Hüseyn Cavidin xatirəsi
anılıb
Bakıdakı Milli Qəhrəman E.Tağızadə adına 164 nömrəli orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Bağırovanın təşkilatçılığı və kitabxanaçılar Naridə Səlimova və Tahirə Müslümovanın yaxından köməyi ilə görkəmli dramaturq Hüseyn Cavidin xatirəsinə həsr olunmuş tədbir keçirilib.Tədbirdə T.Bağırova ədəbiyyatımızın ən böyük klassiklərindən biri H.Cavidin həyat və yaradıcılığı barədə ətraflı söz açıb.
O, tədbirdən öncə şagirdləri Hüseyn Cavidin ev-muzeyinə apardığını söylədi. Qeyd etdi ki, muzeyin əməkdaşlarının şair haqqında verdikləri məlumatları böyük maraqla dinləyən şagirdlər qüdrətli söz ustadının pedaqoji fəaliyyəti ilə tanış olub, muzeydən böyük təəssüratla qayıdıblar.
Tədbirdə məktəbin şagirdləri Aysel, Aytən, Aynurə, Fatimə, Nərmin, Jalə və b. "Şərq qadını", "Bən istəyirəm", "Bir zamanlar", "Qız məktəbində", "Görmədim" şeirlərini söyləyiblər. Təranə müəllim "Bənim Tanrım" şeirini həzin musiqi sədaları altında ifa edib.
Sonra dramaturqun qızı Turan Cavidin xatirələrindən söz açılıb. "Atam Hüseyn Cavidi Vətən torpağına qovuşdurduğuna, əzizlərimi yenidən bir sərdabədə - Cavid məqbərəsində görüşdürdüyünə, Cavid ocağının çırağını yenidən yandırdığına görə ulu öndər Heydər Əliyevə Tanrıdan rəhmətlər diləyirəm...".
Məktəbin direktoru Kəmalə Qədirova tədbirdə əməyi olan hər bir kəsə minnətdarlığını bildirib.
Tədbirin sonunda "Cavid ömrü" filmi nümayiş olunub.
Sifai SƏFƏROVA
Azərbaycan müəllimi.-
2010.- 19 noyabr.- S.2.