Lənkəran təhsili uğurlu
inkişaf yollarında
2009-2010-cu tədris
ilində ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda
da təhsil sahəsində
mühüm işlər görülmüş, bir
çox diqqətçəkən uğurlar
qazanılmışdır. İlk növbədə təlim-tərbiyə müəssisələrinin
maddi-tədris bazasının möhkəmləndirilməsi diqqət mərkəzində
saxlanılır. Çünki təlim-tərbiyə sahəsində
yüksək nailiyyətlər qazanılması tədrisin maddi bazasından çox
asılıdır. Son illər Lənkəranda
yeni məktəblərin
tikintisi və əsaslı təmiri
sahəsində uğurlu addımlar atılmışdır.
2003-cü ilədək Lənkəranda birtipli layihə əsasında
24 məktəb binası
tikilmişdirsə, 2003-cü ildən bəri isə 23 məktəb
tikilmiş, O.Mirzəyev adına şəhər qarışıq
tipli uşaq evi və şəhər 5 nömrəli orta məktəb
müasir standartlar səviyyəsində təmir olunmuş,
yeni inventar və avadanlıqlarla, kompüterlərlə təmin
edilmişdir.
Bu il V.Əliyev adına şəhər 4 nömrəli orta məktəb dövlət vəsaiti hesabına yüksək səviyyədə təmir olunmuş və sentyabrın 15-də məktəblilərin istifadəsinə verilmişdir. Eyni zamanda yay dövründə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovun qayğısı, yerli icra və bələdiyyə orqanlarının, pedaqoji kollektivlərin və ayrı-ayrı iş adamlarının köməyi ilə rayonun bütün ümumtəhsil məktəbləri, habelə məktəbəqədər və məktəbdənkənar tərbiyə müəssisələri təmir edilmişdir.
Son illər məktəblərin latın qrafikalı əlifba ilə çap olunan bədii-elmi ədəbiyyatla, habelə pulsuz dərsliklərlə təminatı sahəsində də xeyli iş görülmüş, məktəb kitabxanaları Azərbaycan və dünya ədəbiyyatının ən gözəl nümunələri ilə təmin edilmişdir. Yeni dərs ili ərəfəsində 50670 nüsxə dərslik gətirilərək məktəblərə çatdırılmışdır. Həmçinin ehtiyaca görə məktəblərə xeyli bərk və yumşaq inventar, tədris avadanlığı verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamından irəli gələn vəzifələrin icrası nəticəsində rayonun ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı sahəsində zəruri addımlar atılmiş, nəticədə kompüterlərin sayı 847-yə çatdırılmışdır, hazırda hər 29 şagirdə 1 kompüter düşür.
Azərbaycan tarixi, kimya, biologiya və fizika fənləri üzrə elektron dərs vəsaitləri, metodik vəsaitlər, test kitabçaları, tədris sistemləri, onlardan istifadə qaydaları alınaraq məktəblərə paylanmışdır. Görülmüş ən mühüm işlərdən biri də Lənkəran məktəblərinin xəritələşdirilməsi, kadr resurslarının idarə olunması, elektron sənəd arxivi və şagirdlər haqqında məlumat bazasının yaradılmasıdır.
Hazırda təhsil şöbəsinin rəsmi veb səhifəsinin hazırlanması istiqamətində iş aparılır. Eyni zamanda Təhsil Nazirliyi ilə "Mədəd" Humanitar Təşkilatı İctimai Birliyi arasında bağlanmış müqaviləyə əsasən Lənkəranda İKT-nin təhsil sisteminə tətbiqi, müəllimlərin kompüter texnologiyalarına yiyələnməsini təmin etmək məqsədilə keçirilmiş treninqlərdə 190 nəfər təhsil işçisi iştirak etmişdir. Rayon müəllimləri arasında aparılan izahat işlərinin nəticəsində "Xalq kompüteri" layihəsi çərçivəsində 225 nəfər müəllim faizsiz və güzəştli kredit hesabına fərdi kompüter almışdır ki, bu da pedaqoji kadrların kompüter texnologiyalarına yiyələnməsinə və tədris prosesində ondan istifadəyə böyük köməkdir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibəti ilə keçirilmiş bilik yarışları məktəblilərin fəallığına və böyük marağına səbəb olmuşdur. Bu yarışlarda şəhər 10 nömrəli orta məktəbin komandası I, Xanbulan kənd orta məktəbinin komandası II yeri tutmuş, fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunmuşdur. 2009-cu ilin sentyabrında Amerika Beynəlxalq Təhsil Şurasının Təhsil Nazirliyi ilə birlikdə həyata keçirdiyi FLEX proqramı çərçivəsində 2010-2011-ci tədris ilində ABŞ-ın orta məktəblərində 1 il müddətinə təhsil almaq məqsədilə Lənkəran şəhərində keçirilmiş müsabiqədə şəhər 4 nömrəli orta məktəbin XI sinif şagirdi Nərmin İsmayılova və şəhər 7 nömrəli orta məktəbin XI sinif şagirdi Elza Əhmədova qalib gələrək ABŞ-da təhsil almaq hüququ qazanmışlar.
