İnnovativ universitet
Bu gün biz artıq İnformasiya Cəmiyyətinin
(İC) üzvüyük desək, yəqin ki, səhv
etmərik. İC-nin
xarakterik xüsusiyyəti informasiya texnologiyalarının
(İT) insan həyatının bütün sahələrinə nüfuzu, informasiya sənayesi
və biliklərin intensiv
inkişaf etməsidir.
İC İKT-nin
inkişafı nəticəsində formalaşan
yeni tip cəmiyyətdir,
buna biliklər cəmiyyəti də
deyilir. Burada insanın
rifahının əsas şərti bilik, informasiya və
onların səmərəli tətbiqidir. İC zaman, məkan və siyasi sərhədləri
aşaraq
informasiya mübadiləsinə imkan verir. Bu cəmiyyətdə
həyat keyfiyyətinin bütün parametrlər üzrə yüksəlməsi
üçün elmə əsaslanan
mühüm ictimai qərarlar
qəbul edilir. İnformasiya Cəmiyyəti müxtəlif mədəniyyətlərin
qarşılıqlı inikasına, hər bir toplumun
özünütəsdiqinə də imkan verir. İC-də kapital və
işçi qüvvəsindən
əlavə, bilik də istehsalın əsas amilinə
çevrilir. Müasir şəbəkə
texnologiyaları iqtisadiyyatın strukturunu dəyişməklə
bərabər, zaman və məkan anlayışlarına yeni məna
verir.
İC şəraitində təhsilin statusu daha
da yüksəlir. Təhsil sisteminin vəzifəsi iqtisadiyyatın inkişafını
stimullaşdırmaq, cəmiyyətin
və əmək bazarının sürətlə dəyişən
tələblərinə uyğun olaraq mütəxəssis
hazırlığını təmin etməkdir. Məlum
olduğu kimi, qlobal təhsil sistemi sənayeləşmə
dövründə xeyli
inkişaf etmiş, həmən
dövrün sosial
sifarişini əsasən yerinə yetirə bilmişdir. Lakin bu təcrübə
və yaradılmış elmi-pedaqoji
baza İC-də az
yararlıdır, köhnə təcrübəyə və
problemlərə yeni yanaşma gərəkdir. Digər tərəfdən, təhsilin sənayeləşmə
dövründən yığılıb qalan bir
xeyli problemləri də var ki, İC şəraitində yeni formada təzahür
edir. Ümumiyyətlə, müasir təhsildə
xeyli mürəkkəb ziddiyyətlər, paradokslar və həlli çətin məsələlər var.
Görünür, bu səbəbdən təhsil problemləri bəşəriyyətin
bir çox dühalarının daim diqqət mərkəzində
olmuşdur. Albert Eynşteyn Jan Piajeyə göndərdiyi məktubunda yazırdı:
"Sizin, uşaqlarda təfəkkürün
formalaşması proseslərini öyrənməyiniz çox təqdirəlayiqdir. Bir alim kimi Sizin cəsarətinizə
heyranam. Bizim həll etdiyimiz mürəkkəb fiziki problemlər, Sizin tədqiq etdiyiniz uşaqlarin təhtəlşüur
və şüur sirləri ilə müqayisədə
oyun-oyuncağı xatırladir".
Elmin bir çox sahələrində
son əsrdə ciddi inkişaf olsa da, insan şüuru, təfəkkürü
və təlimi sahəsinin tədqiqində
ciddi irəliləyişlər nəzərə
çarpmır. Bu gün texnologiyaların sürətli inkişafı fonunda
insan şüurunun dəyişmə tempi çox zəifdir.
Görünür, bu səbəbdən müasir təhsil
sistemi yeni texnologiyaların inkişaf tempi ilə heç
cür ayaqlaşa, İT-nin yaratdığı böyük imkanlardan səmərə
ilə istifadə edə bilmir.
