Pedaqoji təcrübə və məktəb
rəhbərliyinin nəzarəti
"Təhsil haqqında" Azərbaycan
Respublikasının Qanunu insan kapitalına yüksək dəyər
verilən ölkəmizdə təhsilin keyfiyyətini yüksəltməyi,
onun məzmununa və təşkilinə qloballaşma,
informasiyalaşdırma tələbləri baxımından
yanaşılmasını zəruriləşdirir. Qanunun 11-ci
maddəsində əksini tapmış tələblərə
görə, təhsilalanlar dövrün tələblərinə
və şəraitinə uyğunlaşmalı, rəqabətqabiliyyətli
olmalı, informasiya cəmiyyətində yaşayıb fəaliyyət
göstərməyə, ünsiyyət yaratmaq
bacarığına yiyələnməli, fasiləsiz təhsil
almalı, müasir standartlara uyğun gələn biliklərə
və dünyagörüşünə, yüksək
intellektual səviyyəyə və praktik iş qabiliyyətinə,
yeni texnologiyaya yiyələnməlidirlər...
Bu mühüm dövlət sənədinin təhsil pillələri qarşısında qoyduğu vəzifələr bütövlükdə cəmiyyətin gələcək inkişafına istiqamətlənmiş təlim, tərbiyə problemlərinin həlli ilə bilavasitə bağlıdır. Son nəticə olaraq yüksəkixtisaslı, milli-bəşəri mənəvi-əxlaqi dəyərlərə, keyfiyyətlərə sahib vətəndaşların hazırlanıb həyatda səmərəli fəaliyyət göstərmələri bir sıra məsələlərin həllini, özü də əlaqəli, kompleks həllini tələb edir:
1. "Təhsil haqqında" Qanunun qarşıya qoyduğu tələblər dərindən öyrənilməli, təhsilin sosial-tarixi məqsədi aydın təsəvvür olunub konkretləşdirilməlidir.
2. Təhsil fasiləsiz olduğu kimi, təhsil pillələri arasında fəaliyyət məqsədi sabit olmalı, bu məqsədə çatma yolunda axtarışlar intensiv, sistemli şəkildə aparılmalıdır.
3. İnsan həyatının bütün sahələri ilə bağlı bütün ictimai, iqtisadi, xidmət və mədəniyyət sferaları üçün hazırlanacaq kadrların ixtisaslaşma məkanı olan təhsil pillələrində - orta ixtisas və ali təhsil müəssisələrində pedaqoji kadrların təhsili dünya standartlarına müvafiq qurulmalıdır.
Deməli, təhsilin bütün pillələrində təlim və tərbiyə prosesinin səmərəliliyi pedaqoji kadrların elmi səviyyəsindən, pedaqoji ustalığından, pedaqoji etikaya bələdliyindən, ən əsası, pedaqoji sahədə işə praktik hazırlığından asılıdır.
Buradan da pedaqoji təcrübənin ali məktəblərdə müəllim hazırlığında əhəmiyyəti və rolu bir daha bütün parametrlərdə aşkara çıxır.
Pedaqoji təcrübə ali (orta ixtisas) məktəbin tədris planında xüsusi yeri olan bir prosesdir. İlk üç semestr ərzində ixtisas fənlərinin, pedaqogika və psixologiyanın əsaslarına yiyələnən bakalavr və subbakalavrlar qazandıqları nəzəri bilik, metodik məlumatlar, pedaqoji və psixoloji dəyərlərlə praktik fəaliyyət meydanına qədəm basırlar. Özü də bu təhsil mərhələsinə başlama ali (orta ixtisas) məktəb rəhbərliyinin, elmi (pedaqoji) şura üzvlərinin bir növ şahidliyi, metodik tövsiyələri ilə başlayır. Əslində pedaqoji təcrübə bütövlükdə təhsil müəssisəsi professor-müəllim (orta ixtisas məktəblərində pedaqoji kollektiv) heyətinin müəyyən mərhələ üzrə elmi-pedaqoji əməyinin nəticələrini aşkarlayacaq bir vasitədir. Üstəlik, pedaqoji təcrübə sabahın müəllim kadrlarının bu peşəyə layiqlilik dərəcəsi və səviyyəsini üzə çıxaracaq bir fəaliyyət sahəsidir, müəllim hazırlığı formalarından biridir.
Əslində təcrübə sosial sərvətdir və pedaqoq olacaq gənclərin pedaqoji təcrübə prosesi iki mahiyyətlidir:
1. Tələbələr bu prosesdə məktəb müəllimlərinin tədris sistemini müşahidə etməklə, dərslərində iştirak etməklə bu sosial-pedaqoji dəyərlərə yiyələnirlər.
2. Tələbələr qazandıqları nəzəri bilik, bacarıq və vərdişləri tətbiq etməklə özlərini bu prosesdə sınayır, uğurlu sınaq və zaçot dərsləri ilə bir sinif məkanında, kiçik qrup miqyasında həmin sosial sərvətin zənginləşməsinə öz töhfələrini verirlər.
