Azərbaycanlı alimin beynəlxalq konfransda
məruzəsi böyük maraq doğurub
YUNESKO-nun təşəbbüsü ilə 2002-ci ildən etibarən hər il noyabr ayının üçüncü cümə axşamı Dünya Fəlsəfə Günü kimi qeyd olunur. Noyabrın 18-də qurumun əsas binasında Dünya Fəlsəfə Gününə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilmişdir. Əsas hissədən sonra konfrans öz işini müxtəlif bölmələrdə davam etdirmişdir. "Əl-Fərabi və Avropa intibahı" adlı bölmə əsasən Şərq aləminin böyük filosofu Əbu Nəsr əl-Fərabinin yaradıcılığına həsr edilmişdir. Bölmə iclasını açan YUNESKO-nun baş direktorunun mədəniyyət üzrə müavini Françesko Bandarin və Qazaxıstanın təşkilat yanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Oljas Süleymenov dünya fəlsəfə məktəbinin inkişafında xüsusi xidmətləri olmuş, Şərq filosoflarının, o cümlədən qədim yunan filosofu Aristotelin əsərlərinin tərcüməçisi, islam fəlsəfəsinin əsasını qoymuş əl-Fərabinin fəlsəfi fikrin formalaşmasında rolundan, riyaziyyatçı, astronom, kimyaçı, musiqişünas kimi fəaliyyətindən danışmışlar. Asiya və Avropa qitələrinin müxtəlif ölkələrinin tanınmış filosofları və alimləri əl-Fərabinin yaradıcılığından bəhs edən məruzələrlə çıxış etmişlər.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva "Əl-Fərabi
və varlığın
dualizmi" mövzusunda
maraqlı məruzə
ilə çıxış
etmişdir. Professor Nərgiz
Paşayeva demişdir:
- Bu gün mühüm
gündür.
Dünya Fəlsəfə Günüdür. O, varlığın,
yəni Kainatın özünün mahiyyətinə
həsr olunmuşdur. Bugünkü iclasımız isə
müəyyən mövzuya
- əl-Fərabiyə həsr olunmuşdur. Bu mövzu
bir çox cəhətdən vacibdir.
Əvvələn, geniş
yayılmış və
hamımıza tanış
olan bir mövzudur: əl-Fərabi
Aristotel və Platonun əsərlərini
ərəb dilinə tərcümə etmiş,
bu əsərlərə
yeni həyat vermiş, habelə öz tərcümələri,
traktovkası ilə onlara yeni dünya nizamı, Avropa təfəkkürü
anlayışı gətirmişdir.
Onu ikinci mütəfəkkir adlandırırdılar.
O, ikinci müəllim
olmasaydı, heç vaxt birincini başa düşməzdi:
Aristoteli təfsir etmək üçün az qala Aristotelin
özü olmalısan.
O, fəlsəfi əsərləri ilə fəlsəfə tarixinə,
bəşəriyyətə böyük töhfə vermişdir. Üçüncüsü,
o, bu günədək
mübahisə doğuran
iki dünya, iki baxış, iki adət, Şərq və Qərb mentalitetləri məsələsini birləşdirmişdir.
O, hələ o vaxt bu iki
anlayışı vəhdət
halına gətirmişdi.
Lakin zənnimcə, dördüncü, çox
mühüm bir cəhət də vardır. Bəlkə də bəzi traktovkalarda ona bir o qədər
geniş yer verilməmişdir. Məsələn,
ilk dəfə məhz əl-Fərabi elmin, təfəkkürün
və idrakın əhəmiyyətini təsdiq
etmişdir. Özü
də təkcə elm üçün yox, bütün bəşəriyyət üçün,
bəşəriyyətin inkişafı
üçün. Məhz o
hesab edirdi ki, insanın, hər bir cəmiyyətin
əxlaqi keyfiyyətləri,
yüksək mənəvi
dəyərləri nə
siyasətçilərin, nə
də fatehlərin dəyişdirə bilmək
iqtidarında olmadıqları
bir çox şeyi dəyişə bilər. Deməli, yüksək mənəviyyat,
yüksək idrak dediyimiz elə budur, dünyanın harmoniyasını tanımaq
elə budur. Dünyanın bütün
böyük filosoflarının,
o cümlədən əl-Fərabinin ideyaları
da elə həmin dünya harmoniyasına, yüksək
idraka çağırışdır.
