Avstriyanın səfiri Dövlət İdarəçilik

Akademiyasının qonağı olub

 

Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Avstriya mədəniyyət günlərinin keçirilməsi ilə əlaqədar Avstriya Respublikasının  ölkəmizdəki fövqəladə səlahiyyətli səfiri xanım Silvia Mayer-Kaybiç sabiq səfir Alfred Missonqla görüş keçirildi.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tədris işləri üzrə I prorektoru, professor Əlikram Abdullayev tədbiri giriş sözü ilə açaraq qonaqları ali təhsil ocağında görməsindən məmnunluq hissi keçirdiyini bildirdi. Ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, elm sahələrində əməkdaşlığın  uğurla inkişaf etməsində ölkə başçısı cənab İlham Əliyevin xidmətlərini xüsusi qeyd edən prorektor daha sonra xalqlarımızın dostluq əlaqələrindən ətraflı danışdı. Avstriyanın dövlət qulluğu kadrların idarəolunması sahəsində böyük təcrübəyə malik olduğunu bildirən professor Ə.Abdullayev bu sahədə iki ölkə arasında əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğuladı. Prorektor səfir xanım Silvia Mayer - Kaybiçə ölkəmizdə həyata keçirdiyi bu yüksək missiyada uğurlar arzuladı.

Avstriya Respublikasının ölkəmizdəki fövqəladə səlahiyyətli səfiri xanım Silvia Mayer- Kaybiç çıxışında keçirilən  tədbiri yüksək qiymətləndirdi, bunun ölkələrimiz arasında elm sahəsində əməkdaşlığın gələcək inkişafına öz gərəkli töhfəsini verəcəyinə ümidvar olduğunu söylədi. O, eyni zamanda ölkələrimizin daha da yaxınlaşması, mövcud olan əməkdaşlığın gələcəkdə   inkişaf etməsi üçün səfir kimi əlindən gələni edəcəyini  dedi.

Sonda səfir Silvia Mayer- Kaybiç Alfred Missonq səmimi dostluq şəraitində keçən görüşə görə ali təhsil ocağının rəhbərliyinə kollektivinə minnətdarlıqlarını bildirdilər.

 

Samirə KƏRİMOVA

Azərbaycan müəllimi.- 2010.- 26 noyabr.- S.8.