"Təhsil və texnologiya vasitəsilə
iqtisadi inkişaf" mövzusunda beynəlxalq
konfrans
Noyabrın 22-də Heydər
Əliyev Fondunun dəstəyi, Azərbaycan
Respublikasının Təhsil Nazirliyi, YUNESKO, "Microsoft"
və "İntel" korporasiyalarının təşkilatçılığı
ilə "Təhsil və texnologiya vasitəsilə iqtisadi
inkişaf" mövzusunda beynəlxalq konfrans keçirildi.
Beynəlxalq təhsil
konfransı çərçivəsində günün
birinci yarısında mütəxəssislər tərəfindən
Azərbaycan Dillər Universitetində "Ali təhsildə
e-təhsil", 132-134 nömrəli təhsil kompleksində
"Milli İKT və Təhsil Strategiyasının
inkişafı", Elitar Gimnaziyada isə "Müəllim və
şagirdlər üçün birin-birə təhsil"
mövzusunda seminarlar təşkil olundu.
Günün
ikinci yarısında konfrans öz işini
"Gülüstan" sarayında davam etdirdi. Burada keçirilən plenar
iclasda Prezident Administrasiyasının Humanitar siyasət məsələləri
şöbəsinin müdiri Fatma Abdullazadə, Təhsil
Nazirliyinin Mərkəzi Aparatının, şöbələrinin
və struktur bölmələrinin rəhbərliyi, rabitə
və informasiya texnologiyaları, maliyyə və iqtisadi
inkişaf nazirlərinin müavinləri, millət vəkilləri,
bir sıra xarici ölkə səfirliklərinin və beynəlxalq
təşkilatların nümayəndələri, xarici ölkələrdən
gələn qonaqlar və KİV təmsilçiləri
iştirak edirdilər.
Tədbiri
açan Azərbaycan Respublikasının təhsil naziri Misir
Mərdanov iştirakçıları salamlayaraq Böyük
Britaniya, Norveç, Macarıstan və digər ölkələrdən
gəlmiş qonaqlara dəvəti qəbul etdikləri
üçün təşəkkürünü bildirdi və
konfransın işinə uğurlar arzuladı.
Sonra Misir Mərdanov
informasiya-kommunikasiya texnologiyalarının təhsil sahəsində
tətbiqi, bununla bağlı görülən işlər və
həyata keçirilən tədbirlərdən bəhs edən
geniş təqdimatla çıxış etdi.
Təhsil naziri öncə Azərbaycanda
bu işin davamlı olaraq aparılmağa
başlandığı 2005-ci ilədək mövcud vəziyyətə
dair məlumat verərək bildirdi ki, məktəblərdəki
İKT avadanlığının böyük əksəriyyəti
fiziki və mənəvi cəhətdən
köhnəlmişdi; kompüter - şagird nisbəti 1:1000-ə
səviyyəsində idi; pedaqoji heyətin yalnız 1 faizi
İKT biliyinə malik idi və məktəblərin yalnız
1,5 faizi İnternetə qoşulmuşdu; məktəblərin
İnternet şəbəkəsinə qoşulmasında vahid
koordinasiya sistemi mövcud deyildi; mövcud dövlət
standartlarında İKT-nin tədrisdə tətbiqi nəzərdə
tutulmamışdı; "İnformatika və hesablama
texnikasının əsasları" fənni yalnız X və
XI siniflərdə tədris edilirdi.