Pedaqoji təcrübə çox genişmiqyaslı təlim və təhsil prosesinin imtahan və zaçotlarda yoxlamaq və qiymətləndirmək mümkün olmayan tərəf və məqamlarının nəticələrini öyrənməkdə, müşahidə etməkdə, həyat-məktəb meydanında aşkara çıxarıb qiymətləndirmədə, təhsilin qalan sonrakı mərhələlərində boşluqları doldurub problemləri korrektə etməkdə çox faydalı, etibarlı, sınanmış bir forma, vasitə və amil kimi əhəmiyyət daşıyır.
Pedaqoji təcrübənin səmərəli təşkilində müxtəlif amillər əhəmiyyət daşıyır. Bunlardan biri pedaqoji təcrübənin təşkilinə və keçirilməsinə məktəb rəhbərliyinin nəzarətidir.
Mövcud pedaqoji ədəbiyyatda məktəbdaxili nəzarətin məqsədi məktəb strukturuna aid olan sahələrin işinin məzmunu ilə bağlanır, hər bir konkret şərait üçün müəyyənləşdirildiyi qeyd olunur.
Təhsilin humanistləşdirilməsi, demokratikləşdirilməsi, dünyəviləşdirilməsi istiqamətlərində axtarışların genişləndirildiyi bir zamanda məktəbə nəzarətin sisteminə daxil olan tərəflərin də dəyişdirilməsinə ehtiyac duyulur. Belə ki, pedaqoji ədəbiyyatda nəzarət ediləcək sahələrə icbari təhsil; ayrı-ayrı fənlərin tədrisi; dövlət proqramlarının yerinə yetirilməsi; şagirdlərin bilik, bacarıq və vərdişlərinin səviyyəsi; sinifdənxaric və məktəbdənkənar tədbirlər; ailə və ictimaiyyətlə iş; məktəbin maliyyə-təsərrüfat fəaliyyəti və s. daxil edilir. Həmin mənbədə sahələrdən biri "metodik iş, qabaqcıl təcrübənin öyrənilməsi və ümumiləşdirilib yayılması" kimi formula edilmişdir. İllik nəzarət məsələləri planlaşdırılarkən məhz pedaqoji təcrübənin başlanılmasından başa çatdırılana qədərki dövrünün nəzarəti də nəzərə alınmalıdır.
Məktəb işlərinə nəzarətin bir sıra tələbləri vardır. Professor N.Əhmədovun "Məktəbdaxili nəzarətin forma və metodları" (Bakı, 1988) kitabında nəzarətə verilən tələblər kimi aşağıdakılar qeyd və şərh olunmuşdur: səmərəlilik, işin keyfiyyət və səmərəsinin yüksəldilməsi üçün stimul olması, təsirlilik, elmilik, faktların doğruluğu və mötəbərliliyi, planauyğunluq, məqsədyönümlülük, sistematiklik, əhatəlilik, perspektivlik, prinsipiallıq, aşkarlıq və s.
Müşahidələrimizdən aydın olur ki, heç də bütün məktəblərdə məktəbdaxili nəzarətin sistemi dərs ilinin lap əvvəlindən planlaşdırılmır. Bu problemin bir tərəfidirsə, başqa bir tərəf pedaqoji təcrübəyə gələnlərin fəaliyyəti ilə bağlı məsələlərin məcmusudur.
Metodist müəllim, pedaqoji rəhbər və təcrübəçilərin məktəbə gəlişi, əslində, tədris müəssisəsində məsuliyyət və yaradıcılıq əhvali-ruhiyyəsi doğurmalıdır. Məktəb rəhbərliyi, pedaqoji kollektiv bunu ali məktəb (orta ixtisas) rektorluğunun (direktorluğunun), tədris hissəsinin, fakültə dekanlığının orta məktəb kollektivinə inamı, etibarı kimi qəbul etməlidirlər. Deməli, orta və ali (orta ixtisas) məktəbi arasında birgə fəaliyyət imkanı yaranır. Bu imkandan istifadə etməklə ümumilikdə təhsil sistemi qarşısında duran vəzifələrdən bir neçəsini reallaşdırmaq olar. Əsasnamə və nizamnaməyə görə, direktor təcrübəyə gələnləri şəxsən qarşılamalı, pedaqoji rəhbər və metodist müəllimi dinləyib təcrübə vaxtını dəqiqləşdirməli, sınaq və zaçot dərslərinin təşkilini bilavasitə direktor müavininə həvalə etməklə özü nəzarət etməlidir.
Məktəb direktorluğu təcrübəçi tələbələrin normal çalışmaları, müşahidə aparmaları üçün, ilk növbədə, sinif üçün əlverişli şərait yaratmalıdır.
Məktəb rəhbərliyinin məktəbdaxili nəzarət formaları pedaqoji ədəbiyyatda ümumiləşdirilmişdir. Buraya tematik, frontal, xəbərdarlıqlı, şəxsi, ardıcıl, icmal, sinif-ümumiləşdirici, iki-üç müəllimin eyni ixtisas üzrə eyni mövzuda dərsini öyrənmək, qarşılıqlı dərs dinləmə kimi formalar daxildir.
