Hələ 17 yaşlı Lev Nikolayeviç Tolstoyu universitetə hazırlamışdır. 1838-ci il oktyabrın 19-da Kazımbəyin atası vəfat etmiş və 1839-cu ilin qışında ögey qardaşı Əbdülsəttar Kazımbəyin yanına gəlir. Həmin ilin 18 oktyabrında Əbdülsəttar Kazan Universitetinə ilk Azərbaycan dili fənnini tədris edən müəllim kimi daxil oldu.
Mirzə Kazımbəy Kazanda yaşadığı 23 ildə Peterburq həsrəti onun üçün şirin bir röyaya çevrilmişdi. O, yazırdı ki, "Peterburq mənim təsəvvürümdə əfsanəvi, əlçatmaz bir şəhərə çevrilib. Peterburq həyatı tamam başqa bir aləmdir. Mən həmişə Peterburqu görmək, orada fəaliyyət göstərmək fikri ilə yaşamışam".
Kazımbəy Peterburqa getməkdə kübar cəmiyyət kimi yaşamaq fikrində deyildi. Böyük dərya gəmiləri açıq dənizdə üzmək üçün yaranır. Mirzə Kazımbəy də çalışırdı ki, böyük şəhərdə böyük iş görsün. Nəhayət, A.S.Puşkinin, L.N.Tolstoyun, H.İ.Lobaçevski və digər mütərrəqi şəxslərin köməyi ilə 1849-cu ildə arvadı Proskovya Aleksandrovna, qızı Olqa, oğlu Aleksandr Peterburq universitetində işləmək üçün yola düşdülər. Onlar oktyabr ayının 30 -da Peterburqa çatdılar. Bir gündən sonra o, Mirzə Cəfər Topçubaşovla görüşərək həmsöhbət oldu. Mirzə Kazımbəy onun kafedrasında işləməyə başladı. Mirzə Cəfər vəfat etdikdən sonra qəzetlər yazırdılar: "Universitetdə Mirzə Cəfəri Kazımbəy əvəz edəcəkdir". O zaman Peterburqda belə deyirdilər: "Fars dili kafedrasında Mirzə Cəfəri zəmanəmizin ən görkəmli adamlarından biri, təkcə bizdə yox, bütün Asiyada və bütün Avropada tanınmış asiyalı, dərin müsəlman təhsili almış və bu təhsili əsaslı surətdə Avropa elmi ilə birləşdirə bilmiş, eyni dərəcədə ərəb, fars, türk dillərini və habelə ingilis, fransız və rus dillərini bilən və bütün bu dillərdə yazan,əsərlərini çap etdirən, Kazanda 23 illik zəhmətindən sonra oranın ümumi məhəbbətini və hörmətini qazana bilmiş Kazımbəy əvəz etdi".
Baxmayaraq ki Kazımbəyi Rusiya oğulluga götürmüşdü, lakin o, vətənini, xalqını heç vaxt unutmurdu. O yazırdı: "Vətən nədir? Vətən haradan başlayır, harda qurtarır? Deyirlər, Vətən anadır. Ananın doğması da olur, ögeyi də. Bəs Vətənin ögeyi Vətən varmı? Anası ölənə yetim deyirlər. Bəs Vətənsizə? Çox vaxt atalı-analı yetimlər olur. Bəlkə Vətən yalnız doğulduğun yerdir, ya səni dünyaya gətirənlərin yeridir, hərçənd ki, sən oranı heç görməmisən. Bəlkə Vətən o torpaqdır ki, sənə ana kimi süd verib, ata kimi çörək. Səni yetişdirib böyüdüb. Ana ilə Vətənin bir fərqi var! Ögey ana olur, amma ögey Vətən olmur. Sonradan sənə qismət olmuş, sənin əlindən tutmuş, sənə analıq etmiş uzaq bir ölkəyə ögey vətən deməzlər, ikinci Vətən deyərlər. Vətənsiz insan varmı? İnsanı Vətəndə cəlb eləyən nədir? Onun insanlarıdırmı, ya torpağı, daşı? Hər şeyi - insanları da, daşı da, suyu da, çörəyi də. Lap çılpaq qayaları da, daşları da. Ona görə insana bu yerin Vətən daşı - vətəndaşı deyirlər. Nizami Gəncəvi ömrü boyu Vətən torpağına bağlı qaldı, heç zaman onu tərk etmədi, heç ziyarətə də getmədi. Onun doğulduğu, böyüdüyü, yaşayıb yaratdığı Gəncə torpağı ömürlük müqəddəs oldu. Kazımbəyin vətəni Dərbənd idi, doğma Azərbaycanın bir guşəsi. Onun qələmə aldığı "Dərbəndnamə" əsəri də Vətənə olan böyük məhəbbətinin təzahürü idi".
