Pekin Universiteti
Yerləşir: Çin Xalq Respublikası,
Pekin şəhəri
Yaranma tarixi:
1898-ci il
Tipi: Dövlət
İşçi heyətinin ümumi sayı: 8000
nəfər
Tələbələrin ümumi sayı: 30167 nəfər
Rəsmi saytı: www.pku.edu.cn
Pekin Universiteti (Peking University) Çin Xalq Respublikasının paytaxtı Pekin
şəhərində yerləşir və ölkənin ən
aparıcı ali təhsil ocaqlarından biridir. Pekin
Universiteti xalq arasında "Beyda" adlandırılır.
Böyük Britaniyanın
"Times Higher Education Supplement - QS World Universities Rankings"
jurnalının 2009-cu ildə apardığı dünya
universitetlərinin reytinqinə əsasən, Pekin Universiteti
100 ən yaxşı ali məktəb
arasında Nyu-York Universiteti ilə birgə 52-ci yerdə
sıralanıb. 2010-cu ildə dünyanın ən
nüfuzlu universitetləri arasında "Times Higher
Education" jurnalının açıqlamasına əsasən
Pekin Universiteti 37-ci, "QS World University Rankings"-in
açıqlamasına əsasən isə 47-ci yerdə qərarlaşıb.
Çin Xalq Respublikasının özündə
təşkil edilən reytinqlərə görə Pekin
Universiteti ölkədə Tsinxua Universitetindən sonra ikinci
yerdə durur.
Pekin Universiteti Çin
universitetlərini birləşdirən "C9 Liqası"na daxildir. Ali məktəb Çikaqo Universiteti
ilə birgə Şərqi Asiya İncəsənət Mərkəzi,
YUNESKO ilə birgə "Pekin Universiteti, kompüter
qrafikası və dizayn", Çin mədəniyyəti,
tarixi, dili və s. sahələri yaxından öyrənmək
istəyənlər üçün Stenford Universiteti ilə
"Pekində Stenford proqramları" və "Stenford-Pekin
universitetləri yay proqramları", Kornell Universiteti ilə
Çin və Asiya-Sakit Okean Tədqiqatları, Yel, Vaseda
universitetləri və London İqtisadiyyat Məktəbi ilə,
Miçiqan Ştatı Universiteti ilə birgə akademik
proqramlar və digər bir çox elmi-tədqiqat layihələrində
iştirak edir.
Tarixi
Pekin Universiteti
1898-ci ilin dekabrında Yüz Gün İslahatları
dövründə yaradılıb və ilkin olaraq İmperiya
Paytaxt Universiteti adı ilə fəaliyyət göstərib. 1902-ci ildə
universitetin hazırda Pekin Pedaqoji Universiteti kimi tanınan
pedaqogika fakültəsi açılıb.
1912-ci il
Sinxay inqilabından sonra İmperiya Paytaxt Universiteti Pekin Milli
Universiteti adlandırılır. 1917-ci il
yanvarın 4-də tanınmış alim Tsay Yuanpey bu ali təhsil
ocağının rəhbəri təyin edilir. Onun təşəbbüsü
ilə Pekin Milli Universiteti 14 departament və 2000-dən
artıq tələbəsi ilə ölkənin ən
böyük ali təhsil ocağına
çevrilir. Alman akademik təhsil modelindən
ilhamlanmış Tsay universitetə Hu Şi, Çen Duxui və
Lu Sin kimi şəxsləri dəvət edir. 1919-cu ilin mayında Dördüncü May Hərəkatı
iştirakçılarının əsas hissəsini Pekin
Milli Universitetinin tələbələri təşkil edirlər.
Beiyanq hökuməti bu cür hadisələrə
son qoymaq məqsədi ilə Tsayı vəzifəsindən
azad edir.
1920-ci ildən
başlayaraq Pekin Milli Universitetinə qızlar qəbul edilirlər. Pekin Milli Universiteti Nankin
Universitetindən sonra Çində qızların qəbul edildiyi ikinci ali məktəb
olur. 1937-ci il İkinci Çin-Yapon
müharibəsi dövründə Pekin Universiteti
Çanşa əyalətinə köçür və
Tsinxua, Nankin universitetləri ilə birləşdirilərək
Çanşa Müvəqqəti Universiteti
adlandırılır. 1938-ci ildə isə ali
məktəb Kunmin şəhərinə
köçürülür və burada Milli Cənub-Qərb
Birləşmiş Universiteti adı altında fəaliyyət
göstərir. İkinci Dünya müharibəsi
bitdikdən sonra Pekin Milli Universiteti Pekin şəhərinə
köçürülür. Həmin dövrdə
universitetin tərkibində İncəsənət, Elm, Tibb,
Mühəndislik və Kənd Təsərrüfatı məktəbləri,
Humanitar Elmlər İnstitutu fəaliyyət göstərirdi,
tələbələrin sayı 3000-ə qədər
artmışdı.
