"İnnovasiya, təhsilin keyfiyyəti və inkişaf" mövzusunda I Beynəlxalq elmi  konfrans

 

Noyabrın 9-11-də Bakıda  "İnnovasiya, təhsilin keyfiyyəti və inkişaf" mövzusunda I Beynəlxalq elmi konfrans keçirildi. Əsas təşkilatçıları Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu olan   beynəlxalq elmi  konfransın işində Azərbaycan, Belarus, Ukrayna, Rusiya, Qazaxıstan, Fransa və Latviyanın müvafiq ali məktəblərinin rəhbərləri və mütəxəssisləri iştirak edirdilər.

Noyabrın 10-da konfrans iştirakçıları öncə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstəsi qoydular.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olundu.  Tədbir iştirakçıları daha sonra Şəhidlər xiyabanına gedərək Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının məzarları üzərinə qərənfillər düzdülər, "Əbədi məşəl" kompleksini ziyarət etdilər.

Beynəlxalq konfransın işində iştirak edən qonaqlar əsaslı təmir, yenidənqurma işlərindən sonra bu yaxınlarda istifadəyə verilmiş 132-134 nömrəli təhsil kompleksi ilə tanış oldular. Təhsil kompleksini gəzən konfrans iştirakçıları burada  fəaliyyət göstərən Heydər Əliyev muzeyi və Tarix muzeyində oldular. Qonaqlar təhsil kompleksində müəllim və şagirdlər üçün yaradılan şəraiti yüksək qiymətləndirdilər.

Sonra Təhsil Nazirliyində "İnnovasiya, təhsilin keyfiyyəti və inkişaf" mövzusunda I Beynəlxalq elmi konfransın plenar  iclası oldu.

Açılış mərasimində Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov konfrans iştirakçılarını salamlayaraq qonaqları Təhsil Nazirliyində görməsindən məmnunluq hissi keçirdiyini bildirdi. Nazir belə bir mövzuda konfransın keçirilməsinin tərəflər  üçün mühüm əhəmiyyət kəsb etdiyini söylədi.

 Nazir sonra  qonaqlara Azərbaycanın təhsil sistemi, bu sahədə aparılan islahatlar, tətbiq olunan yeniliklər  barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra ölkənin sosial-iqtisadi həyatında, dövlət-siyasi quruluşunda köklü dəyişikliklər təhsildə islahatların aparılmasını zəruri etmişdir.

Ölkəmizin bütün sahələrdə uğurlu inkişafından söz açan nazir xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxundu. Həmin konflikt nəticəsində ərazimizin 20 faizindən çoxunun itirildiyi, 1 milyondan çox azərbaycanlının  qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü, bu hadisələrdə Azərbaycan təhsili sisteminə böyük ziyan dəydiyi diqqətə çatdırıldı. Təkcə onu söyləmək kifayətdir ki, Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində 800-ə qədər təhsil müəssisəsi qalıb. Təxmini hesablamalara görə Azərbaycana Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizə 60 milyard ABŞ dollarına yaxın ziyan dəyib. Təbii ki, bütün bu faktorlar ölkəmizdə iqtisadiyyatın, mədəniyyətin, elmin və təhsilin inkişafına mənfi təsir göstərmişdir. Məhz ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkəmizin iqtisadiyyatında  və digər sahələrində dinamik inkişaf illəri başladı.

Təhsil naziri qeyd etdi ki, ölkə başçısı cənab İlham Əliyevin məqsədyönlu daxili və xarici siyasəti nəticəsində bu gün müstəqil Azərbaycanın bütün sahələri intensiv inkişaf etməkdədir. Təkcə onu demək kifayətdir ki, 2009-cu ilin yekunlarına görə Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasındadır. Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan rəqabət qabiliyyətliliyinə görə MDB ölkələri arasında birinci yerdədir. Nazir müstəqillik illərində Azərbaycanda təhsil sektorunun bütün sahələrində davamlı islahatların aparılmasına başlanıldığını söylədi. Verilən məlumatdan aydın oldu ki, ötən illər ərzində təhsil sisteminin normativ-hüquqi bazası tamamilə dəyişmiş, onun maddi-texniki bazası güclənmiş, təhsiln məzmununun yaxşılaşdırılması, keyfiyyətinin yüksəldilməsi və digər məsələlərlə bağlı mühüm tədbirlər həyata keçirilmişdir.

Son illərin ən uğurlu nəticələrinin məktəb binalarının tikintisi ilə bağlı  olduğunu söyləyən təhsil naziri  ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkədə iki mindən çox məktəbin tikildiyini və əsaslı təmir olunduğunu bildirdi. Ölkəmizdə təhsilin ən prioritet sahələrdən biri olduğunu qeyd edən, orta məktəblərin infrastrukturunun  yeniləşdirilməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işləri yüksək dəyərləndirən nazir Misir Mərdanov bunlar haqqında qonaqlara ətraflı söz açdı. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təhsil sahəsindəki misilsiz xidmətlərini  qonaqların diqqətinə çatdırdı.

