Mustafa Kamal Atatürk anıldı
Naxçıvan Dövlət Universitetində
türk milli qurtuluş mübarizəsinin
hərbi və siyasi lideri, Türkiyə Respublikasının
qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün vəfatının
72-ci ildönümü münasibəti
ilə tədbir keçirildi. Türkiyə Cümhuriyyətinin Naxçıvandakı
konsulluğunun nümayəndələrinin
və digər rəsmilərin qatıldığı
tədbirdə türk
xalqlarının milli
müstəqilliyi uğrunda
qurban getmiş şəhidlərin xatirəsi
anıldı, hər iki ölkənin dövlət himnləri səsləndirildi.
Türkiyənin Naxçıvandakı Baş
konsulu Ayhan Enginar çıxış
edərək Türkiyənin
qüdrətli dövlət
kimi siyasi-iqtisadi tərəqqisində, türkdilli
xalqların birliyində
Mustafa Kamal Atatürkün
misilsiz xidmətlərindən
danışdı. Konsul bir
millət, iki dövlət olan Türkiyə və Azərbaycanın sarsılmaz
birliyinin gələcək
zəfərlərin rəhni
olmasından söz açdı. Qeyd olundu
ki, Naxçıvan Dövlət Universitetinin Türkiyənin bir çox tanınmış
universitetləri ilə
sıx tərəfdaşlığı
türkdilli dövlətlərdə
elmin, təhsilin birgə inkişafına ən gözəl örnək sayılmalıdır.
Universitetin rektoru, akademik İsa Həbibbəyli çıxışında
vurğuladı ki,
Mustafa Kamal paşanın
XX əsrin əvvəllərində başladığı
istiqlaliyyət, müstəqillik
uğrunda mübarizə
əsrin sonlarında bütün türk xalqlarının azadlıq
mücadiləsini alovlandırmışdır.
Böyük Atatürkün və
ümummilli lider Heydər Əliyevin türkçülük, bəşəri
humanizm və milli birlik ideyaları
bu gün tarixi bəhrələrini
verməkdədir. Türk
xalqının dahi öndərinə ümumxalq
sevgisi Azərbaycanda ucaldılan möhtəşəm
abidədə də öz əksini tapmışdır. Natiq əmin
olduğunu bildirdi ki, hər iki
dövlət bundan sonra da çiyin-çiyinə,
əzmlə irəliləyərək
gələcək siyasi
uğurlara birgə imza atacaqdır.
Naxçıvan Türk Kurulunun nümayəndəsi Murad Fındık Mustafa Kamal Atatürkün ictimai-siyasi fəaliyyəti haqqında ətraflı məruzə etdi.
Sonra universitetin müəllimi, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədovanın rəhbərliyi ilə Tələbə Teatr Studiyasının hazırladığı "Atatürk" ədəbi-bədii kompozisiya böyük maraqla izlənildi.
Mehriban SULTAN
Azərbaycan müəllimi.-
2010.- 12 noyabr.-
S.3.