Ümumtəhsil məktəblərində
İKT-nin rolu
Hazırda respublikamızda
bütün sahələrdə
mütəxəssislərin informasiya və kommunikasiya texnologiyaları
(İKT) ilə işləmək
və onlardan düzgün istifadə etmək bacarığına
çox böyük önəm verilir. İKT biliyinə
mükəmməl yiyələnməyin
ən yaxşı yolu isə elə
orta məktəbdən
başlayır.
Qeyd etmək lazımdır ki, ümumilikdə təhsil sisteminin İKT əsasında təkmilləşdirilməsi informasiya cəmiyyətinin əsas xüsusiyyətlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 avqust 2004-cü il tarixində təsdiq etdiyi "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)" ölkəmizdə bu prosesə start verdi. Bundan sonra 10 iyun 2008-ci il tarixində ölkə başçısı tərəfindən qəbul edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" isə İKT-dən istifadə etməklə ölkəmizdə beynəlxalq standartlara uyğun keyfiyyətcə yeni təhsil modelinin qurulmasını, vahid elektron təhsil məkanının yaradılmasını və təhsil sisteminin dünya təhsil məkanına inteqrasiya etdirilməsini əsas məqsəd kimi qarşıya qoyub.
Artıq təhsil sisteminin informasiyalaşdırılması ilə əlaqədar əsas hədəflər müəyyənləşdirilmiş, nəzərdə tutulan tədbirlərin xeyli hissəsi həyata keçirilmişdir. Əlamətdar hadisələrdən biri odur ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi 2010-cu ili ölkəmizdə "Təhsildə İKT ili" elan edib və bu kampaniya çərçivəsində konfranslar, seminarlar, müxtəlif stimullaşdırıcı və həvəsləndirici aksiyalar, müsabiqələr həyata keçirilir. Təqdirəlayiq haldır ki, bu işlərdə müxtəlif fondlar, şirkətlər, firmalar da yaxından iştirak edirlər. Məktəblərin İKT avadanlığı, o cümlədən kompüter, noutbuk, interaktiv lövhələr ilə təchizatı isə hazırda uğurla davam etdirilir.
Dünya təcrübəsi göstərir ki, İKT-dən istifadə etməklə qurulan müasir təhsil modeli məktəbin pedaqoji heyəti qarşısında da yeni tələblər və vəzifələr qoyur. Müəllimlərin tək öz seçdikləri fundamental biliklər, pedaqogika və psixologiya sahəsində deyil, həm də informasiya sahəsində yenidən təlim alması olduqca aktuallaşır. Artıq yeni nəslin müəllimlərindən konkret öyrətdikləri fənnin struktur məzmununa və məqsədinə uyğun, uşaqların individual xüsusiyyətlərini nəzərə alan, şagirdlərin harmonik inkişafını mümkün edən texnologiyaları seçib tədrisdə tətbiq etmək tələb olunur.
Tədrisdə yeni texnologiyalardan müvəffəqiyyətlə istifadə edən müəllimlərin sözlərinə görə, İKT vasitələri öz geniş imkanları ilə təhsil prosesini xeyli sadələşdirir, onu dinamik və çevik edir. "Müəllim - şagird - dərslik" tədris modelinə kompüterin də əlavə edilməsi tədris prosesini individual proqram üzrə təşkil etməyə, uşağın dərsə marağını və istəyini stimullaşdırmağa imkan verir. Kompüterlə aparılan dərslər uşaqlar üçün çox cəlbedici və yaddaqalan olur. Multimedia vasitələri, avtomatlaşdırılmış öyrədici sistemlər, kompüter tədris proqramları, animasiya qrafikası, rəngarəng illüstrasiyalar uşaqların idrak aktivliyinə müsbət təsir göstərir və yekun etibarilə şagirdlərin olimpiadalarda, müxtəlif intellektual yarışmalarda göstərdikləri nəticələrin keyfiyyəti xeyli artır.
Tədris prosesində interaktiv lövhədən istifadə
edilməsi dərsin əsas prinsiplərindən birini,
onun əyaniliyini təmin edir.
Elektron lövhənin sensorlu,
yəni hissiyyatlı səthinə xüsusi
qələmlə və ya barmaqla
yavaşca toxunmaqla onun üzərində kompüterdə mümkün
olan bütün əməliyyatları interaktiv rejimdə aparmaq olar. "Ağıllı"
lövhə, həmçinin kompüterə qoşulan
mikroskop, skaner, pəqəmli
fotoaparat, videokamera və
s. qurğulardan
alınan təsvirləri də proyektor
vasitəsilə qəbul edə bilir ki, bu da
məktəblərdə virtual
laboratoriyaların təşkilində mühüm
əhəmiyyətə malikdir. Şagirdlər
istənilən kimyəvi reaksiyanın, fiziki,
bioloji, coğrafi
proseslərin izahını və videogörüntülərini,
müxtəlif cihazların, qurğuların, texniki
vasitələrin işləmə prinsiplərini
"möcüzəli" ekranda izləyə
bilərlər. Bu isə şagirdlərin nəzəri-metodoloji biliklərini, praktiki
bacarıq və təcrübələrini inteqrasiya
etməklə tədrisi xeyli canlandırır, uşaqlarda
yaradıcı yanaşma,
düşünmə, təşəbbüskarlıq, tədris
materialını dərindən dərk etmə qabiliyyətini
daha da artırır.
