Azərbaycanın futbol əfsanəsi - Banişevski

 

XX əsrin 60-cı illərində futbol üzrə SSRİ çempionatında bir fırtına əsirdi. "Neftçi" fırtınası. Bu dövrdə, demək olar, şəhər əhalisinin  böyük bir hissəsi futbolla yatıb, futbolla oyanırdı. Stadiona iynə atsaydın yerə düşməzdi. Xalq öz komandasını o qədər böyük məhəbbətlə sevirdi ki, bunu sözlə ifadə etmək çətindir. O, dövrdə xalqın məhəbbətini qazanan bəlkə "Neftçi" qədər sevilən bir futbolçu vardı: Anatoli Banişevski.

Anatoli Banişevski 1946-cı il fevralın 23-də Bakıda anadan olmuşdu. O, Azərbaycanın futbol tarixində silinməz izlər qoyub. Banişevski istedadlı, qabiliyyətli olmaqla yanaşı, sadiqliyi ilə seçilib. Bakıda dünyaya gələn Banişevski bütün həyatını bu şəhərə həsr edib. 16 yaşında "Neftçi"yə (o vaxtkı "Neftyanik") cəlb olunan gənc Anatoli 1963-cü ildə komandanın əsas heyətində debüt edib. O, peşəkar karyerası ərzində - 1963-cü ildən 1978-ci ilədək yalnız "Neftçi" klubunda çıxış edib. "Neftçi"nin 1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanmasında onun böyük əməyi olub.

A.Banişevski SSRİ yığmasının məşqçi korpusunun da diqqətindən kənarda qalmayıb. Parlaq oyun nümayiş etdirən hücumçu 19 yaşında Nikolay Morozov tərəfindən SSRİ yığma komandasına cəlb edilib. Tezliklə bakılı məşqçilərin ümidlərini doğruldub yığmada keçirdiyi 3-cü oyunda het-trikə imza atıb. Bundan başqa, A.Banişevski 1966-cı ildə İngiltərədə keçirilmiş dünya çempionatında iştirak edib.1968 1972-ci illərdə təşkil olunmuş Avropa çempionatlarına da qatılan həmyerlimiz son yarışda gümüş mükafata layiq görülüb. 

Ümumiyyətlə, A.Banişevski SSRİ çempionatının güclülər dəstəsində 212 matçda (81 qol), birinci liqada isə 76 qarşılaşmada (40 qol) forma geyinib. SSRİ yığmasının heyətində 50 oyun keçirmiş hücumçu 19 dəfə fərqlənib. Banişevskinin məşhur "Marakana" stadionunda Braziliya yığmasının qapısına təxminən 35-40 metrdən vurduğu qolu braziliyalılar hələ unutmayıblar bu qol dillər əzbəri olub. SSRİ çempionatı kuboku, o cümlədən SSRİ yığma komandasında üst-üstə 100-dən çox qol vurduğuna görə bombardirlərin "Qriqori Fedotov klubu"nun üzvü idi.

Karyerasını başa vurduqdan sonra bir müddət işsiz qalan A.Banişevski 1981-ci ildə məşqçi fəaliyyətinə başlayıb. Onun ilk klubu "Neftçi" olub. Keçmiş komandasına iki mövsüm rəhbərlik etmiş A.Banişevski 1983-cü ildə "Neftçi"dən ayrılmaq qərarına gəlib. O, 1984-1988-ci illərdə Burkina-Fasoda məşqçi vəzifəsində çalışıb. Afrikadan qayıtdıqdan sonra isə sağalmaz xəstəliyə düçar olub. Anatoli Banişevski 1997-ci il dekabrın 10-da vəfat edib. 2007-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Anatoli Banişevskinin yaşadığı evin qarşısına xatirə lövhəsi vurulmuşdur.

O, Azərbaycan futbolçusu idi etiraf etməliyik ki, bütün meyarlar baxımından XX əsrdə Azərbaycanın ən güclü futbolçusu Anatoli Banişevskidir. Dünyasını dəyişən idmançılar haqda yazılarda adətən, "yaşasaydı, doğmalarının, yaxınlarının arasında olacaqdı" ifadəsi işlədilir. Lakin həmin deyimin Banişevskiyə onun kimi əfsanəvi futbolçulara aidiyyəti yoxdur, çünki onlar həmişə yaşayırlar.

 

 

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2010.- 26 noyabr.- S.24.