ADNA-nın 90 illiyinə həsr
olunmuş beynəlxalq elmi konfrans
Noyabrın 22-dən 25-dək Azərbaycan Dövlət Neft Akademiyasında bu ali təhsil ocağının 90 illik yubileyinə həsr olunmuş "Neft-qaz, neft emalı və neft-kimya" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransda ölkəmizin müxtəlif təhsil və elm ocaqlarının nümayəndələri ilə yanaşı Rusiya, Ukrayna, Türkiyə, Qazaxıstan, Rumıniya, Ekvador və Çin Xalq Respublikasından gəlmiş alim və mütəxəssislər iştirak edirdilər.
Elmi konfransın noyabrın 22-də keçirilən plenar iclasını təşkilat komitəsinin sədri, ADNA-nın rektoru, akademik Siyavuş Qarayev açaraq qonaqları və nümayəndələri salamladı, forumun işində onlara uğurlar arzuladı.
Rektor S.Qarayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ADNA-nın 90 illik yubileyinin keçirilməsi, habelə yubiley münasibəti ilə akademiyanın 66 əməkdaşının dövlətimizin ən yüksək mükafatları və fəxri adları ilə təltif edilməsi barədə imzaladığı sərəncamları ölkə rəhbərliyinin bu ali məktəbə və ümumiyyətlə, təhsil sisteminə göstərdiyi diqqət və qayğı kimi qiymətləndirdiklərini söylədi. Hər bir konfransın müəyyən bir müddət ərzində görülmüş elmi işlərin nəticəsi haqqında hesabat olduğunu vurğulayan rektor yubiley konfransının da bu baxımdan əldə olunmuş elmi nailiyyətlərin nümayişinə həsr olunduğunu dedi və əmin olduğunu bildirdi ki, konfrans yeni əlaqələr qurmaq, informasiya mübadiləsi üçün imkan yaradacaq, dinamik inkişaf yolunda olan Azərbaycanın dünya iqtisadi sistemində rolu və yeri haqqında təəssüratlar formalaşdıracaqdır.
Sonra təbrik üçün
söz Azərbaycan Respublikasının təhsil
naziri Misir Mərdanova verildi. Təbrik çıxışına
konfrans iştirakçılarını
və qonaqları salamlamaqla başlayan təhsil naziri çox böyük bir bayrama toplaşdıqlarını
qeyd edib ADNA-nın 90 illiyini Azərbaycan tarixinin ən böyük yubileylərinin biri kimi qiymətləndirdi.
Yubiley ərəfəsində
ADNA-nın bir qrup əməkdaşı
tərəfindən bu
ali təhsil
ocağının zəngin
tarixini özündə
əks etdirən çox mükəmməl
bir kitab hazırlandığını diqqətə
çatdıran nazir həmin kitabın çap olunmasında əməyi olanlara minnətdarlığını bildirdi.
Təhsil naziri ölkə Prezidentinin
ADNA-nın 90 illik yubileyinin keçirilməsi
ilə bağlı sərəncamına əsasən
yubilyar təhsil ocağında ciddi quruculuq, abadlıq və təmir işləri aparıldığını
qeyd edərək Prezidentin bir neçə gün öncə imzaladığı
sərəncamlarla akademiyanın
çoxsaylı professor və
müəllimlərinə fəxri
adların, mükafatların
verilməsini ölkə
başçısının bu mötəbər elm və təhsil müəssisəsinə qayğısının
nəticəsi kimi dəyərləndirdi, öz
adından və akademiyanın kollektivi adından Azərbaycan dövlətinin başçısına
minnətdarlığını bildirdi.
Nazir çıxışının
sonunda yubiley münasibətilə akademiyanın
kollektivini, təltif olunanları bir daha təbrik edib, onlara cansağlığı
və fəaliyyətlərində daha
böyük uğurlar
arzuladı.
Plenar iclasda
ADNA-nın Geoloji kəşfiyyat fakültəsinin
1956-cı il məzunu,
AMEA Geologiya İnstitutunun
direktoru, akademik Akif Əlizadə, Kimya-texnologiya fakültəsinin
1980-ci il məzunu, Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti David Məmmədov,
Almaniyanın Köln Tətbiqi
Elmlər Universitetinin
professoru Reza Talebi-Daryani
və başqaları
çıxış edərək
yubiley münasibəti
ilə akademiyanın kollektivini təbrik etdilər, akademiyanın ölkəmizdə, habelə
bir sıra xarici dövlətlərdə
neft-kimya sənayesinin
inkişafındakı rolundan,
burada aparılan yüksək səviyyəli
tədris-təlim işlərindən,
elmi axtarışlardan,
akademiyanın xarici ölkələrin ali məktəbləri ilə
səmərəli əməkdaşlıq
əlaqələrindən söz
açdılar.
Plenar iclasdan sonra elmi konfrans öz
işini bölmələrdə
davam etdirdi. 4 gün ərzində 7 bölmə üzrə
250-dən çox məruzə
dinlənilərək müzakirə
olundu. Konfrans noyabrın 25-də öz işini başa çatdırdı.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2010.- 26 noyabr.- S.6.