Təhsildə İKT-nin tətbiqinin
"Azərbaycan Respublikasının inkişafı naminə
informasiya və kommunikasiya texnologiyaları üzrə Milli
Strategiya (2003-2012-ci illər)"nın təhsillə
bağlı müddəalarının həyata keçirilməsi
üçün nəzərdə tutulmuş dövlət təşəbbüsü
olduğunu deyən Misir Mərdanov bildirdi ki, Milli
Strategiyanın uzunmüddətli məqsədlərini yerinə
yetirmək üçün 2005-2007-ci illərdə ölkədə
ümumtəhsil məktəblərinin İKT ilə təminatı
Proqramı icra olunmuşdur. Nəticədə 3693 məktəb
müxtəlif İKT avadanlığı ilə təchiz
olunmuş, məktəblərdə 1722 kompüter sinfi
yaradılmış, bu siniflər üçün 2055 laborant
ştatı
ayrılmışdı. Müxtəlif fənlər
üzrə elektron tədris vəsaitləri
hazırlanmış, Bakı, Sumqayıt, Gəncə şəhərləri
və digər bölgələr üzrə 7500-dən
artıq orta ümumtəhsil məktəbinin rəhbər və
pedaqoji kadrlarına İKT-nin təhsildə tətbiqi üzrə
təlimlər keçirilmiş, kompüter-şagird nisbəti
1:29-a çatdırılmış, AzNet layihəsi çərçivəsində
Bakı və bölgələrdə 82 təhsil müəssisəsi
İnternetə qoşulmuşdu.
Nazir diqqətə
çatdırdı ki, "Azərbaycan Respublikasında
ümumtəhsil məktəblərinin İKT ilə təminatı
Proqramı (2005-2007-ci illər)"nın davamı olaraq və
kompüterləşdirilmiş müəssisələrin
elektron təhsilə keçidini dəstəkləmək məqsədilə
10 iyun 2008-ci ildə "Azərbaycan Respublikasında təhsil
sisteminin informasiyalaşdırılması üzrə Dövlət
Proqramı (2008-2012-ci illər)" qəbul olunmuşdur.
Proqramın əsas məqsədi
İKT vasitəsilə təhsilin keyfiyyətinin yüksəldilməsinə
nail olmaqdır. Bu məqsədə çatmaq
üçün ümumilikdə təhsilin bütün pillələrində
İKT-nin səmərəli tətbiqi və istifadəsi,
vahid ümummilli təhsil mühitinin
formalaşdırılması, əhalinin bütün təbəqələri
üçün keyfiyyətli təhsilalma imkanlarının təmin
edilməsi və Azərbaycan təhsilinin dünya təhsil məkanına
inteqrasiyası məsələlərinin həlli nəzərdə
tutulur.
Misir Mərdanov
daha sonra bu məqsədlərin həyata keçirilməsi
üçün qarşıda duran vəzifələrdən
söz açdı. Qeyd olundu ki, Dövlət Proqramı 5 əsas vəzifənin
- təhsil
sistemində İKT infrastrukturunun inkişafı, təhsil
sistemində elektron idarəetmə, müəllimlərin
İKT bacarıqlarının artırılması, elektron təhsilin
tətbiqi və normativ-hüquqi bazanın təkmilləşdirilməsinin
icrasını nəzərdə
tutur.
Təhsil
sistemində İKT infrastrukturunun inkişafı məqsədilə
təhsil müəssisələrinin İKT təchizatının
davam etdirilməsi, İKT infrastrukturu üzrə texniki nəzarət
və dəstək sisteminin təhsil şəbəkəsinin
(İntranet) yaradılması, şəbəkə idarəetmə
və nəzarət sistemlərinin
quraşdırılması, İntranet xidmətlərinin və
İnternet şəbəkəsinə çıxışın
təmin olunması istiqamətində tədbirlər həyata
keçirilir.
Təhsil
sistemində elektron idarəetməyə bu sahədə vahid
idarəetmə infrastrukturunun yaradılması, təhsilin idarəolunmasının
məlumat sistemlərinin inkişaf etdirilməsi, təhsildə
"Elektron hökumət" xidmətlərinin göstərilməsi
və təhsili idarəetmə orqanlarının İKT
avadanlığı və proqram vasitələri ilə təmin
olunması daxildir.