Təhsil naziri daha sonra dərsliklərin keyfiyyətinin yaxşılaşdırılması, şagirdlərin bütün dərsliklərlə pulsuz təminatı, təhsil sisteminin informasiyalaşdırılması sahəsində görülmüş işlər və əldə olunan müsbət nəticələr,  təhsil sahəsində tətbiq edilən yeni qiymətləndirmə sistemi barədə danışdı, ölkəmizdə şagird nailiyyətlərinin qiymətləndirilməsi sahəsində yeni mexanizmlərin tətbiq olunduğunu bildirdi. Qeyd olundu ki, artıq ümumtəhsil məktəblərinin XI sinifləri ilə yanaşı,  IX siniflərdə də buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçirilir.

Nazir cəmiyyətin ahəngdar inkişafında, onun intellektual potensialının formalaşdırılmasında, maddi sərvətlərin insan kapitalına çevrilməsində ali təhsilin müstəsna əhəmiyyət kəsb etməsinin danılmaz olduğunu qeyd etdi. Təhsil naziri bildirdi ki, təhsil sahəsi üçün müəllim kadrlarının hazırlanmasının, pedaqoji sahədə elmi tədqiqatların aparılmasının bütün ağırlığı da ali təhsilin üzərindədir. Qeyd edildi ki,  ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və infrastrukturun yeniləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb.

1993-cü ildən ikisəviyyəli mütəxəssis hazırlığına (bakalavr, magistr) başlanılmış, hər bir pillə üzrə mütəxəssis hazırlığını tənzimləyən çoxlu sayda normativ sənədlər, dövlət  təhsil standartları hazırlanmış və tətbiq olunmuş, pedaqoji kadr hazırlığında əhəmiyyətli dəyişikliklər edilmişdir. 2007-ci ildən ali məktəblərdə tədris prosesi kredit sistemi əsasında təşkil olunur. "Təhsil haqqında" yeni qanuna müvafiq olaraq çoxsəviyyəli mütəxəssis (bakalavr, magistr, doktor) hazırlığı tətbiq olunur.

Nazir təhsilin elmsiz, elmin təhsilsiz inkişaf edə bilmədiyini deyərək, bu iki strateji sahənin bir-biri üçün tədqiqat və tətbiq obyekti olduğunu dedi.  Ali məktəblərimizdəki elmi-tədqiqat laboratoriyaları, ölkəmizdə fəaliyyət göstərən elmi-tədqiqat müəssisələri haqqında danışan nazir Misir Mərdanov müxtəlif elmi dərəcələr almış alimlərimizin, həmçinin respublikamızda fəaliyyət göstərən dövlət və qeyri-dövlət ali təhsil müəssisələrinin sayı ilə bağlı statistik rəqəmləri konfrans iştirakçılarının diqqətinə çatdırdı.

Nazir daha sonra ali təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqindən bəhs etdi. Çıxışında ölkəmizdə müəllim hazırlığı, pedaqoji kadrların hazırlıq səviyyəsi, onların peşəkarlıq və bacarıqlarına yenidən baxılması məsələlərinin diqqətdə saxlanıldığını söyləyən təhsil naziri, həmin istiqamətdə görülən işlərdən ətraflı söz açdı. Respublikamızda həyata keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri barədə də qonaqları  məlumatlandıran nazir bu müsabiqələrin ölkəmizdə yüksək biliyə və bacarığa, yaradıcılığa malik müəllimlərin və nümunəvi məktəblərin üzə çıxarılmasında,  tanınmasında əhəmiyyətli rol oynadığını bildirdi.

Ölkə başçısı cənab İlham Əliyev tərəfindən təhsilə xüsusi diqqət və qayğı göstərildiyini deyən nazir təhsilə ayrılan büdcə vəsaitinin, onun inkişafına yönəlmiş xərclərin ilbəil artdığını qeyd etdi. O da  bildirildi ki, ölkəmizdə təhsillə bağlı 16 Dövlət Proqramı həyata keçirilir.

Nazir bir sıra ölkələrin təhsil nazirlikləri ilə əməkdaşlıq edildiyini bildirdi. Son illər ali məktəblərimizin bir çox ölkələrin ali məktəbləri ilə təcrübə mübadiləsi aparmalarını, birgə işlər həyata keçirmələrini müsbət dəyərləndirən nazir, bugünkü beynəlxalq konfransın da növbəti belə uğurlu tədbirlərdən biri olduğunu vurğuladı. Nazir Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda pedaqoji kadrların ixtisasının artırılması və yenidənhazırlanması ilə bağlı görülən  işlərdən razılıq hissi ilə danışaraq son illər burada ixtisasartırma təhsili sistemində dünya təcrübəsinə uyğun olaraq keyfiyyət dəyişikliklərinin  aparılması istiqamətində müəyyən tədbirlərin həyata keçirildiyini söylədi.Təhsil naziri  müəllim hazırlığı, pedaqoji kadrların ixtisasının artırılması ilə məşğul olan digər ali təhsil müəssisələrində də mühüm addımlar atıldığını  bildirdi.