Mirzə Kazımbəy Peterburqda həyat yoldaşı Proskovya Aleksandrovnanı ağır xəstəlikdən sonra itirmişdi. O, iki uşaqla tək qalmışdı - qızı 11 yaşında, oğlu 10 yaşında idi. Mirzənin də 52 yaşı tamam olmuşdu. Mirzənin dərdi böyük idi. Ancaq atasının sözləri qulaqlarında həmişə səslənirdi: "Arvadsız ev - susuz dəyirman, heç bir fərqi yoxdur. Ancaq uşaqsız ev məzardır, uşaqlı ev bazardır".
O, atasının bu sözlərinə görə bir qədər təskinlik tapırdı. Mirzə həmişə müdriklərin dediyi kəlamı əsas tuturdu. "Ağıldan borc istəyən insan heyvandan pisdir".
Mirzə Kazımbəy Vətənini, ailəsini,
xalqa xidmət etməyi çox istəyirdi. O deyirdi: "Bütün
insanların Vətənə və saf ailəyə
ehtiyacı var. Bunu hər adam başa düşməz, hər
adam dərk etməyə qadir olmaz. Bunu böyük sərkərdə
Napoleon da dərk edə bilməmişdir. Dərk edə bilsəydi,
yazmazdı ki, "Mənim Fransaya ehtiyacım yoxdur,
Fransanın mənə ehtiyacı var". Mirzə, bu dəmdə
ailəsi Proskovya ilə keçirdiyi günləri yadına
saldı. Yaxşı günlər də olub, ağır
günlər də. Aralarında sədaqət olub, inam olub.
Düz deyiblər, əri arvadıyla sınaqdan
çıxarmaq olar, arvadı da əriylə. Məhəbbət
tələb edir. Ağır günlərdə arzularla
yaşayıblar, arzular da onları yaşadıb. Onlar təsəllilərini
əməkdə görüblər. Mirzə Proskovyanı
çox sevirdi. Necə deyərlər: "Ərlə
arvadın xəmiri bir yerdə yoğrulur". Onlar kasıb
dolanıblar, ancaq gülər üzləri olub.
Mirzənin həyat
yoldaşı, qeyd etdiyimiz kimi, öləndən sonra o, evlənmədi. Baxmayaraq
müxtəlif şayiələr danışırdılar,
Mirzə ancaq elmlə və uşaqların taleyi ilə məşğul
idi. O deyirdi: "Fikir elmin atasıdır, söz
anası, yazı isə onun həyatıdır. Əlbəttə, sözsüz bəşəriyyət
bir boşluqdur. Ən qiymətli söz
yerində deyilmiş sözdür. Yerində deyilməmiş
söz əyri kamandan atılan oxa bənzəyir. Sözün
ən qüdrətlisinə müdrik söz deyirlər. Onu da
demək hər kişiyə qismət olmur. Müdrik söz
cavahirə bənzəyər. Söz var
bütöv, söz var yarımçıq, söz var ürək
bulandırar, söz var taqətsizi ayağa qaldırar, söz
var ölumə gətirib çıxarar, söz var insana elə
güc, elə qüvvət verər ki, o, ölümlə
üz -üzə gələr və qorxmaz. Bəd
söz tez yayılar, adi söz addım-addım
addımlayar". Kazımbəy dediyi sözün sahibi idi.
Bəli, Peterburq həyatı
Kazımbəyə yeni dostlar, tanışlar bəxş
etmişdir. Onlardan Nekrasov, Çernışevski, Puşkin,
Lermontov, Belinski, Şeyx Şamil universitet həmkarları,
mütərrəqi şəxslər, jurnal və digər mətbuat
xadimləri var idi.
Mirzə Kazımbəyin dediyi kimi, ən maraqlı tanışlıq və görüşü Şeyx Şamillə olmuşdur.