Klassik pedaqogikanın, tədris
metodikalarının yaxın keçmişdəki elmi tövsiyələri
müasir informasiya - təhsil məkanında, dəftər-kitaba az
meyilli olan, rəqəmsal
düşüncəli yeni nəsl "indiqo"
uşaqların təliminin təşkilində
az səmərə verir. Belə vəziyyətdə müəllimlərin peşə fəaliyyəti xeyli mürəkkəbləşir. Başqa sözlə, köhnə təcrübə
yeni şəraitdə faydasız olur, bəzən
maneçilik də törədir.
Yeni şərait yeni problemlər yaradır, yeni vəzifələr
müəyyən edir, yeni
yanaşmalar tələb edir. Bu amillər təhsilin bütün pillələrində
innovasiyaların yaradılması və tətbiqini zəruri edir. Ona görə də hər bir ölkənin
təhsil islahatları innovasiyalara əsaslanmalı, gələcəyə
yönəlməli və qabaqlayıcı xarakter daşımalıdır.
Bu gün
İKT-nin inkişafı inqilabi xarakter daşıyır. BMT-nin qəbul etdiyi
"Qlobal İnformasiya Cəmiyyətinin
Okinava Xartiyasi" sənədində qeyd edilir: "İKT XXI əsrdə cəmiyyətin
formalaşmasına təsir edən
mühüm amillərdəndir.
İKT
insanların həyat
tərzinə, təhsilinə, peşə fəaliyyətinə,
hökumət və vətəndaş cəmiyyətinin
qarşılıqlı münasibətlərinə ciddi təsir
edir. İKT dünya iqtisadi
inkişafının mühüm stimuluna çevrilir. İKT hamının qarşısında inkişaf
üçün böyük
imkanlar açır".
İC qloballaşma
prosesləri ilə də sıx əlaqəlidir. Bu gün bir çox
dəyişikliklər qloballaşma fonunda baş verir. İqtisadi fəaliyyətin yeni
mühiti - qlobal
şəbəkə iqtisadiyyatı və elektron kommersiya xidmətləri sürətlə inkişaf edir. Distant əmək münasibətləri inkişaf
edir. Belə şəraitdə
bir çox ölkələr texnoloji inkişafı hədəf
seçərək, az
zaman kəsiyində
intensiv sosial-iqtisadi inkişafa
nail ola bilmişlər. Hələ 1997-ci ildə
Dünya Bankının proqnoz ssenarisində qeyd edilirdi:
"Təhsil islahatları, təhsil investisiyaları, yeni texnologiyalar yaxın gələcəkdə inkişaf
etməkdə olan ölkələrin iqtisadi
inkişafına güclü təkan verəcək. Rusiya,
Çin, Hindistan, İndoneziya, Braziliya kimi ölkələr 2010-2015-ci illərdə dünya
qlobal iqtisadiyyatında
söz sahiblərinə çevriləcəklər". Bu proqnozun həyata
keçməsinin artıq
biz şahidiyik.
İC tələblərinə
uyğun olaraq Azərbaycan Respublikasının iqtisadi
inkişaf strategiyası xammala əsaslanan
iqtisadiyyatdan yüksək texnologiyalara, innovasiyalara əsaslanan
iqtisadiyyata keçidi nəzərdə tutur. Enerji
resurslarının ixracından əldə edilən vəsaitlər
qeyri-neft sektorunun formalaşmasına, insan kapitalının
inkişafına yönəlir. Ölkəmizdə
reallaşan "qara qızılı insan kapitalına
çevirmək" siyasəti dünyanın müasir
inkişafı meyillərinə
uyğundur, çünki bu
gün hər hansı ölkənin
zənginliyi onun insanlarının təhsil səviyyəsi ilə
ölçülür. Azərbaycan Respublikasının
Prezidenti cənab
İlham Əliyevin qeyd
etdiyi kimi: "İnsan kapitalı inkişaf etmiş
ölkələrin indiki durumunu müəyyən edən
amildir. Həmin ölkələr təbii
resurslar hesabına yox, intellektual potensiala, yeni
texnologiyaların icad olması, tətbiqinə görə
inkişaf edirlər. Biz də bu yolu
seçməliyik".
