Milli qiymətləndirmə
Sistemli tədqiqat şəklində aparılan qiymətləndirmənin
məqsədi etibarlı məlumatların toplanması, təkliflərin
verilməsi, problemlərin həlli üçün konkret
istiqamətlərin müəyyənləşdirilməsidir. Şagirdlərin
təlim nəticələri haqqında toplanmış məlumat sistemli olmadıqda müəyyən
prinsiplərə (məlumatın toplanması, təhlili,
istiqamətlərin müəyyənləşdirilməsi,
problemlərin həlli) əsaslanmış monitorinqin
aparılmasında da çətinlik yaranır. Qeyd edək
ki, əsas məqsədi şagirdlərin təlim nəticələrinə
təsir edə bilən amilləri öyrənməklə təhsilin
vəziyyəti haqqında məlumat toplamaq, perspektivləri, gələcək
fəaliyyəti müəyyənləşdirmək olan milli
qiymətləndirmə sistemli araşdırmanın tələblərinə
cavab verən tədqiqatdır.
3-4 ildən bir təhsilin
müəyyən səviyyələrində həyata keçirilən milli qiymətləndirmənin
ümumi məqsədi ölkənin təhsil vəziyyətini
müəyyənləşdirmək olsa da, müxtəlif illərdə
aparılan qiymətləndirmə tədqiqatının hər
biri xüsusi məqsədə malik olur.
Milli qiymətləndirmədə
istifadə olunan vasitələrin məzmunu məqsədli tədqiqat
sualının qoyuluşu ilə uyğunluq təşkil
edir. Əgər milli qiymətləndirmənin
xüsusi məqsədi təhsilə təsir edən konkret bir faktı öyrənməkdirsə,
tədqiqat sualı da özündə bu problemi əks etdirir.
Məsələn, xüsusi məqsəd şagirdlərin
sosial bilik və bacarıqlarını yoxlamaqdırsa, qiymətləndirmə
vasitələrində tətbiqi tapşırıqlara yer
ayrılır. Şagirdin məişətdə
davranışını, hesablama qabiliyyətini, texniki vasitələrdən
istifadə bacarığını, fikrini ifadə edə bilməsini
və ümumiyyətlə, həyati bacarıqlarını
yoxlayan qiymətləndirmə vasitələri ilə təhsil
standartlarına diaqnoz qoyulur və bu sahədə gələcək
fəaliyyət müəyyənləşdirilir. Məsələn,
əgər milli qiymətləndirmənin nəticələri
şagirdin riyaziyyat fənni üzrə müəyyən nəzəri
biliklərə malik olmadığını və bunun əksinə
olaraq, məişətdə tələb olunan zəruri
bacarıqlara yiyələndiyini göstərirsə (kəsr
saylarını bilməyən şagird mağazada asanlıqla alış-veriş edə
bilir), deməli, mövcud təhsil standartları funksional savadı sosial biliklərdən
təcrid olunmuş şəkildə tələb edir. Təsadüfi
deyil ki, dünya təcrübəsində milli və beynəlxalq qiymətləndirmələrdə
şagirdlərin həm funksional, həm də sosial biliklərinin
tədqiqi ümumi məqsəd
obyekti kimi çıxış edir.
Forma və məzmun uyğunluğu milli qiymətləndirmədə istifadə olunan sorğu anketlərində də özünü göstərir. Məsələn, milli qiymətləndirmənin xüsusi məqsədi şagirdin təlim nəticələrinə təsir edən hər hansı bir konkret amili öyrənməkdirsə (məktəblərin maddi-texniki bazası və ya mühit, ailə), hazırlanan sorğularda həmin problemə yer ayrılır.
Dünya təcrübəsinə uyğun olaraq Azərbaycanda keçirilən hər bir milli qiymətləndirmə tədqiqatının da həm ümumi, həm də xüsusi məqsədləri olub.
İlk milli qiymətləndirmə pilot layihə şəklində 5-14 may 2003-cü il tarixlərində keçirilib. Bu tədqiqatın özəyində şagird nailiyyətlərinin milli qiymətləndirilməsi sisteminin yaradılması dayanırdı.
Ana dilindən oxu, riyaziyyatdan isə natural ədədlər üzrə nailiyyətlərin qiymətləndirilməsinə həsr olunmuş 2003-cü il milli qiymətləndirmə tədqiqatının ümumi məqsədi şagirdlərin nailiyyətləri haqqında məlumat toplamaq, yeni qiymətləndirmə mexanizmini hazırlamaq idi.
Tədqiqatın xüsusi məqsədi fənn kurikulumlarının, o cümlədən məzmun və qiymətləndirmə standartlarının, təlim strategiyalarının yaradılması üçün təkliflər hazırlamaqdan ibarət idi.
Öncə fənlər üzrə hazırkı məzmun standartlarını ilkin səviyyədə əvəz edən təlim məqsədləri yazıldı və bu məqsədlərə uyğun suallar hazırlandı.
Məsələn, riyaziyyatdan
"ədədləri şüa
üzərində təsvir
edir, yerini müəyyən
edir və ədədə
uyğun nöqtələrin
tapır" təlim
məqsədini ölçmək
üçün test kitabçasına aşağıdakı
sual daxil edildi:
Ədədi şüa
üzərində A nöqtəsinə hansı ədəd uyğundur?