Şeyx Şamil Mirzə Kazımbəyin hüzuruna getməyi özünə şərəf bilmişdir. Şeyx Şamil və Mirzə Kazımbəy həmişə arzulamışlar ki, bir-biri ilə görüşsünlər. Bu arzular uzun çəkməmişdir. Nəhayət, 1859-cu il oktyabrın 3-də Şeyx Şamil oğlu ilə birlikdə Kazımbəylə görüşmüşlər. Həmin ayın 6-da isə Kazımbəy Şeyx Şamilin köməkçiləri vasitəsilə məktubunu almışdır. Şamil Kazımbəydən bir neçə özünə lazım olan kitabı istəmiş və Kazımbəy həmin kitabları Şamil üçün göndərmişdir.
Nəhayət, oktyabrın 7-də Şeyx Şamil özü üçün ayrılmış yaşayış yerinə - Kaluqaya yola düşmüşdür.
Şeyx Şamil kimdir?: - Dünya xalqlarının azadlıq mübarizəsinin qəhrəmanları çoxdur. Lakin onlardan heç də hamısı tarixə Şeyx Şamil qədər həyəcanlı və parlaq səhifələr bəxş etməmişdir.
Şamil 9 iyul 1797-ci ildə Dağıstanın Kimri aulunda Dəngi Məhəmmədin ailəsində anadan olmuşdur. Gənc
yaşlarında məşhur qumuq şairi Şeyx Cəmaləddindən
və başqalarından təhsil almışdır. Şeyx
Şamil Dağıstan və Çeçenistanda çar
müstəmləkəçiliyinə qarşı 40 ilə
qədər davam edən mübarizənin rəhbəri, ərəb
ədəbiyyatının gözəl bilicisi,
XIX əsrin 20-ci illərindən Qazı Məhəmmədin,
sonralar isə Həmzə bəyin sirdaşlarından biri
olmuş, 1835-ci ildə imam seçilmiş, Dağıstan,
çeçen xalqlarının milli qəhrəmanı,
yüksək təşkilatçılıq, natiqlik, şəxsi
igidliyi olan vətənpərvər bir insan kimi tanınmışdır.
General Baryatinskinin 360 minlik qoşunu ilə Qunib-aulunda 1859-cu ilin 26 avqustunda fəxri şərtlərlə
ruslara təslim olunmuşdur. O, ailəsi ilə birlikdə
Kaluqaya göndərilmişdir. 1870-ci ildə II Aleksandrın
icazəsi ilə o, Məkkəyə ziyarətə gedir. Rəvayətə
görə o, Məkkəyə çatmamış Mədinədə
vəfat etmişdir.
O, dönüş zamanı
öz müridlərinə müraciət edərək deyirdi:
"Ata, babalarımız başlarında papaq,
üzlərində bığ gəzdiriblər və vətənin
qorunub saxlanılmasını da bacarıblar. Siz də papaq,
bığ gəzdirirsiniz, gərək xalqını, millətini
və
torpaqlarını göz
bəbəyi kimi qoruyasınız".
40 il rus
ali məktəblərində mühazirə oxuyan Kazımbəy
rus ədəbiyyatının klassikləri də onun diqqət
mərkəzində idi. Alim Puşkinin, Nekrasovun, Belinskinin,
Lermontovun,
Çernışevskinin,
Qriboyedovun, Qoqolun, Karamzinin
və digərlərinin əsərlərini dərindən
öyrənir və onları digər dillərə tərcümə
edirdi.
Bir gün
M.Kazımbəy evində buxarının qabağında oturub
dərin fikrə dalmışdı. Alovun
işığında yaranmış kölgələr
bir-birinin ardınca qaçır, sanki alimi onun
düşüncələrindən ayırmağa
çalışırdılar. Bu zaman atasının ona
dəfələrlə təkrar etdiyi müdrik sözlər
qulağında səsləndi: "Bu həyat bizə hədiyyə
verilib, əmanət verilib. Bir gün gəlib əmanəti
istəyəcəklər".
Doğrudur istəyəcəklər.
İstəyəndə də soruşarlar ki, de
görək bu əmanətdən necə istifadə etmisən.
Kazımbəy yaxşı başa
düşürdü ki, hələ çox işi
yarımçıq qalıb, hələ deyilməmiş
sözü çoxdur, yazılmamış səhifələri
var və qatı açılmamış kitablar onu gözləyir.