"Ağıllı"
lövhənin bir üstün cəhətini də xüsusi
qeyd etmək lazımdır ki, onun üzərində aparılan
bütün əməliyyatları, dərsin gedişini,
hazırlanmış şablonları, modelləri kompüterin
daimi yaddaşında saxlamaq və dəfələrlə
istifadə etmək olar. Belə imkanlar müxtəlif səbəbdən
dərsləri buraxan şagirdlər və ya təlimdən
geri qalan uşaqlar üçün xüsusi əhəmiyyətə
malikdir. Belə ki, şagird iştirak edə bilmədiyi dərsin
elektron variantı ilə sonradan tanış ola bilər və
ya təlimdən geri qalanlar həmin materialı tam qavrayana
kimi təkrar-təkrar kompüterdə izləyə bilərlər.
İKT-nin imkanlarından tədrisdə uğurla istifadə edən müəllimlər qeyd edirlər ki, interaktiv rejimdə keçilən dərslərdə şagirdlərin mərkəzi fiqur olması təmin edilir. Müəllim, əsasən, şagirdin konsultantı, onun fərasətini və orijinal bacarığını qiymətləndirən, şagirdi aktivliyə, müstəqilliyə, təşəbbüskarlığa həvəsləndirən rolunda çıxış edir. Elektron tədrisdə uşaqların hamısı lövhəyə çıxıb müəllimin bütün tapşırıqlarını yerinə yetirməkdə həvəsli olurlar. İnteraktiv rejimdə keçilən dərslər bütün uşaqların, o cümlədən passiv, utancaq, müəyyən fiziki və ya psixoloji qüsuru olan şagirdlərin dərs prosesinə aktiv qoşulmasına şərait yaradır. 1-4-cü sinif şagirdlərinin güclü əyani, bədii, canlı təfəkkürə malik olduğunu nəzərə alsaq, onlar üçün keçilən dərslərdə uşaqların görmə, eşitmə duyğularını, emosiya və təsəvvürlərini cəlb edən metodların istifadə edilməsi olduqca əhəmiyyətə malikdir. Dərslərin məhz interaktiv rejimdə deyilməsi bu işdə çox faydalı olur. İnformatikanın əsaslarının ibtidai siniflərdə təlimi artıq 3 və 4-cü siniflərdə şagirdlərə mətn redaktorlarında elementar işləri görmək, İnternet şəbəkəsində axtarışlar aparmaq, Power Point proqramında sadə prezentasiyalar yaratmaq imkanı verir.
Bunlardan əlavə, müəllimlər İKT-nin köməyi ilə bir dərs prosesində müxtəlif hazırlıqlı şagirdlərə fərqli yanaşma və adaptasiyalı öyrətmə sistemini tətbiq etməklə qavrama qabiliyyətlərinə uyğun tapşırıqlar verə bilər. Uşaqların sinifdə statusuna uyğun onları qruplara ayırmaqla kompüterdə optimal iş rejimi də qurmaq olar. Müəyyən fənlər üzrə məsələlərin, tədqiqat xarakterli çalışmaların həllində belə qruplaşdırma xüsusi effekt verir. Kompüter qarşısında təhsil alan şagird materialın verilmə və mənimsəmə sürətini özünə rahat formada müəyyənləşdirə bilər. Öz sürət rejimində uşağın işləməsi yaxşı nəticə verir, onun özünə inamı artır, bu isə təlimə əlverişli psixoloji atmosfer verir. Müəllimin verdiyi suala sinifdəki şagirdlərin hamısı kompüter vasitəsilə eyni zamanda cavab verməklə dərs prosesində aktiv iştirak edir, müəllimlər isə dərs boyu uşaqların aktivliyini istədikləri kimi qoruyub saxlaya bilirlər.
Hazırda informasiya cəmiyyətinə istiqamətlənmiş yolu bəşəriyyətin gələcəyinə gedən yol kimi dəyərləndirirlər. Digər sahələrdə olduğu kimi, İKT sahəsində də regionda liderlik edən Azərbaycan bu yolla uğurla irəliləyir. Artıq alimlərin proqnozuna görə, informasiya cəmiyyətinin tam formalaşdığı mərhələdə insanların əsas əmək predmeti informasiya, əmək alətləri isə İKT olacaq. Ona görə də bu gün respublikamızda təhsilin bütün pillələrində İKT-nin tətbiq və istifadə edilməsi, eyni zamanda İKT-nin özünün tədris olunması, uşaqlarda müstəqil şəkildə informasiya toplamaq, analiz etmək, ötürmək qabiliyyətinin formalaşdırılması balalarımızın gələcəkdə informasiya cəmiyyətinin qiymətli üzvlərinə çevrilməsində mühüm rol oynaya bilər.
Vüqar HAQVERDİYEV
Azərbaycan müəllimi.-
2010.- 12 noyabr.- S.7.