Dövlət
Proqramı çərçivəsində müəllimlərin
İKT bacarıqlarının artırılması istiqamətində
pedaqoji və inzibati-idarəetmə heyəti üçün
İKT üzrə təlimlərin təşkili, pedaqoji heyətin
ixtisasartırma sisteminin təkmilləşdirilməsi, İKT
üzrə kadr təminatının
yaxşılaşdırılması, yaradıcı və
innovativ müəllimlər üçün motivasiya sisteminin
yaradılması üzrə tədbirlər həyata
keçirilir.
Elektron təhsilin
tətbiqi sahəsində İKT-nin tədrisdə tətbiqi
üzrə məlumat və resurs mərkəzinin, elektron tədris
vəsaitlərinin yaradılması, fənlər üzrə
elektron vəsaitlərin istifadəsi üçün metodik
tövsiyələrin hazırlanması və interaktiv tədris
imkanlarının genişləndirilməsi ilə
bağlı işlər görülür.
Normativ-hüquqi
bazanın təkmilləşdirilməsinə İKT-nin təhsildə
tətbiqi üzrə zəruri normativ və standartların
işlənilməsi və icrası, mövcud qanunvericilik
aktlarının, hüquqi normaların və normativ sənədlərin
monitorinqi, e-təhsil vasitə və vəsaitlərinin istifadəsi
üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi
aiddir.
Konfrans
iştirakçılarına həmin
vəzifələrin icrası istiqamətində həyata
keçirilmiş tədbirlər haqqında ətraflı məlumat
verən təhsil naziri diqqətə çatdırdı ki,
keçən müddət ərzində Proqram çərçivəsində
Təhsil Nazirliyinin Təhsil Sisteminin
İnformasiyalaşdırılması İdarəsi nəzdində Məlumat
və Resurs Mərkəzi yaradılıb, 1000 təhsil müəssisəsi
İntranet və İnternet şəbəkəsinə
qoşulub, bütün orta məktəb kompüterləri
lisenziyalı proqram təminatı
ilə təchiz olunub, Azərbaycan Respublikası Təhsil
Portalı istifadəyə verilib, 30 məktəbdə
"Elektron məktəb"
pilot layihəsinin icrasına başlanıb, 2009-2010-cu tədris
ilindən müəllimlərin isə qəbulu sahəsində
elektron vasitələrdən istifadəni nəzərdə
tutan yeni mexanizm tətbiq edilməyə başlanıb. 2010-2011-ci
dərs ilində ölkə üzrə müəllimlərin
işə qəbulu xüsusi proqram təminatı vasitəsilə
həyata keçirilmiş, 287 vakant yerə 5000 elektron ərizə
qəbul olunmuş, proqram vasitəsilə ilkin qiymətləndirmə
aparılmış və 1800 müəllim mərkəzləşmiş
şəbəkə vasitəsilə imtahana cəlb
edilmişdir. Proqram təminatı vasitəsilə
imtahan nəticələri qiymətləndirilmiş və
yekun nəticə üzrə yerləşdirmə
aparılmışdır. İnformatika fənni üzrə
yeni dərsliklər hazırlanıb, tədris prosesində
İKT vasitələrinin tətbiqinin genişləndirilməsi
üçün müəllim və şagirdlər
arasında mütəmadi müsabiqələr keçirilib,
"1 şagird: 1 kompüter" pilot layihəsinə
başlanıb (2000 şagirdə netbuk verilib), "Elektron məktəb"
pilot layihəsi çərçivəsində müəllimlər
üçün təlimlər keçirilib, təhsil müəssisələrinin
İnternet bağlantısının təşkili
Qaydaları, "Elektron məktəb" layihəsinin tətbiq
olunması Qaydaları, digər qaydalar, standartlar
hazırlanıb və s.
Misir Mərdanov
daha sonra İKT-nin təhsildə tətbiqində
qarşıya çıxan maneələr haqqında
danışaraq bildirdi ki, bunlar innovasiya mədəniyyətinin
inkişaf etməməsi, həyata keçirilən dəyişikliklərin
miqyaslandırılması və innovasiyalara münasibətdir.
