Şagirdlər kompüter biliklərinə
həvəslə yiyələnirlər
Paytaxtın orta
ümumtəhsil məktəblərində
İKT-dən istifadə
əvvəlki illərlə
müqayisədə xeyli
genişləndiyindən şagirdlərdə
informasiyalaşmış cəmiyyətin
tələblərinə uyğun
zəruri məlumatlarla
işləmə bacarıqları
və kompüterdən
istifadə vərdişləri artmışdır.
Biz bununla əlaqədar Bakıdakı
57 və 157 nömrəli
orta məktəblərin
rəhbərləri ilə əlaqə saxlayaraq, bu sahədə olan yeniliklərlə maraqlandıq.
57 nömrəli orta məktəbin direktoru Aidə Əhmədova bildirdi ki, təhsil ocağında 45 kompüterdən ibarət üç kompüter otağı yaradılıb. Tədris zamanı şagirdlərdə ətraf aləmi informasiya baxımından təhlil və qərar qəbul etmək bacarıqlarının formalaşdırılması təmin olunur. Dərslərdə elektron dərsliklərdən geniş istifadə olunması şagirdlərin mövzuları daha dərindən mənimsəmələrinə kömək edir. Hazırda I və II siniflərdə oxuyan şagirdlər informatika müəllimlərindən Rəqiyyə Rəhimova və Aidə Kələntərovanın gərgin əməyi sahəsində İKT-nin sirlərinə həvəslə yiyələnirlər.
157 nömrəli orta məktəbin direktoru Gülayə Səttarova isə qeyd etdi ki, cari tədris ilinin ilk günündən I və II siniflərdə dərs deyən informatika müəllimləri Sevda Şıxlızadə, Səyarə Məmmədova, Cəmalə Nəbiyeva şagirdlərdə bu fənnə qarşı böyük həvəs yaradıblar. Nəticədə I və II sinif şagirdlərində alqoritmik təfəkkür elementlərinin yaradılması və kompüter texnikasından istifadə etmək qabiliyyətinin formalaşdırılması lazımınca təmin olunub. Məktəbə Təhsil Nazirliyi tərəfindən 44 kompüter verilib. Təhsil ocağında üç kompüter otağı var. 150 müəllimdən 100-ü kompüterdən sərbəst istifadə edir.
Şagirdlər kompüterlə sərbəst davranır, sadə əməliyyatları icra edirlər. Həmçinin müəllimlərin zəhməti nəticəsində sadə mətnləri yığır, redaktə edir və onlara rəsmlər daxil etməyi də bacarırlar.
Rəşad ZİYADOV
Azərbaycan
müəllimi.- 2010.- 26 noyabr.- S.23.