Cəmiyyətin
innovativ inkişaf ideyası bir çox ölkələrin
inkişaf strategiyasının əsasını təşkil
edir. Ölkənin innovativ inkişafı sənaye əsaslı
iqtisadiyyatın biliyə əsaslanan iqtisadiyyata keçidini təmin
edir. İnkişaf
etmiş ölkələrdə ÜDM artımının 80%-ni yeni texnologiya,
avadanlıq və istehsalatın təşkili prosesində
istifadə edilən innovasiyalar təşkil edir.
Bu səbəblərdən müasir dünyada elm, təhsil,
innovasiyalar və bunların əsasında yaradılan elmtutumlu məhsullar
iqtisadi inkişafın əsas amilləridir. XXI əsrdə
elmi-texniki ideyalar, elmtutumlu məhsullar, yüksək
texnologiyalar, kadrların intellektual və təhsil potensialı
millətin, dövlətin rəqabətədavamlılığını,
onun innovasiya qabiliyyətini, dayanıqlı iqtisadi
inkişafın əsasını təşkil edir.
İnnovasiya amili İC-ə
keçidin maraqlı bir xüsusiyyətini aşkar edir: bu
gün daha çox elmi informasiya istehsal edən ölkələrlə
yanaşı, bu informasiyadan səmərəli istifadə,
praktikada operativ tətbiq edən ölkələr də
intensiv inkişaf edir. Çin,
Yaponiya, Cənubi Koreya və s. ölkələrin innovativ inkişafında bu
amil aydın sezilir. Sənaye və biznes üçün innovativ biliklərin,
informasiyaların hansı regionda yaranmasının əhəmiyyəti
yoxdur (elmin vətəni olmaz), əsas bu ideyalardan tez və səmərəli
istifadə bacarığıdır. İnnovasiya yeni
informasiyadan, elmi nailiyyətdən,
ixtiradan pul qazanmaq, əqli əməyin məhsulunu bazarda sərfəli
şəkildə sata bilmək qabiliyyətidir. Bu gün innovasiyalar
İnternet vasitəsilə informasiyanın, intellektual tutumlu məhsulun
elektron ticarəti olaraq, İC-də
intellektual
sahibkarlığın
mühüm növü
kimi qlobal fəaliyyət meydanına çevrilməkdədir.
İnkişaf etmiş
ölkələrdən fərqli
olaraq keçid dövrünü yaşayan ölkələrdə
innovativ fəaliyyəti əngəlləyən
bir sıra problemlər var: müvafiq qanunverici bazanın
olmaması, sənayedə
texniki və texnoloji yeniliklərə
tələbatın zəif olması, təbii sərvətlərə
əsaslanan iqtisadiyyatın mühüm rol oynaması, elm və
təhsilin qlobal inkişaf tempindən geridə qalması,
"əyalət xarakterli olması" və s. Bu problemlərin
həllinə isə xeyli vaxt lazımdır, lakin biliklərə
əsaslanan iqtisadiyyatın yaradılması
üçün bu zəruridir.
Məlum olduğu kimi, ölkəmizdə iqtisadiyyat sahəsində keçid
dövrü artıq başa çatmışdır. Deməli,
bundan sonrakı
mərhələdə elm və təhsilin inkişafı
üçün daha əlverişli
maliyyə imkanları yaranır. "Azərbaycan Respublikasında
2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" qəbul edilmişdir. Bu sənəddə
qeyd edilir ki, elm və texnologiyanın inkişafı,
qabaqcıl innovasiya sisteminin yaradılması və tətbiqi dövlət
siyasətinin strateji məqsədlərindəndir. Strategiyanın məqsədləri kimi elmi tədqiqatların
və innovasiya siyasətinin səmərəsini artırmaq,
ölkəni texnoloji cəhətdən modernləşdirmək,
insanın bu və ya digər sahədəki fəaliyyət səmərəsinin yüksəldilməsinə yönələn
innovasiyalardan geniş istifadə məsələləri
xüsusi qeyd edilmişdir. Strategiyanın mühüm bölmələrindən biri elm, təhsil və
istehsalın inteqrasiyası məsələlərinə həsr
edilmişdir. Bu bölmədə qeyd edilir ki, İC-də
mükəmməl bir sistemin tərkib hissələri kimi elm,
təhsil və istehsalatın inteqrasiyası biliyə əsaslanmalıdır.