Sonra konfransda
digər təqdimatlar dinlənildi. "İnformasiya-kommunikasiya
texnologiyalarının sosial-iqtisadi və insan resursunun
inkişafında xüsusi rolu" mövzusunda məruzə
üçün söz rabitə və informasiya
texnologiyaları nazirinin müavini Elmir Vəlizadəyə
verildi.
Təhsildə İKT-nin tətbiqini
gələcəyə yönəlmiş mühüm addım
kimi dəyərləndirən məruzəçi ölkəmizin
ali təhsil müəssisələrində
ixtisasların təxminən 8 faizinin bilavasitə İKT ilə
bağlı olduğunu vurğuladı.
Təqdimatında Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinin təhsildə
texnologiyaların tətbiqi sahəsində bilavasitə fəaliyyətindən
bəhs edən E.Vəlizadə diqqətə
çatdırdı ki, hazırda 145 azərbaycanlı tələbə
nazirliyin hesabına dünyanın aparıcı universitetlərində
təhsil alır.
YUNESKO-nun
İKT üzrə məsləhətçisi Marius
Lukosiunasın "Müəllimlərin İKT
savadlılığı üzrə YUNESKO Proqramı"
adlı təqdimatında qeyd olundu ki, bu gün təşkilat
ideyalar laboratoriyası və meydana çıxan etik və
inkişaf məsələləri üzrə universal
razılaşmalara dəstək vermək üçün
standartlar müəyyənləşdirən platforma rolunu
oynayır. YUNESKO həm də məlumat və biliklərin
yayılması və paylanması üzrə mənbə
rolunu oynayır və üzv ölkələrə insan
resursları və institusional bacarıqlarını müxtəlif
sahələr üzrə qurmağa yardım edir. Təşkilat
tərəfindən bütün dünyada İKT üzrə
yaradılan 700-dən çox mərkəzdə artıq milyondan
çox adam təlim keçmişdir.
"Microsoft" şirkətinin
ümumdünya dövlət - özəl alyansı üzrə
baş direktoru Coys Fernandes "Azərbaycan Respublikasında təhsil
sisteminin informasiyalaşdırılması üzrə Dövlət
Proqramı (2008-2012-ci illər)"nın
yaxşı düşünüldüyünü və təhsildə
informasiya-kommunikasiya texnologiyalarının bütün tətbiqi
aspektlərini əhatə etdiyini dedi. O bildirdi ki, təmsil
etdiyi şirkət Azərbaycanda həyata keçirilən
bütün layihələrdə fəal iştirak edir. "Microsoft" müəllimlərin
ixtisaslarının artırılması sahəsində
özünün tədris metodikaları və proqramları ilə
dəstək göstərir. Şirkət
həmçinin innovativ müəllimlər müsabiqələri
vasitəsilə Təhsil Nazirliyində müəllimlərin
İKT alətlərindən istifadəsi üçün
motivasiya prosesində yardım edir. Lokal müsabiqələrin
qalibləri "Microsoft"un
"İnnovativ Təhsil Forumu" təşəbbüsü
çərçivəsində bütün dünyadan olan həmkarları
ilə görüşmək imkanı əldə edir.
ABŞ-ın Edinboro
Universitetinin professoru Çarlz Anderson "Ali təhsildə
İKT-nin istifadəsinin qiymətləndirilməsi: əsas
mövzular" haqqında təqdimatla çıxış
etdi.
Böyük
Britaniyanın "Education İmpact" təşkilatının
nümayəndəsi Gevin Dayks və Macarıstan
Respublikasının sabiq təhsil naziri Balint Magyarın təqdimatları
da maraqla dinlənildi.
Bununla da "Təhsil
və texnologiya vasitəsilə iqtisadi inkişaf"
mövzusunda beynəlxalq konfrans öz işini başa
çatdırdı.
Hicran ƏKBƏROVA,
Sifai SƏFƏROVA
Azərbaycan müəllimi.- 2010.- 26 noyabr.- S.5.