Bu nəzarət formaları
ümumilikdə məktəb üçün, pedaqoji kollektiv
üçün xarakterik olub, tətbiq edilə bilər. Pedaqoji
praktika zamanı məktəb rəhbərliyi (direktor, tədris
işləri üzrə müavin) ümumilikdə pedaqoji təcrübənin
gedişinə pedaqoji-psixoloji baxımdan müsbət təsir
göstərmək üçün frontal nəzarətdən
istifadə edə bilər. Bunun üçün direktor
pedaqoji rəhbər və metodist müəllimlə məsləhətləşib
təhsildə seçilən iki-üç tələbə
- təcrübəçinin dərslərini frontal nəzarətə
götürmək istəyini bildirə bilər. Ümumi
razılıqdan sonra frontal nəzarət planı tərtib edilir.
Təcrübəçinin gündəliyi, icmalı ilə rəhbərlik
tanış olur; onun iki-üç sinifdə dərslərini
dinləyir; müəllimin yeni təlim texnologiyalarından,
interaktiv və inteqrativ metodlardan istifadə
bacarığını aşkara çıxarır;
sonrakı dərslərdə iştirak edərək təcrübəçinin
keçdiyi mövzuların mənimsənilmə səviyyəsini
aşkara çıxarır; ayrı-ayrı şagirdlərin
ev tapşırığı dəftərlərini
yoxlayır; tələbənin məktəbin ictimai həyatında
fəaliyyətini öyrənir; onun şagirdlərlə
apardığı işlərlə maraqlanıb şagirdlərlə
söhbət edir; tələbə-təcrübəçinin
pedaqoji və elmi ədəbiyyatları mütaliə səviyyəsi
ilə maraqlanır; özünütəhsili və peşəyə
marağını aşkarlayır. Təbii ki, bu proses
seçmə yolu ilə reallaşdırılır. Məktəb
rəhbərliyi, pedaqoji rəhbər və metodist müəllim
birliyinin həyata keçirdiyi bu cür iş:
- pedaqoji təcrübə
iştirakçılarının məsuliyyət hissini
artırır;
- təcrübəçi tələbələrin
təhkim olunmuş müəllimlərlə - gələcək
həmkarları ilə sistemli şəkildə iş aparmaq
hissini dərinləşdirir;
- şagirdlərdə
pedaqoji təcrübəyə gələnlərin işinə
ciddi münasibət aşılayır;
- ümumilikdə pedaqoji təcrübənin
daha səmərəli, effektli, yaradıcı təşkilinə
güclü təsir göstərir.
Təbii ki, bu işin ən
dəyərli məqamlarından biri tələbənin
yaxşı işinin ümumməktəb üzrə
qabaqcıl təcrübənin bir faktı kimi dəyərləndirilib
sənədləşdirilməsi, "Təcrübəçi
tələbələrin dərsləri" adlı stend tərtib
olunması, təcrübənin sonunda belə gənclərə
yazılı təşəkkürnamələrin təqdim
olunmasıdır.
Qabaqcıl məktəblərin
bu sahədəki müsbət təcrübəsi ilə
tanışlıq, ayrı-ayrı fənn müəllimlərinin
dərslərini müşahidə, keçirilmiş təcrübələrlə
bağlı ali məktəblərin sənədlərinin
öyrənilməsi göstərir ki, pedaqoji təcrübə
də məktəbdaxili nəzarətdən kənarda
qalmamalıdır.
Deməli:
- pedaqoji təcrübənin
səmərəliliyi onun təşkili və keçirilməsi
üçün əlverişli şərait
yaradılması ilə bağlıdır;
- pedaqoji təcrübənin
effektivliliyi müəllim olmağı peşə
seçmiş gənclərin hazırlığı mərhələsində
bacarıqlı, yaradıcı müəllimlərin
iştirakı təsirli və əhəmiyyətlidir;
- təcrübəçi tələbələrə
məktəb rəhbərliyi və fənn müəllimlərinin
müsbət münasibəti onların sınaq və
zaçot dərslərinin normal və qaydasında keçilməsi
üçün mühüm amillərdəndir;
- müəllimlərin dərslərində
fəal iştirak edən, öz dərslərini müasir tələblər
səviyyəsində keçən, şagirdlərlə
maraqlı tədbirlər təşkilinə nail olan tələbələrin
pedaqoji təcrübəsinin məktəb rəhbərliyi tərəfindən
qabaqcıl təcrübə faktı kimi dəyərləndirilib
məktəb foyesində stend kimi sənədləşdirilməsi
sonrakı illərdə pedaqoji təcrübəyə gələnlərin
səmərəli çalışmaları üçün
mənəvi stimuldur;
- pedaqoji təcrübəni
uğurla başa vuran tələbələrlə
bağlı məktəb kollektivinin ali məktəb rəhbərliyinə,
fakültə dekanlığına razılıq məktubları
gələcək müəllimlərdə peşəyə
maraq və meyili dərinləşdirən psixoloji faktora
çevrilir.
Azad ABDULLAYEV
Azərbaycan müəllimi.- 2010.- 12 noyabr.- S.3.