İslam ölkələri ali təhsil və elmi tədqiqat
nazirlərinin 5-ci konfransı
Bu günlərdə
Malayziyanın Kuala-Lumpur şəhərində
İslam ölkələri
ali təhsil
və elmi tədqiqat nazirlərinin
5-ci konfransı keçirilib.
İSESKO və Malayziya
Ali Təhsil Nazirliyi tərəfindən təşkil
olunmuş konfransda ölkəmizi Malayziyanın
ali təhsil naziri cənab Məhəmməd Xalid Bin
Nordinin dəvəti ilə təhsil nazirinin müavini Elmar Qasımovun rəhbərliyi altında
Təhsil Nazirliyinin nümayəndə heyəti
təmsil edib.
"İslam
ölkələrinin inkişafı
naminə tədris, tədqiqat və innovasiya prosesində keyfiyyət prinsipləri"
mövzusuna həsr olunmuş konfransın əsas məqsədi İslam ölkələrində
ali təhsil və elmi tədqiqat
sahəsində həyata
keçirilən tədbirlər,
bu sahədə reallaşdırılan milli
proqramlar, texnoloji inkişafda yeni cərəyanlar, İslam ölkələrində universitetlərin
reytinqləri və İslam dünyasında innovasiyaların tətbiqi
kimi məsələlər
ətrafında fikir mübadiləsinin aparılması,
eləcə də qeyd olunan məsələlərin
həllində ali təhsil və elmin rolunun müzakirəsi
idi.
Tədbirdə İslam ölkələri
nazir və nazir müavinlərinin rəhbərlik etdiyi nümayəndə heyətləri
ilə təmsil olunmuşlar. Konfransda həmçinin İslam dünyasının İslam
Konfransı Təşkilatı
və İSESKO kimi ən nüfuzlu təşkilatları ilə
yanaşı, COMSTECH, İslam
Dünyasının Universitetlər
Federasiyası, SESRİC, İqtisadi
Əməkdaşlıq Təşkilatı
və digər təşkilatların rəhbərləri
də iştirak ediblər.
Konfransda İslam
ölkələrində dayanıqlı
cəmiyyətin formalaşmasında
ali təhsil və elmi tədqiqatların
rolu; ali təhsil və elmi tədqiqatların prioritet vəzifələri;
İslam ölkələrində
qadın alimlərin peşəkar inkişafı üçün
daha geniş imkanların yaradılması
və onların elmi tədqiqatlara daha geniş şəkildə cəlb edilməsi üçün
"İslam Ölkələrinin
Qadın Alimlərinin
Şəbəkəsi"nin yaradılması; İslam
ölkələrində universitetlərin
reytinqləri və ali təhsil müəssisələrinin fəaliyyətinin
qiymətləndirilməsi üçün
müvafiq mexanizm və meyarların hazırlanması; İslam
ölkələrində nanotexnologiyaların
inkişafı üzrə
strategiyanın işlənməsi;
İslam ölkələrinin
ali təhsil və elmi tədqiqat
nazirlərinin 4-cü və
5-ci konfransları arasındakı
müddətdə ali
təhsil və elmi tədqiqat sahəsində İSESKO tərəfindən
görülmüş işlər;
ali təhsil və elmi tədqiqat
sahəsində beynəlxalq
əməkdaşlıq məsələləri;
konfransın bəyannaməsinin
məzmun və məqsədləri ətrafında
geniş fikir mübadiləsi aparılıb.
Konfransda İSESKO-nun Baş
direktoru cənab Əbdüləziz bin Osman
əl-Tüveycrinin İslam
ölkələrinin ali təhsil və elmi tədqiqat
nazirlərinin 4-cü və
5-ci konfransları arasındakı
müddətdə ali
təhsil və elmi tədqiqat sahəsində İSESKO tərəfindən
görülmüş işlərə
həsr olunmuş hesabatı dinlənilib. Məruzəçi qeyd edib ki, İSESKO 2008-2010-cu
illər üzrə Fəaliyyət Proqramını
2008-ci ildə Bakıda
keçirilmiş İslam
ölkələrinin ali təhsil və elmi tədqiqat
nazirlərinin 4-cü konfransında
qəbul olunmuş tövsiyələrini nəzərə
almaqla hazırlamışdır.
