Azərbaycanın Milli Qəhrəmanları

 

Məmmədov Aytəkin İsrayıl oğlu

 

1967-ci il mayın 29-da Gədəbəy rayonunun Göyəlı kəndində anadan olmuşdu. 1984-cü ildə kəndlərindəki orta məktəbdə təhsilini başa çatdırdıqdan sonra texniki peşə məktəbində rəngsaz peşəsinə yiyələnmişdi. 1985-ci ildə hərbi xidmətə çağırılmışdı. Əfqanıstan müharibəsində iştirak etmişdi. O, əsgəri xidmətini başa çatdirıb Vətənə döndükdən bir müddət sonra 1991-ci ilin fevralında DİN -in xüsusi təyinatlı polis dəstəsinə daxil olmuşdu. Həmin ilin aprelində Xanlar (indiki Göygöl) rayonunun Quşçu kəndi uğrunda erməni işğalçılarına qarşı gedən ağır döyüşdə əhalinin təhlükəsizliyini təmin edərək  rəşadət göstərmişdi.

A.Məmmədov elə həmin döyüşdə ağır yaralanıb, onun həyatını xilas etmək mümkün olmayıb və 1991-ci ilin aprelində dünyasını dəyişib.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə Məmmədov Aytəkin İsrayıl oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Göyəli kənd qəbiristanlığında dəfn olunub. Göyəli kənd orta məktəbi onun adını daşıyır. Gədəbəydə büstü qoyulub.

 

Məmmədov Eldar Harun oğlu

 

1968-ci il yanvarın 10-da Bakı şəhərində anadan olmuşdu. 1982-ci ildə paytaxtdakı 189 nömrəli orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra  C.Naxçıvanski adına hərbi məktəbə daxil olmuşdu. 1985-ci ildə təhsilini başa çatdırdıqdan sonra Riqadakı Qırmızı bayraqlı Ali Hərbi-Siyasi məktəbdə təhsilini davam etdirmişdi. Burada təhsilini bitirən Eldar SSRİ  Silahlı Qüvvələrində hərbi xidmətə göndərilmişdi. Erməni işğalçıları vətənimizə basqın edən zaman o, Azərbaycana qayıtmış və yenicə yaradılan Sərhəd Qoşunlarında xidmətə başlamışdı. 1993-cü ildə Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdi. Fevralin  24-də Kasapet kəndi yaxınlığındakı yüksəkliyin müdafiəsində qəhrəmanlıq göstərmişdi.

E.Məmmədov həmin döyüşdə yoldaşlarını müdafiə edərkən düşmən gülləsinə tuş gəlib 1993-cü il fevralın 24-də qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 1994-cü il tarixli 247 nömrəli Fərmanı ilə baş leytenant Məmmədov Eldar Harun oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub.

 

Məmmədov Elşad Ramiz oğlu              

 

1975-ci il fevralın 14-də Xanlar (indiki Göygöl) rayonunun Haçaqaya kəndində anadan olmuşdu. 1990-cı ildə kəndlərindəki səkkizillik  məktəbi bitirdikdən sonra Xanlar rayonundakı 99 nömrəli texniki peşə məktəbində təhsilini davam etdirmişdi. 1993-cü ilin avqustunda Hərbi Komissarlıq tərəfindən  əsgəri xidmətə çağırılaraq, 6 ay hərbi təlim keçmiş Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağa - döyüş bölgəsinə yollanmışdı. Tərtər bölgəsində  erməni işğalçılarına qarşı cəsurluqla döyüşən  Elşad daha sonra Ağdərə ərazisinin yağı düşməndən təmizlənməsi istiqamətində gedən qanlı döyüşlərdə qəhrəmanlıq nümayiş etdirmişdi.

E.Məmmədov 17 mart 1995-ci ildə dövlət çevrilişinə cəhdin qarşısının alınmasında iştirak edərkən qarşı tərəfin gülləsinə tuş gələrək qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Məmmədov Elşad Ramiz oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Xanlar rayonunun Qırıqlı kəndində dəfn olunub. Haçaqaya kənd məktəbi onun adını daşıyır. Daşkəsən yolunun üstündə büstü qoyulub.