O, elmlə
yaşayırdı. Elə əsərlər
yazdı ki, xalqına, vətəninə xidmət etsin. Belə
deyirlər: "Xoşbəxt o adamdır ki, şöhrəti
onun özündən çox yaşasın". Kazımbəy
deyirdi: "Sən özün sərbəst
olmaqla iş bitmir, çalış ətrafındakılar səndən
asılı olsunlar, onların sərbəstliyini əlindən
al, düşünməyə qoyma, qoy onlar sənə baş
əysin, səndən çəkinsinlər, qorxsunlar. Əlbəttə
elmdə, düşüncədə, hörmətdə,
yaxşılıqda, insanlara münasibətdə,
ağılda, bir sözlə, bütün müsbət fikirlərdə".
O deyirdi: "Qərb öz siyasətilə Asiyada maarifi bərpa
edə bilməz... Ölkənin islahatları ölkənin
özündə doğulmalıdır".
M.Kazımbəy
bir sıra əsərlər yazmışdır. Onlardan "Azərbaycan
dilinin qrammatikası", "Firdovsiyə görə fars
mifologiyası", "Bab və bablar", "Dərbəndnamə",
"İslamın tarixi", "Müridizm və
Şamil", "Azərbaycan tarixi haqqında oçerklər",
"Azərbaycan sözünün mənası", "Ərəb
dilinin qrammatikasından tərcümələr",
"Avesta və onun Azərbaycanla əlaqəsi",
"Türk-tatar dilinin qrammatikası" və s. göstərmək
olar.
Bir sözlə, M.Kazımbəy elmlə
məşğul olmuşdur. M.Kazımbəy
yazır: "Mən elm, maarif, mədəniyyət və tədrisdən,
digər sahələrdən, hadisələrdən tam xəbərdaram".
Əgər Məhəmməd peyğəmbər xalqı elmə
çağırıb və elm qapılarını
onların üzünə açıbsa da yenə elmin,
maarifin və digər sahələrin məqsədinin nədən
ibarət olduğunu aydınlaşdırmaq lazımdır. Əvvəla
bu məsələlərin cavabını imamlara istinad edilən
hadisələrə əsasən verək və sonra isə
işin həqiqətinə diqqət ilə baxaq: Əvvəl
"Misbahüş-şəriknə" kitabında İmam
Sadiq Əleyhissalamın adından deyilir: "Elm hər halətin
kökü və hər bir yüksək mənzilin nihayətidir.
Peyğəmbər buyurmuşdur ki, elmi (ibadət və yəqin
elmin) istəmək hər bir müsəlman kişi və
qadının borcudur". İmam Əli buyurubdur: "Elmi
Çində də olsa tələb et. Bu da öz nəfsini
bilməkdən ibarətdir ki, onun vasitəsi ilə
böyük Allahı tanımış olarsınız".
Peyğəmbərlər buyurubdur ki, bir adam öz nəfsini
tanıyırsa, Allahı da tanıyar.
Böyük alim Mirzə
Kazımbəy həmişə deyirdi: "Yüz dəfə
oxumaqdansa, bir dəfə görmək yaxşıdır".
O, səfərə
çıxmaq üçün çar Rusiyasının
yüksək rütbəli şəxslərindən icazə
ala bildi. 1869-cu il mayın 2-də Kazımbəy səfərə
çıxmaq üçün Peterburqa "İngilis
sahili" adlanan yerə gəldi. Qohum-qardaşlarla, dostlarla
görüşdülər, bu vida dəqiqələri
Kazımbəyə çox ağır idi. Gözləri
doldu... Yolçu yolda gərək... Xırda gəmilərə
minib, Kronştadta yola düşdülər. Kronştadtda
onları "Prosski Oryol" gəmisi gözləyirdi.
Üzərində
Prussiyanın sarı-qara bayrağı dalğalanan nəhəng
gəmi ağır-ağır nəfəs alıb yerindən
tərpəndi. Gəmi nəhayət Fin körfəzinin
dalğalarını yarıb açıq dənizə
çıxdı, Ştettin şəhərinə
üz tutdu...
Nəhayət,
Kazımbəy Ştettində qatara minib Berlinə yola
düşdü. O, Almaniyadan sonra Fransaya, Londona və Avropanın bir
sıra iri və xırda şəhərlərinə səyahət
etmişdi. Kazımbəy 1869-cu il
noyabrın 1-də altı aylıq səfərdən sonra
Kronştadtda doğma torpağa ayaq basdı. O, səfərdən
qayıdandan sonra xəstəliyi imkan vermədi ki, tam
gücü ilə işləsin.