1952-ci ildə
Çin Xalq Respublikası yaradıldıqdan sonra Yençinq
Universiteti Pekin Milli Universiteti ilə birləşdirilir, Pekin
Universitetinin adından "milli" sözü
götürülür. Həmin il universitet Pekin şəhərinin
mərkəzindən Yençinq kampusuna
köçürülür. 1966-cı ildə ali
məktəbdə Mədəni İnqilab baş verir,
1966-1970-ci illər arasında burada dərslər
dayandırılır.
2000-ci ildə
Pekin Tibb Universiteti Pekin Universitetinə birləşdirilərək
Pekin Universitetinin Həyat Elmləri Kampusu
adlandırılır. Həmin kampusda hazırda 8 birləşdirilmiş
xəstəxana və 12 klinika fəaliyyət göstərir.
2001-ci ildə Şençjendə universitetin
peyk şəhərciyi açılır. 2004-cü ildə
ali məktəbin ikinci Biznes Məktəbi
yaradılır və bir müddət sonra həmin məktəbə
Beyda HSBC Biznes Məktəbi adı verilir.
Universitet bu gün
Hazırda Pekin Universitetinin
yerləşdiyi Yan Yuan və Yençinq kampusu Pekin şəhərinin
şimal-qərbində, bir çox kollec və universitetin cəmləşdiyi
Haidian ərazisində fəaliyyət göstərir və 274
hektar sahəni əhatə edir. Kampusun
yaxınlığında Pekinin tanınmış qədim
bağları, sarayları (Yay Sarayı, Qədim Yay Sarayı)
yerləşir.
Tsin sülaləsinə
aid qədim, ənənəvi Çin üslubunda
yaşıllaşdırılmış bağda yerləşən
Pekin Universitetinin ərazisində qədim tikililər, paqodalar
(Budda məbədi) mövcuddur. Kampusa giriş Şərq,
Qərb, Cənub darvazalarından mümkündür, lakin
onların arasında ən məşhuru divar
naxışları ilə işlənmiş Qərb
darvazasıdır. Kampus Veymin gölü
ilə əhatə olunub. Pekin Universitetinin
kampusu qonşuluqda yerləşən Tsinxua Universitetinin kampusu
ilə birgə dünyanın ən gözəl
kampuslarından hesab olunur.
Əsas
kampusdan əlavə, Süe Yuan ərazisində universitetin
Sağlamlıq Elmi Mərkəzi yerləşir. Elmi tədqiqatlar
üçün nəzərdə tutulmuş bu şəhərcik
əsas kampusdan fərqli olaraq o qədər də estetik
görünüşə malik deyil. 2001-ci ildə istifadəyə
verilmiş Şençjen kampusu Şençjen şəhərinin
şimal-qərb hissəsində yerləşir. Şençjen Ali Məktəbi Pekin Universitetinin bu
kampusda fəaliyyət göstərən əsas obyektlərindən
biridir.
