Boston Universiteti
Yerləşir: ABŞ,
Massaçusets ştatı, Boston şəhəri
Yaranma tarixi:
1839-cu il
Tipi:
Özəl
İşçi heyətinin ümumi sayı: 3931 nəfər akademik, 7410 nəfər
inzibati heyət
Tələbələrin ümumi sayı: 31766 nəfər
İllik gəlirləri: 1529563000 ABŞ dolları
İllik xərcləri: 1443477000
ABŞ dolları
Rəsmi saytı: www.bu.edu
Boston Universiteti (Boston University) ABŞ-ın Massaçusets
ştatının paytaxtı Boston şəhərində
yerləşən qədim ali təhsil ocağıdır.
Böyük Britaniyanın "Times Higher Education Supplement - QS
World Universities Rankings" jurnalının 2009-cu ildə
apardığı dünya universitetlərinin reytinqinə əsasən,
Boston Universiteti 100 ən yaxşı ali məktəb
arasında 54-cü yerdədir. 2010-cu ildə
"Times Higher Education World University Rankings"in
açıqlamasına əsasən Boston Universiteti dünyanın
ən nüfuzlu universitetləri arasında 59-cu yerdə,
"QS World University Rankings"in açıqlamasına əsasən
isə 64-cü yerdədir.
Tarixi
Boston
Universitetinin tarixi 1839-cu ildə yaradılmış Vermont
ştatında yerləşən Nyuberi Bibliya İnstitutundan
başlayır. 1847-ci ildə Nyu-Hempşir
ştatının Konkord şəhərində fəaliyyət
göstərən konqreqasiya cəmiyyəti (kilsə
icmaları birləşməsi) Nyuberi Bibliya İnstitutunu
öz şəhərlərinə dəvət edir. İnstitut 1200 nəfəri yerləşdirə biləcək
kilsə binasına köçür. Nyuberi Bibliya
İnstitutu Konkord şəhərində 20 il
fəaliyyət göstərir. 1867-ci ildə
institut Massaçusets ştatının Boston şəhərində
Piknik-strit 23-ə köçür və burada Boston
İlahiyyat İnstitutu adı altında fəaliyyət
göstərir. 1869-cu ildə
Massaçusets ştatının Qanunvericilik
Şurasının qərarına əsasən Nyuberi Bibliya
Universitetinə Boston Universiteti adı verilir. Universitetin yaranmasında üç şəxsin -
İsaak Riç, Li Klaflin və İakov Sliperin böyük
rolu olur. Hazırda universitetdə
onların adlarını daşıyan yataqxanalar fəaliyyət
göstərir. 1869-cu il mayın 26-da
Massaçusets ştatının qubernatoru Klaflin Linin oğlu
Uilyam ştatın Qanunvericilik Şurasının qəbul
etdiyi nizamnaməni imzalayır.
Universitetə, teologiya fakültəsi istisna olmaqla, dinindən,
irqindən, milliyyətindən,
cinsindən asılı olmayaraq hər kəs qəbul edilir. Boston İlahiyyat İnstitutu 1871-ci ildə Boston
Universitetinə birləşdirilir və universitetin
İlahiyyat Məktəbi kimi fəaliyyət göstərməyə
başlayır. Bir il sonra İsaak Riç öz
mülkünün böyük bir hissəsini (1,5
milyon ABŞ dolları) Boston Universitetinə
bağışlayaraq vəfat edir. Bu, həmin dövrdə
Amerika ali məktəblərinə
bağışlanmış ən böyük ianələrdən
hesab olunurdu.
1872-ci ilin
dekabrında baş vermiş yanğın Boston Universitetini,
demək olar ki, tamamilə məhv edir. Yalnız universitetin bir
binası yanğından az zərər
çəkir. Nəticədə ali məktəbin
Aspinuol Hill ərazisində kampus yaratmaq niyyəti baş tutmur
və buradakı ərazisini hissə-hissə satır. Hazırda həmin yerlərdəki Klaflin Road, Klaflin
Path və küçə adları orada nə vaxtsa Boston
Universitetinin fəaliyyət göstərdiyini təsdiq edir.