İqtisadi inkişaf ölkədə insan potensialının
formalaşmasını təmin edən ali təhsilin və öyrənmənin fasiləsizliyini təmin edən əlavə
təhsilin innovativ inkişaf sistemi olmadan mümkün
deyil. Biliklərə
əsaslanan iqtisadiyyata keçidin təmin edilməsində
universitetlərin mühüm rolu var. Milli innovasiya sisteminin
formalaşmasında, inkişafında, cəmiyyətin innovativ səviyyəsinin
yüksəldilməsində, innovasion mədəniyyətin
formalaşmasında universitetlər lider olmalıdırlar. Bilik, informasiya dünya təhsil sisteminin
inkişafında həlledici amilə çevrilir.
İC insan fəaliyyətinin bütün sahələrini
transformasiya etdiyi kimi, dünya təhsil
sisteminə, xüsusən də ali təhsil sisteminə ciddi təsir
göstərməkdədir.
İnformasiya məkanında universitetlər elm və innovativ inkişaf mərkəzlərinə
çevrilirlər, bu zaman əsas məqsəd təhsil
innovasiyalarının yaradılması və
yayılmasıdır. Təhsil
innovasiyası - universitet fəaliyyətinin
keyfiyyəti və rəqabətədavamlılığının yüksəldilməsi məqsədi
ilə yeni
yaradılmış və ya təkmilləşdirilmiş
pedaqoji təyinatlı son məhsuldan
istifadədir. Universitetdə innovativ proses yeniliklərin yaradılması, tətbiqi,
yayılması istiqamətində kompleks fəaliyyət
olub, elmi tədqiqatların, idarəetmə qərarlarının, maddi-texniki infrastrukturun yaradılması və
inkişafını nəzərdə tutur. Universitetin innovativ fəaliyyəti
təhsil mühitinə yeni və səmərəli elementlərin daxil
edilməsinə imkan verən məqsədyönlü dəyişiklikdir. Bu tip fəaliyyət təhsildə məzmunun, formanın, metodların, texnologiyaların, vasitələrin, idarəetmə sistemlərinin
inkişafı və səmərəsinin yüksəldilməsinə
xidmət edir. Universitetin
innovativ fəaliyyəti nəticəsində rəqabətqabiliyyətli kadrlar
hazırlamaq mümkün olur.
Universitetin rəqabətqabiliyyətli
müasir təhsil müəssisəsi kimi formalaşması
üçün onun fəaliyyəti təlim-tərbiyə və elmi-tədqiqatla
yanaşı innovativ fəaliyyət istiqamətini də əhatə etməlidir. İnnovasiyalar universitetin bütün struktur
bölmələrinin fəaliyyətində
mühüm amil olmalıdır.
Bunun
üçün zəruri hallarda
universitetin tərkibində innovasiya yönümlü əlavə
infrastruktur bölmələrinin yaradılması məqsədəuyğundur. Bu infrastruktur bölmələrin
əsas məqsədi innovativ məhsulların yaradılması
və tətbiqindən ibarət olmalıdır.
Universitetlərin təkamülü cəmiyyətin
inkişafı ilə sıx bağlıdır.
Əgər 50 il əvvəl
universitet təhsilinin əsasını klassik universitetlər təşkil edirdisə, bu gün təhsil bazarında
Biznes-Universitetlər üstünlük
təşkil edir.
Biznes-Universitetlərin
"istehsal etdiyi
məhsullar"
klassik ali peşə təhsili
ilə yanaşı, həm də genış spektrdə elm-təhsil
xidmətlərini əhatə edir. Biznes-Universitetlər dövlət və özəl
sektordan aldığı sifarişlər əsasında layihələr icra edirlər. Universitet əməkdaşlarının
yerinə yetirdikləri belə layihələrin nəticələri elmtutumlu yeni məhsul kimi bazara təqdim
edilir. Bu məhsullar sırasında "elmi-tədqiqat təcrübi
konstruktor işləri"nin nəticələri, "tətbiqi
elmi-tədqiqat işləri"nin nəticələri və s.
qeyd edilə bilər.