Cavab:
Ana dilindən "şagird oxuduğu mətndən nəticə çıxarır" təlim məqsədini ölçmək üçün mətnlər əsasında suallar tərtib edildi.
Fənn kurikulumlarının yazılmasında, müəllim hazırlığında 2003-cü il milli qiymətləndirmə nəticələrindən geniş istifadə edildi.
2006-cı ildə keçirilən milli qiymətləndirmənin ümumi məqsədi şagirdlərin nailiyyətləri haqqında məlumat toplamaq və bunun əsasında təhsilin keyfiyyəti haqqında fikir bildirmək, bununla da təhsilin keyfiyyətinə nəzarəti təmin etmək, xüsusi məqsədi isə kənar amillərin və ailə şəraitinin təhsilin inkişafına təsirini müəyyənləşdirmək idi.
2006-cı il milli qiymətləndirməsi keçirilərkən fənn kurikulumlarının hazırlanması davam edirdi və təbiidir ki, məktəblərdə ənənəvi fənn proqramlarından istifadə olunurdu. Odur ki, qiymətləndirmə vasitələri elə tərtib edilmişdi ki, növbəti illərdə tədqiqat keçirilərkən onların nəticələrini qarşılıqlı müqayisə etmək mümkün olsun. 4-cü və 9-cu siniflərdə ana dili və riyaziyyat fənni üzrə keçirilən bu tədqiqatda 70 seçilmiş məktəb iştirak edirdi.
Əvvəlcədən müəyyən edilmiş təlim məqsədləri üzrə hazırlanmış suallar əsasında şagirdlərin oxuduğunu anlamaq, təhlil etmək və nəticə çıxarmaq bacarıqları yoxlanılırdı.
2006-cı il milli qiymətləndirməsinin nəticələri təhsili idarə edənlərin nəzərinə çatdırıldı və ailə-məktəb əlaqələrinin gücləndirilməsinə xüsusi diqqət yetirildi. Qeyd edək ki, Valideyn-Müəllim Assosiasiyası məhz bu illərdə yaradıldı.
2009-cu ildə
keçirilən milli qymətləndirmənin sınaq mərhələsinin ümumi məqsədi əvvəlkilərdən fərqlənmirdi.
Xüsusi məqsədlər isə
aşağıdakılar idi:
1. 2009-cu ildə ənənəvi
fənn proqramları əsasında təhsil alan şagirdlərin nəticələrini
2013-cü ildə keçiriləcək milli qiymətləndirmə nəticələri
ilə müqayisə
etmək üçün
bazanın yaradılması (2013-cü ildə
ibtidai təhsil səviyyəsini bitirəcək
şagirdlər
fənn kurikulumları
əsasında təhsil
alırlar).
2. 2012-ci ildən
başlayaraq
Dünya Bankı
tərəfindən kitabxanaları
təkmilləşdiriləcək məktəblərin
şagirdlərinin təlim
nəticələrini ötən
illərlə müqayisə
edə bilmək imkanını yaratmaq.
Müəllim və şagirdlər üçün
hazırlanan sorğularda
isə yeni təlim strategiyalarının, fəal
təlim metodlarının işləkliyi
öyrənilirdi. Sorğuların
nəticələri göstərdi
ki, ənənəvi fənn
proqramları ilə işləyən müəllimlərin
heç də hamısı fəal təlim metodlarından istifadə etmir və təlim
strategiyalarını dəyişmirlər.
Bunun bir səbəbi də odur ki, nəticələrə
deyil, yalnız məzmuna əsaslanan proqram müəllimlərdən geniş
yaradıcılıq tələb
etmir. Lakin nəticəyə
əsaslanan
kurikulumla
işləmək müəllimlərdən
yaradıcı olmağı,
öyrətməyin yeni
yollarını tapmağı
tələb
etdiyinə görə
onlar fəal təlim üsulları ilə işləməyə üstünlük
verirlər.
Qeyd edək ki, milli qiymətləndirmənin 2011-ci ildə keçiriləcək əsas mərhələsinin də ötən tədqiqatlarda olduğu kimi ümumi və xüsusi məqsədləri müəyyənləşdirilib.Belə məqsədlərdən biri də IX sinif şagirdlərinin sosial savadının yoxlanılmasıdır.
Riyaziyyat fənni üzrə həmin məqsədə xidmət edən bir nümunə təqdim edirik:
Kərpic qalağında müxtəlif
ölçülü üç
kərpic vardır.
Orta ölçülü iki və bir kiçik
kərpic birlikdə bir böyük kərpicə bərabər
olur.
İki kiçik
kərpic isə
bir orta ölçülü kərpicə
bərabər olur.
Aşağıda bu cür kərpiclərdən
qurulmuş tikintinin iki görünüşü
verilmişdir.
Tutaq ki, siz həmin
tikintini yalnız kiçik kərpiclərdən
istifadə etməklə
tikmək istəyirsiniz.
Sizə neçə kiçik kərpic lazım olacaqdır?
Cavab:
2011-ci ildə IX siniflər arasında keçiriləcək
milli qiymətləndirmə
tədqiqatının xüsusi
məqsədlərindən biri də şagirdlərin
İKT bacarıqlarının yoxlanılması və gələcəkdə müqayisəli
təhlillər üçün
bazanın yaradılmasıdır.
Təranə HACIYEVA
Azərbaycan müəllimi.- 2010.- 26 noyabr.- S.11.