Almaniyanın Humboldt-Berlin Universitetində Azərbaycan tarixi kafedrası fəaliyyətə
başlayıb
Xarici İşlər Nazirliyinin
mətbuat xidmətindən
AzərTAc-a bildirmişlər
ki, Almaniyanın
Humboldt-Berlin Universitetində Azərbaycan tarixi kafedrası fəaliyyətə
başlamışdır.
Azərbaycanın Almaniyadakı
səfirliyindən daxil
olan məlumata görə, kafedranın açılmasına dair razılaşma keçən
ilin dekabrında
Humboldt-Berlin Universitetinin sabiq
rektoru, professor Xristof Markşies və Azərbaycanın bu ölkədəki səfiri
Pərviz Şahbazov arasında imzalanmışdır.
Kafedranın açılmasının
əsas məqsədi
Azərbaycan tarixinin tədqiqi, tədrisi, ölkəmizin tarixinə
dair araşdırma və digər məsələlərdə Azərbaycanın
müvafiq elmi qurumları ilə əməkdaşlıq, birgə
elmi-tədqiqat işləri,
elmi tədbirlərin keçirilməsi, o cümlədən
diplom işlərinə
və dissertasiyalara elmi rəhbərlik, qarşılıqlı tələbə,
elmi işçi və müəllimlərin
mübadiləsi, elmi nəşrlərin həyata
keçirilməsi, Azərbaycan
tarixinə dair kitabxananın yaradılması
və sairdir.
Azərbaycan dövləti Humboldt-Berlin Universiteti
ilə əməkdaşlıq
çərçivəsində noyabrın 29-dan dekabrın
2-nə kimi sözügedən
universitetdə "Azərbaycanın
Elm və Mədəniyyət
həftəsi" keçirməyi
planlaşdırır.
Tədbirlər proqramına Azərbaycanla
bağlı elmi araşdırmalar aparan məşhur avropalı alimlərin iştirakı
ilə elmi konfransın, gənclər
forumunun, çoxsaylı
mədəni tədbirlərin,
konsertlərin və sərgilərin keçirilməsi
daxildir.
Kafedranın rəhbəri Azərbaycan
üzrə mütəxəssis,
ölkəmizin elmi mühitinə yaxşı
bələd olan və elm-təhsil müəssisələri ilə
sıx əməkdaşlıq
edən professor Eva-Mariya
Auxdur.
Azərbaycan müəllimi.-
2010.- 12 noyabr.- S.2.