Boston
Universitetinin Bekon Hill, Boylston Strit və Kopli meydanında yerləşən
korpusları, Çarlz River kampusu 1937-ci ildən sonra tikilməyə
başlayıb. 1951-ci ildə universitetin 5-ci prezidenti Harold Keysin rəhbərliyi
dövründə ali məktəb 180000 m2
ərazi və 68 yeni bina alır. Universitetin ilk yataqxanaları
Klaflin, Riç və Sliper Holls, Qərb kampusu, Uorren Touers,
Mugar Memorial kitabxanası və s. binalar tikilir, ali məktəb sürətli
inkişaf yoluna qədəm qoyur.
1990-cı illərdə
universitetin Qərb və Şərq hissələrini birləşdirmək
məqsədi ilə Con Henkok Tələbə Kəndi tikilir. Boston
Universitetində mütəmadi olaraq inkişaf proqramları qəbul
olunur. 2009-cu il böhranında universitetdə 2,5 milyon dollarlıq kompüter sistemlərinin
yeniləşdirilməsi prosesi baş tutub. Bununla
yanaşı, universitetdə kitabxana, yataqxana və digər
obyektlərin yenidənqurulması ilə bağlı işlər
aparılır.
Büdcəsi və təhsil haqqı
Ötən tədris
ilində Boston Universitetinin illik gəlirləri 1529563000
ABŞ dolları, illik xərcləri isə 1443477000 ABŞ
dolları təşkil edib. Ali məktəbin ianə
fondunun gəlirləri 1020000000 ABŞ dollarına bərabərdir.
2010-2011-ci tədris
ilində Boston Universitetində tələbələrin təhsil
haqqı 39314 ABŞ dolları təşkil edir. Universitetdə təhsil alan əcnəbilər ABŞ-dan olan tələbələrlə
eyni məbləğdə təhsil haqqı ödəyirlər.
Bundan əlavə, tələbələrdən
550 ABŞ dolları dəyərində vergi tutulur. Tələbələr kampus daxilində
yaşayış yeri ilə təmin olunmaq üçün
ildə 7980, qidalanmaq üçün isə 4280 ABŞ
dolları ödəyirlər. Kitab və
digər ləvazimatlar üçün gənclərə ildə
940, nəqliyyat üçün 546, şəxsi xərclər
üçün isə 1290 ABŞ dollarına qədər vəsait
lazım gəlir. Ötən tədris ilindən fərqli
olaraq bu il universitet təhsil, yaşayış və qidalanma
qiymətlərini 3,65% artırıb. Tələbələrə verilən təqaüd və
maliyyə yardımının məbləği də 12%
çoxalıb.
Boston Universitetində təqaüd
yüksək akademik göstəricilərə, liderlik
bacarıqlarına malik, hər semestrin 12 kreditini uğurla verən,
dərslərdə mütəmadi iştirak edən, il ərzində
yüksək bal nəticələri olan, istedadlı (rəssam,
aktyorluq məharəti və s.), idman sahəsi üzrə
uğur qazanmış tələbələrə verilir. Universitet tərəfindən təqaüdə layiq
görülən tələbələr kampus ərazisində
yaşamalıdırlar. Dünyanın digər
nüfuzlu ali təhsil ocaqlarında
olduğu kimi, Boston Universitetində də müxtəlif təqaüdlər
mövcuddur (Qəyyumluq, Texniki, Universitet, Aleksandr Qrahem Bell,
Kiçik Martin Lüter Kinq, İdman və s.). Əcnəbi
tələbələr Qəyyumluq, Texniki və Universitet təqaüdləri
ala bilərlər. Boston Universitetində
maliyyə yardımı yalnız yüksək akademik göstəricilərə
malik və maliyyə vəziyyəti çətin olan yerli tələbələrə
verilir.
Universitet bu gün
Boston
Universiteti Çarlz River və Tibb kampuslarından ibarətdir. Əsas Çarlz River
kampusu Boston şəhərinin Bek Bey rayonunda
Çarlz çayı sahili boyu, Tibb kampusu isə Saut-End ərazisində
yerləşir. Çarlz River kampusunda yerləşən
binaların əksəriyyəti qotik üslubda inşa
olunmasına baxmayaraq, burada müasir tikililər də az deyil. Con Henkok Tələbə Kəndi 40000
m2 ərazini əhatə edir. Kənddə Fitnes və
Sağlamlıq Mərkəzi, 2000-ci ildə inşa edilmiş
bir və 2009-cu ildə tikilmiş iki yataqxana, 19 və 26 mərtəbəli
yeni binalar və s. yerləşir. Boston
Universitetinin əlavə olaraq Brüssel, Dubay, London, Los-Anceles
və Vaşinqtonda kampusları fəaliyyət göstərir.