 

Məmmədov Əli Hüseyn oğlu

 

1955-ci il avqustun 11-də Naxçıvan MR-də anadan olmuşdu. Bakı şəhərində 255 nömrəli orta məktəbi bitirdikdən sonra Bakı Poliqrafiya Məktəbinə daxil olmuş və çapçı  ixtisasına yiyələnmişdi. 1975-ci ildə ordu sıralarına çağırılmış və hərbi xidmətini Macarıstanda başa çatdırmışdı. 1978-ci ildə daxili işlər orqanlarında sıravi polis nəfəri kimi fəaliyyətə başlamışdı. O, 1982-ci ildə Polis Akademiyasına daxil olmuş, 1984-cü ildə təhsilini başa çatdırdıqdan sonra Binəqədi rayonunda sahə müvəkkili vəzifəsinə təyin edilmişdi. İxtisasını Moskva Polis Akademiyasında təkmilləşdirərək, Binəqədi Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsində polis kapitanı rütbəsi ilə baş əməliyyat müvəkkili vəzifəsinə yüksəlmişdi. Əli dəfələrlə Qarabağ bölgəsinə göndərilmişdi. 1992-ci il sentyabrın 24-də də yenidən Laçın rayonuna ezam olunmuşdu. Qızartı yüksəkliyinin ermənilərdən alınması uğrunda gedən döyüşdə düşmənin xeyli canlı qüvvəsini məhv etmişdi.

Ə.Məmmədov 1992-ci il oktyabrın 1-də döyüşdə başından aldığı güllə yarasından həlak olub.

Ailəli idi. İki övladı var.

Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 nömrəli Fərmanı ilə polis kapitanı Məmmədov Əli Hüseyn oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq  görülüb.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Bakının Rəsulzadə qəsəbəsindəki küçələrdən biri onun adını daşıyır.

 

Məmmədov İbrahim İsmayıl oğlu

 

1958-ci il dekabrın 20-də Naxçıvan MR-də anadan olmuşdu. 1976-cı ildə Naxçıvan şəhər 3 nömrəli orta məktəbini  bitirmişdi. Bir il Su Tikinti İdarəsində çalışdıqdan sonra 1977-ci ildə hərbi xidmətə çağırılmışdı. Ordu sıralarında xidmət edərkən PDM hərbi texnikasının birinci dərəcəli tuşlayıcı - operatoru ixtisasına yiyələnmişdi. İbrahim ordudan tərxis olunduqdan sonra 1988-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin qiyabi şöbəsinə daxil olmuşdu. O zaman Moskvada yaşayan İ.Məmmədov Qarabağ müharibəsi başlayanda Vətənə qayıtmış, könüllü olaraq müharibəyə qatılmışdı. 1993-cü ildə Milli Orduda xidmətini davam etdirərək, Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak etmişdi. Onun rəhbərliyi altında strateji əhəmiyyətli bir yüksəklik düşməndən azad edilmişdi. 1994-cü il fevralın 16-da Kəlbəcər uğrunda gedən qızğın döyüşdə düşmənin 3 tankını və xeyli canlı qüvvəsini sıradan çıxarmışdı.

İ.Məmmədov həmin döyüşdə düşmən snayperinə tuş gəlib və qəhrəmancasına həlak olub.

Ailəli idi. İki övladı var.

Azərbaycan Respublikası Prezidentinin  20 iyun 1994-cü il tarixli 156 nömrəli Fərmani ilə Məmmədov İbrahim İsmayıl oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Naxçıvan şəhərində Şəhidlər xiyabanında  dəfn olunub.

 

Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya

Mərkəzinin materialları əsasında

hazırladı: Ədalət DAŞDƏMİRLİ

 

 

Azərbaycan müəllimi.- 2010.- 19 noyabr.- S.8.