Bir daha vurğulamaq istəyirəm
ki, min il əvvəl olduğu kimi, bu gün də
bəşəriyyət əhatəsində olduğu dünyanı
axıradək öyrənə bilməmişdir. Bəşəriyyət hələ
də qarşısına
onu lap çoxdan
düşündürən elə həmin o klassik fəlsəfi
sualları qoyur: Biz haradan gəlmişik?
Nə üçün
gəlmişik, nə
edirik və bunu nəyin naminə edirik? Bu suallar bir
çoxlarını - həm
alimləri, həm də sadə insanları bu günədək düşündürür.
Bəlkə də bu təlimlərin, xüsusi zümrələrin
yarandığı o dövrün insanları xüsusi insanlar idi, yüksək təfəkkürə və
mənəviyyata malik
insanlar idi. Xüsusi zümrələr
isə Platon öz Akademiyasını Afinada təşkil etdiyi, davamçıları
olan tələbələrini
ətrafına yığdığı
vaxtlarda yaranmışdı.
Onlara ehtiramla yanaşır, tərifini göylərə qaldırırdılar.
Onların həyatı
çətin, taleyi isə heç də birmənalı deyildi. Lakin onlar bilirdilər ki, başqalarının sahib olmadıqlarına sahibdirlər. Bəlkə
də bugünkü irrasional elm rasional elmdən bir qədər geri qalır və bəlkə də bu gün
Şərq mənəviyyatı
və Qərb idrakı bir-birindən bir qədər uzaq düşmüşdür.
Dünyanı anlamaq üçün Şərq
idrakı lazımdır.
Lakin dünyanı anlamaq üçün həm də Şərq mənəviyyatı
lazımdır. Dünyanı
başa düşmək
üçün Qərb
idrakı lazımdır,
eyni zamanda Qərb mənəviyyatı
da lazımdır. Beləliklə, hər şey vahid başlanğıcda, vahid
mahiyyətdə cəmləşir.
Əl-Fərabi "Hikmət
inciləri" əsərində
yazırdı ki, Allah dünya kimi bir varlıqdır,
lakin vəhdəti təcəssüm etdirir. Dünya da Allah
kimi varlıqdır, lakin çoxluqla ifadə olunur. Əsası ilkin başlanğıcdır, vəhdət
elə budur. Belə vəhdət olmadan Kainat olmazdı və ola da bilməz.
Zənnimcə, birmənalı olmayan
bu çox dərin və mürəkkəb fəlsəfi
məsələnin dərk
edilməsi təkcə
elmi dərəcə deyil, həm də Şərq filosoflarının həmişə
sahib olduqları mənəviyyat, güclü
təxəyyül, abstrakt
düşüncə tələb
edir.
Sonda yenə də fəlsəfi
bir kəlamı xatırlatmaq istəyirəm:
gələcək həmişə bağlıdır,
keçmiş yaşanmışdır, indimiz isə
bəxş edilmişdir. İndimiz biz alimlərdən
də, bizdən sonra gələn nəsildən də asılıdır. Bu,
eyni zamanda böyük ideyaları və rolları olan böyük insanların bizə miras qoyduqları irsə necə hörmət və ehtiramla yanaşmağımızdan
asılıdır.
Azərbaycanlı alimin
çıxışı böyük maraq doğurmuş
və alqışlarla qarşılanmışdır.
Azərbaycanın YUNESKO
yanındakı daimi nümayəndəliyinin rəhbəri,
səfir Elenora Hüseynova və ölkəmizin Fransadakı
səfiri Elçin Əmirbəyov mötəbər elmi
konfransda iştirak etmişlər.
Əsgər
ƏLİYEV
Azərbaycan
müəllimi.- 2010.- 26 noyabr.- S.9.