Şagirdlərə təbiəti və əməyi
sevdirməliyik
Ümummilli liderimiz Heydər Əliyev əkilən hər bir ağacı təbiətin bəzəyi, insanların sağlamlığı hesab edirdi. Onun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də təbiətin qorunmasına böyük diqqət yetirir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2010-cu il ölkəmizdə "Ekologiya ili" elan edilmişdir.
Məktəbin əsas vəzifələrindən biri şagirdləri əməkdə və ictimai fəaliyyətdə fəal iştirak etməyə hazırlamaq, gələcəkdə onların şüurlu surətdə peşə seçməsini təmin etmək və həyatda onların bir insan kimi formalaşmasına kömək etməkdən ibarətdir. Təlimin əməklə əlaqələndirilməsinin məqsədi şagirdlərdə təsərrüfatçılıq vərdişlərinin yaranmasına nail olmaqdır. Məlumdur ki, təbiətlə əmək vəhdət təşkil edir. Əgər insanın kiçik yaşlarından təbiətə məhəbbəti olmazsa, o, əməyi sevməyəcəkdir. Çünki kiçikyaşlı uşaqlar əməyə çox meyilli olurlar. Əgər valideyn, yəni ata evdə hər hansı bir işi görürsə, uşaq onun yanından ayrılmaq istəmir. Ona görə də uşaqları həvəsləndirmək və əməyə alışdırmaq üçün yaşına uyğun olan işləri onlara tapşırmaq lazımdır. Məsələn: "çəkici mənə ver", yaxud "bu mismarı saxla", "stuldan bərk yapış", "o qutunu gətir" və s. bu kimi tapşırıqlar uşaqları əməyə həvəsləndirir. Və yaxud təbiətə gəzintiyə çıxarkən: "ah, nə gözəl ağacdır" və ya "necə qəşəng güllər açıb, baxın, otlar elə bil xalçadır" və s. deməklə təbiətin əsrarəngiz gözəlliyi haqqında danışmaq, uşaqları məlumatlandırmaq lazımdır. Bu məqsədlə məktəblərdə müxtəlif parklara və bağlara gəzintilər təşkil etmək mümkündür.
Təbiəti canlı
orqanizm adlandıranlar heç də səhv
etməmişlər. Doğrudan da insan təbiət ilə
ünsiyyətdə olarkən bunun nə qədər
düzgün və vacib olduğunu görür. Biz təbiəti
özümüz sevdiyimiz kimi, uşaqlara da sevdirməyi
bacarmalıyıq. Dövlət başçımızın
müvafiq sərəncamlarına əsasən son illər
ölkəmizin müxtəlif yerlərində yeni-yeni parklar
salınmış, qoruqların əraziləri
genişləndirilmişdir. "Ekologiya ili"
gələcək nəsillər üçün sağlam
mühitin qorunması deməkdir. Hər bir Azərbaycan
vətəndaşı öz əməli və əməyi
ilə bu işə töhfə verməlidir. Torpağa və
Vətənə olan sevgini bu cür işlər
görməklə (ağac əkməklə, gül
becərməklə, torpağı belləməklə və
s.) uşaqlara öyrətmək mümkündür. Bunu
əyani olaraq uşaqların muzeylərə, tarixi
abidələr və təbiətin gözəl
guşələri olan parklara və bağlara
gəzintilərini təşkil etməklə həyata
keçirmək olar. Bu cür səyahətlərdən sonra
uşaqlar arasında çox maraqlı diskussiyalar
başlanır və sual-cavablar meydana çıxır.
Belə gəzintilər uşaqlar üçün istər
televiziyada göstərilən verilişlərdən,
istərsə də İnternet və kompüter oyunlarından
daha maraqlı və cəlbedici
olur. Sadəcə bu həvəsi uşaqlarda oyatmaq
lazımdır.