İSESKO və bu təşkilata üzv ölkələr arasında əməkdaşlıq
əsasən milli və regional konfrans,
seminar və təlim kurslarının keçirilməsi,
həmçinin qabaqcıl
elmi tədqiqatlara ekspert və maliyyə dəstəyi və birgə layihələrin təşkili
çərçivəsində həyata keçirilir.
Məruzədə həmçinin
qeyd olunub ki, hazırda İslam ölkələrində
ali təhsilin
keyfiyyətinin yüksəlməsi
və elmi tədqiqatların sayının
artması müşahidə
olunsa da, bu sahədə yüksək ixtisaslı kadrların çatışmazlığı,
ali təhsilə kifayət qədər maliyyə vəsaitinin ayrılmaması, ali məktəblərin elmi-texniki
bazasının zəif
olması kimi problemlər hələ də həll olunmamış qalır. Bu
problemlər əsasən
Afrika qitəsində yerləşən İslam
ölkələrində özünü
daha qabarıq şəkildə büruzə
verdiyi halda, ali təhsil, elmi tədqiqat və istehsalat müəssisələri arasında
əlaqələrin və
əməkdaşlığın aşağı səviyyədə
olması, qadınların
elmə və elmi tədqiqatlara istənilən səviyyədə
cəlb olunmaması və elmi tədqiqatların
nəticələrinin istehsalata
səmərəli şəkildə
tətbiq olunmaması
kimi problemlər əksər İslam ölkələrinə xasdır.
Nümayəndə heyətlərinin başçıları
da konfransda hesabatlarla çıxış
ediblər. Azərbaycan nümayəndə heyətinin
rəhbəri, təhsil
nazirinin müavini Elmar Qasımov Azərbaycan hökuməti
tərəfindən son illər
ərzində ali təhsilin keyfiyyətinin və ali məktəblərdə
elmi və texniki potensialın yüksəldilməsi, eləcə
də İslam ölkələri ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində
görülmüş işlər
haqqında ətraflı
məruzə ilə çıxış edib.
Məruzədə qeyd
olunub ki, Azərbaycan hökuməti
ali təhsil
və elm sahəsində
İslam ölkələri
ilə əməkdaşlığın
inkişafına xüsusi
diqqət yetirir. İslam ölkələri ilə əməkdaşlıq əsasən
professor-müəllim heyəti,
tələbə və
ekspert mübadiləsi,
birgə elmi tədqiqatların aparılması,
birgə seminar, simpozium
və konfransların təşkili, həmçinin
təcrübə və
informasiya mübadiləsini
nəzərdə tutan
təhsil və elmi tədqiqat sahəsində əməkdaşlıq
üzrə sazişlər
çərçivəsində həyata keçirilir.
Çıxışda həmçinin
göstərilən istiqamətlərlə
yanaşı, İslam
ölkələri və
İSESKO ilə səmərəli
əməkdaşlığın nəticəsi kimi Azərbaycanda bir sıra ölkələrin
mədəniyyət mərkəzləri
və ali təhsil müəssisələrimizdə elm və texnologiya mərkəzlərinin fəaliyyət
göstərməsi də
qeyd olunub. Bildirilib ki, Azərbaycanda bir sıra İslam
ölkələri, o cümlədən
Türkiyə, İran,
Malayziya və Misir arasında tələbə mübadiləsi
həyata keçirilir.
İSESKO ilə Azərbaycan arasında Əməkdaşlıq Proqramı
çərçivəsində Azərbaycan alimləri və təhsil sahəsində ekspertlər
xarici ölkələrdə
keçirilən və
təhsilin aktual problemlərinə həsr
olunan tədbirlərdə
iştirak edirlər.