Xəzər Universitetinin 2010-cu ilin aprelində Lənkəran şəhərində keçirdiyi olimpiadada şəhər 10 nömrəli orta məktəbin XI sinif şagirdi Əli Babazadə I yeri, Əsəd Qurbanzadə II yeri tutmuşlar. Daha 12 şagird həmin olimpiadanın nəticələrinə görə diplom və hədiyyələrlə təltif olunmuşdur.
Şürük kənd orta məktəbinin şagirdi Rahid Həbibzadə boks üzrə Avropa çempionatında III yeri, Xarici Dillər Təmayüllü Gimnaziyanın şagirdi Rüstəm İnamzadə 12 yaşlılar arasında ağır atletika üzrə IV açıq zirvə kuboku uğrunda yarışlarda I yeri, Nərimanabad qəsəbə orta məktəbinin şagirdi Fidan Səmədzadə boks üzrə respublika çempionatında I yeri, Liman şəhər 1 nömrəli orta məktəbin XI sinif şagirdi Ramal Yusifli boks üzrə respublika çempionatında I yeri tutmuşlar.
"Çiçəklən doğma Azərbaycan!" mövzusunda rəsm müsabiqəsinin respublika mərhələsində uğurla iştirak etdiklərinə görə şəhər 7 nömrəli orta məktəbin şagirdi Aysel Əhmədova, şəhər 4 nömrəli orta məktəbin şagirdləri Məzahir Hüseynzadə və Aydan Mirzəzadə, şəhər 10 nömrəli orta məktəbin şagirdi Lalə Məmmədzadə diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. Azərpoçt MMC və Təhsil Nazirliyinin Ümumdünya Poçt İttifaqının xətti ilə keçirilən III beynəlxalq epistolyar inşa müsabiqəsində Girdəni kənd orta məktəbinin XI sinif şagirdi Xədicə Ağazadə dördüncü yeri tutmuş, pul mükafatına və fəxri fərmana layiq görülmüşdür.
"Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı(2006-2010-cu illər)"nın müddəalarını rəhbər tutaraq istedadlı şagirdlər üçün səmərəli və keyfiyyətli təhsil şəraiti yaratmaq və onların davamlı inkişafını təmin etmək məqsədilə Təhsil Nazirliyinin əmri ilə respublikanın ayrı-ayrı bölgələrində, o cümlədən Lənkəran şəhərində 2010-2011-ci tədris ilindən xüsusi istedadı ilə fərqlənən şagirdlər üçün şəhər 6 nömrəli orta məktəbdə 1 (bir) V sinfin açılması təmin edilmişdir.
Ötən tədris ilində də yüksək səviyyədə keçirilmiş olimpiadanın şəhər turunun birinci mərhələsində 1012 şagird iştirak etmiş, ayrı-ayrı fənlər üzrə 41 nəfər I yeri tutmuş, respublika turunda iştirak etmiş 16 nəfərdən şəhər 3 nömrəli orta məktəbin XI sinif şagirdi İlhamə Abdullazadə IV yerə layiq görüşmüş və diplomla təltif olunmuşdur.