Pekin Universiteti bakalavr pilləsində
95, magistratura pilləsində 199, doktorantura pilləsində isə
173 sahə üzrə ixtisaslaşmış 30 kollec (Riyaziyyat
elmləri, Fizika, Kimya, Həyat elmləri, Şəhər və
Ətraf Mühit elmləri, Yer və Kosmos, Elektronika və
Kompüter elmləri, Mühəndislik, Proqram Təminatı və
Mikroelektronika, Ekologiya elmləri və Texnika, Arxeologiya və
Muzeyşünaslıq, Xarici dillər, İncəsənət,
Çin dili xarici dil kimi, Beynəlxalq tədqiqatlar,
İqtisadiyyat, Quanqhua İdarəetmə, Hüquq, Dövlətin
idarəolunması, Marksizm, Jurnalistika və Kommunikasiya, Yuanpey,
Qabaqcıl fənlərarası tədqiqatlar, Təhsil Ali,
Şençjen Ali və s.) və 12 departamentdən
(Psixologiya, Çin dili və ədəbiyyatı, Tarix, Fəlsəfə,
Sosiologiya, İnformasiya idarəetməsi, Bədən tərbiyəsi
və s.) ibarətdir. Burada fundamental elmlərin
tədqiqat və tədrisinin daha yüksək səviyyədə
olmasına baxmayaraq, tətbiqi elmlər də müvəffəqiyyətlə
inkişaf etməkdədir. Hazırda universitetdə 216
institut (Kompüter elmləri və Texnologiyaları, Genişləndirilmiş
Texnologiya, Demoqrafik Tədqiqatlar, İqtisadi Tədqiqatlar,
Sosiologiya Tədqiqi, Molekulyar Tibb, Kavli Astronomiya və
Astrofizika və s.), 2 Milli Elmi Tədqiqat Mərkəzi, 12 milli
laboratoriya fəaliyyət göstərir.
Pekin Universitetinin
kitabxanası 4,5 milyon cild kitab və digər
materiallara malikdir. Universitet kitabxanası
Asiyanın ən zəngin kitabxanalarından hesab olunur.
Universitetin ərazisində Universitet tarixi, Artur Sakler adına İncəsənət və Arxeologiya
muzeyləri mövcuddur. Muzeylərdə
Çinin ən qədim dövrlərindən başlayaraq
müxtəlif inkişaf mərhələlərini əhatə
edən dəfn abidələri, qəbirlər, sərdabələr,
insan qalıqları və digər tapıntılar, olkənin
tarixinə aid zəngin kolleksiya qorunur.
Pekin Universitetinin
administrasiyasına (idarə olunmasına) Prezident ofisi,
Universitet Şurası, İnkişaf və Planlaşdırma,
Tələbə İşləri, Təhlükəsizlik,
Pedaqoji Administrasiya, Elmi Tədqiqatlar, Sosial Elmlər, Ali Təhsil
(magistratura və doktorantura, diplomdansonrakı təhsil), Fasiləsiz
təhsil, İnsan resursları, Maliyyə, Beynəlxalq
münasibətlər, Laboratoriya və Təchizatın
İdarəolunması, İnformatizasiya, Logistika Xidməti,
Daşınmaz Əmlakın İdarəolunması, Tikinti, Elm
və Texnologiyanın İnkişafı idarələri,
Universitetə Sərmayə Qoyan Müəssisələrlə
İcra Komitəsi, Həmkarlar İttifaqı daxildir.
Pekin
Universitetinin prezidenti 2008-ci ilin noyabr ayında bu vəzifəyə
təyin edilmiş professor Çjou Qifenqdir. O, həmçinin Çin
Elmlər Akademiyasının akademiki, bir çox
mükafatların laureatıdır. Pekin Universiteti
Şurasının sədri, professor Min Veyfanqdır. Hazırda universitetdə
8000 nəfərdən çox işçi
çalışır. İşçilərin
2900 nəfərini professor-müəllim heyəti, 5100 nəfərini
isə inzibati heyət təşkil edir. Ali məktəbin
əməkdaşları arasında 53 nəfər Çin
Elmlər Akademiyasının, 7 nəfər Çin Mühəndislik
Elmləri Akademiyasının və 14 nəfər
Üçüncü Dünya Elmlər Akademiyasının
üzvü var. Universitetdə hər bir əməkdaş
üçün kompleks xidmət resursları təklif olunur,
insan resursları proqramları nəticəsində
işçilərin cəlb edilməsi, inkişafı,
yüksək əməkhaqqı, müxtəlif mükafatlarla
onların həvəsləndirilməsi, iş təyinatları
və s. tədbirlər həyata keçirilir. Ali məktəbin
əlaçı tələbələri üçün nəzərdə
tutulmuş "Gəns İstedadlar Planı",
"Çeunq Konq Alimlər Proqramı" və s. proqramlar
mövcuddur.
2009-2010-cu tədris
ilində Pekin Universitetində ümumilikdə 30167 nəfər
tələbə qeydə alınıb. Onların
15128 nəfərini bakalavr, qalanlarını isə magistr və
doktorantlar təşkil edib. Hər il
Pekin Universitetinə 2000-dən çox əcnəbi tələbə
daxil olur. Onlar əsasən Qərbi Avropa,
Avstraliya, Afrika, Şimali və Cənubi Amerika, Asiyanın
bütün hissələrindən olan gənclərdir. Əcnəbi tələbələrin məskunlaşdıqları
yataqxanalar Şao Yuan ərazisində yerləşir.