E.Qasımov qeyd edib ki, Azərbaycanda
İSESKO-nun ekspert və
maliyyə dəstəyi
ilə müntəzəm
olaraq milli və beynəlxalq seminar və konfranslar təşkil olunur. Çıxışda habelə
Azərbaycan ali
təhsil müəssisələrinin
də İslam ölkələri üçün
yüksək ixtisaslı
kadrların hazırlanmasına
öz töhfələrini
verdiyi və hazırda ali məktəblərimizdə dünyanın
20 müsəlman ölkəsindən
6000-dən artıq tələbənin
təhsil aldığı
xüsusi vurğulanıb.
Məruzədə həmçinin qeyd olunub ki, geosiyasi
mövqeyi ilə əlaqədar olaraq İslam dünyasını
birləşdirən İslam
Konfransı Təşkilatı
və İSESKO-ya üzv olmaqla və bu təşkilatlarla
səmərəli əməkdaşlıq
etməklə yanaşı,
ölkəmiz Avropanın
nüfuzlu beynəlxalq
təşkilatları ilə
də sıx əlaqələr yaratmışdır. Azərbaycan
Avropa Şurasının
üzvüdür və
ölkəmizin ali təhsil sistemində aparılan islahatlar Avropanın 46 ölkəsini əhatə
edən Boloniya prosesi çərçivəsində
həyata keçirilir.
E.Qasımov son illərdə
Boloniya prosesi çərçivəsində Azərbaycanda ali
təhsil sahəsində
irimiqyaslı islahatların
aparıldığını və bu islahatların
əsas nəticəsi
olaraq üçpilləli
ali təhsil sisteminə keçid, tələbələrin biliklərinin
qiymətləndirilməsi prosesində
kredit sisteminin tətbiqi, yeni ali təhsil standartlarının hazırlanması,
ali təhsil müəssisələrinə muxtariyyətin
verilməsi istiqamətində
uğurlu addımlar atıldığını qeyd
edib. Eyni zamanda bildirib ki, hazırda ölkəmizdə Boloniya prosesinin yekun tələbi olaraq ali təhsil
sahəsində Avropa standartlarına uyğun olan ixtisas dərəcələrinin
strukturu hazırlanmaqdadır.
Konfransın ikinci günü iştirakçılar
İslam ölkələri
ali təhsil
və elmi tədqiqat nazirlərinin
5-ci konfransının Bəyannaməsini
müzakirə edərək
qəbul ediblər. Bəyannamədə
müasir elmi nailiyyətlərin daha səmərəli tətbiq
edilməsi məqsədilə
ali və elmi tədqiqat müəssisələri ilə
istehsalat müəssisələri
arasında əməkdaşlığın
genişləndirilməsi; müəllim
və elmi işçilərin mobilliyinin
artırılmasına yönəlmiş
proqram və layihələrin dəstəklənməsi;
ali təhsil müəssisələrində elmi tədqiqatların keyfiyyətinin artırılması
məqsədi ilə dövlət tərəfindən
qanunverici bazanın təkmilləşdirilməsi; nanotexnologiyaların
mühüm iqtisadi potensiala malik olduğunu və cəmiyyətin qarşısında
duran ciddi vəzifələrin həllində
onların böyük
rol oynaya biləcəyini nəzərə
alaraq, elmin bu sahəsinə daha çox maliyyə və insan resurslarının cəlb edilməsi və ali təhsil
müəssisələrinin nanotexnologiyalar sahəsində
elmi tədqiqatların
aparılması üçün
stimullaşdırılması kimi xüsusi diqqət tələb edən məsələlər
öz əksini tapıb.
Konfrans zamanı Elmar Qasımov İran, Səudiyyə Ərəbistanı,
Əfqanıstan, Qırğızıstan,
Sudan, Mərakeş və
İordaniya nümayəndə
heyətlərinin rəhbərləri
ilə görüşüb. Görüşlərdə
təhsil sahəsində
ikitərəfli əməkdaşlığın
genişləndirilməsi ilə
bağlı məsələlər
müzakirə olunub.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2010.- 19 noyabr.- S.2.