Boston
Universiteti dünyanın 20-yə yaxın ölkəsində
70-dən çox tədris proqramı təklif edir.
Boston
Universitetinin yataqxana kompleksi ABŞ-ın ən böyük
yataqxanalarından hesab olunur. Universitetin
yataqxanaları, əsasən, Çarlz River kampusunun Bey Roud və
Cənub Kampus rezidental ərazilərində yerləşir.
Hazırda ali məktəbin tələbələrinin
76%-i kampus ərazisində məskunlaşıb. Kampusda yerləşən yataqxana binaları müxtəlif
dövrlərin üslublarında inşa edilib. Burada XIX əsrin
Braunston taunhausları (qəhvəyi daşlardan tikilmiş ev və binalar), 1960-cı və 2000-ci illərə
aid yüksək mərtəbəli binalar mövcuddur. Universitetdə tələbə çox
olduğundan, kampusda otaq qıtlığı müşahidə
olunur. Çarlz çayının üzərində
Hyatt Regency Kembric müvəqqəti yataqxanası yerləşir.
Uorren Touer yataqxanaların ən
böyüyüdür və 1800-dən çox tələbə
yerləşdirməyə qadirdir. Yataqxanalar
yüksək səviyyəli şəraitə malikdir və
ciddi mühafizə olunur.
Boston
Universitetində 250-dən çox proqram təklif edən 17
kollec fəaliyyət göstərir. Bunlar İncəsənət və
Elmlər, Kommunikasiya, Mühəndislik, Təsviri İncəsənət,
Ümumi Tədqiqatlar, Təhsil, Qonaqpərvərlik
Administrasiyası, İdarəetmə, Hüquq, İctimai Fəaliyyət,
İlahiyyat, Tibb, Qoldman Stomatologiya, İctimai Səhiyyə, Təhsilin
Davametdirilməsi, Elmi və Texniki Proqramlar (Metropolitan),
Sağlamlıq və Reabilitasiya Elmləri (Sarcent) kollecləridir.
Hər kollec öz növbəsində məktəblərdən
və bölmələrdən ibarətdir. Universitetdə 140 elmi-tədqiqat müəssisəsi,
2000-dən çox laboratoriya mövcuddur. Həmçinin
ali məktəbin nəzdində Boston Universiteti Teatrı,
Fotonika, Afrika Tədqiqatları, Tsay İfaçılıq,
Distant Zondlaşdırma, Hesablama Elmləri mərkəzləri,
İqtisadi İnkişaf, İrq və Sosial Bölünmə
institutları, Koyt Rəsədxanası vardır.
Boston
Universitetinin kitabxana sisteminə 23 kitabxana daxildir. Universitetin mərkəzi
kitabxanası Çarlz River kampusunda yerləşən Muqar
Memorial kitabxanasıdır. Bu kitabxanada 2
milyon cild kitab, 4 milyon mikroforma və digər materiallar
mövcuddur. Kitabxananın xüsusi kolleksiyalar bölməsində
100000-dən çox nadir kitab, XVI əsrdən
dövrümüzə qədər qorunan sənədlər,
Dante, Avraam Linkoln, Robert Frost, Teodor Ruzvelt, Kiçik Martin
Lüter Kinq və başqa dahi şəxslərin əlyazmalar
və əsərlərinin ilkin nəşrləri saxlanır.
Muqar Memorial kitabxanasının nəzdində əvvəllər
XX Əsr Arxivi adlandırılan Hovard Hotlib Arxiv Elmi-Tədqiqat
Mərkəzi yerləşir. Mərkəzdə
diplomatiya, jurnalistika, ədəbiyyat və digər sahələrə
aid sənədlər qorunur.
2005-ci ilin
sentyabrından başlayaraq Boston Universitetinin 10-cu prezidenti,
kimya texnologiyaları üzrə professor Robert Braundur. Universitetin
prorektoru isə professor Devid Kempbelldir. Ali məktəbdə
3931 nəfər akademik, 7410 nəfər inzibati heyət
çalışır. Ali məktəbin müəllim-professorları
arasında 3 Nobel mükafatı laureatı (fizika üzrə
Şeldon Qleşou, sülh üzrə Eli Vizel, ədəbiyyat
üzrə Derek Uolkott), ikiqat PEN/Folkner mükafatı
laureatı Ha Tzin, Broderik mükafatı laureatı Yurye
Koskinen, Makartur mükafatı laureatı Cim Kollinz, ikiqat
Pulitzer mükafatı laureatı Robert Zelnik, 23 nəfər Amerika İncəsənət
və Elmlər Akademiyasının akademiki, 35 Quqqenheym təqaüdçüsü
var.