Təbiət hər bir
insanın həyatının ayrılmaz hissəsi olduğu
kimi, uşaqların da həyati tərbiyəsi
üçün hər cəhətdən önəmlidir. Onlar baş verən
hadisələrin səbəblərini, onların
arasındakı qarşılıqlı əlaqələri
öyrənməyə çox həvəs göstərir,
hər bir hadisəni əyani görmək istəyirlər. Bu
da uşaqların qeyri-adi hadisələrə maraqlarından
irəli gəlir. Getdikcə uşaqların
əksəriyyətində bu maraq güclənir. Məsələn, yağışın
yağması, ildırımın şiddətli səslə
çaxması, çayların gurultu ilə axması,
ağacların tumurcuqlanması və çiçək
açması, quşların oxuması və s. bu kimi
təbiət hadisələri uşaqlarda qəribə bir
marağa səbəb olur. Bəzən
elə olur ki, uşaq hündür bir ağaca çox
təəccüb və maraq hissi ilə baxır və
müəllimə müraciət edərək
"müəllim, bu ağac necə olub ki, belə uca,
hündür olub, yaxud balıqların ayağı yoxdur, o
necə qaça bilir, arılar balı necə
düzəldirlər və
s." - deyə soruşurlar. Ağacda olan quş yuvaları
uşaqların daha çox xoşuna gəlir. Hətta onlar bu
cür quş yuvaları düzəltməyə də səy
göstərirlər. Bu, artıq uşaqların
əməyə olan baxışı və həvəsidir.
Biz bilirik ki, indi kompüter əsridir, uşaq istədiklərini və gördüklərini kompüterdə, İnternetdə tapa bilər. Lakin bir şeyi unutmamalıyıq ki, canlı tamaşalar daha maraqlı, daha inandırıcı olur. Hər canlı gəzintidən sonra bir-birindən maraqlı, adamı düşündürən suallar meydana çıxır. Biz məktəbdə çalışırıq ki, şagirdlərə maraqlandıqları bütün sahələr üzrə biliyimiz səviyyəsində cavab verək. Məsələn, meşə gəzintiləri zamanı uşaqlara anlatmaq olar ki, meşə təkcə hava almaq, gəzmək üçün deyil, eyni zamanda kağız deməkdir, kağız isə dərs vəsaiti deməkdir. Bunun üçün ağacların, meşənin qorunmasının vacib olduğunu anlatmaq gərəkdir. Uşaqlar bunların insan əməyi sayəsində əmələ gəldiyini bilməlidirlər. Bu çətin vəzifə isə biz müəllimlərin üzərinə düşür. Həmçinin uşaqlara gəzinti zamanı meşənin "yaşıl aptek" olduğunu da başa salmaq olar. Güllərin, çiçəklərin, ağacların, kolların, otların yarpaqlarından, gövdəsindən və köklərindən müxtəlif xəstəliklərin müalicəsində işlədilən dərmanların necə hazırlanması haqqında məlumat vermək, onlarda lazımi təsəvvürü oyatmaq və izah etmək gərəkdir. Məktəbdə keçilən dərslərə uyğun uşaqlara müxtəlif heyvan fiqurları, təbiət mənzərələri, məsələn dağ, düzən, ağac, kol, çiçək, cücə, dovşan, xoruz və s. fiqurlarının hazırlanmasında şagirdlərin necə həvəslə işlədiyini görürük. Bu zaman təbii ki, uşaq həm təbiətin, həm də əməyin birgə məhsulunu yaradır.
Uşaqların
zooparka (heyvanxanaya) səyahətini təşkil etmək,
heyvanlar haqqında müəyyən məlumatları
vermək, bizim meşələrdə qədim
dövrlərdə hansı heyvanların olduğunu,
kökü kəsilmiş və
hazırda mövcud olan heyvanlar haqqında
məlumatlandırmaq vacibdir. Müəllim
uşaqları maraqlandıran
suallara aramla, dolğun cavab verməyi bacarmalıdır.
İbtidai siniflərin yeni tədris proqramları uşaqların dərsləri daha yaxşı mənimsəmələrinə şərait yaradır. Əvvəlki tədris proqramları ilə müqayisədə indiki proqram nisbətən fərqlidir. Amma bu proqram da imkan verir ki, şagirdlər kitabda yazılanları əzbərləyib, diktə etməsinlər. Yeni biliklərin şagirdlərə müstəqil tapdırılması onların yaradıcı fəaliyyətinin inkişaf etdirilməsinə şərait yaradır. Bu baxımdan də tez-tez təbiətlə təmasda olmaq, əməklə məşğul olmaq uşaqlar üçün həm vacib, həm də lazımdır.
Samirə SEYİDOVA
Azərbaycan
müəllimi.- 2010.- 12 noyabr.- S.4.