"Qaraca qız" hekayəsinin tədrisi təcrübəsindən

  

Müstəqil bir ölkə kimi özünün inkişaf istiqamətlərini qloballaşan dünyanın qəbul etdiyi prinsiplər üzərində quran Azərbaycanda təhsilimizin həm məzmun, həm də formaca dəyişməsi uğurla həyata keçirilir. Zamanın tələbini nəzərə alaraq dərslərimdə təlimin inkişafetdirici üsullarından, müasir texnologiyalardan, interaktiv metoddan istifadə etməyə çalışıram. Bu sahədə gördüyüm işdən S.S.Axundovun "Qaraca qız" hekayəsinin təhlili əsasında bəhs etmək, fikir mübadiləsi etmək istərdim.

Mövzunun tədrisinə hazırlaşarkən, ilk növbədə, dərsin məqsədini müəyyənləşdirirəm: şagirdlərdə məntiqi mühakimə yürütmək, təhlil etmə, əqli nəticə çıxarma bacarıqları və ümumiləşdirmə vərdişlərini formalaşdırmaq; məktəblilərdə dosta sədaqət, iradəlilik, insanpərvərlik hisslərini inkişaf etdirmək; şagirdlərin obrazlı və tənqidi təfəkkürünü inkişaf etdirmək.

Müəyyənləşdirdiyim məqsədə nail olmaq üçün karusel, Venn dairələri, rollu oyunlar, söz assosiasiyaları, diskussiya kimi üsulları seçir, işçi kağızları, kartoçkalar, sənətkarın şəkli, əsərdən şəkillər (bədii filmdən), proyektor hazırlayıram.

Dərsi diskussiya ilə başlayır, sinfə - "S.S.Axundov kimdir" - sualı ilə müraciət edirəm.

- Süleyman Sani Axundov Azərbaycanın görkəmli yazıçısıdır. O, Qori Seminariyasını bitirmiş, Bakıda məktəb direktoru işləmişdir. Məktəb və qiraətxanaların açılmasında fəal iştirak etmişdir. Axundov gözəl əsərlər yazmışdır.

- Biz sənətkarın hansı hekayəsini öyrəndik?

- "Qaraca qız" hekayəsini.

- "Qaraca qız" əsərində nədən danışılır?

- Bu hekayədə bütün insanlara məhəbbətlə yanaşan bir qızın dostu uğrunda fədakar ölümü təsvir edilib.

- Əsərdə hansı obrazlar var?

- Hekayədə Qaraca qız, Ağca xanım, Yasəmən, Yusif, Hüseynqulu ağa, Rəhim bəy, Pəricahan xanım, Piri baba kimi surətlər var.

- Surətləri neçə yerə bölə bilərsiniz? Niyə?

- Surətləri müsbət və mənfi olaraq 2 qismə bölərik. Qaraca qız, Ağca xanım, Yasəmən, Piri baba müsbət surətlərdir. Onlar sadəqəlbli, xeyirxah, əməksevərdirlər. Pəricahan xanım, Hüseynqulu ağa, Yusif kimi surətləri mənfi hesab edirik.

Bu obrazlar kobud, özlərindən razı, xəbis və lovğadırlar.

Obrazların təhlilində karusel üsulundan istifadə edirəm. Şagirdlər 5 qrupa bölünür. Hər qrupa bir işçi kağızı təqdim edilir. İşçi kağızında obrazın adı yazılır. Kağız iki yerə bölünür. Şagirdlər birinci tərəfə müsbət keyfiyyətləri, digər tərəfə mənfi cəhətləri qeyd edirlər. Birinci qrup bir cəhəti qeyd edir, işçi vərəqini digər qrupa ötürür. Nəticələr lövhəyə vurulur. Məlumatlar oxunduqca qruplara imkan yaradılır ki, bir-birinin fikrinə etirazya əlavə etsinlər.

Şagirdlərin obrazlara münasibətini tam açmaq üçün "Kimdir günahkar" adlı kiçik bir məhkəmə təşkil olunur.

Lövhəyə beş şagird çağırıram. Birinci şagird Ağca xanım, II şagird Pəricahan xanım, III şagird Hüseynqulu ağa, IV şagird Piri baba, V şagird Yusif, qalan şagirdlər isə ittihamçı rolunda çıxış edir, onları Qaraca qızın ölümündə ittiham edirlər. Mühakimə olunanlar özlərini müdafiə etməyə çalışırlar. Təşkil olunan bu məhkəmə şagirdlərin tənqidi təfəkkürünü inkişaf etdirir, özünü müdafiə etmə bacarığını formalaşdırır, "məhkəmə" yekunlaşdırılır.

sərdəki uşaqların hansı hüquqları pozulur" - sualı ilə sinfə müraciət edirəm, müzakirə başlanır. Şagirdlər uşaqların istirahət, ailədə yaşamaq, tibbi yardım almaq, azad söz demək və s. hüquqlarının pozulduğunu müəyyən edirlər.

Sonra 3 nəfər yazı taxtasında işləyir. Birinci şagird məntiqi ardıcıllıqlar üzərində iş aparır.

İkinci şagird Venn dairələri üzərində iş aparır. Venn dairələrində öz dostu ilə Qaraca qızı müqayisə edir.

Üçüncü şagird ağ və qara sözləri ilə assosiasiyalar yaradır: ağ günlər, ağ yalan, ağ qızıl, qara bəxt, qara günlər, qara fikirlər, qara niyyət və s.

Lövhədə iş gedən zaman yerdəki şagirdlərdən istedadlı olanlar Qaraca qız və Ağca xanımın şəklini çəkirlər. Digər şagirdlər "Əsər mənə nəyi öyrətdi" adlı kiçik inşa yazırlar.

Lövhədəki iş yoxlanılır və qiymətləndirmə aparılır. Şagirdlərin şəkilləri nümayiş etdirilir. Sənətkarın təsviri ilə şəkillər müqayisə edilir. Proyektor vasitəsilə portretlər nümayiş olunur.

İnşalar oxunur, əsərin tərbiyəvi əhəmiyyəti araşdırılır.

 

 

Nazlı İSMAYILOVA

 

Azərbaycan müəllimi.- 2010.- 19 noyabr.- S.4.