Nazir Misir Mərdanov çıxışının sonunda beynəlxalq elmi  konfransın Azərbaycanın təhsil müəssisələri ilə yaxından tanış olmaq, həmçinin ölkələrimizin təhsil sahəsində əldə etdikləri təcrübəni öyrənmək, əməkdaşlıq  əlaqələrini genişləndirmək, dünya təhsil sisteminə inteqrasiya olunmaq baxımından əhəmiyyətli rol oynadığını deyərək  konfransın işinə uğurlar arzuladı.

Çıxış üçün söz alan Azərbaycan Dillər Universitetinin rektoru, professor Səməd Seyidov, Minsk Vilayəti  İcraiyyə Komitəsinin təhsil idarəsinin rəis müavini Lyudmila Males, beynəlxalq elmi  konfransın həmsədrlərindən biri olan Minsk Vilayət Təhsilin İnkişafı İnstitutunun  rektoru, dosent Svetlana Sitnikova, Azərbaycan Müəllimlər İnstitutunun rektoru, professor Aqiyə Naxçıvanlı,  Belarus Diplomdansonrakı Təhsil Akademiyasının rektoru, professor Oleq Tavgen beynəlxalq konfransın aktual  mövzuya həsr olunduğunu, müzakirələr zamanı söyləniləcək fikirlərin tərəflər  üçün maraqlı olacağını və nəticə etibarı ilə bütün bunların iştirakçı ölkələrdə təhsilin keyfiyyətinin yüksəldilməsində əhəmiyyətli rol oynayacağına əmin olduqlarını bildirdilər.

Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, professor Asəf Zamanov  çıxış edərək, ilk növbədə, belə bir tədbirin keçirilməsinə imkan və şərait yaratdığına  görə təhsil naziri Misir Mərdanova,  tədbirin təşkilatçılarından olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinə təşəkkürünü bildirdi.

Azərbaycan hökuməti tərəfindən təsdiq olunmuş müəllim hazırlığı sisteminin təkmilləşdirilməsinə, onun tələb olunan səviyyəyə yüksəldilməsinə  yönəlmiş "Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının Konsepsiya və Strategiyası" sənədinin əhəmiyyətindən söz açan rektor A.Zamanov həmin sənəddə fasiləsiz təhsilin vacib komponentləri hesab edilən ixtisasartırma və yenidənhazırlanma təhsilinin müasir tələblər səviyyəsində həyata keçirilməsi istiqamətlərinin, icra mexanizmləri və perspektivlərinin öz əksini tapdığını söylədi. Professor bununla bağlı rəhbərlik etdiyi institutda görülən işlərdən, pedaqoji kadrların fasiləsiz hazırlanması prosesində innovasiyaların tətbiqi məsələlərindən söz açdı. Çıxışının sonunda beynəlxalq konfransın işində iştirak elən Belarus, Ukrayna, Rusiya, Qazaxıstan, Fransa və Latviyadan gəlmiş təhsil işçilərinə minnətdarlığını bildirdi.

Rusiyanın "İvanovsk vilayəti təhsilin inkişafı" muxtar müəssisənin rektoru, dosent Marina Dmitriyeva rəhbərlik etdiyi təhsil müəssisəsi ilə bağlı məruzə-təqdimatla çıxış etdi.

Plenar iclası təhsil naziri yekunlaşdıraraq təhsil işçilərinə müvəffəqiyyətlər arzuladı.

Sonda təhsil naziri Misir Mərdanov konfrans iştirakçılarına müvafiq sertifikatlar təqdim etdi.

Beynəlxalq konfransda Belarus, Qazaxıstan, Latviya respublikalarının ölkəmizdəki səfirləri, həmçinin Fransanın ölkəmizdəki səfirliyinin nümayəndəsi iştirak edirdilər.

Plenar iclas başa çatdıqdan sonra beynəlxalq elmi  konfrans öz işini Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda keçirilən bölmələrdə davam etdirdi. "İnnovasiya və təhsilin keyfiyyəti"; "Ənənələr və innovasiyalar: reallıqlar və perspektivlər"; "Təhsilin keyfiyyətinin qiymətləndirilməsinin metodologiyası və texnologiyası"; "Təhsilin keyfiyyətinin modernləşdirilməsinin psixoloji və sosial-iqtisadi aspektləri"; "Tədrisin müasir problemləri" adları altında keçirilən bölmə iclaslarında 100-dən artıq məruzə dinlənildi.

 Geniş diskussiya və işgüzarlıq şəraitində keçən I Beynəlxalq elmi  konfrans noyabrın 11-də başa çatdı.

 

 

Samirə KƏRİMOVA

 

Azərbaycan müəllimi.- 2010.- 12 noyabr.- S.2.