NDU-da dahi bəstəkarın
yubileyi qeyd edilib
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 23 fevral 2010-cu il tarixli Sərəncamına
uyğun olaraq Azərbaycan mədəniyyətinin
inkişafı naminə
misilsiz töhfələr
verərək müstəsna
xidmətlər göstərmiş
Üzeyir Hacıbəylinin
125 illik yubileyi layiqincə qeyd edilməkdədir. Naxçıvan
Dövlət Universitetində
də bu münasibətlə təntənəli
tədbir keçirildi.
Universitetin rektoru, akademik İsa Həbibbəyli yubiley mərasimini açaraq adıçəkilən sərəncamın dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim Üzeyir Hacıbəylinin ədəbi-mədəni irsinə, milli musiqimizə verilən yüksək qiymət kimi dəyərləndirdi. Naxçıvan MR Ali Məclis sədrinin göstərişi ilə müxtar respublikada keçirilən silsilə yubiley tədbirlərinin əhəmiyyətindən danışıldı. Qeyd olundu ki, müasir Azərbaycan professional musiqi sənətinin, Şərqdə ilk operanın banisi, "Leyli və Məcnun", "Şeyx Sənan", "Əsli və Kərəm", "Koroğlu" kimi operaların, "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" kimi musiqili komediyaların müəllifi olan Üzeyir Hacıbəyli Azərbaycan milli musiqisi ilə yanaşı, dünya musiqisinə, klassik Avropa bəstəkarlarının əsərlərinə dərindən bələd olmuşdur. İsa Həbibbəyli Üzeyir bəyin elmi və bədii-publisistik fəaliyyətindən, konservatoriya tipli ilk milli ali məktəbin yaradıcısı, uzun illər Azərbaycan Dövlət Konservatoriyasının rektoru, Azərbaycan Bəstəkarlar İttifaqının sədri və Azərbaycan EA İncəsənət İnstitutunun direktoru kimi mühüm vəzifələrdə çalışaraq Azərbaycan incəsənətinin inkişafında əvəzsiz rol oynamasından danışdı. Rektor Naxçıvan Dövlət Universitetinin konservatoriyasında dünya şöhrətli bəstəkarın irsinin tədrisi və tədqiqi ilə yanaşı, onun yaradıcılığına da mütəmadi müraciət edildiyini xatırlatdı.
Sonra universitetin Tələbə Opera Studiyası
"Arşın mal alan" tamaşası
ilə bir daha ürəkləri fəth etdi.
NDU-nun müəllimləri - Soltan bəy obrazının ifaçısı
Sərdar Qurbanov, Telli rolunu yaradan
Leyla Abbasova, tələbələrdən Şəhriyar
Zeynalov (Süleyman), Zeynəb Yusifova (Cahan xala), Ayşən
İmanlı (Asya rolunda), Əli Bədiyev (Vəli) bir-birindən yaddaqalan obrazlar canlandırdılar.
NDU-nun müəllimi Vahid Məmmədovun dirijorluğu altında universitetin xalq çalğı alətləri
orkestrinin tamaşa boyu peşəkar müşayiəti isə
əsərə xüsusi
rəng qatdı.
Uzun illər nəinki Azərbaycan, eləcə də dünya incəsənətinin şedevri
sayılan bu komik səhnə əsəri özünün
milli koloriti, şux musiqisi, obrazların təbiiliyi ilə hər kəsin ruhunu oxşadı.
Mehriban SULTAN
Azərbaycan
müəllimi.- 2010.- 26 noyabr.- S.9.