Müasir universitetin inkişaf
strategiyası innovasiyalara əsaslanmalıdır. Universitetin yeniliklərə,
innovasiyalara açıq olması, innovativ inkişaf yolunu
tutması onun sürətlə inkişaf edən qlobal tələblərə
uyğunlaşması, rəqabətədavamlı olması
üçün mühüm şərtdir. Belə universitetlər davamlı olaraq elm-təhsil
prosesinin məzmununu,
texnologiyasını təkmilləşdirərək inkişaf
edirlər. Müasir
universitetlərə xas olan geniş muxtariyyət, elm və təhsil
proseslərinin vəhdəti, məhsuldar innovativ fəaliyyət, sənaye və bizneslə möhkəm
əlaqələrin qurulması
XX əsrin sonuna yaxın sürətli elmi-texniki
inkişafı təmin etmişdir.
Universitetin innovativ inkişafı
innovasiyaların və innovativ fəaliyyətin universitet fəaliyyətinin
bütün sferalarına sistemli tətbiqi prosesidir. Universitetin
inkişafının innovativ xarakteri onun fəaliyyət nəticələrinin
innovasiyalar hesabına təmin edilməsidir. İnnovativ
inkişaf informasiya cəmiyyətində universitetin rəqabətədavamlı
olması, dinamik inkişafı üçün əsas şərtdir. Burada ənənə və yeniliyin
mübarizəsi, vəhdəti, sinergetik inkişafı məsələləri özünü göstərir.
İnnovativ təhsilin mahiyyəti belə ifadə edilir: "Keçmişin arxasınca qaçmamalı, gələcəyi
yaratmalı". İnnovativ təhsil tədrisdə
innovasiyaların yaradılması, inkişafı,
yayılmasına istiqamətlənmiş proses kimi xarakterizə
edilir. İnnovativ təhsil ənənəvi təhsilin
informasiya cəmiyyəti tələbləri səviyyəsinə
transformasiya edilməsi
("layihələnməsi"),
onun İC texnologiyaları
ilə reallaşması deməkdir.
Bu zaman təhsildə müəllimin rolu və statusunun dəyişməsi,
onun məsləhətçi tyutor funksiyası
daşıması, təhsil
vasitəsi ilə cəmiyyətin texnoloji, sosial-iqtisadi sifarişinin reallaşması müşahidə edilir.
İstənilən universitet innovativ inkişaf yolunu
seçə bilməz,
bunun üçün universitetin müvafiq kadr
potensialı olmalıdır. Universitetlərin
inkişafının yeni strategiyasının formalaşmasında innovasiyaların sistemyaradıcı funksiyası var. Universitetin innovativ fəaliyyəti
onun struktur bölmələrinin innovativ fəaliyyətinin təşkili
və əlaqələndirilməsi mexanizminin
yaradılnmasını tələb edir.
Universitetin
innovativ fəaliyyəti aşağıdakı üç
istiqamətdə reallaşa bilər.
1. Universitetdə
innovasiyaların yaradılması onun
fəaliyyətinin innovativ
inkişaf amili kimi.
2. Universitetdə innovasiya fəaliyyətinin
tədrisi innovasiya üzrə kadr hazırlığı amili
kimi.
3. Universitetin təhsil fəaliyyəti
innovasiyaların dəstəklənməsi və
inkişafı amili kimi.
İnkişaf etmiş
ölkələrin iqtisadiyyatında bu
gün tədqiqat universitetləri aparıcı
mövqeyə malikdirlər. Onların gəlirlərinin
mühüm hissəsi təhsil xidmətləri hesabına
deyil, innovativ fəaliyyət hesabına formalaşır.
Qabaqcıl universitetlərdə aparılan tədqiqatlar nəticəsində
Akademik İnnovasion Universitet (AİU) konsepsiyası
hazırlanmış, ənənəvi universitetlərin innovasion universitetlərə
transformasiya texnologiyası yaradılmışdır. Bunun üçün
müəyyən mühit və resurslar lazımdır.
