Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov yad edilir

 

Bu günlərdə Biləsuvar rayonunun Əliabad kəndinə, Milli Qəhrəman Mübariz İbrahimovun iyirmi iki il yaşadığı evə, təhsil aldığı orta məktəbə ziyarətə gələnlərin ardı-arası kəsilmir.

Azərbaycanın vətənpərvər oğlu Mübariz İbrahimovun əfsanəvi qəhrəmanlığından bəhs edən "Mübariz dastanı" adlı kitabın müəllifi, şair Mübariz  Məmişoğlu, Ağcabədi Rayon Təhsil Şöbəsinin məsul işçısi Məhəbbət Əliyeva, ikinci qrup Qarabağ müharibəsi əlili, "Faziloğulları" MMC-nin sədri, nəşriyyat direktoru Rəfayıl Faziloğlu və başqaları Milli Qəhrəmanın ailə üzvləri ilə görüşərək belə vətənpərvər oğul  tərbiyə  etdiklərinə görə onlara minnətdarlıq ediblər. "Mübariz dastanı" kitabı Milli Qəhrəmanın valideynlərinə təqdim edilib.

Qonaqlar sonra Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun təhsil aldığı şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinə gedərək, burada yaradılmış "Mübarizlik məktəbi" adlı muzeylə tanış olublar.

Təhsil ocağının müəllim və şagirdləri ilə keçirilən görüşdə məktəbin direktoru Bəsirə Rüstəmova çıxış edərək şagirdi, Milli Qəhrəman Mübariz İbrahimovun təhsil aldığı illərdən, keçdiyi şərəfli ömür yolundan  söhbət açıb.

Görüşdə məktəbin şagirdləri Şərqi İsayeva, Gülnisə Bədirova, Şəbnəm Kərimova, Günel Quliyeva, dil-ədəbiyyat müəllimi Ülviyyə Qurbanova "Mübariz dastanı" kitabından şeir nümunələri söyləyiblər. Mübarizin sinif rəhbəri olmuş coğrafiya müəllimi Əhliman Quliyevriyaziyyat müəllimi İlqar İsayev sevimli şagirdləri barədə şirin xatirələrini danışıblar.

Sonda çıxış edən qonaqlar Milli Qəhrəman Mübariz İbrahimova dərs demiş müəllimlərə və məktəb kollektivinə Mübariz kimi Vətənini, torpağını, xalqını, millətini sevən, onun təəssübünü çəkən oğul yetişdirdikləri üçün minnətdarlıq ediblər. 

 

 

Ə.DAŞDƏMİRLİ,

 

B.HƏBİBLİ

 

Azərbaycan müəllimi.- 2010.- 19 noyabr.- S.5.