Mirzə Kazımbəy 1870-ci il xəstəliyinə görə noyabrın 7-də universitetin rektoruna məktub göndərdi. Məktubda yazılmışdı: "Mənim xəstəliyim getdikcə güclənir. Şərq dilləri fakültəsinin dekanlığına rəhbərlikdən imtina etməyə məcburam. Xahiş edirəm yeni dekanın seçilməsi barədə göstəriş verəsiniz". Universitetin rektorluğu M.Kazımbəyi həmin vəzifədən azad etmədi. Hələ alimin ölümündən 18 il sonra da dekanlıq vəzifəsi boş qaldı.
Böyük alim xəstə olarkən çarpayısının başında sevimli qızı Olqa, oğlu Aleksandr və çarpayının sol tərəfində Rusiya maarif naziri, ucaboy, enlikürək qraf Dmitri Tolstoy dayanmışdılar. Mirzə ağır-ağır nəfəs alırdı. Qraf üzünü Mirzəyə tutub demişdi: - "Mən əminəm ki, siz sağalıb ayağa duracaqsınız, qabaqda sizi çox işlər gözləyir".
Mirzənin üzündən xəfif bir kölgə keçdi və dedi: "Başa düşürəm qraf, amma ölüm ayağında kişiyə təskinlik verməzlər. Ölüm haqdır və haqq olduğu üçün qorxulu deyil. Yaxşı olar ki, yaxanı ölümün əlinə verməyəsən! Qraf, ölüm qorxulu deyil. Qorxulu olan gələcək nəsillərin məhkəməsidir. Gərək elə yaşayasan ki, gələcək nəsillər səni dar ağacına çəkməsinlər".
Axşam yetdi, xəstənin halı tamamilə dəyişdi. Mirzə ürəyində balalarının gələcəyinin necə olacağını düşünürdü.
Nəhayət, 1870-ci il noyabrın 27-də axşam saat 10-da 68 yaşlı böyük alim, Azərbaycan şərqşünası, maarifçi rus şərqşünaslıq elminin banilərindən biri Mirzə Kazımbəy Aleksandr Qasım oğlu əbədi olaraq gözlərini yumdu.
Noyabrın 28-də Peterburq qəzetləri alimin ölüm xəbərini öz səhifələrində dərc etdilər. Cənazə qoyulmuş universitet zalı, koridorları, universitet meydanı alimlərlə, tələbələrlə, alimi yaxından-uzaqdan tanıyanlarla dolu idi. Maarif naziri öz işçiləri ilə, xarici işlər nazirliyinin, qəzet və jurnallarının əməkdaşları da burada idilər. Cənazəni xüsusi vaqonla Pavlovska apardılar. Pavlovsk qəbiristanlığında matəm mitinqi oldu. Mitinqi maarif naziri Dmitri Tolstoy açdı. Alim haqqında nitq söylədi, dedi ki, böyük alimin ölümü Rusiya elmi üçün çox ağır itkidir. Sonra qraf İlya Berezin və universitetin rektoru danışdılar. Rektor dedi: - "Faydalı elmi pedaqoji fəaliyyəti, dərin humanist xarakteri və nəcib xasiyyəti ilə elmi Şura üzvlərinə yaxşı məlum olan M.Kazımbəyin simasında Peterburq universiteti ağır və əvəzolunmaz bir itkiyə məruz qalmışdır. M.Kazımbəyin surəti onu səmimi-qəlbdən sevən yoldaşların xatirindən heç zaman silinməyəcəkdir.
Nə qədər ki, Şərq haqqında məlumatlar araşdırılacaq - bu isə heç vaxt qurtarmayacaq, Kazımbəy ağır minnətdarlıq duyğusu ilə yad ediləcəkdir".
Müdriklərimiz yaxşı deyiblər: "Sən ey bu günün və gələcəyin xoşbəxt nəsilləri, gözüaçıq, alnıaçıq, pak, xeyirxah ol, vətənin, torpağın, saflığın keşiyində dur, keçmişini unutma və gələcəyin qurulması üçün var-qüvvəni sərf et".
Hər kəs onu da bilsin ki, mərd, ölümdən qorxmayan şəxs və yaxud millət heç vaxt ölməyir!
Məmmədağa RZAYEV
Azərbaycan müəllimi.- 2010.- 12 noyabr.- S.5.