Boston
Universitetində dünyanın 100-dən çox ölkəsindən
və ABŞ-ın 50 ştatından olan 31766 nəfər qeydə
alınıb.
Onların 18534 nəfərini bakalavr, 12232 nəfərini
isə magistr və doktorantlar təşkil edirlər.
Universitetdə 500-ə yaxın tələbə təşkilatı,
55 mədəni, 31 dini gənclər təşkilatı, 33
idman klubu, 15 idman komandası və s. fəaliyyət göstərir.
"2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı" çərçivəsində
Boston Universitetində bir azərbaycanlı gənc - Vəli Məmmədhəsən
oğlu Hüseynov təhsildə idarəetmə ixtisası
üzrə magistratura pilləsində təhsil alır.
Boston
Universitetinin 285000-dən çox məzunu dünyanın bir
çox ölkəsində müxtəlif vəzifələrdə
çalışır. Bu ali məktəbi Kiçik Martin Lüter Kinq, Uilyam
Koen, Geri Lok, Robert Pinski, Ayzek Azimov, Hovard Stern, Bill OTReyli, Frans
Klayn, aktyorlar Culiana Mur, Cina Devis və digər məşhur
şəxslər bitiriblər. Vətəndaş
hüquqları Afro-Amerikan hərəkatının lideri
Kiçik Martin Lüter Kinq 1955-ci ildə Boston Universitetində
ilahiyyat ixtisası üzrə doktorluq dərəcəsi
alıb. 1964-cü ildə sülh üzrə
Nobel mükafatına layiq görüldükdən sonra, o
öz əlyazmalarını, şəxsi sənəd və
qeydlərini universitetin Muqar Memorial kitabxanasına
bağışlayıb. ABŞ-da
1864-cü ildə tibb üzrə diplom almış ilk qaradərili
qadın Rebeka Li, ilk qaradərili psixiatr və Alzheymer xəstəliyinin
tədqiqatçısı Solomon Karter Fuller 1897-ci ildə
Boston Universitetinin məzunu olublar.
Boston Universiteti ABŞ-ın
dördüncü ən böyük özəl ali məktəbi və ikinci ən nəhəng
işəgötürən müəssisəsidir. Dünyanın bir çox ölkələrini təmsil
edən tələbələrin burada oxumaları ilə
yanaşı, universitet istedadlı və savadlı müəllimləri
də özünə cəlb edərək işlə təmin
edir. Ali məktəbin şüarı belədir:
"Öyrənmək, ləyaqət, möminlik". Boston Universiteti gənclərin arzuladıqları təhsili
ala biləcəkləri ən mükəmməl elm
ocaqlarından biridir.
Universitetin məşhur məzunları
Oskar Arias
Kosta-Rikanın sabiq prezidenti, sülh üzrə
Nobel mükafatı laureatı
Uilyam Koen ABŞ-ın sabiq
müdafiə naziri
Geri Lok
ABŞ-ın ticarət naziri
Feysal əl-Faiz
İordaniyanın sabiq Baş naziri
Rafiq Həriri Livanın
sabiq Baş naziri
Keyko Fucimori Perunun sabiq birinci
xanımı
Kiçik Martin Lüter
Kinq sülh üzrə
Nobel mükafatı laureatı
Eli Vizel
sülh üzrə Nobel mükafatı laureatı
Şeldon Qleşou fizika üzrə Nobel
mükafatı laureatı
Derek Uolkott ədəbiyyat
üzrə Nobel mükafatı laureatı
Sol Bellou ədəbiyyat
üzrə Nobel mükafatı laureatı
Osamu Şimomura kimya üzrə Nobel
mükafatı laureatı
Cenett Horan "IBM"
şirkətinin vitse-prezidenti
Ayzek Azimov
yazıçı, biokimya üzrə professor
Robert Pinski
tanınmış ABŞ şairi
Bill OTReyli
tanınmış teleaparıcı
Frans Klayn
tanınmış ABŞ rəssamı
Hazırladı: Lamiyə ƏLİYEVA
Azərbaycan müəllimi.- 2010.- 26 noyabr.- S.16-17.