Məlumdur ki, artıq respublikanın bütün ümumtəhsil məktəblərinin IX və XI siniflərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada test üsulu ilə aparılır. 12 iyun 2010-cu il tarixində IX siniflərdə 8 imtahan mərkəzində buraxılış imtahanı keçirilmişdir. İmtahana buraxılmış 2855 nəfərdən 2733-ü imtahanda iştirak etmiş, onlardan 2415 nəfəri müvəffəq qiymət almışdır. Rayon üzrə müvəffəqiyyət faizi 88,68 olmuşdur. 11 iyun 2010-cu il tarixində XI siniflərdə 8 imtahan mərkəzində buraxılış imtahanı keçirilmişdir. İmtahana buraxılmış 2275 nəfərdən 2150 nəfəri imtahanda iştirak etmiş, onlardan 1600-ü müvəffəq qiymət almışdır. Rayon üzrə müvəffəqiyyət faizi 74,4 olmuşdur. Bu da keçən illə müqayisədə 5 faiz çoxdur.
Keçən tədris ilində məktəblərimizi bitirən 1600 məzundan 984 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd təqdim etmişdir. Onlardan 331 nəfəri, əvvəlki illərin məzunları ilə birlikdə 361 nəfəri tələbə adına layiq görülmüşdür. Ali məktəblərə qəbul olunanlardan 15 nəfəri 600-dən yuxarı (keçən ildəkindən 4 nəfər çox), 45 nəfəri 500-dən yuxarı bal toplamışdır (keçən ildəkindən 2 nəfər çox).
Şəhər 2 nömrəli orta məktəbin məzunu Əzizağa Mikayılzadə 690 balla Tibb Universitetinin müalicə işi fakültəsinə, Türk liseyinin məzunu Urfan Cabbarlı 685 balla Qafqaz Universitetinin kompüter mühəndisliyi fakültəsinə, şəhər 10 nömrəli orta məktəbin məzunu Əli Babazadə 680 balla Dövlət İdarəçilik Akademiyasının menecment fakültəsinə, şəhər 4 nömrəli orta məktəbin məzunu Çinarə Rəsulzadə 657 balla Tibb Universitetinin müalicə işi fakültəsinə, şəhər 3 nömrəli orta məktəbin məzunu İlhamə Abdullazadə 645 balla Tibb Universitetinin müalicə işi fakültəsinə, Türk liseyinin məzunu Rəşadət İsmayılzadə 645 balla Qafqaz Universitetinin kompüter mühəndisliyi fakültəsinə və s. daxil olmuşlar.
Ümumi orta təhsilin həyata keçirilməsində məktəbdənkənar tərbiyə müəssisələrinin rolu da danılmazdır. Hazırda təhsil şöbəsinin tabeliyində 6 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə 354 qrupda 4772 nəfər şagird məşğul olur. Ötən tədris ilində məktəbdənkənar tərbiyə müəssisələrinin uğurları da xeyli artmışdır. Şahmat məktəbinin yetirməsi Cavidan Babazadə şahmat üzrə Yunanıstanda keçirilən Avropa çempionatında III yeri, iyun ayında Bolqarıstanın Varna şəhərində keçirilən I açıq çempionatda II yeri, şahmat məktəbinin yetirməsi Murad Rzayev respublika çempionatında III yeri, cari ilin fevral ayında keçirilmiş yunan - Roma güləşi üzrə respublika birinciliyində şəhər UGİM-in yetirməsi Şadman Hüseynzadə II yeri, aprel ayında ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş məktəblilərin respublika turnirində UGİM-in komandası futbol üzrə I yeri, UGİM-in yetirməsi Mehti Məhərrəmzadə II Respublika birinciliyində yunan - Roma güləşi üzrə II yeri, "Sevinc" kuboku üzrə respublika birinciliyində şəhər UGİM-in komandası III yeri, avqust ayında Gürcüstanda keçirilmiş futbol üzrə beynəlxalq turnirdə IV yeri tutmuşdur. Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin təşkilatçılığı ilə "Bizim hüquqlarımız" mövzusunda Bakı şəhərində keçirilən rəsm müsabiqəsində Şəhər Uşaq Yaradıcılıq Mərkəzinin yetirmələri Bilal Qənbərli I, Qüdrət Qənbərli II, Rövşən Səfərli III yeri tutmuşlar.
Lənkəranın pedaqoji ictimaiyyəti bundan sonra da gənc nəslin təlim - tərbiyəsi işini yüksək səviyyədə qurmaq, təhsil sahəsində islahatları uğurla həyata keçirmək, təhsil nailiyyətlərini daha da artırmaq üçün fədakarlıqla çalışır.
Azərbaycan
müəllimi.- 2010.- 19 noyabr.- S.4.