Pekin
Universitetində gənclərin həyatı rəngarəngliyi
və zənginliyi ilə seçilir. Burada 200-dən
çox tələbə təşkilatı, idman
komandaları və digər birliklər fəaliyyət
göstərir. İl ərzində universitetdə
müxtəlif festivallar, yarışlar, ekskursiyalar, iməciliklər,
konsertlər, ədəbi, mədəni gecələr,
müsabiqələr və s. tədbirlər təşkil
olunur. Əcnəbi tələbələr
ölkələrinin mədəniyyətini təcəssüm
etdirən sərgi və digər məclislər
hazırlayır. Bu cür tədbirlər
tələbələr arasında dostluq hisslərini, liderlik
bacarığını inkişaf etdirir, gənclərin
dünyagörüşünü artırır, onlara zəngin
həyat təcrübəsi bəxş edir.
Dünya
üzrə tanınmış Pekin Universiteti müasir
Çin ədəbiyyatı, poeziyası və incəsənətinə
böyük töhfələr bəxş edib. Fəaliyyəti
dövründə universitet özünü intellektual
azadlıq məkanı kimi tanıdıb. Bu ali təhsil
ocağını Lu Sin, Mao Tzedun, Hu Honqminq, Hu Şi, Li Da-Çjao,
Çen Duxiu kimi dahi şəxslər, eləcə də
Nobel mükafatçıları Yuan Tseh Li, Tzun-Dao Li və Yan
Çen Nin bitirib. Çinin Yeni Mədəni,
Dördüncü May hərəkatları, 1989-cu il Tanyanmen Meydanı yürüşü və
digər əhəmiyyətli hadisələrinin yaranma nöqtəsi
Pekin Universiteti olub. Son yüz il ərzində universitetin 400-dən
çox məzunu Çinin müxtəlif nüfuzlu ali məktəblərinin
prezidenti vəzifəsində çalışıb (Tsinxua
Universitetinin prezidenti Luo Cialun, Jenmin Universitetinin prezidenti Yuan
Baohua, Jecianq Universitetinin prezidenti Tsyan Sanqianq, Fudan
Universitetinin prezidenti Çjan Jiranq, Nankin Universitetinin
prezidenti Den Ueizao, Çin Elm və Texnologiya
Universitetinin prezidenti Quan Ueiyan və s.).
Pekin Universiteti
bütün elm və tədris sahələrinin cəmləşdiyi
tədqiqat və təhsil mərkəzidir. Universitetin məqsədi XXI
əsrdə dünyanın bir nömrəli ali
məktəbinə çevrilmək, Çinin müasirləşdirilməsinə,
dünyanın iqtisadi, sosial və texnoloji inkişafına
öz töhfəsini vermək, yeni-yeni gənc istedadları
aşkarlayıb dünyaya təqdim etməkdən ibarətdir.
Universitetin məşhur məzunları
Kai Vu Çinin mədəniyyət
naziri
Bo Silay Çinin sabiq ticarət
naziri
Hu Şi Çin Yeni Mədəni hərəkatının lideri
Çen Duxiu Çin Kommunist
Partiyasının yaradıcılarından biri
Li Da-Çjao Çin Kommunist
Partiyasının yaradıcılarından biri
Çjan Qotao Çin Kommunist
Partiyasının yaradıcılarından biri
Luo Cialun Dördüncü May Hərəkatının
lideri
Tzun-Dao Li fizika üzrə Nobel
mükafatı laureatı
Yan Çen Nin fizika üzrə Nobel
mükafatı laureatı
Yuan Tseh Li kimya üzrə Nobel
mükafatı laureatı
Den Jiaxian Çində nüvə silahları proqramının
aparıcı təşkilatçısı
Lin Yutanq yazıçı, ilk
Çin yazı maşınının ixtiraçısı
Lu Sin tanınmış Çin yazıçısı
Şeh Konqven yazıçı
Syu Beyhonq məşhur rəssam,
universitetin İncəsənət Kollecinin dekanı
Hazırladı: Lamiyə ƏLİYEVA
Azərbaycan müəllimi.- 2010.- 19 noyabr.-S.6.