Akademik İnnovasion Universitetlərin
mühüm xüsusiyyətləri
aşağıdakı kimidir:
1. Problemyönümlü,
layihəyönümlü, fənlərarası təhsil
texnologiyalarının tətbiqi ilə elm və tədris
prosesinin vəhdəti əsasında innovativ təhsilin
yaranması.
2. Elmi məktəblər
bazasında mütəxəssislərin keyfiyyətli
hazırlanma sisteminin formalaşması.
3. Elm, təhsil və innovasiya fəaliyyətinin
inteqrasiyası.
4. Universitetdaxili korporativ mədəniyyət və
rəqabət mühitinin formalaşması.
5. Dövlət idarəetməsi,
dövlət-ictimai idarəetmə və özünüidarənin
səmərəli əlaqələndirilməsi əsasında universitetin
müasir menecmentinin
formalaşması, yeni vəzifələrə uyğun təşkilati
strukturların yaradılması.
6. Universitetlərin müxtəlif
maliyyələşmə mənbələrinin müəyyənləşməsi,
universitetin elm-təhsil xidmətləri sektorunda sahibkarlıq subyekti kimi
formalaşması.
7. Universitetin ölkədaxili
və xarici mühitlə qarşılıqlı əlaqələrini
təmin edən mükəmməl infrastrukturunun formalaşması.
İC-də innovativ universitetlər sürətlə
inkişaf edirlər. İC-də universitetlərin təşkilati
strukturu bu gün
istehsalat müəssisələri
strukturlarını
xatırladır. İnnovativ
universitetlər elm, təhsil və istehsalat kompleksi kimi fəaliyyət göstərərək təhsil, istehsalat və biznes strukturlarını özündə üzvi şəkildə birləşdirir. Yüksək elmi
potensiala malik belə universitetlər müxtəlif elmi və biznes
ideyalar irəli sürür,
öz tərkibində olan
texnoparklarda və biznes-inkubatorlarda bu
ideyaları praktik olaraq
reallaşdırırlar. Tanınmış
şirkətlər
bu universitetlərdə öz
elm və istehsalat şöbələrini yaradırlar. Bu universitetlərin mənfəətinin mühüm hissəsi elm və
innovasiyalar hesabına formalaşır, bu
dövriyyə yüz milyon
dollarlarla hesablanan bir məbləğdir.
İC-nin inkişafı universitetlərin fəaliyyət xarakterini, inkişaf strategiyasını, idarəetmə
sistemini də dəyişdirir. Universitetlərin təşkilati
strukturunda yeni bölmələr yaranır:
"Texnopark"lar, "Təhsil keyfiyyətinin
menecmenti" departamenti, "Marketinq" departamenti,
"Elektron təhsil" departamenti, "İnformasiya sistemləri
və proqram təminatının
yaradılması və istismarı" departamenti kimi yeni bölmələrin
yaradılması nəticəsində universitetlərin fəaliyyəti və
idarə edilməsi daha çox istehsalat müəssisəsini xatırladır. Universitet rəhbərliyi tərəfindən
səmərəli idarəetmə qərarlarının qəbulu
və dəstəklənməsi "Təhsilin
avtomatlaşdırılmış idarəetmə informasiya
sistemləri" proqram kompleksi olmadan mümkün deyil. Belə sistemlər əvvəllər
əsasən istehsal və xidmət müəssisələrində
tətbiq edildiyi
halda, bu gün "Elektron Universitet" sistemi kimi inkişaf etmiş bütün
universitetlərdə
uğurla tətbiq
edilir. Təhsildə
innovasiyaların yaradılması və tətbiqi universitetin
bazar iqtisadiyyatı şəraitində maliyyə
imkanlarını artırmaqla yanaşı, innovativ
universitet modeli qurmağa imkan verir.
İlham ƏHMƏDOV
Azərbaycan müəllimi.- 2010.- 19 noyabr.- S.5.